Məhkəmə qərarları › İş №1(027)-174/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-174/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-174/2024 28.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Quba rayonu, Dəlləkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, evli, məhkum olunmamış, Quba rayonu, Dəlləkli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 460,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 12 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Quba rayonu, Dəlləkli kəndində saxlanılaraq həmin kəndin ərazisində yerləşən ona məxsus bağ sahəsində kolluq əraziyə baxış keçirilən zaman göy rəngli sellofan torbada xalis çəkisi 460,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, saxlanıldığı vaxtdan təxminən 5-6 gün öncə Quba rayonunda, Qudyalçay çayının kənarında gəzən zaman göy rəngli sellofan torba marağını cəlb etmiş, torbanın içərisinə baxdıqda, narkotik vasitə istifadəçisi olduğundan “nəşə” kimi tanınan narkotik vasitə, marixuana olduğunu bilib öz istifadəsi üçün götümüş və Quba rayonu, Dəlləkli kəndində yerləşən özünə məxsus bağ sahəsində kolluqda gizlətmişdir. 12 iyul 2024-cü il tarixdə, saat 20:00 radələrində özünə məxsus həmin bağ sahəsində ot biçən zaman iki polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar və narkotik vasitənin saxlanmasında, istifadəsində şübhəli olduğunu və tutulduğunu bildirmişlər. Daha sonra, polis əməkdşları ona müdafiəçi təqdim edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra o, bağ sahəsində kolluqda gizlətdiyi göy rəngli sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni təxminən 5-6 gün öncə Quba rayonunda, Qudyalçay çayının kənarından tapdığını bildirmişdir. Aşkar edilmiş qurudulmuş marixuana olan bükülü tərəzi ilə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. O, və müdafiəçisi həmin zərfi imzalamışlar. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmişlər, həmin protokol bütün iştirakçılara ucadan oxunmuş, bütün iştirakçılar, həmçinin o və müdafiəçisi tərəfindən imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Dəlləkli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyataxtarış işləri nəticəsində Təqsirləndirilən şəxs12 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Quba rayonu, Dəlləkli kəndində, öz bağ sahəsində saxlanılmışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün təhqiqatçı və vəkil dəvət ediləcəyini izah edilməklə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətləri daim nəzarətdə saxlanmış, sonra vəkillə birlikdə gələn təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuaraq video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunan əşya olmasdığını bildirmiş və sorğu zamanı özünə məxsus olan bağ sahəsində kolluqda gizlətdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açılarkən içərisindən yaşılımtıl rəngli, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu kütlənin “nəşə” kimi tanınan narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Quba rayonunda, Qudyalçay çayının kənarından tapdığını, öz istifadəsi üçün saxladığını və tapandan sonra bir-iki dəfə istifadə etdiyini bildirmişdir. Bundan sonra sellofan torbada olan kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır.Qablaşdırmanın tamlığı imzalarla təsdiq edilmiş, videoçəkiliş başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar protokolun məzmununu imza edərək təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 iyul 2024-cü il tarixli, 3-16-16/2-7/1147 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən aşkar olunmuş bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 460,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Marixuananın xalis çəkisi - 460,0 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 459,9 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 avqust 2024-cü il tarixli, 5530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs Quba rayonu, Dəlləkli kəndində saxlanılaraq həmin kəndin ərazisində yerləşən ona məxsus bağ sahəsində kolluq əraziyə baxış keçirilən zaman göy rəngli sellofan torbada xalis çəkisi 460,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 460,0 qram narkotik vasitə marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz qismən etirafedici ifadəsilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra hakimiyyəti Başçısının Vladimirovka kənd İƏD üzrə arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Dəlləkli kəndində qeydiyyatdadır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından gürünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəlüdlü X1 adlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində yetkinlik yaşına çatamayan uşaq olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 60 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 459,9 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddii sübut olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Quba RPŞ-də saxlanılan maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 459,9 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar