Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-180/2024 19.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəmənin 02 fevral 2006-cı il tarixli hökmünə əsasan Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 29 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməyən, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 10,653 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2024-cü il tarixdə, saat 23:30 radələrində Quba rayonu, Amsar kəndi ərazisində yerləşən məscidin qarşısında saxlanılıb orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “West” markalı siqaret qutusunun içərisindən təmiz çəkisi 10,653 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə marixuana istifadə etmiş, lakin aludəçisi olmamışdır. 20 may 2024-cü il tarixdə, təxminən saat 18-19 radələrində yaşadığı kəndin ərazisindən keçən çayın kənarında gəzən vaxt yerdə siqaret qutusu görmüşdür. Həmin siqaret qutusu "West" markalı siqaret qutusu olmuşdur. Yerdən götürüb siqaret qutusunun içərisinə baxdıqda qutunun içərisində yaşıl rəngli, iyi başqa olan ot şəkilli kütlə aşkar etmişdir. O, narkotik vasitə istifadə etdiyindən həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu dərhal bilmişdir. Həmin vasitəni siqaret qutusu ilə birgə cibinə qoymuş və oradan uzaqlaşmışdır. Oradan uzaqlaşdıqdan sonra həmin kütlədən siqaretə doldurma üsulu ilə bir dəfə istifadə etmişdir. 20 may 2024-cü il tarixdə, təxminən saat 23 radələrində yaşadığı Quba rayonu Amsar kəndində küçə ilə piyada hərəkət edən zaman məscidin qarşısında iki nəfər mülki formada olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını deyərək özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi, saxlanması və istifadəsində şübhəli olduğu ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəylərini bildirmişlər və çağırdıqları polis əməkdaşları və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra, vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazadan əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etməsi təklif olunmuşdur. O, əynində olan boz rəngli cins şalvarın sağ cibində saxladığı içərisində narkotik vasitə olan "West" markalı siqaret qutusunu təqdim etmişdir. Daha sonra üzərindən 01 ədəd "Redmi-Not 8" markalı mobil telefonu, 01 ədəd "West" markalı siqareti, 02 qutu kibrit və 96 manat pulu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxdıqları zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Narkotik vasitəyə bənzər kütlə elektron tərəzi ilə çəkilən zaman 16.12 qram olduğu məlum olmuşdur. O, həmin kütləni yaşadığı kəndin ətrafında yerləşən çay kənarından tapdığını, bir dəfə istifadə etdiyini, üzərində olan kütlədən heç kimə satmadığını və ya maddi nemət müqabilində vermədiyini demişdir. Video çəkiliş başa çatandan sonra üzərinə şəxsi axtarış ilə bağlı protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün imza edərək doğruluğunu təsdiq etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Amsar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, saat 23:30 radələrində Quba rayonu, Amsar kəndi ərazisində yerləşən məscidin qarşısında küçədə saxlanılmışdır. Hadisə yerinə gələn təhqiqatçı özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli olmasını bildirərək tutulduğu bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd siqaret qutusunu təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək üzərindən 01 ədəd "Redmi-Not 8" markalı mobil telefon, 01 ədəd "West" markalı siqaret, 02 qutu kibrit və 96 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı saxlanıldığı gün yaşadığı kəndin ərazisindən keçən çayın kənarından tapdığını, tapdıqdan sonra bir dəfə istifadə etdiyini və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd siqaret qutusu elektron tərəziyə qoyulub çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi zərfi imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Quba RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov tərəfindən videokamera ilə qeydə alınmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 21 may 2024-cü il tarixli, 3-16-16/2-7/791 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində " Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlə..." yazıları olan bir ədəd zərfdə bir ədəd üzərində “WEST” yazılan siqaret qutusunda təmiz çəkisi - 10,653 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi- 10,653 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 10,603 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 06 avqust 2024-ci il tarixli, 5377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 20 may 2024-cü il tarixdə, saat 23:30 radələrində Quba rayonu, Amsar kəndi ərazisində yerləşən məscidin qarşısında saxlanılıb orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “West” markalı siqaret qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəmənin 02 fevral 2006-cı il tarixli hökmünə əsasan Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Amsar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki o, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla yaşayır və Təqsirləndirilən şəxs ailə tərkibi qardaşı - X4, qardaşının həyat yoldaşı - X5, qardaşının oğlu X9 vardır. İş materiallarında olan Quba RİHB-nın Amsar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, onun barəsində Amsar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin 02 fevral 2006-cı il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 29 oktyabr 2019-cu il tarixdə çəkib qurtarmış və o, hazırki iş üzrə cinayət əməlini 20 may 2024cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin: 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə aığr cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.5-ci maddəsinə görə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hisəssinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli və onun barəsində «həbs» qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, X3 barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 70 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 06 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut olan Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,603 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işi materialında saxlanılmalıdır. Hökmün icrası Quba Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməklə onun ba«həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,603 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza xərci olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Quba Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-180/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-180/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver