Məhkəmə qərarları › İş №1(027)-179/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-179/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-179/2024 19.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Quba rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 458,88 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı evdə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 29 iyul 2024-cü il tarixdə, saat 18 radələrində Quba rayonu, Digah kəndində yaşadığı evin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə xalis çəkisi 3,88 qram, həmçinin yaşadığı evin giriş hissəsindən sağ tərəfdə yerləşən otaqdakı televizorun arxasına baxış keçirilən zaman qara rəngli sellofan torbada xalis çəkisi 455,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, 29 iyul 2024cü il tarixdə günorta saatlarında Quba rayonu, Digah kəndində yaşadığı evdə özü üçün saxladığı qurudulmuş şəkildə olan, narkotik vasitə marixuanadan bir qədərini kağıza bükərək əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Həmin tarixdə saat 18 radələrində Quba rayonu, Digah kəndində küçədə olduğu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları kimi təqdim etmiş, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanması ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları və vəkil gəldikdən sonra vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəl ona üzərində qanunla qadağan olunan əşyaların təqdim edilməsi təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarın sol yan cibində 01 ədəd kağız bükülüdə saxladığı həmin narkotik kütləni təqdim etmişdir. Kağız bükümün içərisindən narkotik vasitə, marixuana aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı o, həmin narkotik vasitəni özü üçün əkib qurutduğu marixuanadan öz istifadəsi üçün ayırıb cibinə qoyduğunu, istifadə etdiyini, narkotik vasitə olan marixuananı heç kimə satmadığını və ya maddi nemət müqabilində vermədiyini bildirmişdir. Həmçinin o, yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Evinə baxış zamanı evin giriş qapısından sağ tərəfdə yerləşən otağın içərisində olan televizorun arxasından qara rəngli sellofan torbada narkotik maddə, qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Üzərindən və yaşadığı evdən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bütün bu hərəkətlər videokamera ilə qeydə alınmışdır. Məhkəmədə verilkən suallara cavab olaraq bildirdi ki, Rusiyadan evinə qayıdandan sonra öz həyətində iki ədəd çətənə kolunun bitdiyini görüb qoparmış və saxlamışdır ki, sahibi tapılarsa götürsün. Sahibi bilinmədiyindən özü qurudub istifadə etmişdir. Əvvəllər istifadə etdiyi üçün baxan kimi tanımışdır. Ağrıları olduğundan sakitləşmək məqsədilə istifadə etmişdir. Narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özü istifadə etmək məqsədilə əldə etmiş, heç kimə satmamış və ya verməmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir. Sonda təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs Quba rayonu, Digah kəndində olduğunu müəyyən edilmiş və 29 iyul 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş və əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyaları təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümü təqdim etmişdir, həmin kağız büküm açılarkən içərisindən yaşılımtıl rəngli, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kütlənin narkotik vasitə marixuana olduğunu, özü istifadə etmək məqsədilə əkib-becərdiyi və qurutduğu marixuanadan ayırıb cibinə qoyduğunu, istifadə etdiyini bildirmişdir. Bükülü elektron tərəzi vasitəsilə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evinə baxış zamanı giriş qapısından sağ tərəfdə yerləşən otağın içərisində olan televizorun arxasından qara rəngli sellofan torbada narkotik maddə, qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə də ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Quba RPŞ-nin CAB-nin əməliyyatmüvəkkilli Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da digər şahidlər Şahid1 və Şahid3 ilə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və yaşadığı evə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4, Quba rayonu, Digah kəndində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlayır. Təhqiqatçı özünü təqdim edərək barəsində şəxsi axtarış aparılacaq şəxsə özünü təqdim etməsini bidirir və sonuncu özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün tutulduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunan nə varsa, təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirir və əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümü təqdim edir. Həmin kağız büküm açıldıqda içərisindən yaşılımtıl rəngli, qurudulmuş bitki mənşəli kütlə aşkar edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həyətindən əldə etdiyini bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs evində də narkotik vasitə saxladığını etiraf edir. Təqsirləndirilən şəxs narkotik vasitədən heç kimə vermədiyini, satmadığını bildirir. Təhqiqatçı şəxsi axtarışı davam etdirərək Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən alışqanı, arxa sol cibindən pul qabını, arxa sağ cibindən mobil telefonu çıxarır. Aşkar olunmuş kağız bükülü elektron tərəzi vasitəsilə çəkilir və kütləsinin 5.21 qram olduğu məlum olur. Kağız bükülü bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitəni etiraf etdiyinə görə evinə baxış keçirilir. Təqsirləndirilən şəxs giriş qapısından sağ tərəfdə yerləşən otağın içərisində olan televizorun arxasından qara rəngli sellofan torbanı çıxardıb təqdim edir. Həmin torba açılarkən içərisindən yaşılımtıl rəngli, qurudulmuş bitki mənşəli kütlə aşkar edilir. Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə marixuana olduğunu, özü istifadə etmək məqsədilə əkib-becərdiyi çətənə bitkisini qurutmaqla əldə etdiyini, halhazırda bağında narkotik tərkibli hər hansı bitkilərin olmadığını bildirir. Həmin narkotik kütlə ölçülür və çəkisinin 460,0 qram olması müəyyən edilir. Həmin kütlə də qablaşdırılaraq götürülür. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Quba rayonu, Digah kəndində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümü təqdim etmişdir. Həmin kağız büküm açıldıqda içərisindən yaşılımtıl rəngli, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, yaşadığı evdə öz istifadəsi üçün əkib qurutduğunu, özü həmin kütlədən istifadə etdiyini, heç kimə satmadığını, maddi nemət müqabilində heç kimə vermədiyini bildirimişdir. Aşkar olunmuş kütlə elektron tərəzi vasitəsilə ölçülmüş və kütlənin ümumi çəkisi 5,21 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır; “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Digah kəndində yaşadığı evə baxış zamanı, Təqsirləndirilən şəxs giriş qapısından sağ tərəfdə yerləşən otağın içərisində olan televizorun arxasından qara rəngli sellofan torbanı çıxardıb təqdim etmişdir. Həmin torba açılarkən içərisindən yaşılımtıl rəngli, qurudulmuş bitki mənşəli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə marixuana olduğunu, özü istifadə etmək məqsədilə əkib-becərdiyi çətənə bitkisini qurutmaqla əldə etdiyini bildirmişdir. Həmin narkotik kütlə ölçülmüş və çəkisinin 460,0 qram olması müəyyən edilmişdir. Həmin kütlə də qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-7/1234 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə" sözləri yazılmış kağız paketdə təmiz çəkisi 3,88 qram və üzərindən “Təqsirləndirilən şəxs evindən...” sözləri yazılmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 455,0 qram olan kütlələr, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 458,88 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Marixuananın ümumi çəkisi - 458,88 qram, tədqiqata istifadə olundu cəmi- 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq 458,78 qramdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 22 avqust 2024-cü il tarixli, 5769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 458,78 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilməsi, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanması, cinayət işi üzrə 01 avqust 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuananın ekspert tədqiqatından sonra qalıq qalmış 458,78 qramının maddi sübut hesab edilməsi və həmin narkotik vasitə marixuananın olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 2 (iki) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 458,88 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 iyul 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə qanunsuz olaraq narkotik vasitənin dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞnin MSY-dən azad olunması qərara alınmışdır; “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur; “şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 77025 H/H Hərbi Tribunalının 21,05.1985-ci il tarixli hökmü ilə RSFSR CM-in (köhnə redaksiyada) 244 MAD “B”; 258 MAD “B”; 40 maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1986-cı il tarixdə Kirov R-N Xalq Məhkəməsinin qərarı ilə AR CM (köhnə redaksiyada) 50-2 mad. əsasən 02 il 06 ay 02 gün müddətindən şərti azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ayarış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Digah kəndində yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 19 noyabr 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 458,78 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 458,78 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar