Məhkəmə qərarları › İş №1(027)-18/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-18/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-18/2023 10.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba şəhəri, Heydər Əliyev prospekti, ev 48-də qeydiyyatda olan, ünvan 2-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 92,645 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində və evində daşımaqla saxlamış, 17 sentyabr 2022-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Quba şəhəri, M. Ə. Rəsulzadə küçəsində saxlanılaraq Quba rayon PŞ-nə gətirildikdən sonra saat 02:35 radələrində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol içəri yan cibindən salfet kağızına bükülmüş bükülünün içərisində 2,645 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq həmin gün saat 03:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin həyətində olan divanın üstündəki örtüyün altından boz rəngli sellofana bükülmüş 90 qram çəkidə, ümumi çəkisi 92,645 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixunadan istifadə edir. 16 sentyabr 2022-ci il tarixdə Quba şəhərində Meydan ərazisisi kimi tanınan yerdə gəzərkən, zibil qutusunun yanından boz rəngli sellofana bükülmüş bükülüdə qurudulmuş marixuana tapıb istifadə etmək məqsədi ilə götürüb yaşadığı ünvan 2 ünvanındakı evinə gətirmişdir. Evdə olarkən tapdığı qurudulmuş marixunanın bir hissəsini salfet kağızına büküb əynindəki qara rəngli gödəkcənin içəri sol yan cibinə qoymuşdur ki, sonra özü istifadə edər. Qalan hissəsini isə yaşadığı evin həyətində olan divanın üstündəki örtüyün altına qoymuşdur. 17 sentybr 2022-ci il tarxdə saat 02:35 radələrində o, tanışları Cəbrayıl Mikayılov və Şahid3lə birlikdə yaşadığı evin qarşında küçədə dayanıb söhbət edərkən bir neçə polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin saxlamasında şübhəli olduğunu, bu səbəbdən saxlanıldığını bildirmişlər. Daha sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün onu Quba rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində xidməti otaqların birində polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz saxlanmasında və istifadəsində şübhəli olduğunu, bu səbəbdən Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları üzərində hər hansı qanunsuz əşya varsa onları təqdim etməsini bidirmişlər. O, əynində olan qara rəngli gödəkcənin içəri sol yan cibində olan bir ədəd salfet kağızına bükülmüş narkotk vasitə quruduilmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülünü açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq o, həmin bükülünün içərisindəki kütələlərin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, 16 sentyabr 2022-ci il tarixdə Quba şəhərindəki meydan ərazisində olarkən zibil qutusunun yanında yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar olunaraq götürülən narkotik vasitələr elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları yaşadığı mənzildə narkotik vasitə saxladığını soruşduqda onlara yaşadığı mənzildə narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 136 ünvanındakı evinə getmişlər. Polis əməkdaşları yaşadığı evə gəldikdən sonra, evə onun iştirakı ilə evə baxış keçirilmişdir. Həmin vaxtı o, evinin həyətindəki divanın üstündəki örtüyün altında gizlətdiyi içərisində qurudulmuş marixuana olan boz rəngli sellofan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülü açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir.. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq o, həmin sellofan torbadakı bükülünün içərisindəki kütələlərin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 16 sentyabr 2022-ci il tarixdə Quba şəhərindəki Meydan ərazisində zibil qutusunun yanında yerdən tapdığını, özü istifadə etmək məqsədilə evində saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə elektron tərəzidə çəkilərək zərfə qoyularaq qablaşdırılmışdır..İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-cı ilin may ayından Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Quba şəhər sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra ondan, Quba RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, KTQ-nun baş inspektor kriminalisti polis mayoru Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında əməliyyat qrupunun üzvləri 17 sentyabr 2022-ci il tarixdə saat 02:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Onlar həmin küçəyə gəldikdə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin və onun yanında iki nəfər şəxsin olduğunu görüb həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Mehracın yanında olan şəxslər özlərini təqdim etdikdə məlum olmuşdur ki, onlrdan biri X1 digəri isə Şahid3dur. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu, bu səbəbdən üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Quba RPŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs onların dəvətini qəbul edərək onlarla birlikdə Quba rayon polis şöbəsinə gəlmişdir. Eləcə də Cəbrayıl Mikayılov və Şahid3 də onların dəvətilə Quba RPŞ-nə gəlmişlər. Onlar Quba RPŞ-nə gəldikdən sonra, orada olan xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil təqdim edilərək üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl onlar Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin içəri sol yan cibində olan bir ədəd salfet kağızına bükülmüş bükülünü onlara təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisindəki kütənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, 16 sentyabr 2022-ci il tarixdə Quba şəhərindəki Meydan ərazisində olarkən zibil qutusunun yanında yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə elektron tərəzidə çəkilərək zərfə qoyul qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə saxladığını soruşduqda o, yaşadığı mənzildə narkotik vasitə saxladığını etiraf etmişdir. Daha sonra olar Təqsirləndirilən şəxslə birlikdə onun yaşadığı ünvan 3 ünvana gəldikdən sonra, evə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs evinin həyətindəki divanın üstündəki örtüyün altında gizlətdiyi boz rəngli sellofan bükülünü onlara təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq Mehrac Hacyev həmin sellofan torbadakı bükülünün içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 16 sentyabr 2022-ci il tarixdə Quba şəhərindəki Meydan ərazisində zibil qutusunun yanında yerdən tapdığını, özü istifadə etmək məqsədilə evində saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilərək zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 7/1049 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...’’yazılan zərfdə 1 ədəd salfet kağızında təmiz çəkisi 2,380 qram və 01 ədəd qara ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,265 qram olmaqla, ümumi çəkisi 2,645 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoltik vasitə qurudulmuş marixuanadır. Üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” yazılan zərfdə 1 ədəd sellofan bağlamada təmiz çəkisi 90,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmıçş narkotik vasitəqurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar eyni tərkibli olub ümumi çəkisi 92,645 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6708 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimlyatorlaeın birgə qəbulu nəticəsində yaranan asılılıq (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Quba rayon məhkəməsinin hökmünün surətindən gürünür ki, Təqsirləndirilən şəxs, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 02 il, 03 ay 11 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli 2695 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, H.Əliyev prospekti, ev 48-də qeydiyyatda olmaqla ünvan 2-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur., İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adında azyaşlı övladları vardır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə, əvvəllər məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, himayəsində az yaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra, yəni xx.xx.2022-ci il tarixlərdə törətmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmə cəzasının bir gününə azdlığın məhdudlaşdırılması cəzasının iki günü barəbar tutulur. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il, 03 ay 11 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 92,495 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 11 gün hissəsi azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 01 il 01 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 92,495 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar