Məhkəmə qərarları › İş №1(027)-171/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-171/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-171/2025 27.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1961-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, Xaçmaz şəhəri, Həzi Aslanov küçəsi dalan 1, ev 1-də daimi pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd üzərində “LD” yazısı olan siqaret qutusunda xeyli miqdarda yəni, təmiz çəkisi 10,407 qram olan bitki mənşəli narkotik maddə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 26 sentyabr 2025-ci il tarixdə, saat 17:05-də Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Quba şəhəri, Maksim Qorki küçəsində yerləşən yarımtikili binada saxlanılıb orada onun üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində gizlətdiyi 01 ədəd üzərində “LD” yazısı olan siqaret qutusunda xeyli miqdarda yəni, təmiz çəkisi 10.407 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, o, ünvan 1 ünvanında tək yaşayır. Subaydır. Əvvəllər bir dəfə evli olub boşanmışdır. Övladı yoxdur. Heç bir yerdə də işləmir. O bir il olar ki, “nəşə” adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Tutulana kimi də əldə edəndən-edənə həmin narkotikdən arabir çəkir. 25 sentyabr 2025-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhərində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında gəzib dolaşarkən o, yerdən 01 ədəd üzərində “LD” sözü yazılmış siqaret qutusunu görüb onun içərisinə baxanda orada əvvəldən “nəşə” adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuana kütləsi olduğunu aşkar etmişdir. O, özü üçün istifadə etmək məqsədilə həmin narkotik vasitəni içində olduğu siqaret qutusu ilə birlikdə özü ilə götürmüşdür. Elə həmin günü axşam vaxtı ondan az miqdarda çəkib istifadə də etmişdir. Yerdə qalanını isə o özünün qara rəngli gödəkçəsinin cibinə qoymuşdur ki, lazım gəlsə ondan yenə istifadə etsin. 26 sentyabr 2025-ci il tarixdə, saat 17 radələrində Quba şəhərinə iş axtarmaq üçün gəlmişdir. Həmin vaxt Quba şəhəri, Maksim Qorki küçəsində yerləşən yarımtikili binada gəzərkən ona özlərini Quba RPŞ-nin əməkdaşları kimi təqdim edən və video çəkiliş aparan polislər yaxınlaşmışdır. Polislər ona narkotik vasitələrin əldə edilməsi, istifadəsi və saxlanılmasında şübhəli olduğunu bildirərək ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxtı o, əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində gizlədib saxladığı 01 ədəd üzərində “LD” sözü yazılmış siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Polislər ondan siqaret qutusunun içərisində olan kütlənin nə olduğunu soruşduqda onlara etiraf etmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, onu bir gün qabaq Xaçmaz şəhərində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında tapmışdır və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Daha sonra, polis əməkdaşları üzərindən çıxarıb təqdim etdiyi narkotik vasitənin olduğu siqaret qutusunu elektron tərəzidə çəkmişlər. Onun ümumi çəkisi 15,72 qram təşkil etmişdir. Sonra isə polislər onu ayrıca zərfdə qablaşıdırıb möhürləmişlər və həmin zərfin üstünə onunla birlikdə polislər də imza etmişlər. Bundan sonra isə polislər onunla birlikdə Quba RPŞ-nə gəlmişlər. Orada xidməti otaqların birində video çəkiliş aparılmaqla ona şübhəli şəxs kimi tutulduğu elan edilmişdir. Şübhəli şəxs kimi hüquqları izah edilməklə ona hüquqlarını müdafiə etmək üçün bir nəfər vəkil təqdim olunmuşdur. Həmin vaxtı vəkilinin də iştirakı ilə onun saxlanıldığı vaxtı çəkilən video nümayiş etdirilmişdir. O, saxlanıldığı zaman üstündə gəzdirdiyi narkotik vasitəni çıxarıb təqdim etdiyi barədə videoda çəkilən görüntülərin həqiqət olduğunu və video da saxlanılan şəxsin özü olduğunu etiraf etmişdir. Sonra, ayrıca zərfdə qablaşdırılmış və üstündən çıxarıb təqdim etdiyi narkotik vasitənin olduğu siqaret qutusuna baxış keçirilmişdir. Onda o, bir daha bildirmişdir ki, siqaret qutusu içərisindəki həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, onu bir gün qabaq Xaçmaz şəhərində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında tapmışdır və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Daha sonra, yenə polis əməkdaşları üzərindən çıxarıb təqdim etdiyi narkotik vasitənin olduğu siqaret qutusunu elektron tərəzidə çəkmişlər. Onun ümumi çəkisi bu dəfə 15,67 qram təşkil etmişdir. Polislər yenə onu ayrıca zərfdə qabalaşıdırıb möhürləyərək götürmüşlər. O, əldə etdiyi həmin narkotik vasitədən kiməsə verməmiş və satmamışdır. O törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclasında şahid Quba RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, onlar 26 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə istifadə etməsi, saxlaması barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı olaraq həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişdir. Onun əldə etdiyi narkotik vasitəni Quba rayonu ərazisində qısa müddətdə gizlədəcəyi və ya məhv edəcəyi ehtimalları var idi. Buna görə də, həmin məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X7 şəhəri, Maksim Qorki küçəsinə gəlməsi müəyyən edilmiş və bu zaman sonuncu orada yarımtikili binada olarkən saxlanılarkən ona narkotik vasitələrin əldə edilməsi, istifadəsi və saxlamasında şübhəli olması izah etmişdir. Rafik Allahverdiyevin saxlanılması və onun üstünün yoxlanılması videoçəkilişlə qeydə alınmışdır. Rafık Allahverdiyevin üstü yoxlanılarkən sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində “LD” sözü yazılmış siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində baxıldıqda isə orada tünd yaşıl quru ot kütləsi aşkar olunmuşdur. Həmin kütlənin nə olduğu soruşulduqda Rafık Abdullayev bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, onu bir gün qabaq Xaçmaz şəhərində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında tapmışdır və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Onlar siqaret qutusu ilə birlikdə həmin kütləni elektron tərəzidə çəkdikdə onun ümumi ölçüsü 15.72 qram təşkil etmişdir. Axırda aşkar etdikləri həmin kütləni qablaşdıraraq möhürləyib götürmüşlər. Üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz başqa heç bir predmet aşkar olunmamışdır. Sonra onlar Rafık Allahvediyevin üstündən aşkar edilmiş narkotik vasitəyə oxşar kütləni, çəkiliş apardıqları video görüntüləri və toplanmış materialı Quba RPŞ-nin Təhqiqat bölməsinə təqdim etmişlər. X6 özünün, həmin vaxtı ona təqdim olunmuş vəkilin iştirakı ilə Rafık Allahverdiyevin üstünün yoxlanılması zamanı çəkilmiş video görüntüyə, eləcə də onun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütləyə ayrıca aparılmış videoçəkilişlə baxış keçirilmişdir. Rafık Allahverdiyev bir daha bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, onu bir gün qabaq Xaçmaz şəhərində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında tapmışdır və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Daha sonra, onun üstünün yoxlanılması zamanı aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə yenə elektron tərəzidə çəkilmiş və bu dəfə onun ümumi çəkisi 15,67 qram təşkil etmişdir. Bundan sonra isə həmin kütlə içində olduğu siqaret qutusu ilə birlikdə bir daha qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı Rəhimli X4 Məftun Fərman oğlu ilə analoji ifadə vermişdir. Quba RPŞ-nin NMQ-nun əməliyyat-müvəkkilli, polis leytenantı Şahid1 ifadəsi məhkəmə iclasında elan edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, 60 yaşı tamam olduğunu bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) xx.xx.2025-ci il tarixli, 20/875 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd siqaret qutusunda təmiz çəkisi 10,407 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abdullayev Rafik Əliheydər oğlu xx.xx.1961-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Xaçmaz RİHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Xaçmaz şəhəri ərazisində yaşdığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir narazılq və şikayət daxil olmamışdır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.14-cü bəndinə əsasən Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.14 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsində göstərilir ki, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2025-ci il tarixli, 6030 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 10,357 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.14 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10.357 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11(on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar