Məhkəmə qərarları › İş №1(027)-174/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-174/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-174/2022 25.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Quba rayonu, Zizik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Zizik kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannanis) bitkisinin toxumlarını 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən evinin həyətyanı sahəsində əkərək həmin toxumlardan cücərmiş xeyli miqdarda 06 ədəd narkotik tərkibli çətənə bitkisinə aqrotexniki qaydada qulluq etməklə onları yetişdirərək kultivasiya etmiş, xx.xx.2022-cİ il tarixdə saat 16 radələrində Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətdə yerləşən yeni tikilinin kənarında iki ədəd plastik dibçəkdə və bağ sahəsində ağacların arasında bir ədəd dibçəkdə olmaqla ümumi təmiz çəkisi 50,0 qram olmaqla xeyli miqdarda - 06 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli həmin çətənə (kannabis) bitkiləri, habelə həyətdəki yeni tikilinin içərisində divardan asılmış ələyin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,821 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və göstərdi ki, bir il əvvəl Qudyalçayın kənarında otlaqların ətrafında nəşə toxumları tapmış, özü də narkotik vasitə istifadə etdiyindən sonradan həmin toxumları əkib özü üçün nəşə becərməyi qərarlaşdırmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində həmin toxumları Quba rayonu, Zizik kəndində yaşadığı evin həyətində plastik dibçəklərə əkmişdir. Toxumları əkdikdən sonra 4-5 gün fasilə ilə həmin toxumları sulayıb yetişdirməyə başlamışdır. 16 iyul 2022-ci il tarixdə Quba rayonu, Zizik kəndində yaşadığı evin qarşısında polis əməkdaşları yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələr əkib becərməkdə şübhəli olduğunu bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə razılıq vermişdir. Sorğu zamanı o, yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkdiyini demişdir. Daha sonra yaşadığı evin həyətinə daxil olduqda həyətdə sol tərəfdə yerləşən yeni tikilinin yanında iki ədəd plastik dibçəkdə əkdiyi nəşə ağaclarını və həyətin bağ sahəsində ağacların arasında bir ədəd dibçəkdə olan yetişdirdiyi digər nəşə ağacını da polis əməkdaşlarına təqdim etmişdir. Həmin üç ədəd dibçəklərdə ümumilikdə 06 ədəd nəşə ağacı qablaşdırılmış və o da qablaşdırmanı imzalamışdır. O, əkdiyi nəşə ağacından qurudub saxladığı narkotik vasitənin evdə olduğunu demişdir. Sonra isə yarım tikili vəziyyətdə olan evdə otağın divarındakı ələyin içərisində olan bir ədəd bükümdə marixuananı da polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş və qablaşdırıldırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, çay kənarından tapmış və şəxsi istifadəsi üçün əkmişdir. Yaşadığı evin həyətində ümumi sayı 6 ədəd olan narkotik tərkibli çətənə kolları yetişmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman müdafiəçinin iştirakı ilə həyətinə baxış zamanı çətənə kolları aşkar edilmişdir. Baxış polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı ona qarşı hər hansı təzyiq olmamışdır. O, əvvəl narkotik vasitələrdən istifadə etsə də, birinci dəfədir ki, özü əkmişdir. Çətənə kollarını öz istifadəsi üçün əkmiş və yorğunluğunu aradan qaldırmaq, əsəblərini sakitləşdirmək üçün istifadə etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa veridiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Zizik kənd sakini Şücaət adlı şəxsin qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun iştirakçıları xx.xx.2022-ci il tarixdə günorta saatlarında Quba rayonu, Zizik kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və evinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr kultivasiya etməsi və narkotik vasitələrdən istifadə etməsində şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edilmiş və yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Daha sonra evin həyətinə daxil olduqda həyətdə sol tərəfdə yerləşən yeni tikilinin yanında iki ədəd plastik dibçəkdə çətənə bitkilərinə oxşar bitkilər və həyətin bağ sahəsində ağacların arasında bir ədəd dibçəkdə olan çətənə bitkilərinə oxşar bitkilər də aşkar edilmişdir. Həmin üç ədəd dibçəklərdə ümumilikdə 06 ədəd çətənə bitkilərinə oxşar bitkilər qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs yarım tikili vəziyyətdə olan evdə otağın divarındakı ələyin içərisində olan bir ədəd bükümdə marixuananı da təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o da Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Şahin Məmmədov və RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid4, Şahid3, İTB-nin polis sahə rəisi Şahid1, sahə polis nəfəri Şahid2, aqronom Firuz Hüseynov, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs yol kənarında dayanmışlar. Şahin Məmmədov özünü və iştirakçıları təqdim edərək, narkotik vasitələrin qanunsuz əkilib-becərilməsində şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazı olmasını soruşduqda, sonuncu heç bir etirazı olmadığını deyir. Həyətə baxış zamanı həyətdə sol tərəfdə yerləşən yeni tikilinin yanında iki ədəd plastik dibçəkdə əkilmiş bitkilər aşkar olunur. Həyətin bağ sahəsində ağacların arasında bir ədəd dibçəkdə olan narkotik tərkibli bitkilər də aşkar edilir. Həmin üç ədəd dibçəklərdə ümumilikdə 06 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər qablaşdırılır. Sorğu əsnasında Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli bitkilərdən qurudub saxladığı narkotik vasitənin evdə olduğunu bildirir. Sonra isə yarım tikili vəziyyətdə olan evə daxil olunur. Təqsirləndirilən şəxs sağ tərəfdə yerləşən otağın divarındakı ələyin içərisində olan bir ədəd bükümdə qurudulmuş marixuananı təqdim edir. Həmin bükülü elektron tərəzidə ölçülür, çəkisi 1.3 qram gəlir və qablaşdırılaraq götürülür. İş materiallarında olan: “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərilməsində şübhəli olması ilə bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini bildirilərək həmin baxışın çəkiliş vasitəsilə ararılacağı elan olunmuş, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini və evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkisini əkib becərməsini etiraf edərək həyətində yeni tikilmiş evinin divarının yanıda iki ədəd dibçəkdə əkilən 4 ədəd narkotik vasitə çətənə bitkilərini və həyətyanı sahəsində ağacların arasında 1 ədəd dibçəkdə əkdiyi iki ədəd narkotik vasitə sayılan çətənə bitkiləri göstərərk onları özü üçün əkib becərdiyini bildirmişdir. Həmin şitillər hər biri ayrı-ayrılıqda dibçəkdən çıxarılaraq uzunluqları ölçülmüşdür. Şitillərdən 22 sm, 26 sm, 29 sm, 40 sm, 48 sm və 52 sm uzunluqda olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin şitilləri bir aydan çox olan müddətdə əkib-becərdiyini və çəkib istifadə etmək üçün qırıb saxladığı yarpaqlarından da evində saxladığı bildirdiyindən onun iştirakı ilə yeni tikilmiş yaşayış olmayan evə baxıldıqda o, evdə divardan asılmış ələyin içində saxladığı bir ədəd kiçik bükülünü götürüb təqdim edərək həmin kütlənin əkdiyi şitillərdən qırıb istifadə etməsi üçün saxladığını bildirmişdir. Həmin bükülü açılıb baxıldıqda bükülüdə yaşıl rəngli otabənzər kütlənin olduğu aşkar olunmuşdur. Bükülü elektron tərəzidə çəkilərək ümumi kütləsinin 1.3 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həyətindən aşkal olunan 6 ədəd narotik vasitə sayılan çətənə bitkisinə oxşar şitillər və evindən aşkar olunan bir bükümdə olan kütlə iş üzrə maddi subut əhəmiyyəti kəsb etdiyindən ayrı-ayrılıqda kağız zərfə qoyularaq qablaşdırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2022-ci il tarixli 7/774 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kütlə” Yazı və imzalar olan ağ rəngli zərfdə 1 ədəd qırmızı rəngli kağız bükülüdə təmiz çəkisi 0,821 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş bitkilər” yazılar və imzalar olan ağ rəngli kağız paketdə yaş vəziyyətdə, ümumi sayı 6 (altı) ədəd, ümumi çəkisi 50,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur.Tədqiqata təqdim olunmuş marixuana ilə çətənə bitkiləri tərkiblərinə görə eynidir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 4522 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “narkotik vasitənin maddi sübut hesab edilməsi haqqında” 22.08.22-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin ekspert tədqiqatından sonrakı qalığı 0,801 qram narkotik vasitə qurudulmuş marixuana və 49,88 qram 06 ədəd çətənə bitkisi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış protokoluna əlavə olunmuş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə keçirilmiş ekspertizaların rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş kütlənin elektron tərəzidə çəkilərkən çəkisinin 1,3 qram olması, məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/774 nömrəli rəyində 0,801 qram narkotik vasitə qurudulmuş marixuana olması tərəzi fərqi kimi qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixli protokolla qablaşdırılmış Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni 0,801 qram olan narkotik vasitə qurudulmuş marixuana və 49,88 qram 06 ədəd çətənə bitkisinin xx.xx.2022-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində əkib aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməklə yetişdirməsində təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirildiyindən, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21.3cü maddəsinə əsasən, “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir”. Azərbaycan Respublikasının xx.xx.2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndinə görə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər - çətənə növlü bitkilər xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində qulluq edərək kultivasiya etməklə yetişdirdiyi narkotik vasitə olan çətənə bitkiləri 6 ədəd təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 19-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Törədilmiş cinayət əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini əkib qulluq etməsi və yetişdirməsi müəyyən edildikdə mümkündür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 25 fevral 2013-ci il tarixli qərarına əsasən, CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:

1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;

2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;

3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş – yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama;

4. çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə. Göründüyü kimi, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının СM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 6 iyul 2021-ci il tarixli qərara əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Müzakirə olunan məsələnin həllinə dair yanaşmalardan biri ondan ibarətdir ki, qanunverici tərəfindən Cinayət Məcəlləsinin 237-ci maddəsində narkotik vasitənin kultivasiyasının vahid elementləri sırasında narkotik tərkibli bitkilərin, onların hissələrinin toplanmasının cinayət məsuliyyətinə səbəb olan ayrıca hərəkət kimi nəzərdə tutulması, həmin əməlin (toplamanın) həm də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə kimi tövsifini istisna edir. Bu Qərarla müəyyən edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Zizik kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs qardaşı X6, qardaşı X7, bacısı X4 və bacısı X3 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Quba rayon Mərkəzi xəstəxanasının sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur; Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə olduğu müddət azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,801 qram olan narkotik vasitə qurudulmuş marixuana və 49,88 qram 06 ədəd çətənə bitkisi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 0,801 qram olan narkotik vasitə qurudulmuş marixuana və 49,88 qram 06 ədəd çətənə bitkisi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar