Məhkəmə qərarları › İş №1(027)-173/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-173/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-173/2023 28.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan, hazırda digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə, saat 20:00 radələrində Quba rayonu 1-ci Nügədi kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs kəndin içərisində aralarında yaranmış mübahisə zamanı üzündən əlində olan dəmir qutulu spirtli içki qabını vuraraq, onu qəsdən yerə yıxmaqla sağlamlığa qısa müddətə pozğunluq törədən və sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində içkili vəziyyətdə evinə gedən zaman hündürdən danışaraq Nahidin yaşadığı evin qarşısından keçərkən, Nahid evdən küçəyə çıxıb ona irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nahid onu itələmiş, o, da Nahidin üzündən vurmuşdur. Orada başqa heç kim olmamış, mübahisə 3-5 dəqiqə davam etmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını, himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evinin həyətində oturub yemək yeyən zaman küçədən söyüş səsləri eşidib darvazadan çıxmışdır. Bu vaxt həmkəndlisi Təqsirləndirilən şəxs onu görüb onun vəfat etmiş valideynlərinin ünvanına nalayiqq ifadələr işlətmişdir. Həmin vaxt o Elvinin sifətinə bir dəfə sillə vurmuş, Elvin çıxıb getmişdir. Bir qədər sonra o, aptekə getmiş, aptekdən qayıdanda Elvin qarşısına çıxmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o Elvini itələmiş, Elvin əlində olan “Go” içkisinə məxsus açılmamış qutunu onun üzündən vuraraq yerə yıxmışdır. Mübahisə 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada olan həmkəndlisi Fətulla Elvinin ona xəsarət yetirdiyini görmüüşdür. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs X2 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 20 sentyabr 2023-cü il tarixli 723 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sol göz orbiti ətrafında qançır-hematoma, sol almacıq tpahiyyəsində əzilmiş yara küt əşyanın təsirindən törənməklə yetirmə müddəti qərarda göstərilən vaxta, yəni 19 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir; Quba RİHB-nın Alpan İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Evlidir. Məhkumluğu olmuşdur; Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X4 Şəxs Quba Rayon X1 Hüquqi Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur, narkoloji kabinetdə “çətənə qəbulu hallan” ilə bağlı 2018-ci ildən qeydiyyatdadır; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəzaya, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar