Məhkəmə qərarları › İş №1(027)-18/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-18/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-18/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Turan Drilling and Engineering Company MMCdə ixtisassız fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 20 manat qarşılığında taksi kimi fəaliyyət göstərən Quba şəhər sakini Şahid3 vasitəsilə göndərdiyi şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,439 qram çəkidə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxlamış, 12 sentyabr 2021-ci il tarixdə saat 08:53 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri Yusif Qasımov küçəsində yerləşən Şahdağ otelinin qarşısındakı parkda saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli bağlamanın içərisindəki sarı rəngli alışqanın içərisindən bir ədəd siqaret falqası bükümündə, ümumi təmiz çəkisi 0,439 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 oğlu 12 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən və müəyyən olmayan çəkidə bir ədəd bükümdə, ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamış, həmin metamfetaminin bir hissəsini şəxsi istifadəsi üçün götürdükdən sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yerə qədər üzərində daşımış və orada taksi kimi fəaliyyət göstərən Quba şəhər sakini Şahid3 vasitəsilə qara rəngli bağlamaya qoyduğu sarı rəngli alışqanın içərisində bir ədəd siqaret falqasına bükülmüş, ümumi təmiz çəkisi 0,439 qram olan psixotrop maddə metamfetamini tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 20 manata satmaq məqsədilə Quba şəhərinə göndərmiş və həmin gün saat 08:53 radələrində Təqsirləndirilən şəxs1 Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri Yusif Qasımov küçəsində yerləşən Şahdağ otelinin qarşısındakı parkda saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əlində olan qara rəngli bağlamanın içərisindəki sarı rəngli alışqanın içərisindən bir ədəd siqaret falqası bükümündə, ümumi təmiz çəkisi 0,439 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şahid1 və Şahid2 Bakı şəhərindən tanıyır. Onlar birlikdə Bakı şəhəri Yasamal rayonu 176 saylı tam orta məktəbdə təhsil almış və qonşuluqda yaşayırlar. 11 sentyabr 2021-ci il tarixdə İsmayıl adlı tanışı ilə Elmlər metrosunun yaxınlığında görüşüb narkotik vasitə metamfetamin almaq üçün ona 20 manat pul vermişdir. İsmayıl üzərində metamfetaminin olmadığını, təşkil edən kimi ona xəbər edəcəyini demişdir. Bundan sonra o,İsmayıl ilə sağollaşıb axşam saatlarında tanışları Kamran və Fəridlə birlikdə Bakı şəhərindən Quba rayonuna istirahətə gəlmişdir. Qubada geçəni Şahdağ oteldə gecələmişlər. 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında İsmayıl ona zəng edərək metamfetamini taksi sürücüsü vasitəsi ilə ona göndərdiyini və otelin qarşısında taksi sürücüsünün onu gözlədiyini bildirmişdir. O, oteldən çıxıb taksinin gözlədiyini görmüşdür. Taksi sürücüsü qara bağlama gətirdiyini və bağlama üçün ona 50 manat pul verməli olduğunu demişdir. O, üzərində pul olmadığından Kamrana zəng edib otelin qarşısında olduğunu və ona pul gətirməyini demişdir. Bir qədər keçdikdən sonra Kamran aşağı düşmüş və taksi sürücüsünə 30 manat pul vermişdir. O, taksi sürücüsündən götürdüyü qara rəngli bağlamanı əlində saxlayıb parka tərəf getməyə başlamışdır. Kamran da ona tərəf yaxınlaşan zaman polis əməkdaşları onlara yaxınlaşmış və onun üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını və şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları və dəvət olunmuş vəkilin də iştirakı ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. O, üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra. ona üzərində olan əşyaları təqdim etmək təklifi olunduqda o, sağ əlində saxladığı qara rəngli parçadan olan bağlamanı, sol yan cibimdən bir ədəd Winston markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına tədim etmişdir. Üzərinə baxış keçirilərkən, əynində olan boz rəngli cins şalvarının sağ yan cibinin üstündə olan ciblikdən iki ədəd qırmızı ağ rəngli dərman həbləri, əlində olan qara rəngli bağlamanın içərisindən bir ədəd telefonun enerji aləti və bir ədəd sarı rəngli alışqan aşkar edilmişdir. Alışqanın içərisindən isə bir ədəd siqaret falqası bükümündə kütlə aşkar edilmişdir. Polis əməkdaşları həmin kütlənin nə olduğunu soruşanda o, bükümdə narkotik vasitə metamfetaminin olduğunu etiraf etmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Bunlardan başqa üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmetlər aşkar edilməmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, bir ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs1 Bakı şəhərindən tanıyır. Onlar birlikdə Bakı şəhəri Yasamal rayonu 176 saylı tam orta məktəbdə təhsil almış və eyni binada yaşamışlar. 11 sentyabr 2021-ci il tarixdə Orxan ona zəng edərək narkotik vasitə metamfetamin almaq istədiyini bildirmişdir. O, özündə metamfetamin olmadığını, tapdıqdan sonra Orxana xəbər edəcəyini demişdir. Bundan sonra o, Orxanla Elmlər metrosunun yaxınlığında görüşmüçlər. Orxan, 20 manatlıq metamfetamin lazım olduğunu deyib ona 20 manat pul vermişdir. Pulu aldıqdan sonra, Orxana bildirmişdir ki, metamfetamini əldə etdikdən sonra ona xəbər edəcək. Bir qədər keçdikdən sonra o, Orxana zəng edib metamfetamini tapa bilmədiyini tapdıqdan sonra ona göndərəcəyini demişdir. Orxan Quba rayonuna getdiyini demişdir. Bundan sonra o, Bakı şəhərində Elmlər metrosunun yaxınlığında Elnur adlı tanışı ilə görüşüb Elnurdan 20 manatlıq metamfetamin almışdır. Daha sonra aldığı metamfetaminin üzərindən bir qədər öz istifadəsi üçün götürmüş, qalanını isə Şamaxinka adlanan yerdən taksi sürücüsü ilə Qubaya Orxana göndərmişdir. Taksi sürücüsünə bağlamada ətir olduğunu və Quba rayonunda götürəcəklərini deyib, Orxanın nömrəsini taksi sürücüsünə vermişdir. Daha sonra isə Orxana zəng edib narkotik vasitə olan metamfetamini taksi sürücüsü ilə göndərdiyini, onun telefon nömrəsini taksi sürüçüsünə verdiyini bildirmişdir. Metamfetamini aldığı Elnur da narkotik vasitələrdən istifadə edir. Elnurla münasibəti narkotik vasitəyə görə olmuşdur. O, heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitələrdən istifadə edir. Orxandan aldığı 20 manat pulu Elnura vermişdir. 20 manatın qarşılığında Elnur təxminən ona yarım qram metamfetamin verib, O da metamfetamindən öz istifadəsi üçün götürüb qalanını Orxana göndərmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid2 Bakı şəhərindən tanıyır. Onlar birlikdə Bakı şəhəri Yasamal rayonu 176 saylı tam orta məktəbdə təhsil almış və qonşuluqda yaşayırlar. 11 sentyabr 2021-ci il tarixdə Orxan və Fəridlə birlikdə Bakı şəhərindən Quba rayonuna istirahətə gəlmişlər. Qubaya çatdıqdan sonra Şahdağ oteldə gecələmişlər. 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Orxan ona zəng edərək otelin qarşısında olduğunu və ona pul lazım olduğunu bildirmişdir. O, otelin qarşısında düşdükdə Orxan tanımadığı taksi sürücüsünə 30 manat pul verməsini istəmişdir. Lakin taksiyə hansı səbəbdən pul verməyini Orxandan soruşmamışdır. Bundan sonra, Orxan otelin qarşısında olan parka tərəf getməyə başlamışdır. O, Orxana yaxınlaşan zaman polis əməkdaşları onlara yaxınlaşmış və Orxanın üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları və dəvət olunmuş vəkilin də iştirakı ilə Orxanın üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Orxan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və sorğu zamanı Orxan narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Orxana üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. Daha sonra Orxan sağ əlində saxladığı qara rəngli parçadan olan bağlamanı, sol yan cibindən bir ədəd Winston markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı Orxanın sağ yan cibinin üstündə olan ciblikdən iki ədəd qırmızı ağ rəngli dərman həbləri, qara rəngli bağlamanın içərisindən bir ədəd telefonun enerji aləti və bir ədəd sarı rəngli alışqan aşkar edilmişdir. Alışqanın içərisindən isə bir siqaret falqası bükümündə kütlə aşkar edilmişdir. Sorğu zamanı Orxan həmin kütlənin patı olduğunu bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş və çəkisi 0.3 qram gəlmişdir. Daha sonra aşkar edilmiş kütlə və dərman həbi ayrı-ayrılıqda qablaşdırılmışdır. Sorğu zamanı Orxan həmin dərman həblərinin sakitləşdirici dərman vasitəsi olduğunu və təxminən 4-5 gündür üzərində gəzdirdiyini, patını isə iki saat əvvəl tanımadığı taksi sürücüsü vasitəsi ilə əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid1 Bakı şəhərindən tanıyır. Onlar birlikdə Bakı şəhəri Yasamal rayonu 176 saylı tam orta məktəbdə təhsil almış və qonşuluqda yaşayırlar. 11 sentyabr 2021-ci il tarixdə Orxan və Kamranla birlikdə Bakı şəhərindən Quba rayonuna istirahətə gəlmişlər. Qubaya çatdıqdan sonra Şahdağ oteldə gecələmişlər. 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında oteldə olduğu zaman polis əməkdaşları otelə gəlib onu rayon polis şöbəsinə dəvət etmişlər. Quba rayon polis şöbəsində ona məlum olmuşdur ki, tanışı Təqsirləndirilən şəxs1 üzərindən psixotrop maddə və dərman həbləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq psixotrop maddə və dərman həbləri gəzdirməsindən onun məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 12 sentyabr 2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə RPŞ-nin TBnin təhqiqatçısı Məhəmməd Gülmalıyev, CAB-nın əməliyyat müvəkkili Şahid6, CAB-nin əməliyyat müvəkkili Şahid5 və ƏRQ-nun kiçik inspektoru, polis serjantı Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 sentyabr 2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Quba şəhəri, Yusif Qasımov küçəsində Şahdağ otelin qarşısında saxlanılaraq narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamada şübhəli olması bildirilmiş, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 ona təqdim edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 yanında Bakı şəhər sakini Şahid1 da olmuşdur. Təqsirləndirilən şəxs1 vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi bildirildik də o, əlində saxladığı qara rəngli parçadan olan bağlamanı, sol yan cibindən bir ədəd Winston markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibinin üstündə olan ciblikdən iki ədəd qırmızı ağ rəngli dərman həbləri aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus qara rəngli bağlamanın içərisindən bir ədəd telefonun enerji aləti və bir ədəd sarı rəngli alışqan aşkar edilmişdir. Alışqanın içərisindən isə bir ədəd siqaret falqası bükümündə kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütləni tanımadığı taksi sürücüsü vasitəsi ilə əldə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş dindirilmiş Şahid5, Şahid6 və X3 da Şahid4 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus Honor Changan markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. 11 sentyabr 2021ci il tarixdə axşam saatlarında Bakı şəhərinə müştəri apardıqdan sonra 12 sentyabr 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Şamaxinka adlanan yerdə müştəri gözləyərkən saat təxminən 03-04 radələrində tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq Quba rayonuna ətir yola salmaq istədiyini bildirmişdir. O, müştərisinin olmadığını deyəndə həmin tanımadığı şəxs bildirmişdir ki, ətiri təcili olaraq Quba rayonuna aparmaq lazımdır. Bundan sonra həmin şəxs ona Orxan müəllim adı ilə bildirdiyi şəxsin nömrəsini vermiş və Orxan müəllimlə əlaqə saxlamağını xahiş etmişdir. O, həmin nömrəyə qısa zəng etmiş və bir qədər keçdikdən sonra ona zəng gəlmişdir. Zəng edən şəxs özünü Orxan adı ilə təqdim etmişdir. Orxan, Quba şəhərində oteldə istirahət etdiyini bildirib həmin ətir təcili ona lazım olduğunu demişdir. O, Orxana hazırda müştərisinin olmadığını bildirdikdə özünü Orxan kimi təqdim edən şəxs Qubaya neçəyə gəldiyini soruşduqda o, 50 manata gələ biləcəyini demişdir. Orxan adlı şəxs də razı olduğunu demişdir. Bundan sonra o, Bakı şəhərindən Quba rayonuna doğru gəlməyə başlamış və saat təxminən 08 radələrində Quba rayonuna çatmışdır. Quba şəhərinə çatıb Orxan adlı şəxslə əlaqə saxlamış və Quba şəhəri Yusif Qasımov küçəsində yerləşən Şahdağ otelin qarşısında Orxan adlı şəxslə görüşüb həmin qara bağlamanı Orxana vermişdir. Orxan üzərində pulunun olmadığını, pulunun kartda olduğunu bildirmişdir. O, kartla ödəniş qəbul etmədiyini deyəndən sonra, Orxan bir nəfər tanımadığı şəxsi yanına çağırıb həmin şəxsdən 30 manat alaraq ona vermişdir. O, 50 manata razılaşdığını bildirdikdə orxan pulunun olmadığını qalan 20 manat pulu verə bilmədiyini bildirmişdir. Onun Bakı şəhərindən Quba rayonuna gətirdiyi bağlamanın içərisində psixotrop maddə olması barədə məlumatı olmamış, həmin bağlamanı verən şəxs bağlamanın içərisində ətir olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Narkotik vasitələrdən ara-bir istifadə edir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. X9 ifadəsində 2021-ci ilil sentyabr ayının 11 və 12-də Təqsirləndirilən şəxs2lə görüşmədiyini və ona narkotik vasitə satmadığını bildirərək Elnur Vəliyevin hansı səbəbə onun adını narkotik vasitələr satmaqda hallandırdığını bilmir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 12 sentyabr 2021-ci il tarixli 6/4019 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...kütlə...” və s. yazılar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,439 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...aşkar edilmiş...2 ədəd həb...” və s. yazılar olan paketdəki 02 ədəd ağ/qırmızı rəngli dərman kapsullarının tərkibində ümumilikdə 0,6 qram (01 kapsulda 0,3 qram) təsiredici maddə preqabalin müəyyən edilmişdir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotop maddələr”in siyahısına (Siyahı İ), Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən madələrin və onların külli miqdarının siyahıları”na daxildir İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 3464 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli 4302 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 üzərinə baxışın keçirilməsini özündə əks etdirən 1 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən olundu ki, Quba şəhəri Yusif Qasımov küçəsində yerləşən Şahdağ otelinin qarşısındakı parkda saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli bağlamanın içərisindəki sarı rəngli alışqanın içərisindən bir ədəd siqaret falqası bükümündə, ümumi təmiz çəkisi 0,439 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdirlər və onların təqsiri özlərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuş və onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl məhkum olunmamışdır. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. ünvan 5nal istismar sahəsi tərəfindən verilmiş xasiyyatnamədən gürünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materialında olan Bakı şəhəri Yasamal RİHB-nın Mənzil Təsərrüat Birliyi 24 saylı Mənzil Kommunal təsərrüfat sahəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşyır. İş materiallarında olan Bakı şəhəri Yasamal RİHB-nın Mənzil Təsərrüat Birliyi 24 saylı Mənzil Kommunal təsərrüfat sahəsi tərəfindən verilmiş xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını, gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu 12 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 13 sentyabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs1 12 sentyabr 2021-ci il tarixdən 13 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 23 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 24 sentyabr 202ından1-ci il tarixlu qərar görünür ki, həbsetmənin əvvəli 23.09.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 15.12.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 23.09.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qıx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,389 qram olan psixotrop maddə metamfetamin və 01 kapsul preqabalin həbi hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1). Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zaman 12.09.2021-cı il tarixdən 13.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (il) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə ünvan 6 ünvanında yaşadığı evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 2). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı 0,389 qram olan kustar üsulla hazırlanmış maddə metamfetamin və təsiredici maddə 01 kapsul preqabalin hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar