Məhkəmə qərarları › İş №1(027)-180/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-180/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-180/2021 14.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmayan, subay, işsiz, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,207 qram çəkidə qəhvəyi rəngli toz şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamış, 20.08.2021-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində saxlanılaraq yerindəcə saat 04:55 radələrində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan goy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindəki 02 ədəd sellofan parçasına bükülmüş bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram və 0,182 qram, ümumi təmiz çəkisi 0,207 qram olan qəhvəyi rəngli toz şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 19.08.2021-ci il tarixdə axşam saat 21 radələrində o, şəxsi işləri ilə əlaqədar Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhərinin girişində dairəvi yol ayrıcı olan ərazidə yerdə “Rothmans” markalı siqaret qutusunu görüb götürmüş, içərisinə baxdıqda qutunun içərisində iki ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükülü, bir ədəd isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün olduğunu görmüşdür. O, şəffaf rəngli sellofan parçasına bükülmüş bükülüləri açdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələrin, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü açdıqda isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğundan içərisində həmin bükülülər olan siqaret qutusunu götürüb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra yol ilə gedərkən tapdığı heroinin bir hissəsini siqaret kağızına töküb alışqanla yandırıb çəkmişdir. Bundan sonra tanımadığı taksi ilə Quba şəhərinə, ordan da yaşadığı kəndə getmişdir. O, saat 04:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin qanunsuz saxlanmasında və istifadəsində şübhəli olduğu bildirilmişdir. Polis əməkdaşları üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini bidirmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitələr olan "Rozhmans” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin siqaret qutusunu açdıqda içərisində 2 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş, 01 ədəd isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülər aşkar etmişlər. Şəffaf rəngli sellofan parçasına bükülmüş bükülülər açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütələlər, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü açıldıqda isə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq o, şəffaf rəngli sellofan parçasına bükülmüş 02 ədəd bükümlərin içərisindəki kütlələrin heroin, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunaraq götürülən narkotik vasitələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. O, narkotik vasitədən yalnız şəxsi istifadəsi üçün istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 20.08.2021-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Quba rayonu, 2-ci Nügədi kəndində saxlanılaraq narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olması barədə məlumatlandırılmışdır. Vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində olan qanunuz əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir qutu “Rothmans” markalı siqaret qutusunu çıxarıb avtomobilin kapotunun üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində iki ədəd sellofan parçasına bükülmüş, bir ədəd isə siqaret kağızına bükülmüş bükülülər aşkar edilmişdir. Həmin bükülülər açıldıqda kağız bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin, sellofan parçasına bükülmüş bükülülərin içərisində isə narkotik vasitə heroinə bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid1 göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 19.08.2021-ci il tarixində Quba şəhər sakini Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə axtarış keçirilən zaman avtomobilin içərisində maqnitofonun yanında plastmasın altında bir ədəd siqaret qutusu aşkarlanmış, həmin siqaret qutusuna baxış zamanı içərisindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya aşkar edilmişdir. Aşkar edilmiş kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid4 ifadəsi məhkəmədə elan olunarkən məlum oldu ki, sonuncu digər şahidlərin ifadələrinə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl keçiriləcək şəxsi axtarışın çəkiliş vasitəsi ilə aparılacağı ona izah olunmuş və bununla bağlı ona hüqüqlarını izahı və müdafiəsi üçün hüquq bürosunun vəkili X5 təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olub-olmadığı soruşulduqda o, narkotik vasitə sayılan kakosdan istifadə etdiyini və üzərində saxladığını bildirdiyindən üzərində olan əşyalırı çıxarıb avtomaşının kapotunun üzərinə qoyması təklif olunmuşdur. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir qutu “Rothmans” sitqareti çıxarıb qutunu avtomaşın üzərinə qoymuşdur. Həmin qutuya baxıldıqda orada iki ədəd sellofana bükülmüş və bir ədəd də siqaret kağızına bükülən kiçik bükülülərin olduğu aşkar olunmuşdur. Həmin bükülülər elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin ümumi çəkisi 0,3 qram olduğu, bir ədəd kağız bükülüdə olan kütlə də elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,3 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunan bükülülər kağız zərfə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə barədə protokol tərtib olunmuşdur (DVD disk); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 20.08.2021-ci il tarixli, 7/814-6/3627 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Mərkəzi üzərində Azərbaycan Respublikası DİN zərflər üçün N67” dairəvi möhür əksi olan “vət.Təqsirləndirilən şəxs üzərindən ...” təmiz yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,025 qram və 0,182 qram olmaqla ümumi çəkisi 0,207 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,170 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir (iş vər.: 26-31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 10.09.2021-ci il tarixli, 3368 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 81,82). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan: “maddi sübut hesab edilmə haqqında” 26.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş ilkin çəkisi 0,207 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,187 qram çəkidə narkotik vasitə heroin, ilkin çəkisi 0,170 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,140 qram olmuş qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vər.: 67); “sübutların qiymətləndirilməsi haqqında” 17.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı keçirilmiş istintaq hərəkətinin görüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 20.08.2021-ci il tarixli, 7/814-6/3627 saylı ekspert rəyi və cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 10.09.2021-ci il tarixli, 3368 saylı ekspert rəyi sübutun bir növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş ilkin çəkisi 0,207 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,187 qram çəkidə narkotik vasitə heroinin, ilkin çəkisi 0,170 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,140 qram olmuş qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınması, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən 0,170 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi xüsusatı üzrə əməlində CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi qərara alınmışdır. (iş vər.: 109-113). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi 0,207 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 20.08.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 4,13,14); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 43, 44); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmaması haqqında” 21.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 56-59); “cinayət işinin dayandırılması haqqında” 01.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək cinayət işinin icraatı dayandırılmışdır (iş vər.: 90, 91); “axtarışda olan şəxsin tutulması barədə” 15.11.2021-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.11.2021-ci il tarixdən 560504 nömrəli axtarış işi açılaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışa elan olunmuş, xx.xx.1989-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 15.11.2021-ci il tarixdə saat 19:30 radələrində Quba şəhəri, Fətəlixan küçəsində tutularaq Quba RPŞ-nə gətirilmiş və sonuncuya onun Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş hüquqları izah edilmişdir (iş vər.:97); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” 15.11.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (iş vər.:98); Quba Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli 4(027)-120/2021 saylı qərarından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 05.12.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (iş vər.: 107,108); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 72); Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyinin 21.09.2021-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X7, anası X6, bacısı X4 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 76-78). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixdən 21.08.2021-ci il tarixədək, 15.11.2021ci il tarixdən 14.12.2021-ci il tarixədək həbsdə olduğu 30 (otuz) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 60 (altmış) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan 0,207 qram heroin və 0,170 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, həmin narkotik vasitə olan heroinin qalıq çəkisi 0,187 qram hissəsi, narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 0,140 qram hissəsi saxlanması üçün Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Odur ki, maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,187 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 0,140 qram çəkidə qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixdən 21.08.2021-ci il tarixədək, 15.11.2021ci il tarixdən 14.12.2021-ci il tarixədək həbsdə olduğu 30 (otuz) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 60 (altmış) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 0,187 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 0,140 qram çəkidə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar