Məhkəmə qərarları › İş №1(027)-18/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-18/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-18/2025 14.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin mart ayında yaşadığı Quba rayonu, Birinci Nügədi kəndində yerləşən evin həyətyanı sahəsində torpaqda əkərək, həmin toxumlardan cücərmiş xeyli miqdarda, yəni 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkisinə 21 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirib əkdiyi bitki kollarının budaqlarını toplayaraq kultivasiya etmiş, habelə topladığı 7 (yeddi) ədəd çətənə bitkisinin hissəsini həmin həyətyanı sahədə olan dəmir torun üzərinə qoyub qurudaraq satış məqsədi olmadan xeyli miqdarda, yəni ümumi xalis çəkisi 145,00 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə marixuana hazırlayıb yaşadığı evin həyətyanı sahəsində saxlamışdır. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən torpaqda əkilmiş yaş vəziyyətdə 8 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, eləcə də həyətyanı sahədə olan dəmir torun üzərindən ümumi xalis çəkisi 145,00 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ürək xəstəsi olduğu üçün təxminən 2 aya yaxın müddətdir ki, siqaretə doldurmaq üsulu ilə narkitik vasitə marixuana adlandırılan narkotik vasitə istifadə edir. 2024-ci ilin mart ayında Quba şəhəri ərazisində yerdə 01 ədəd siqaret qutusu götürüb baxan zaman salfertkaya bükülü şəkildə 10-12 ədəd tum aşkar etmiş, ürək xəstəsi olduğuna görə narkotikin ürəyə xeyirli olduğunu eşitdiyindən, həmin tumları öz həyətində öz istifadəsi üçün gətirib əkib onlara aqrotexniki qulluq etmiş, bir neçə dəfə qurudaraq siqaretə doldurub istifadə etmişdir. Əkdiyi bitkilərdən bir neçəsini öz istifadəsi üçün çıxardaraq həyətində setkanın üzərindən asmışdır. 21 sentyabr 2024-cü il tarixdə, təxminən saat 15 radələrində yaşadığı evdə olduğu zaman evinin qapısı döyülmüş, qapıya çıxdığı zaman polis əməkdaşları özlərini təqdim etdikdən sonra barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi, saxlanması ilə bağlı məlumat olduğunu bildirmişlər. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmiş və üzərində olan qanunsuz əşyaları təqdim etməs təklif edilmişdir. Videokamera vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman, üzərindən gəzdirilməsi qanunla qadagan edilmiş əşya aşkar edilməmişdir. Üzərində şəxsi axtarış başa çatdəqdan sonra o, həyətində narkotik maddələr olan bitkilər əkdiyini etiraf etmişdir. Çəkiliş davam etdirilərək dəvət edilmiş aqronom-mütəxəssisin də iştirakı olmaqla bağ sahəsinə baxış keçirilmiş, bağ sahəsində əkilmiş səkkiz ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. O, həmin bitkilərin çətənə bitkilərinin olduğunu, öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədi ilə özündə olan çətənə toxumlarını əkib yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom bildirmişdir ki, bu bitkilər narkotik tərkibli çətənə bitkiləridir, aqrotexniki qaydada qulluq olunmuşdur. Aşkar edilmiş həmin çətənə bitkiləri bir-bir köklərindən çıxardılaraq uzunluqları ölçülmüşdür. Bundan başqa bağ sahəsində olan dəmir torun üzərinə qoyduğu həmin bitkilərin quru yarpaqları polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Dəmir torun üzərinə yığdığı narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Həmçinin aşkar edilmiş bitkilər sintetik kisəyə qoyularaq qablaşdırılmış, bütün iştirakçılar qablaşdırmanın üzərinə imza edərək tamlığını təsdiq etmişlər. Həyətyanı sahəsinə baxış başa çatandan sonra, təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması və baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o, da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. İfadəsininn sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, yaşlı olmaqla ürək xəstəliyindən əziyyət çəkdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Quba rayon, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması, özünə məxsus bağ sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Sonra o, əməliyyat qrupunun üzvləri ilə birlikdə 21 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Birinci Nügədi kəndi ərazisində olan həyət evinə gedərək Təqsirləndirilən şəxslə görüşərək özlərini təqdim edib ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət edilmiş və Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlanmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı və həyətyanı bağ sahəsinə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın aparılmasına və baxışın keçirilməsinə etiraz etməmiş və üzərində şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan edilmiş heç nə aşkar edilməmişdir. Üzərində şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs evinin bağ sahəsində narkotik vasitə əkdiyini bildirmişdir. Sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs evinin bağ sahəsinə baxış keçirilmişlər. Baxış zamanı bağ sahəsindən 08 ədəd yaş vəziyyətdə çətənə bitkisi, və bağ sahəsinin ətrafına çəkilmiş dəmir torun üzərinə sərilmiş quru vəziyyətdə olan narkotik qurudulmuş marixuana olduğunu aşkar edilmişdir. Yaş vəziyyətdə olan çətənə bitkiləri yerdən çıxarılaraq sintetik kisələrə yığılıb müvafiq qaydada qablaşdırılmışdır. Həmçinin quru vəziyyətdə olan marixuana elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Bunlardan başqa Təqsirləndirilən şəxs bağ sahəsindən qanunla dövriyyəsi qadağan edilmiş heç nə aşkar edilməmiş, çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və baxışın aparılması barədə protokol tərtib edilmiş, protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 22 sentyabr 2024-cü il tarixli 3-16-16/2-7/1568 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində " Təqsirləndirilən şəxs həyətindən aşkar olunan quru halda bitki" yazılar və imzalar olan ağ rəngli sintetik torbada quru vəziyyətdə ümumi sayı 7 ədəd, ümumi çəkisi 145,00 qram bitki hissələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində " Təqsirləndirilən şəxs həyətindən aşkar olunan bitki" yazılar və imzalar olan 2 ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə ümumi sayı 8 (səkkiz) ədəd, bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş 7 ədəd bitki hissələri və 8 ədəd bitki nümunələri eyni növ çətənə (kannabis) bitkisinə aiddir. Qeyd: Çətənə bitkisi hissələrinin ümumi çəkisi - 145,0 qram, tədqiqata istifadə olundu 0,14 qram (hər obyektdən 0,02 qram), qalıq 144,86 qram qurudulmuş marixuana və 8 ədəd çətənə bitkisi. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 6853 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarıışın və yaşadığı Quba rayonunun Birinci Nügədi kəndində olan evin həyətyanı sahəsinə baxışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilərkən evin həyətyanı sahəsində torpaqda əkilmiş xeyli miqdarda, yəni 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkisi, habelə topladığı 7 (yeddi) ədəd çətənə bitkisinin hissələri həmin həyətyanı sahədə olan dəmir torun üzərindən aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi öz ifadələri ilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə ambulator psixiatrik ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatdadır və onun həyat yoldaşı - 1978-ci il təvəllüdlü X2, oğlu - 2001 -ci il təvəllüdlü X5, oğlu - 2002-cü il təvəllüdlü X4, qızı - 2008-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-cü il tarixli “Transtorakal exokardioqrafiya”dan görünür ki Təqsirləndirilən şəxs sistolik funksiyanın 46.29 %-dək azaldığı, Aortal və Mitral qapaqların aterosklerotik qalınlaşdığı,nəfəsalma və nəfəsvermədə 50 %-dən çox collebasiya olması, müəyyən olunmuşdur. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının Ambulator və Stasionar xəstənin tibb kartasından 08 iyul 2023-cü il tarixli çıxarışdan göründüyü kimi, Təqsirləndirilən şəxs kəskin mərhələ infarkt diaqnozu qoyulmuşdur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından gürünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 23 iyul 2022-ci il tarixli X1 ksero surətindən görünür ki, X10 hərbi xidmət zamanı bel nahiyyəsindən qarın boşluğuna nüfuz edən S-vari bağırsağın, terminal ileumun, presakral venoz kləfon zədələnməsi, fəqərənin deşilmiş sınığı ilə müşayət olunan kor gülə yaralanmasına görə sülh dövründə hərbi xidmətə yararsızlığı müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, xroniki ürək xəstəliyindən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) —üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il taixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 72 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddii sübut olan bir ədəd disk cinayət işi materiallarında saxlanılmalı, maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 144,86 qram qurudulmuş marixuana və 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Qusar rayonu və Xaçmaz rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddii sübut olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Quba RPŞdə saxlanılan maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 144,86 qram qurudulmuş marixuana və 8 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar