Məhkəmə qərarları › İş №1(027)-178/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-178/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-178/2021 08.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, himayəsində iki azyaşlı uşağı olan, Quba şəhəri, SMU-12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 7,331 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib avtomobilində gəzdirməklə saxlamış, 19.08.2021-ci il tarixdə saat 15:00 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Vaqif küçəsində yol kənarında saxlanılaraq avtomobilinə baxış keçirilən zaman idarə etdiyi “VAZ 21041” markalı O619HC05 dövlət qeydiyyat nişanlı avtomobilin içərisində maqnitofonun yanında plastmasın altında bir ədəd “Arqo” markalı siqaretin içərisində 1,32 qram, siqaretin içərisində bir ədəd kibrit qutusunda isə 6,011 qram olmaqla ümumilikdə təmiz çəkisi 7,331 qram olan həmin həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 19.08.2021-ci il tarixdə Bakı şəhərindən Qubaya qayıdan zaman Vaqif küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə üzərində və avtomobilə axtarış keçirilmiş və axtarış zamanı idarə etdiyi avtomobildən narkotik vasitə olan marixuana aşkarlanmışdır. İdarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. O, həmin narkotik vasitəni 15.08.2021-ci il tarixdə Bakı şəhərində zibil qutularının yanından tapmış və 4 gün, yəni 19.08.2021-ci il tarixədək maşında saxlamışdır. Saxlanılan zaman avtomobildə olan tanışları Orxan və İsmayılın avtomobilində narkotik vasitə olması barədə məlumatları olmamışdır. O, narkotik vasitədən yalnız şəxsi istifadəsi üçün istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hadisədən sonra bir daha narkotik vasitə istifadə etməmişdir. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla əvvəl tanışlığı olmamış, sonuncunu hadisə günü tanımışdır. Belə ki, həmin gün maşınının mühərriki xarab olduğu üçün Quba şəhəri, Vaqif küçəsində yerləşən sexə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan Şahinin maşınına minmişdir. Vaqif küçəsində hərəkətdə olan zaman Şahin usta Orxanı görüb mindirmiş və yoluna davam etmişdir. Təxminən 100 metr hərəkət etdikdən sonra polis əməkdaşları avtomobili saxlatmışlar. Polis əməkdaşları əvvəl onların üzərində, daha sonra Şahinin idarə etdiyi avtomobildə axtarış keçilmişlər. Axtarış zamanı Şahinin idarə etdiyi avtomobildən qutu aşkarlanmışdır. Sorğu zamanı Şahin qutunun içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitənin şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şahinin idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Mövlud oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 19.08.2021-ci il tarixində Quba şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Quba şəhəri, Vaqif küçəsində saxlanılaraq narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olması bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yanında Quba səhər sakinləri Şahid1 və Şahid2 olmuşdur. Vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən 14 manat kağız pul aşkar edilmiş, avtomobilinə baxış keçirilən zaman isə avtomobilin içərisində maqnitofonun yanında plastmasın altından bir ədəd siqaret qutusu aşkarlanmışdır. Həmin siqaret qutusuna baxış zamanı içərisindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar dağılmış ot şəklində kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 19.08.2021-ci il tarixində Quba şəhər sakini Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə axtarış keçirilən zaman avtomobilin içərisində maqnitofonun yanında plastmasın altında bir ədəd siqaret qutusu aşkarlanmış, həmin siqaret qutusuna baxış zamanı içərisindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya aşkar edilmişdir. Aşkar edilmiş kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 ifadəsi məhkəmədə elan olunarkən məlum oldu ki, sonuncu digər şahidlərin ifadələrinə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, 19.08.2021-ci il tarixdə saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, Vaqif küçəsində saxlanılaraq üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli parça şalvarın sağ yan cibində saxladığı 14 manat pulu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olmadığını bildirmişdir. (iş vər.: 30); Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və avtomobilinə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nın baş təhqiqatçısı polis mayoru Famil Mirzəbəyov, Quba RPŞ-nin PPXB-nin taqım komandiri Vüsal Quliyev, NMQ- nun baş əməliyyat müvəkkili Samir Abdulmanafov, PPXB-nin polis nəfərləri Cəfərsadiq Sultanov, Şahid3, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, Quba şəhər sakinləri Orxan Məlıkov, Şahid1 və X8 yol kənarında açıq ərazidə dayanmışdırlar. X16 Şahkərəmova şübhəli şəxs qismində tutulduğunu, üzərində şəxsi axtarış aparılacağını bildirirək, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 14 manat kağız pul və maşın açarı aşkar edilir lakin, qanunla dövriyyəsi qadağan edilən əşya və predmentlər aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olduğunu bildirir. Bundan sonra avtomobilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2104” markalı O619HC05 dövlət qeydiyyat nişanlı avtomobilin içərisində maqnitofonun yanında plastmasın altında bir ədəd “Arqo” markalı siqareti təqdim edib içərisində narkotik vasitə olduğunu bildirir. Həmin siqaret qutusuna baxış zamanı içərisindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhərindən “Meyvəli” bazarı adlanan yerdən zibil qutusunun yanından tapdığını bildirir. Daha sonra baxış zamanı həmin siqaret qutusunun içərisinə dağılmış vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə də aşkar edilir. Bundan sonra aşkar edilmiş kütlə qramlıq elekon tərəzidə ölçülür və çəkisi 16,9 qram gəlir. Sonra aşkar edilmiş kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılır, imzalanır və möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs digər porsessual hərəkətlərin aparılması üçün rayon polis şöbəsinə dəvət edilir. Bununla da video çəkiliş başa çatır (DVD disk); “baxış keçirilmə haqqında” 19.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-1104” markalı avtomaşına baxış keçirilən zaman avtomaşının “pioner” markalı maqnitofonun sürücü tərəfindən olan plastmasın altında gizlətdiyi 1 ədəd “Arqo” markalı siqaret quusunun içərisində olan kibrit qutusunun içərisinə yığılmış və həmin siqaret qutusunun içərisində dağılmış vəziyyətdə olan marixuanaya oxşar kütlələr aşkar edilərək götürüldü. Həmin kütlə elektron tərəziyə qoyularaq ölçülmüş və çəkisi 16,9 qram olduğu müəyyən olunmuşdur. Sonra içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə zərfə qoyularaq qablaşdırılaraq 67 saylı möhürlə möhürlənmişdir. Bundan başqa avtomobildən dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmuşdur. Baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur (iş vər.: 32-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 10.08.2021-ci il tarixli, 7/813 nömrəli rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs avtomaşınından götürülmüş ARQO siqaret qutusunda təmiz çəkisi 1,32 qram və həmin siqaret qutusunda olan kibrit qutuda təmiz çəkisi 6,011 qram ümumi təmiz çəkisi 7,331 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (iş vər.: 44-46); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 20.08.2021-ci il tarixli aktdan görünür ki, baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı 7,291 qramdır (iş vər.: 47); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 08.09.2021-ci il tarixli, 3324 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psiotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 127-128); “maddi sübut hesab edilmə haqqında” 25.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni 7,291 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir (iş vər.: 86,87); “sübutların qiymətləndirilməsi haqqında” 05.11.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X5 üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi istintaq hərəkətinin görüntüsü əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 20.08.2021-ci il tarixli 7/813 saylı ekspert rəyi və cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 08.09.2021-ci il tarixli 3324 saylı ekspert rəyi sübutun bir növü kımı qiymətləndirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya oxşar kütlənin elektron tərəzidə çəkilərkən çəkisinin 16,9 qram olması, məhkəmə-bioloji ekspertizasının 20.08.2021-ci il tarixli 7/813 saylı rəyində isə həmin heroinin 7,331 qram olması fərqi kimi qiymətləndirilmiş, 19.08.2021-ci il tarixli protokollarla qablaşdırılmış Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni 7,291 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 25.08.2021-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır (iş vər.: 131-137). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 7,291 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19.08.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq MSY-nə təhvil verilmişdir (iş vər.: 11, 22); “şübhəli şəxsin MSY-dən azad edilərək barəsində qətimkan tədbiri seçilməsi haqqında” 20.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, həmin tarixdə o, MSY-dən azad edilmişdir (iş vər.: 41, 43); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 64,65); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmaması haqqında” 21.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, həmin tarixdə Şahın Şahkərəmovun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 77,78); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177,2.3 və 69.4-cü maddələri ilə 1500 manat cərimə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli qərarına əsasən cərimə cəzası qazancından dövlət nəfinə 15% pul tutulmaqla 01 il islah işləri cəzası ilə əvəz edilmiş, 27.08.2020-ci ıl tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (iş vər.: 91); Quba Rayon Məhkəməsinin 15.12.2016-cı il tarixli 1(027)-91/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs İmran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun 23.03.2016-cı il tarixdən hazırki hökmün çıxarıldığı 15.12.2016-cı il tarixədək həbsdə saxlandığı 8 ay 22 gün müddət nəzərə alınmaqla, ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir (iş vər.: 111-124); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və probasiya şöbəsinin 19.10.2021-ci il tarixli 65708/19/05 saylı arayışından görünür ki, məhkum xx.xx.1992-ci il təvəllüdlü, Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli, 7(027)-20 saylı qərarı 24.04.2019-cu ıl tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edilərək məhkum qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs ona təyin olunmuş aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzasını tam olaraq ödəmiş və 27.08.2020-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs çəkilməmiş qalan heç bir növ cəzası Quba rayon İcra və probasiya şöbəsinin icraatında yoxdur (iş vər.: 109); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 26.10.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X6, arvadı X9, qızı X7 və oğlu X2 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 125, 126); Məhkəmənin elektron bazasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24.08.2015-ci il təvəllüdlü X7 və 10.03.2018-ci il təvəllüdlü X10 vardır; Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını və himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdən 20.08.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə olan 7,331 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq həmin narkotik vasitənin qalıq çəkisi 7,291 təşkil edən hissəsi saxlanması üçün Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Odur ki, maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 7,291 narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-biloji ekspertizalarının xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdən 20.08.2021-ci il tarixədək həbsdə olduğu 01 (iki) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 7,291 narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar