Məhkəmə qərarları › İş №1(027)-177/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-177/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-177/2022 01.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Rusiya Federasiyasının Omsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Qımılqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi "Ford- Tranzit” markalı AZ **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə saatda 40 km/sürətlə Quba rayonu Qımıl-qışlaq kəndindən Hacıhüseynli kəndinə gedən yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin vaxt Hacıhüseynli kəndinin girəcəyindəki körpüdən keçərkən idarəetməni itirərək avtomobili yolun sağ tərəfinə yönəltməsi zamanı avtomobillə körpünün sağındakı dəmir maneəni dağıdaraq onu həmin kəndin ərazisindən keçən “Samur-Dəvəçi” su kanalına aşırıb törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan suda boğularaq ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxsin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Ford Tranzit” markalı AZ **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun şəxsi avtomobili deyildir. Etibarnamə əsasında idarə etmişdir. Zərərçəkmiş şəxs onun dostu olmuşdur. xx.xx.2022-ci İİ tarixdə dostu Rəvanın xahişi ilə sonuncunun bağ sahəsindən gilası avtomobilə yükləmiş və onlar Rəvanla birlikdə Quba-Xaçmaz yolunda yerləşən soyuducu anbarına yola düşmüşlər. Həmin vaxt o avtomobili 40 km/sürətlə idarə etmişdir. Saat 21:30 radələrində idarə etdiyi həmin yük avtomobili ilə Quba rayonu Qımıl-qışlaq kəndindən Hacıhüseynli kəndi istiqamətində hərəkətdə olduğu zaman kəndin girəcəyindəki körpüdən keçərkən yolun qarşı hissəsindən “Opel" markalı avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi yük avtomobili yolun sağ tərəfinə yönəldən zaman idarəetməni itirmiş və körpüdəki yolun sağ tərəfindəki dəmir maneələri dağıdaraq avtomobili körpüdən su kanalına aşırmışdır. Avtomobil su kanalına aşmazdan əvvəl avtomobilin sağ tərəfi dirəyə dəymiş sonra su kanalına düşmüşdür. Həmin vaxt nə o, nə də ki dostu Rəvan xəsarət almamışdır. Avtomobil su kanalına aşan zaman hər ikisi salamat olmuşdur. Kanala aşandan sonra avtomobil çevrilmiş və avtomobilə su dolmağa başlamışdır. Bu vaxt o, təhlükəsizlik kəmərini açıb avtomobilin salonundan suyun üzünə çıxmış və ətrafdakı adamların köməkliyi ilə kanaldan çıxa bilmişdir. Avtomobildən çıxan zaman Rəvanı avtomobilin salonunda görməmiş və sonuncunun çıxdığını düşünmüşdür. Lakin sonradan Rəvanın həmin anda sudan çıxa bilməyərək kanalda boğulduğu bilmişdir. Hadisə vaxtı sərxoş olmamış və avtomobildə Rəvandan başqa sərnişin də olmamışdır. Hadisədən sonra o, mərhumun ailəsinə maddi və mənəvi dəstək olmuş, dəfn və hüzür mərasimlərində iştirak etmişdir. Hazırda zərərçəkmişin hüquqi varisi ilə barışmışdır. O törətdiyi əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi X3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında ona məlum oldu ki, oğlu Rəvan dostu Sərxanın sürdüyü “Ford- Tranzit” markalı avtomobildə olarkən avtomobilin Quba rayonu Hacıhüseynli kəndi ərazisində körpüdən kanala aşması nəticəsində itkin düşmüşdür. Hadisədən 3-4 gün sonra su kanalından oğlunun cəsədi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs mərhum oğlunun dəfn mərasimində iştirak etmiş, ona maddi və mənəvi dəstək olmuşdur. Hadisəni törədən Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayəti və ya tələbi yoxdur, sonuncu ilə barışmışdır. Göstərdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs hüquqi varisi X3 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Hacıhüseynli kəndində yaşayır. Hadisənin bilavasitə şahidi olmuşdur. Axşam saatlarında işdən çıxıb dükana gələn zaman uzaqdan avtomobilin su kanalına aşdığını görmüş və hadisə yerinə yaxınlaşmışdır. Bu vaxt Təqsirləndirilən şəxs suyun üzərində qışqıraraq kömək istədiyini görmüşdür. O, digər şəxslərin köməyi ilə Sərxanı sudan çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Hacıhüseynli kəndində yaşayır və hadisə olan yerin yaxınlığında yanacaq doldurma məntəqəsində işləyir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında işdə olan zamanı “Opel” markalı avtomobilin “Ford-Tranzit” markalı avtomobilin qarşısına çıxdığını və həmin “Ford-Tranzit” markalı avtomobilin idarəetməni itirərək su kanalına aşmasını görmüşdür. O, hadisə olan yerə yaxınlaşmış və Təqsirləndirilən şəxs suyun üzərində qışqıraraq kömək istədiyini görmüşdür. O, digər şəxslərin köməyi ilə Sərxanı sudan çıxarmışlar. O, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəldikdən sonra çıxıb getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o da şahidlər Şahid3 və Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində o, şöbədə əməliyyatistintaq qrupunda olarkən RPŞ-nin növbətçi hissəsinə Quba rayonu, Qımıl-qışlaq kəndindən Hacıhüseynli kəndinə gedən körpüdəki yolda bir avtomobilin su kanalına aşması barədə 102 xidmətindən məlumat daxil olmuşdur. O, əməliyyat-istintaq qrupu üzvü kimi hadisə yerinə getmiş, Hacıhüseynli kəndinin girəcəyindəki körpüdə çoxlu sayda adamların olmasını görüb oraya yaxınlaşmışdır. Həmin yerdə körpüdə yolun dəmir maneəsinin bir hissəsi dağılmışdır. Ona məlum olmuşdur ki, bir qədər əvvəl “Ford-Tranzit” markalı **-CB-*** nömrə nişanlı yük avtomobili idarəetməni itirib nəmin maneəni dağıdıb körpüdən su kanalına aşmışdır. Orada toplaşmış camaatın köməkliyi ilə həmin avtomobilin sürücüsü su kanalından çıxarılmışdır. Sürücünün şəxsiyyətini yoxladıqda onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sürücü avtomobilində başqa bir tanışının olmasını və avtomobil suya çatanda avtomobildə qaldığını bildirmişdi. Avtomobildə qalmış sərnişinində Zərərçəkmiş şəxs olduğu məlum olunmuşdur. O, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, sürücü Təqsirləndirilən şəxs baxış zamanı avtomobilin idarəetməsini itirib dəmir maneəni dağıtmaqla avtomobili körpüdən aşırdığı yeri göstərmişdir. Orada fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin (meyitin məhkəmə-tibbi ekspertizası) xx.xx.2022-ci il tarixli 32 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyidinin xarici müayinəsi zamanı onun əynində olan bütün paltarların olması, paltarların arasına və ciblərinə, çoxlu miqdarda qumlu-lilli çöküntünün yığılması, başı yana çevirdikdə burun dəliklərindən və ağzından çəhrayımtıl-qırmızı maye ifrazının xaric olması, əllərin ovuc səthində və ayaqların altında dərinin kəskin matserasiyaya uğraması, daxili müayinəsi zamanı daxili üzvlərdə venoz qanlılıq, traxeya və iri bronxların mənfəzində qırmızımtıl çəhrayi rəngli maye ifrazat və qum-lil çöküntüsünün olması, mədə daxilində 600 ml-ə yaxın maye-su olması, məhkəmə-histoloji müayinəsi zamanı ağ ciyərdə xırda atelaktaz və emfizema ocaqları aşkar edilmişdir ki, bunlarda ümumi asfiksiya, o cümlədən suda olma və suda boğulmaya uygun əlamətlərdir. Həmin şəxsin meyidinin müayinəsi zamanı kəskin çürümə dəyişiklikləri fonunda hər hansı xəsarət və onun izi aşkar olunmadı. Meyitdən götürülən qanda məhkəmə-kimyəvi müayinə zamanı alkoqol, narkotik, zəhərli və güclü təsiredici maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs ölmünün səbəbi yol-nəqliyyat hadisəsi zamanı suda boğulma olmuşdur, ölüm müayinə edilən vaxtdan təxminən 4-5 gün əvvəl baş verməyə uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası) xx.xx.2022-ci il tarixli 8/2328 nömrəli rəyindən görünür ki, “Ford-Tranzit” markalı AZ **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə Quba rayonu Qımıl-qışlaq kəndindən Hacıhüseynli kəndinə gedən körpüdə baş vermiş, hadisənin baş verdiyi yer asfalt-beton örtüklü, quru, düz hərəkət hissəsidir. Yolun hərəkət hissəsinin eni 4,0 metrdir. Sürücünün görmə qabiliyyətini məhdudlaşdıran heç bir maneə yoxdur. Körpünün sağ tərəfində onun dəmir maneəsi dağıdılmış vəziyyətdədir. Su kanalında “Ford Tranzit” markalı AZ **-CB-*** nömrəli avtomobilin suya aşıb batmış vəziyyətdə olması müşahidə edilir. “Ford Tranzit” markalı AZ ** CB *** nömrəli avtomobil 20 metr enində, dərinliyi 4 metr olan su kanalında aşaraq batmış vəziyyətdədir; “avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Ford Tranzit” markalı AZ **-CB-*** qeydiyyat nişanlı yük avtomobilinin qabaq hissəsi dağılıb əzilmiş vəziyyətdədir. Həmin avtomobilin həm qabaq, həm də yan aynaları sınmışdır. Avtomobilin içərisində qalçıq, qum olması müşahidə edildi. Avtomobilə baxış zamanı onun içərisində Təqsirləndirilən şəxs aid heç bir sənəd və ya qiymətli əşya aşkar edilmədir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edililr. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin 1 hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; xx.xx.2022-ci il tarixli 00597 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi protokolundan görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur; Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 417 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Hacıhüseynli kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs Quba şəhərində yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur; X2 notarial təsdiqli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, vurduğu zərəri aradan qaldırmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 59.1.11-59.1.13-cü maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar