Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-177/2025 10.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Quba rayonu, Küpçal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu Küpçal kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Quba rayonu Üçgün kəndində çöllük ərazidə Zərərçəkmiş şəxs məxsus 2200 (iki min ki yüz) manat dəyərində olan 01 baş 04 illik yerli cins iri buynuzlu heyvanı (inəyi) qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuşdur. 14 sentyabr 2025-ci il tarixdə saat 10 radələrində Quba rayonu Üçgün kəndində çöllük ərazidə gəzərkən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 01 baş iri buynuzlu heyvanı görüb həmin heyvanı oğurlamaq qərarına gəlmişdir. Ətrafda kənar şəxslər olmamasından əmin olduqdan sonra o, həmin heyvanı qarşısına qatarıq yaşadığı evə gətirib həyətində olan tövləyə salmışdır. Bundan sonra, heyvanı satmaq üçün müştəri axtarmaq məqsədi ilə Quba şəhərinə gəlib köhnə avtovağzal ərazisində bir nəfər adını bilmədiyi şəxslə görüşmüşdür. Həmin şəxs ona satdığı heyvanı almaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin tanımadığı şəxslə yük maşını ilə onun yaşadığı evə gəlmişlər. O, həmin vaxt heyvanı almaq istəyən şəxsə heyvanın özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir Həmin şəxs sonradan özünü Yaqub olaraq təqdim edərək ona qiymətini nə qədər olmasını soruşduqda o, Yaquba 550 (beş yüz əlli) manat olduğunu bildirmişdir. Həmçinin Yaqub pulu təqdim edərkən pulun verilməsini də video görüntüyə almış və heyvanın şəkillərini çəkmişdir. Ondan həmçinin əlaqə nömrəsini istədikdə, o, qardaşının nömrəsini Yaquba vermişdir. Yaqub onunla razılaşdıqdan sonra heyvanı yük maşınına mindirərək aparmışdır. O, həmin pullan öz ehtiyaclarına xərcləmişdir və 17 sentyabr 2025-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək onu Quba RPŞ-yə dəvət etmişlər. Quba RPŞ-də onunla aparılan profilaktiki söhbətlər zamanı etdiyi oğurluğu etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib məhkəmədən ona yüngül cəza yəyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki o, ailə üzvləri ilə birlikdə Quba rayonu Üçgün kəndində yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq təsərrüfat işi ilə məşğul olur. Ona məxsus olan 01 baş iribuynuzlu heyvan (inək) xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində yaşadığı Quba rayonu, Üçgün kəndinin örüş sahəsindən oğurlanmışdır. Belə ki o, hər gün heyvanımı səhər saat 08-də örüş sahəsinə buraxır və həmin heyvan saat 20 radələrində evə geri qayıdır. O, hər gün bir neçə dəfə örüş sahəsinə gedərək heyvanına nəzarət edir və ona yem verir. xx.xx.2025-ci il tarixdə o, gün ərzində bir neçə dəfə həmin örüş sahəsinə getmiş və həmin vaxtı heyvanı örüş sahəsində olmuşdur. Lakin həmin günü saat 20 radələrində heyvanının evə geri dönməli vaxt heyvanı evə geri qaytmadığından o, narahatçılıq keçirmiş və örüş sahəsinə getdikdə heyvanının orada olmadığını görmüşdür. Həmin günü və ondan sonrakı gün bütün kəndi və qonşu kəndləri axtarmış, lakin heyvanını tapa bilməmişdir. Ona məxsus olan 01 baş iri buynuzlu inək 4 illik, qırmızı rəngli, alnında təqribən 15-18 sm uzunluğunda ağ ləkəsi olmuşdur. Sonra o, heyvanın oğurlanması ilə əlaqədar Quba rayon polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus olan bir baş iri buynuzlu heyvanı həmkəndlisi Təqsirləndirilən şəxs oğurlayaraq satmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, barəsində qanunvericiliyin tələblərinə əsasən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki o, ailə üzvləri ilə birlikdə Qusar rayonu Qayakənd kəndində yaşayır. Fərdi əməklə məşğul olaraq heyvan alışı və satışı ilə fərdi qaydada məşğul olur. xx.xx.2025-ci il tarixdə Quba şəhərində olan “Ayxan Market” adlanan mağazanın yanında dayanarkən əvvəllər tanımadığı adını sonradan Mətləb olduğunu bildiyi bir nəfər şəxs ona yaxınlaşaraq kəsim üçün heyvanı olduğunu və onu övladı xəstə olduğu üçün təcili olaraq satmaq istədiyini bildirmişdir. O, Mətləbə heyvana baxdıqdan sonra, kəsim üçün sərfəli olarsa alacağını bildirib onunla birlikdə istifadəsində olan “NAZ LİFAN” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mətləbin yaşadığı Quba rayonu Küpçal kəndində yerləşən evinə getmişlər. Burada Mətləb heyvanı ona təqdim etmiş və o, heyvana baxış keçirdikdən sonra Mətləbə heyvanı neçəyə satmasını soruşmuşdur. Mətləb ona heyvanı 550 (beş yüz əlli) manata satmasını bildirmişdir. O, Mətləblə razılaşaraq tanışı Elşən adlı şəxsə zəng edərək onu Quba rayonu Küpçal kəndinə gəlməsini burada heyvanın olmasını və onu Qusara aparacağını bildirmişdir. Elşən, bir qədər sonra özünə məxsus yük maşını ilə həmin ünvana gəlmişdir. O, elə Elşənin yanında Mətləbə video çəkiliş ilə 550 (beş yüz əlli) manat pulu vermişdir. Mətləb pulu aldıqdan sonra onlar heyvanı yük maşınına mindirərək yaşadığı Qusar rayonu Qayakənd kəndinə yaşadığı ünvana aparmışdır. Elşənə isə zəhmət haqqı olaraq 30 manat pul vermişdir. Burada o, heyvanı kəsib satmışdır. O, həmin heyvanı alarkən ehtiyyat edərək Quba rayon Küpçal kəndinin nümayəndəliyinə və ərazinin polis sahə rəisinə məlumat vermişdir. Mətləb ona satdığı heyvanın oğurluq olduğunu bildirməmiş, heyvanın oğurluq olduğu barədə onun məlumatı olmamışdır. İş üzrə Şahid2 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə tərəfindən şəxsin istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının şahidin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 oğlunun məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o, Quba rayonu Digah kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Özünə məxsus “Volqa Qaz-2410” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və eyni zamanda həmin avtomobil qoşqulu olduğu üçün yük daşıma ilə də məşğul olur. xx.xx.2025-ci il tarixdə tanışı Yaqub ona zəng edərək Quba rayonu Küpçal kəndi ərazisində inək satıldığını və həmin inəyi oraya gedib aparmaq üçün Küpçal kəndinə getməyini xahiş etmişdir. Bundan sonra o, idarə etdiyi avtomaşınla Quba rayonu Küpçal kəndinə gəlmişdir. Quba rayonu Küpçal kəndi ərazisində bir nəfər əvvəllər tanımadığı şəxs onu qarşılamış və evə aparmışdır. Onun yanında Yaqub həmin şəxsə 550 manat məbləğində pul verib satdığı inəyi almışdır. Bundan sonra onlar, bir baş inəyi onun idarə etdiyi avtomaşının yük yerinə yükləyib Yaqula birlikdə onun yaşadığı Qusar rayonu Qayakənd kəndinə gəlmişlər. Yaqub ona 30 manat zəhmət haqqı vermiş və o, daha sonra yaşadığı evə getmişdir. O, həmin inəyin oğurluq olmasını əvvəlcədən bilməmiş. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli talayaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Quba rayon Statistika İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Zərərçəkmiş şəxs məxsus olan bir baş inəyin orta bazar qiyməti 2200 manat olmuşdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişidir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qərarı ilə Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş qalan hissəsi 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişidir. Quba rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(027)-45/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 06 (altı) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla 03 (üç) ay 05 (beş) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdə «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 2.1-ci bəndi tətbiq edilərək cəzadan azad edilmişdir. Quba Rayon İcra hakimiyyəti Başçısının Quba rayonu Küpçal kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Küpçal kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 177.1-ci maddələrinə əsasən özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. AR CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşə əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 sentyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat olmaqla, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 08 (səkkiz) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat olmaqla, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №1(027)-177/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-177/2025
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver