Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-182/2024 19.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1965-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 7-də qeydiyyatda olan və Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə edib daşımaqla saxlamış, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 8,37 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 21 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən yaşadığı fərdi evin qarşısında saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunda xalis çəkisi 8,37 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayında Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən yaşadığı fərdi evin həyətində yerləşdirdiyi iki ədəd dibçəkdə əkərək, həmin toxumlardan cücərmiş xeyli miqdarda, yəni 6 (altı) ədəd çətənə (kannabis) bitkisinə 21 iyun 2024-cü il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirib kultivasiya etmiş, 21 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdə saxladığı iki ədəd dibçəkdə əkilmiş yaş vəziyyətdə ümumi çəkisi 55,0 qram olmaqla 6 (altı) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri, Dəvədabanı yaşayış massivində arvadı ilə birlikdə yaşayır. Qızı ailə quraraq Rusiyanın Tümen şəhərində yaşayır. Arvadı 2023-cü il avqust ayından qızının yanına gedərək müvəqqəti olaraq orada qaldığı üçün o, hal-hazırda tək yaşayır. Quba- Qəçrəş avtomobil yolunun kənarında yerləşən "Dark Forest" restoranında kababçı işləyir. 1997-ci ildən fasilələrlə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2023-cü ildə Quba şəhər ərəzisində bir ədəd siqaret qutusunda qurudulmuş marixuana tapmış və narkotik vasitə istifadəçisi olduğu üçün tapdığı marixuananı gələcəkdə istifadə etmək məqsədilə yaşadığı evə gətirib saxlamışdır. Lakin tutulana qədər həmin narkotik vasitədən istifadə etməmişdir. Son vaxtlar içərisində marixuana olan tapdığı siqaret qutusunu qara rəngli qolsus gödəkçənin cibinə qoymuşdur. 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı evdə olan gödəkçələrindən birinin cibindən tapdığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını yetişdirərək öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədilə həmin toxumlardan dördünü plasmas materiallı qırmızı rəngli vedrədən hazırladığı dibçəkdə, ikisini isə dəmir materiallı vedrədən hazırladığı dibçəkdə əkmişdir. Həmin dibçəkləri yaşadığı evin həyətində hasarın dibinə qoymuşdur. Əkdiyi toxumlara nəzarət edərək dibçəklərdəki torpağa su töküb nəm halına gətirmişdir ki, toxumlar cücərib inkişaf etsin. Toxumlardan əmələ gələn narkotik tərkibli çətənə bitkisinin ştillərin böyüməsinə baxaraq nəzarət etmişdir. Dibçəklərin torpağına peyin və su verərək, diblərini yumşaldaraq qulluq göstərmişdir ki, onlar tez və yaxşı inkişaf etsin. 21 iyun 2023-cü il tarixdə, saat 22 radələrində cibində narkotik vasitə olan gödəkçəsini geyinərək yaşadığı evin qarşısına çıxmışdır. Bir neçə dəqiqə sonra Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində qanunsuz olaraq narkotik vasitələri saxlamağı və tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməyi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması və yaşadığı evin həyətinə baxış keçirilməsi üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı, vəkil və aqronom-mütəxəssis dəvət etmişlər. Onlar təhqiqatçı, vəkil və aqronom-mütəxəssis gələnə kimi onun hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı, vəkil və aqronom-mütəxəssis gəldikdən sonra, özünü Quba RPŞ-nin təhqiqatçısı Mübariz Zəkəryəyev kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin, aqronommütəxəssisin və oradakı polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə, yəni yaşadığı evin qarşısında əvvəlcə üzərində şəxsi axtarış aparılacağını, sonra isə yaşadığı evin həyətinə baxış keçiriləcəyini izah edərkən, o, buna etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində saxladığı narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Qutunu açarkən içərisindən tünd yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, o, bu kütlənin "nəşə” və ya “ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olmasını, tapdığını, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bidirmişdir. Həmin siqaret qutusu elektron tərəzidə çəkildikdən sonra, bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o, və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa onun üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş davam etdirilərək onun öz razılığı ilə həyətinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı həyətdə hasarın dibində qoyduğum dibçəklərdən birində iki ədəd, digərində isə dörd ədəd olmaqla ümumilikdə altı ədəd əkilmiş çətənə bitkisi aşkar edilmişdir. O, həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları öz şəxsi istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədilə əkib qulluq göstərərək yetişdirdiyini bildirmişdir. Baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinin şitilləri olduğunu, onlara su və peyin verilərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra, dibçəklərdə əkilmiş altı ədəd bitki bir-bir kökündən çıxarılmış, onlar yaş olduqları üçün birbaşa kağız zərfə deyil, əvvəlcə bir ədəd qara rəngli sellofan paketə qoyulmuş və sonra həmin paket bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o, və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa onun həyətindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılması və həyətinə baxış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüklərini təsdiq etmişlər. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsində göstərmişdir ki, əkdiyi çətənə bitkilərinin toxumları narkotik istifadəçisi olduğu üçün onda çoxdan olmuşdur. Onları haradan əldə etdiyini konkret olaraq xatırlamır. Yaşadığı evin həyətində saxladığı dibçəkdə narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyi barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Heç kimdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə satmamış, narkotik vasitə satan şəxsləri tanımır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirib məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili işləməklə polis polkovnik-leytenantı rütbəsindədir. Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla şöbənin rəhbərliyinə məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra, müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 və şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşadığı evin qarşısında olduğunu müəyyən etmişlər. 21 iyun 2023-cü il tarixdə, saat 22 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi və tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı evin həyətinə baxış keçirilməsi üçün dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Bir qədər sonra vəkil və aqronom-mütəxəssis birlikdə gələn təhqiqatçı Mübariz Zəkəryəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq vəkilin, aqronom-mütəxəssisin və oradakı polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə, yəni yaşadığı evin qarşısında əvvəlcə üzərində şəxsi axtarış aparılacağı, sonra isə yaşadığı evin həyətinə baxış keçiriləcəyi izah olunarkən Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Video çəkiliş Fuad İslamov tərəfindən aparılmışdır. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu təqdim etmişdir. Qutunu açarkən içərisindən tünd yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu kütlənin “nəşə və ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olmasını, tapdığını, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bidirmişdir. Həmin siqaret qutusu elektron tərəzidə çəkidikdən sonra, bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs razılığı ilə onun həyətinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı həyətdə hasarın dibində olan dibçəklərdən birində iki ədəd, digərində isə dörd ədəd olmaqla ümumilikdə altı ədəd əkilmiş çətənə bitkisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları öz şəxsi istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədilə tək əkib qulluq göstərərək yetişdirdiyini bildirmişdir. Baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinin şitilləri olduğunu, onlara su və peyin verilərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Dibçəklərdə əkilmiş altı ədəd bitki bir-bir kökündən çıxarılmaqla qara rəngli sellofan paketə qoyulmuş və sonra həmin paket bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs həyətindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və həyətinə baxış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüklərini təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu Şahid1 göstərdikləri xususatları təsdiq edərək onunla analoji ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 3-16- 16/2-7/1021 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd siqaret qutusunda xalis çəkisi 8,37 qram təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş yaş vəziyyətdə ümumi çəkisi 55,0 qram olmaqla 6 (altı) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanan marixuanada kannabinoidli komponentlərinə eynidirlər. Həmin rəyin qeyd hissəsindən görünür ki, marixuananın ümumi çəkisi - 8,37 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 8,35 qram. Çətənə bitkilərinin ümumi çəkisi - 55,0 qram, tədqiqata sərf edildi - cəmi 0,3 qram (hər obyektdən 0,05 qram), qalıq - 54,7 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2024-cü il tarixli, 5206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı və preqabalinin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Baxışın keçirilməsini özündə əks etdirən DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən yaşadığı fərdi evin qarşısında saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin 21 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdə saxladığı iki ədəd dibçəkdə əkilmiş yaş vəziyyətdə 6 (altı) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 8,37 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1 və 237.1-ci maddələri ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 237.1-ci maddəsinə Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) -üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nın 234.1 və 237.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs həmin tarixdə Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 31 avqust 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 aprel 2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, həmin məhkəmənin 31 avqust 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və amnistiya qərarına əsasən 17 mart 2009-cu ildə cəzadan azad edilmişdir. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri İƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 7-də qeydiyyatda olmaqla Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayır və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə,Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalır. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CMnın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,35 qram marixuana və 54,7 qram çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 06 (altı) iş saatına görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,35 qram marixuana və 54,7 qram çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Quba Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-182/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-182/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver