Məhkəmə qərarları › İş №1(027)-174/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-174/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-174/2023 17.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-ci ildə Quba rayonu, Qəçrəş kəndində doğulmuş, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Qəçrəş kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə, saat 15 radələrində Quba rayonu, Qəçrəş kəndində yaşadığı evlərində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs sillə ilə üzündən vuraraq boğazından tutub sıxaraq itələyib yerə yıxıb sağ dirsəkdə qançır və sağ bud çanaq oynağının bayır səthində yumşaq toxumaların əziyi və qançırı-hematoması ilə nəticələnən sağlamlığında qısa müddətə pozğunluq törədən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 il əvvəl o, qardaşının arvadı Zərərçəkmiş şəxs işdən başqa maşınla gəldiyini görmüş və ona həmin şəxsin kim oğlduğunu soruşduqda, sonuncu bibisi oğlu olduğunu demişdir. O, maraqlanmış və həmin şəxsin onun bibisi oğlu olmadığını bilmişdir. 25 avqust 2023-cü il tarixdə anası, həyat yoldaşı və gəlinləri Türkan Quba rayon mərkəzi xəstəxanasına gedərək saat 15 radələrində evə qayıtmışlar. O, evdə Türkana mobil telefonunun olub olmaması barədə soruşmuş, Türkan isə telefonunun olmadığını bildirdiyinə görə ona çantanı masanın üzərinə boşaltmağı demişdir. Bu zaman Türkanın əl şantasından telefon çıxmışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış, və o Zərərçəkmiş şəxs üzündən əli ilə vurmuşdur. Daha sonar Türkanın valideyinlərini gətirmək üçün sonuncunun atası evinə getmişdir. Evdə olduqları zaman Türkanı əli ilə itələyərək yerə yıxmışdır. Mübahisə təqribən 15-20 dəqiqə davam etmiş və orada anası Qalina, arvadı Nuranə və Türkanın anası Təranə olmuşlar. О Türkanın çantasınla olan mobil telefonda qonşusu Şahid Mühübbət oğlu ilə yazışmasını görmüş və Aqşinin deməsinə görə Türkan ona 30 manat pul verib telefon almasını xahiş etmiş, o da Türkana telefon almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, lakin zərərçəkmiş şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. 25 avqust 2023-cü il tarixdə qaynanası və Tərlanın arvadı Nuranə ilə birlikdə Quba rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanadan qayıtdıqdan sonra, mobil telefon işlətdiyi üçün Tərlanla aralarında mübahisə yaranmışdır. Həmin vaxt Tərlan qaynanasının və Nuranənin yanında onun üzündən sillə ilə vuraraq boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir. Bundan bir qədər sonra, Tərlan onun valideyinlərinin evinə gedərək onun anasını evlərinə gətirmişdir. Anası da nə baş verdiyini soruşduqda Tərlan onun əlində telefon tutduğunu və kiminləsə danışdığını demişdir. Həmin vaaxt Tərlan anasının yanında onun üçün xoşagəlməz sözlər demişdir. Sonra isə onu tutub itələyərək yerə yıxmışdır. O sağ ayağından və başından xəsarətlər almışdır. Həmin vaxt orada qaynanası Qalina, Tərlanın arvadı Nuranə olmuşlar. Münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək, ona həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Yekun protokolun siyahısında şahid kimi göstərilmiş Şahid Mühübbət oğlu məhkəmə icıasınn vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Şahid Mühübbət oğlunun izahatı məhkəmədə elan olunan zaman məlum oldu ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxs da Tərlanla bir evdə yaşayır. Həmin ailənin tanışı kimi özünə məxsus avtomobillə Tərlanın ailə üzvlərinin xahişi ilə onları müxtəlif yerlərə aparmışdır. Hadisədən bir müddət əvvəl Zərərçəkmiş şəxs ona pul verərək ona mobil telefon almasını xahiş etmişdir. O da Türkanın xahişini nəzərə alıb mobil telefon alaraq sonuncuya vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 25 avqust 2023-cü il tarixli 627 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sağ dirsəkdə qançır və sağ bud çanaq oynağının bayır səthində yumşaq toxumaların əziyi və qançır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 25 avqust 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, şahidin izahatını nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq olunan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Qəçrəş İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qəçrəş kəndində qeydiyyatda olmaqla yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Quba RMX-nin məktubundan görünür ki, Quba rayonu, Qəçrəş qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 adında uşaqları vardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə ayrı–ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin, bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar