Məhkəmə qərarları › İş №1(027)-18/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-18/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-18/2024 06.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X4, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh X6 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1971-ci il tarixdə Quba rayonu, Xaspolad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 may 2021-ci ildə saat 13 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Quba rayonunun Nügədi Qazmaları kəndi ərazisindən keçən 160-cı kilometrində «X14» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1- ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdılması» qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində “VAZ- 21063 minik” markalı 27BA227 dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə idarə edərək Quba şəhəri istiqamətində hərəkətdə olarkən, sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq üçün düzgün ara məsafəsi seçməli olduğu halda bunu etməyib «X14» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3- cü hissəsinin tələblərini pozaraq, qarşısında hərəkətdə olan nəqliyyat vasitələrinin sürətləri azaldıqda həmin nəqliyyat vasitələrini ötmək üçün əks istiqamətli hərəkət zolağına çıxaraq Bakı şəhəri istiqamətdə 60 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə eldiyi “Mercedes Benz C180 minik” markalı 99TG235 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21063 minik” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs insan həyalı üçün təhlükəli olan sol dirsəkdə və sol baldırın orta 1/3-nin ön səthində sıyrıq, sağ körpücük sahəsində qançır və sağ körpücük sümüyünün qapalı sınığı, sağ budun aşağı 1/3-də əzilmiş-cırılmış yara və sağ bud sümüyünün orta-aşağı 1/3-dən açıq çoxqəlpəli sınığı xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinin materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək və mülki iddianı qismən, 4000 manat həcmində qəbul edərək, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Abdullayev X7 şəhərinə getmək üçün onu aparmağı xahiş etmiş, həmin gün günorta saatlarında Fəxrəddinin yaşadığı ünvana gəlmiş, sonuncu avtomobilin yük hissəsinə 50 kq noxud və 10 kq arı pətəyi qoyaraq avtomobilin qabaq sərnişin yerində əyləşmişdir. Həmin gün saat 13 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Quba rayonu Nügədi Qazmalar kəndi ərazisindən keçən 160-cı km-də idarə etdiyi “Vaz 21063” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkət edən avtomobil anidən sürətlərini azaltmışlar. O, əyləcə basaraq qabaqda hərəkət edən avtomobillə toqquşmamaq üçün sola, əks hərəkət yoluna manevr etmişdir. Bu zaman əks hərəkət yolundan, Bakı istiqamətində hərəkət edən Şahid1 idarə etdiyi “Mercedes Benz C 180" markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobillə toqquşmamaq üçün ehtiyat hissəyə çıxmaq üçün irəli hərəkət etmiş, lakin Orxanın idarə etdiyi avtomobilin qabaq hissəsi ilə özünün idarə etdiyi avtomobilin sağ qabaq yan hissəsi toqquşmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxslə həmişədən münasibətləri yaxşı olmuş, sonuncu harasa getmək istəsə onunla getmişdir. Hadisədən sonra onları xəstəxanaya çatdırmışlar. O, “Vaz 21063” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir və özünün sürücülük vəsiqəsi vardır. Hadisə zamanı qabağındakı avtomobillə onun avtomobili arasındakı məsafə təxminən 30 metr olmuş və hava şəraiti də yaxşı olmuşdur. Onun avtomobildə yük olduğundan əyləci bassa da, avtomobili saxlatmaq mümkün olmamış və qarşı yola çıxmışdır. İbtidai istintaqda iş əvvəl başqa müstəntiqin icraatında olmuşdur. Həmin vaxt zərərçəkmişlə aralarında barışıq olmuşdur. Belə ki, 2021-ci ilin iyul ayında müstəntiqlə birlikdə zərərçəkmişin yaşadığı evə getmiş, orada aralarında barışıq olmuş və icraata xitam verilmişdir. Həmin vaxt o, zərərçəkmişə pul verməmiş, lakin sonuncu 1500 manat sığorta pulu almışdır. Bundan iki il sonra başqa müstəntiq ona zəng etmiş və Zərərçəkmiş şəxs şikayətçi olduğunu deyərək yenidən araşdırma aparıldığını demişdir. O, bununla bağlı təkrar Fəxrəddinlə danışmaq istəmiş və sonuncunun yaşadığı evə getmiş, lakin danışıq baş tutmamışdır. Hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermiş, hadisə zamanı zərərçəkmiş şəxs xəsarət alsa da, sonuncuya dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 4000 manat verilmişdir. Bununla da aralarında barışıq əldə edilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncuya dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, qonşuluqda olan Xaspolad kəndində yaşayan Təqsirləndirilən şəxs onun tanışıdır. xx.xx.2021-ci ildə Namikin idarə etdiyi “VAZ 21063” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə getmək üçün yaşadığı evdən yola düşmüşlər. Avtomobilin yük hissəsinə 50 kq noxud və 10 kq arı pətəyi qoyaraq avtomobilin qabaq sərnişin yerində əyləşmişdir. Həmin gün saat 13 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Quba rayonu Nügədi Qazmalar kəndi ərazisindən keçən 160-cı km-də Quba istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkət edən nömrəsini və markasını bilmədiyi avtomobillər sürətlərini azaltmışlar. Bu zaman Namik həmin avtomobillərlə toqquşmamaq üçün sola manevr edərək əks hərəkət yoluna çıxmışdır. Namik əks hərəkət yoluna çıxan kimi sonradan adını bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz C 180” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı huşunu itirmiş və bir neçə saatdan sonra Qusar xəstəxanasında özünə gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə təqsirləndirilən şəxsin ehtiyyatsızlığından baş vermişdir. Hadisədən iki il keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir hərəkət edilməmişdir. Mualicə xərclərini özü çəkmiş, dərmanları öz vəsaiti hesabına almışdır. Buna görə də Təqsirləndirilən şəxs barəsində şikayətçi olmuşdur. İlk dəfə ibtidai istintaqda barışıq olsa da, həmin vaxt hadisədən qısa müddət keçdiyindən və sığorta pulu alacağını düşündüyündən barışmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən ona verilən 4000 manat pulu qəbul etmiş və təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsla barışmasını, sonuncu tərəfindən ona dəymiş ziyanın tamamilə ödənilməsini, baş vermiş hadisə ilə bağlı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini, həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini və mülki iddiadan imtinasının qəbul edilməsini xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heş bir şikayət və tələbinin olmadığını, mülki iddiadan imtina etməsini nəzərə alaraq, cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Şahid1, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaqa vermiş olduqları ifadələri məhkəmə iclasında elan olunan zaman məlum oldu, 14 may 2021-ci il tarixdə saat 13 radələrində Quba rayonundan Bakı şəhərinə qayıdarkən onlar ailə üzvləri olaraq hadisə baş verən zaman “Mercedes Benz C180 minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş, avtomobili Şahid1 idarə etmiş, atası Şahid2, arxa oturacaqda isə anası Şahid3, arvadı Şahid4, 2011-ci il təvəllüdlü oğlu X10 və 2015-ci il təvəllüdlü qızı X1 qismində oturmuşlar. Əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin bərabərliyinə çatmağa az qalmış paralel olaraq hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan qeyd etdiyi avtomobillərin sırasından qarşısında olan nəqliyyat vasitələrinin sürətlərinin nisbətən aşağı düşdüyü anda sonradan marka və qeydiyyat nişanlarını bildiyi “VAZ-21063 minik” markalı 27-ВA-227 dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət yolundan çıxaraq onun hərəkətdə olduğu yola daxil olmuşdur. Həmin avtomobilin onun hərəkəti üçün təhlükə yaratdığını görüb sağa manevr və əyləci basmaq istəmiş, amma məsafə az olduğuna görə heç bir tədbir görə bilməmiş və həmin avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində özü və avtomobildə olan sərnişinlərdən heç kim xəsarət almamışdır. İş materiallarında olan: məhkəmə-tibbi ekspertizası və PA ET və TB-nin Quba rayon şöbəsinin 03 iyun 2021ci il tarixli 446 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər sol dirsəkdə və sol baldırın orta 1/3-nin ön səthində sıyrıq, sağ körpücük sahəsində qançır və sağ körpücük sümüyünün qapalı sınığı, sağ budun aşağı 1/3-də əzilmiş-cırılmış yara və sağ bud sümüyünün orta-aşağı 1/3-dən açıq çoxqəlpəli sınığı bərk küt əşyanın (əşyaların) təsirindən 14 may 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; yol-nəqliyyat hadisələrinin tədqiqi ekspertizasının keçirilməsinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9 iyun 2023-cü il tarixli 8/1595 nömrəli rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində VAZ-21063 minik markalı 27ВЛ227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X14» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdılması» qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X14» Azaybaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz C180 markalı 99TG235 dövlət qəydiyyat nişanlı avtomobilin toqquşma yerindən 43,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz C180 markalı 99TG235 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 43,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2- 101386/2023 nömrəli arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan AC 251923 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır; “qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; şərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 00847 nömrəli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir; Quba RİHB-nın Zərqava İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 461 və 464 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Xaspolad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xaraktrizə olunur; sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının sübut növü kimi qiymətləndirilməsi, Şahid1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şahid1 idarə “Mercedes Benz C180 minik” markalı 99TG235 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ziyan dəyməsi faktı Təqsirləndirilən şəxs elan ediləcək ittihama daxil edilməməsi, Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin sabiq müstəntiqi, polis mayoru X5 xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsasında Təqsirləndirilən şəxs barəsində inzibati tənbeh görülməsi haqqında inzibati protokolun ləğv olunması üçün qərarın sürəti BDYPİ-nin YPXA-a göndərilməsi qərara alınmışdır; “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünr ki, Təqsirləndirilən şəxs idarə etdiyi ‘'VAZ-21063” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi “Mercedes Benz C180” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu, eləcə də iş materiallarında olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nın 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tələb edir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “X14” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin İ hissəsinin tələblərinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-cı maddəsinin İİİ hissəsinin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ‘'VAZ-21063” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “Mercedes Benz C180” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının: 65-ci bəndinə əsasən, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. 68-ci bəndinə əsasən, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 may 2021-ci il tarixdən hal-hazıra kimi cavabdeh Təqsirləndirilən şəxs onun sağlamlığına vurduğu zərər nəticəsində sağlamlığının bərpası üçün əməliyyatlara, müalicəyə xərclədiyi 5000 manat məbləğində pulun, əmək qabiliyyətini itirdiyi ailəsinə qazanc gətirə bilmədiyi üçün 3 il müddətinə hər ay 300 manat məbləğində pulun və ona vurulmuş mənəvi zərərə görə 15000 manat ziyanın, o cümlədən hadisə baş verdikdən sonra xəstəxanadan apardığı şəxsi geyimlərinin mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs bildirdi ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə mülki iddiaçı iddiasından imtina edərək mülki iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası CPM-nin: 32.2.10-cu maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə mülki iddiaçı iddiadan imtina edir və ya mülki cavabdehlə barışıq sazişi bağlayır; 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər; 186.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, mülki iddiaçı iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişdir, cinayət mühakimə icraatı zamanı mülki iddiaçının iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, mülki iddiadan imtina edilmə məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə hesab edir ki, mülki iddiaçının mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasından imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs izah olunsun ki, Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən mülki iddia üzrə icraata xitam verildikdə, cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edilir. İş üzrə maddi sübut kimi tanınmış ‘'VAZ-21063” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “Mercedes Benz C180” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 100 (bir yüz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba rayon Polis şöbəsinə göndərilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar