Məhkəmə qərarları › İş №1(027)-173/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-173/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-173/2024 21.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X2 qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1975-ci il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində sərxoş vəziyyətdə Quba rayonu, Rustov kəndində yaşadıqları evin həyətində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yerdən götürdüyü daşla sağ qulaq nahiyəsindən bir dəfə vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağ qulaq seyvanının üst səthində əzilmiş-cırılmış yara, boyununda arxada sıyrıqdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 1999-cu ildə Minarə ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə 3 uşaqları anadan olmuşdur. 2-3 ildir ki, mütəmadi olaraq spirtli içki qəbul edir və evdə arvadı Minarə ilə mübahisə edir. 10 sentyabr 2024-cü il tarixdə yaşadığı evin həyətində 0.5 litr araq içmişdir. Spirtli içki içdikdən sonra arvadı Minarədən ona çay gətirməsini istəmiş, Minarə isə ona etiraz etdiyindən onunla mübahisə etmişdir. Həmin vaxt həyətdə, yerdə olan daşı götürüb Minarənin sağ qulaq nahiyyəsindən bir dəfə vurmuşdur. Bununla da aralarında olan mübahisə başa çatmışdır. Həmin vaxt orada başqa şəxs olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Təhqiqat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 1999-cu ildən Təqsirləndirilən şəxsla rəsmi nikahla ailə qurmuşlar. 3 övladları vardır. Əri Habil son 7-8 il mütəmadi olaraq spitli içki qəbul edib onunla mübahisə edir. 10 sentyabr 2024-cü il tarixdə Quba rayonu Rustov kəndində yaşadıqları evin həyətində Habil yenə spirtli içki qəbul etmiş və içdikdən sonra yenə səbəbsiz yerə onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Habil yerdən götürdüyü daşla onun sağ qulaq nahiyyəsindən bir dəfə vurmuş və o zərbənin təsirindən xəsarət almışdır. Habil onu vurarkən onların yanında başqa adam olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Bayram Quliyev barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 11 sentyabr 2024-cü il tarixli 811 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ qulaq seyvanının üst səthində əzilmiş-cırılmış yara boyununda arxada sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 10 sentyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 16 sentyabr 2024- cü il tarixli 18-1-56/2-1159/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu Rustov kəndində yaşayan, xx xxxx 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMXnın Poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Kələbağ kəndində qeydiyyatda olmaqla yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin VMAS üzrə yoxlama zamanı verdiyi sorğunun nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi, eləcə də məhkəmə istintaqı zamanı təhqiqi olunmuş igər subutlarala tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar