Məhkəmə qərarları › İş №1(027)-175/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-175/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-175/2023 31.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1956 ildə Quba rayonu, Möhüc kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmayan, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə, saat 09 radələrində BC456558 nömrəli, “B" dərəcəli sürücülük vəsiqəsi ilə və ayıq vəziyyətdə idarə etdiyi "VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri, H.Əliyev prospektində, “Vinda” təkər evinin qarşısında şəhərin aşağı istiqamətində 30-40 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə riayət etməklə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, cinayətkarcasına etinasızlıq edərək qanununun qeyd olunan tələblərini pozub, hərəkətdə olduğu prospektdə yolun sağ tərəfində yerləşən “Vinda” mağazasının qarşısında yolun sol tərəfinə keçən piyada X4 avtomobilin qabaq-sol hissəsi ilə vuraraq zərərçəkmiş şəxsin ehtiyyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 iyun 2023-cü il tarixdə, səhər saat 06:50 radələrində idarə etdiyi VAZ 21011 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmkəndlisi Şahbaz adlı şəxsi Bakı şəhərinə yola salmaq məqsədi ilə onu Möhüc kəndindən götürüb Quba şəhərinə gəlmiş və “köhnə avtovağzal” adlanan ərazidə düşürmüşdür. Bir müddət sonra, saat 09 radələrində idarə etdiyi VAZ 21011 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, “köhnə avtovağzal" adlanan ərazidən “Asan xidmət” mərkəzi istiqamətinə Heydər Əliyev prospekti boyunca, təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən prospektdə yerləşən “Vinda” təkər evinin qarşısında yolun hərəkət hissəsini keçən piyada ayırıcı zolağa çatmadan qəfil geriyə qayıtmışdır. Həmin anda avtomobilinin qabaq sol hissəsi ilə piyadanı vurmuşdur, həmin piyada zərbənin təsirindən arxası üstə yerə yıxılaraq başından xəsarət almışdır. Bu zaman o, dərhal avtomobilini saxlayaraq həmin piyadanı avtomobilinə əyləşdirmiş və onu təcili olaraq Quba rayon diaqnostika mərkəzinə aparmışdır. Xəstəxanada məlum olmuşdur ki, idarə etdiyi avtomobillə vurduğu piyada Quba rayonunun Xaltan kənd sakini X5r. Vaqif Məmmədov xəstəxanada dörd gün müalicə olunduqdan sonar 29 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman avtomobili 30-40 km/saat sürətlə idarə etmiş, avtomobildə sərnişin, hər hansı bir yük və texniki nasazlıq olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, səhhətində hər hansı narahatçılıq olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyi və sonuncunun ona qarşı hər-hansı bir şikayət və tələblərinin olmamasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, X7 onun həyat yoldaşıdır. 25 iyun 2023-cü il tarixdə səhər saatlarında baldızının oğlu Şahid1 ona zəng edərək həyat yoldaşı Vaqif Məmmədovun piyada yolu keçən zaman avtomobil tərəfindən vurulduğunu və Quba rayon diaqnostika xəstəxanasına aparıldığını demişdir. O, həmin gün həyat yoldaşı Vaqif Məmmədovun müalicə olunmaq üçün aparıldığı Quba rayon diaqnostika mərkəzinə getmişdir. Diaqnostika mərkəzində ona məlum olmuşdur ki, əri Vaqif 25 iyun 2023-cü il tarixdə, saat 09 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yolu keçərkən Quba rayon sakinin Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ-21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ərini vurmuşdur. Hadisədən dörd gün sonra, 29 iyun 2023-cü il tarixdə həyat yoldaşı Vaqif Məmmədov aldığı xəsarətlərdən ölmüşdür. İfadəsinin sonuda X3 Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X7 onun dayısıdır. 25 iyun 2023-cü il tarixdə o, Quba şəhərində bazarda olan zaman məlumat almışdır ki, dayısı Vaqif Məmmədov yolu keçən zaman avtomobil onu vurmuşdur. O, dayısını görmək üçün Quba rayon diaqnostika mərkəzinə getmişdir. Xəstəxanada olan zaman məlum olmuşdur ki, dayısı Vaqif Quba şəhəri, H.Əliyev prospektində yolu keçmək istəyərkən Quba rayon sakinin Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ-21011” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu vurmuşdur. 29 iyun 2023-cü il tarixdə dayısı Vaqif Məmmədov aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkətibb ekspertizasının 29 iyul 2023-cü il tarixli 26 saylı rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər - "ənsə nahiyəsində əzilmiş-cırılmış yara, sağ gözün 4 üst qapağında qançır, sağ əlinin 4-cü barmağının arxa səthində, sağ dirsəyin yan səthində, sol dirsəyin arxa səthində sıyrıqlar, sağ budun orta 1/3-nin yan səthində qançır, sağ yarım kürənin üstündə qan laxtası, başbeyin toxumasında xırda və iri ölçülü qansızmalar, beyin mədəciklərində bir neçə ml qırmızı rəngli maye, beyincik toxumasında nöqtəvari qansızmalar, ənsə sümüyünün və kəllə ənsəsinin sağ ön və arxa çuxurlarında sınıq xətləri” bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, 25 iyun 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Vaqif Məmmədovun ölümünün bilavasitə səbəbi başbeyinə qansızma olmuşdur. Ölüm 29 iyun 2023-cü il tarixdə xəstəxanasında baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə kimyəvi müayinəsi zamanı spirt aşkar edilməmişdir. İş üzrə təyin edilib keşirilmiş və məhəkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 10 avqust 2023- cü il tarixli, 8/2024 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş materiallara əsasən "VAZ 21011” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan BC 456558 nömrəli, xx.xx.2026-cı il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan alkoqolun miqdarının ölçülməsi qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman spirtli içki qəbul etməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Alpan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Möhüc kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır yaşayır, Onun oğlu - 1981-ci il təvəllüdlü X8, gəlini - 1981-cı ıl təvəllüdlü X11, nəvəsi - 2006-cı il təvəllüdlü X12, nəvəsi - 2008-ci il təvəllüdlü X6 ibarət ailə tərkibi var. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Alpan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələblərinin olmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi subutun, müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar