Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-183/2022 02.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 4, mənzil 30-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində fəhlə işlədiyi Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən "xxxx" MMC-nə məxsus bağ sahəsində həmin MMC- də fəhlə işləyən Quba rayonu, Yeni Güləzi kənd sakini Zərərçəkmiş şəxs ilə nalayiq tərzdə zarafat etdiyindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsini əsas gətirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, daha sonra şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsindən hiddətlənib sonuncunun sifət nahiyyəsindən yumruqla bir dəfə vuraraq ona alt çənə sümüyünün sol şaxəsində yuxarı hissədə və alt çənə sümüyünün sağda cisim hissəsində yerini dəyişən qapalı sınığı ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmiş, həmin qərəzli hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik İfadə edərək və ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslərin rahatlığının pozulması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni yalnız zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır xəsarət yetirməkdə təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdən hadisə baş verən günədək Quba rayonu, Aşağı-Atuc kəndi ərazisində yerləşən "xxxx" MMC-nin meyvə bağında fəhlə işlənişdir. Zərərçəkmiş şəxs da orada iş yoldaşı kimi tanımışdır. Onlar birlikdə meyvə bağında meyvə yığımı ilə məşğul olmuşlar. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində bağ sahəsində iş yoldaşları Novruz, Rüfət, Süleyman və Məhəmmədlə birlikdə söhbət edərək meyvə toplamış, briqadir İlqar isə onlara nəzarət etmişdir. Söhbət zamanı o, Zərərçəkmiş şəxslə zarafat etdikdə, Novruz "mənimlə zarafat edən getsin anasını və bacısını gətirsin” deyə ifadəsini işlətmişdir. O, Novruza əhəmiyyət verməyib işinə davam etmişdir. Daha sonra isə Novruza yaxınlaşıb üzr istəmişdir. 5-10 dəqiqə sonra Novruz yenidən həmin ifadəni 3-4 dəfə təkrarlamışdır. O, aydınlıq gətirmək üçün Novruza yaxınlaşmış, sonuncu sərt cavab verərək həmin ifadəni ona ünvanladığını vurğulamışdır. O, əsəbləşmiş və Novruzu yumruqla sifət nahiyyəsindən vurmuşdur. Novruz müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman yaxınlıqda olan briqadir İlqar, daha sonra fəhlələr Süleyman və Məhəmməd onu kənara çəkmişlər. Hadisə onun Norvruzun ünvanına uğursuz zarafat etməsi, sonuncunun buna sərt qarşılıq verməsi nəticəsində yaranmışdır. Lakin hadisədən dərhal sonra o Novruza yardım göstərmiş, üz nahiyyəsində olan qan ləkələrini yumağa kömək etmiş və sonuncudan üzr istəmişdir. Elə hadisə günü aralarında barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, onu cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 8 ilə yaxındır ki "xxxx" MMC-də fəhlə işləyir. Şirkət müxtəlif növ meyvələrin yetişdirilməsini və satışını həyata keçirir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində fəhlə işlədiyi şirkətin bağ sahəsində iş yoldaşları Ziya, Süleyman, Rüfət və Məhəmmədlə birlikdə söhbət edərək meyvə toplamışdır. Briqadir İlqar isə onlara nəzarət etmişdir. Söhbət zamanı Ziya onunla qeyri-etik zarafat etmiş, o da Ziyanın etdityi zarafatlardan əsəbiləşərək “mənimlə zarafat edən getsin anasını və bacısını gətirsin” demişdir. Bu zaman Ziya ona yaxınlaşıb həmin sözləri kimə aid etdiyini soruşduqda, o da "elə sənin özünə aid edirəm” deyərək bir neçə dəfə təkrarlamışdır. Həmin vaxt Ziya onu yumruqla sifət nahiyyəsindən vurmuşdur. O müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman yaxınlıqda olan briqadir İlqar, fəhlələr Süleyman, Rüfət və Məhəmməd onları ayırmışlar. Aralandıqdan sonra Ziya yenə onun üzərinə gələrək yaxasından tutmuş və “bu nə sözdür sən mənə deyirsən” demiş və onu yaxasından tutub kənara itələmişdir. Təxminən 10 dəqiqə sonra Ziya ona yaxınlaşıb üzr istəmiş və vəziyyəti ilə maraqlanmışdır. Hadisə xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Quba rayonu, Aşağı-Atuc kəndi ərazisində yerləşən "xxxx" MMC-nin bağ sahəsində baş vermişdir. Təqsirləndirilən şəxs onu yumruqla vurduğu zaman iş yoldaşları Rüfət, İlqar, Məhəmməd və Süleyman digər meyvə cərgələrində olmuşlar. Münaqişə zamanı o Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Hadisə Ziyanın ona qarşı qeyri-etik zarafat etməsi, onun da bunun qarşılığında Ziyaya söyüş söyməsi nəticəsində yaranmışdır. Lakin hadisədən dərhal sonra Ziya ona yaxınlaşıb yardım etmiş, üz nahiyyəsində olan qan ləkələrini yumağa kömək etmiş və ondan üzr istəmişdir. Daha sonra isə müalicə xərclərini və yol pullarını qarşılayaraq ona ümumilikdə 1600 manat pul vermişdir. O, təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi notarial təsdiqli ərizəsində Təqsirləndirilən şəxs qarı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində fəhlə işlədiyi "xxxx" MMC-nin bağ sahəsində iş yoldaşları Novruz, Ziya, Süleyman və Məhəmmədlə birlikdə söhbət edərək meyvə toplamışlar. Briqadir İlqar da onlara nəzarət etmişdir. Söhbət zamanı Ziya Novruzla zarafat etmiş, Novruz Ziyanın etdiyi zarafatlardan əsəbiləşərək “mənimlə zarafat edən getsin anasını və bacısını gətirsin” demiş və bir neçə dəfə təkrarlamışdır. Bir qədər sonra Ziya ilə Novruzun mübahisə edərək sözləşdiklərini görmüşdür. Aralarında mübahisə yaranmış və Ziya Novruzu yumruqla sifət nahiyyəsindən vurmuşdur. O bir qədər aralıqda nərdivanda olduğu üçün onlara yaxınlaşa bilməmiş, mübahisəni oradan görmüşdür. Mübahisə yerinə daha yaxın olan briqadir İlqar, həmçinin Süleyman və Məhəmməd yaxınlaşıb onları birbirindən ayırmışlar. Mübahisədən 5-10 dəqiqə sonra Ziya Novruza yaxınlaşıb onun əlüzünü su ilə yumuşdur. Ziya Novruzla zarafat etmiş, sonuncu isə bunun cavabında nalayiq ifadə işlətmişdir ki, bu da aralarındakı mübahisəyə səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx.xx.2022-cİ il tarixdə iş yerində bağ sahəsində fəhlələrə nəzarət etmişdir. Hər cərgədə bir və ya bir neçə fəhlə meyvə toplamışdır. Onun yaxınlığında şirkətdə fəhlə işləyən Novruz, Ziya, Süleyman, Rüfət və Məhəmməd adlı fəhlələr meyvə yığaraq söhbət etmişdir. Söhbət zamanı Ziya Novruzla qeyri-etik zarafat etmiş, Novruzun bu zarafatdan xoşu gəlməmiş və nəsə demişdir. Novruz ondan bir qədər aralıda olduğu üçün nə dediyini tam eşidə bilməmişdir. Bir qədər sonra Ziya ilə Novruzun mübahisə edərək sözləşdiklərini görmüşdür. Ziya Novruzu yumruqla sifət nahiyyəsindən vurub yerə yıxmışdır. O, Süleyman, Rüfət və Məhəmməd qaçıb Novruzla Ziyanı aralamışlar. Münaqişə 30 iyul 2022-ci il tarixdə səhər saat 11 radələrində Quba rayonu Aşağı-Atuc kəndi ərazisində yerləşən "xxxx" MMC-nin bağ sahəsində baş vermiş, ətrafda ondan və münaqişə edən tərəflərdən başqa, fəhlə işləyən Rüfət və Məhəmməd olmuşdur. Hadisə zamanı Novruzun Ziyaya nə kimi ifadə işlətməsini eşitməsə də, sonradan ona məlum olmuşdur ki, Novruz Ziyanın zarafatına nalayiq şəkildə cavab vermiş, bu da aralarındakı mübahisəyə səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o da şahidlər Şahid2 və Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə verdi və əlavə olaraq bildirdi ki, onun mübahisə edənlərin arasında iki metrə qədər məsafə olmuş, o həmin məsafədən Novruzun Ziyanı söydüyünü eşitmişdir. Novruz Ziyaya nalayiq ifadələr işlətmiş, bu da Ziyanın Novruzu vurmasına səbəb olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə şahid X2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o da şahidlərin ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 648 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər alt çənə sümüyünün sol şaxəsində yuxarı hissədə və alt çənə sümüyünün sağda cisim hissəsində yerini dəyişən qapalı sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə mələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 31 iyul 2022-ci il İ tarixli 648 nömrəli ekspert rəyi sübutun bir növü kimi qiymətləndirilmiş, iş üzrə ifadələr, protokollar və digər sənədlər işin faktini hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qəbul edilmiş, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmaması ilə bağlı Quba Regional “Asan Xidmət” mərkəzində notarial qaydada təsdiqlənmiş ərizəsi iş üzrə nəzərə alınmış, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-149-cu maddələrinin tələbləri pozulduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yarandığından "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən bir neçə mübahisəsiz hal aşkar edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə heç də səbəbsiz yaranmamışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş və təqsirləndirilən şəxsin, həmçinin şahidlərin dindirilməsi zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində işlədiyi bağ sahəsində fəhlə işləyən Zərərçəkmiş şəxs ilə nalayiq tərzdə zarafat etdiyindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsindən hiddətlənib sonuncunun sifət nahiyyəsindən yumruqla bir dəfə vuraraq xəsarət yetirmişdir. Göründüyü kimi, baş vermiş hadisəyə hüquqi qiymət verərkən, ibtidai istintaq orqanı hadisənin iştirakçısı olmuş Təqsirləndirilən şəxs əməlini xuliqanlıq cinayəti kimi qiymətləndirmiş, eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq cinayəti törətməsi qənaətinə gəlmişdir. Hüquq nəzəriyyəsinə görə, xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. » Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin olması sübuta yetirilərsə, bu əməl CM-in 221.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Təsvir olunan qərarlardan və Qanunun tələbindən aydın olur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyib və mötəbər sübutlar əldə edilib qiymətləndirilməyibsə, əməl xuliqanlıq kimi tövsif edilə bilməz. Eyni zamanda, proses iştirakçılarının məhkəmədə bildirdikləri kimi, həmin mübahisə məhz şəxsi münasibətlərin pozulması zəminində başlamışdır. Həmin mübahisəyə səbəb məhz zərərçəkmiş şəxsin qanunazidd hərəkətləri, yəni təqsirləndirilən şəxsi bir neçə dəfə nalayiq formada kobud surətdə təhqir etməsi, onun ailə üzvlərinin ünvanına qəbuledilməz ifadələr işlətməsi olmuşdur ki, bunun nəticəsində Təqsirləndirilən şəxs ona qəsdən az ağır xəsarət yetirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməli səbəbsiz olaraq baş verməmiş, nə öncədən, nədə ki sonradan ictimai qaydanın pozulmasına yönəlməmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs CM-nın 127-ci maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə obyekti olan Zərərçəkmiş şəxs onun az ağır xəsarət yetirməsinin də xuliqanlıq niyyəti ilə etməsini istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarında həmçinin qeyd olunur ki, «məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır.» Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin dispozisiyasında göstərilən zərər çəkmiş şəxsə qəsdən az ağır zərər vurmada xuliqanlıq niyyəti spesifik əlamət sayılır. Cinayətin subyektiv cəhəti – cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyyatsızlıqda ifadə olunur. Xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsə az ağır bədən xəsarəti yetirmə, əməlin məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Beləliklə, təqsirkarın əməlinin zərər çəkmiş şəxsə qəsdən az ağır bədən xəsarətinin xuliqanlıq niyyəti ilə yetirilməsi, təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərlə yanaşı xuliqanlıq niyyəti motivinin mövcudluğu mütləqdir. Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsinin tövsifedici əlaməti zərərçəkmiş şəxsin sağlamlığına az-ağır xəsarətin məhz xuliqanlıq niyyəti ilə yetirilməsidir. Yəni, təqsirləndirilən şəxsin bu niyyəti həmin cinayətin motivini təşkil etməklə, artıq zərərçəkmiş şəxsə xəsarət yetirərkən, bunu xuliqanlıq niyyəti ilə etməsi nəzərə alınmalıdır. Lakin, toplanmış sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı törətdiyi əməl xuliqanlıq niyyəti ilə deyil, səbəbli olaraq aralarında olan şəxsi münasibətlərin pozulması zəminində baş vermişdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn, şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərdə ifadə olunur. Xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi zərər çəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmə üçün bəhanə etməklə törədilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin: 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isəöz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində fəhlə işlədiyi Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən "xxxx" MMC-nə məxsus bağ sahəsində həmin MMC- də fəhlə işləyən Quba rayonu, Yeni Güləzi kənd sakini Zərərçəkmiş şəxs ilə nalayiq tərzdə zarafat etdiyindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsindən hiddətlənib şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən yumruqla bir dəfə vuraraq ona alt çənə sümüyünün sol şaxəsində yuxarı hissədə və alt çənə sümüyünün sağda cisim hissəsində yerini dəyişən qapalı sınığı ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinaytə əməlini törətmişdir. Beləliklə, məhkəmə qanunçuluq, qanun qarşısında bərabərlik, ədalət prinsiplərinə əsaslanaraq, məhkəmə iclasında əldə edilən və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.1-ci maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1860 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atasıxx.xx.1969-cu il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrindən həmin Məcəlləninin 127.1-ci maddəsinə tövsif edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-183/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-183/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver