Məhkəmə qərarları › İş №1(027)-177/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-177/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-177/2024 10.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3 nümayəndəsi X14 və onun vəkili X9 iştirakı ilə X15, X4 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X15, X12 və X4 barələrində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2-ci maddələrində nəzərdə tutulan əməli törətdiklərinə görə onların həmin maddələrə uyğun cəzalandırılmaları, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən (va ya onu nüfuzdan salan) məlumatları yaşayış sahəsi üzrə ərazidə kütləvi nümayiş etdirməklə ona vurduqları mənəvi zərərin əvəzinə ayrı-ayrılıqda, X7 25000 (iyirmi beş min) manat məbləğində, X5 25000 (iyirmi beş min) manat məbləğində və X1 25000 (iyirmi beş min) manat məbləğində pul alınaraq ona ödənilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxslər X15, X12 və X4 böhtan, yəni yalan olduğunu bilə-bilə ona qarşı şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaşadıqları Quba rayonu, Zərqova kəndində yaymışlar və hazırda da yayırlar. Yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları ictiamaiyyətdə yaymaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2-ci maddələrində nəzərdə tutulan əməli törətdiklərinə görə onlar, həmin maddələrə uyğun cəzalandırılmalı, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən (və ya nüfuzdan salan) məlumatları ictimai yerlərdə nümayiş etdirməklə ona vurduqları mənəvi zərərin əvəzinə X7 25000 (iyirmi beş min) manat məbləğində, X5 25000 (iyirmi beş min) manat məbləğində və X1 25000 (iyirmi beş min) manat məbləğində pul alınaraq ona verilməlidir. Hazırki şikayətə əlavə edilmiş DVD-R optik diskdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs X15 ilə onun toy mərasimləri əks olunub. El adətinə uyğun olaraq qız toyu 17 iyun 2024-cü il tarixdə olmuş, 02 iyul 2024-cü il tarixdə oğlan toyu keçirilərək toydan sonra o, bəy evinə aparılmışdır. Həmin günü axşam X15 ona yaxınlaşmayıb, ondan kənarda dayanıb. Bir qədər fikirləşdikdən sonra o, ona deyib ki, “özümü pis hiss edirəm, bu məsələ qalsın, özümə gələndə yaxınlıq edərəm”. Toydan 04 gün sonra, yəni 06 iyul 2024-cü il tarixdə günorta çağı bəy atası Surxay, bəy anası Gülnarə onu da özləri ilə birlikdə onun valideynlərinin evinə aparıblar. Orada, nahar etmişlər. Nahardan sonra Surxay, bəylə onun üzə çıxmadıqlarını dedikdə atası ona, toy gecəsi orada yengənin olduğunu deyib. Gülnarə zəng edib oğlu Naibi onlara çağırıb. Bir neçə dəqiqə sonra Naib onlara gəldikdə həm onun anası Gülnarə, həm də onun anası Elza Naildən nəyin baş verdiyini soruşduqda Nail günahın özündə olduğunu və toy gecəsi özünü pis hiss etdiyini bildirib. Nail bildirib ki, nə vaxtı özünü yaxşı hiss etsə yaranmış problemi həll edəcək. Saat təxminən 17:00 - 18:00 radələrində Surxay və Gülnarə ona evdən çıxıb gediblər, o, isə valideynlərinin evində qalmışdır. Həmin vaxtı qadın valideynlər arası danışıqlar zamanı belə razılığa gəliblər ki, səhərisi günü axşam bəylə gəlini üzə çıxaracaqlar. 07 iyul 2024-cü il tarixdə günorta saatlarında Surxay onun atanın mobil telefonuna zəng edərək deyib ki, “qısası, sənə nə vermişəm, gətir ver mənə, sən də nə gətirmisən, çıxarıb qoyacam qapıma, gəl apar”. Əşyaları hələ də onların evində qalıb. Həmin günü axşam saatlarında kənd sakinlərindən eşitmişlər ki, Gülnarə Məmmədova qonşu və qohumları evinə çağırıb və onlara, onun əleyhinə böhtan xarakterli fikirlər uyduraraq onlara danışıb ki, guya o, bakirə deyil və ona görə də onu valideynlərinin evinə qaytarıblar. Böhtan xarakterli həmin yalan məlumatlar hələ də kəndlərində səslənməkdə davam edir. Əleyhinə olan həmin böhtan xarakterli faktla bağlı o,, yazılı şikayət ərizəsi ilə Quba rayon prokurorluğuna müraciət etmişdir. Quba rayon prokurorluğunda şikayəti araşdırılıb və məhkəmə ekspertizası təyin edilib. Ekspertiza ilə onun bakirəliyi təsdiq olunub. Yaşadığı Quba rayonunun Zərqava kəndinin bir neçə sakini X11, X6 və X2 həmin cinayət əməlinin şahidləridirlər. Həmin şahidlərin məhkəmədə ifadə verməkləri təmin ediləcək. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 məhkəməyə ərizə təqdim edərək, X15, X4 və X12 hazırda Rusiya Federasiyasında olduqlarından şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və məhkəməyə təqdim olunan sənədləri öyrənərək aşağıdakıları müəyyən edir: X10 öz şikayətində X15, X4 və X8 münasibətdə iddia edir ki, X15, X4 və X12 onun şərəf və ləyaqətini alçaldacaq fikirlər yaymaqla ona böhtan atmışdır. Bu xüsusatlarla bağlı xüsusi ittihamçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır; 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir; 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1) şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə; 302.3-cü maddəsinə görə məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 299.11-ci maddəsinə görə məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş X10 onun şərəf və ləyaqətini alçaldacaq məlumatların yayılmasından şikayət etsədə, həmin məlumatların yayılma dairəsinə baxdıqda sözügedən məlumatların həqiqətən də həmin şəxslərin iştirakı ilə yayılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin də tərkibi yarana bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X15, X4 və X6 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X15, X4 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar