Məhkəmə qərarları › İş №1(027)-183/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-183/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-183/2023 07.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Viqas psixoloji nitq və inkişaf mərkəzinin direktoru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Quba rayonu, Talabıqışlaq kəndində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 07 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Quba rayonu, Talabıqışlaq kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı fərdi evdə heç kimin olmadığını müəyyən etdikdən sonra evə daxil olmaq üçün həmin evin hasar qonşusu olan yaşayış olmayan evin həyətinə mişar daşlarından hörülmüş hasarın üstündən aşıb keçərək, oradan da Zərərçəkmiş şəxs həyətinə dəmir torlu hasarın üstündən aşıb keçmiş, ev sakinlərinin gəlişinin qarşısını almaq üçün həyətin giriş darvaza qapısının içəridəki kilidini bağlamış, ikinci mərtəbəyə qalxan pilləkənləri çıxaraq mətbəx otağının açıq vəziyyətdə olan pəncərəsinin üzərindəki qoruyucu toru götürüb, həmin pəncərədən içəri - yaşayış sahəsinə qanunsuz daxil olmuş, mətbəx otağında oğurlamaq üçün münasib bir şey tapa bilmədiyi üçün oradan yataq otağına keçmiş, bu otaqda yerləşən güzgülü dolabın yuxarıdan birinci gözündə olan qara çantadan 20 manat dəyərində, 24,47 qram çəkidə, qiymətsiz metal ərintisindən (dəmir, mis, sink və sair) hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, sferblatının içərisində “QUARTZ 9169”, alt hissəsində isə “STAİNLESS STEEL BACK MADE İN CHİNA” yazıları olan 1 (bir) ədəd qol saatını, dolabın həmin gözündə olan qızıl- zinət əşyaları qutusundan 262 manat dəyərində, 3,08 qram çəkidə, qızıl metaldan hazırlanmış, 583,585 əyarlı, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, halqasının iç tərəfində “585” damğası olan 1 (bir) ədəd üzük, 255 manat dəyərində, 3,00 qram çəkidə, qızıl metaldan hazırlanmış, 583,585 əyarlı, üzərində rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli, üzərində “КЮЗ 583” damğası olan 1 (bir) cüt sırğa, 213 manat dəyərində, 2,51 qram çəkidə, qırmızımtıl rəngli, qızıl metaldan hazırlanmış, 583, 585 əyarlı, üzərində “HBXE” yazısı və “585” damğası olan 1 (bir) cüt sırğa, 5 manat dəyərində, 10,17 qram çəkidə, qiymətsiz metal ərintisindən (dəmir, mis, sink və sair) hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, saçaqlı formalı 1 (bir) cüt sırğa, 351 manat dəyərində, 4,13 qram çəkidə, qırmızımtıl rəngli, üzərində “585” damğası olan, qızıl metaldan hazırlanmış, 583,585 əyarlı 1 (bir) ədəd kulonlu boyunbağı, 600 manat dəyərində, 7 qram çəkidə, qızıl metaldan hazırlanmış, 583,585 əyarlı 1 (bir) ədəd qolbaq və 5 manat dəyərində, 5,10 qram çəkidə, qiymətsiz metal ərintisindən (dəmir, mis, sink və sair) hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli 1 (bir) ədəd qolbağı, yataq otağında yerləşən paltar dolabında olan şüşə balonda yığılmış 50 qəpiklərdən ibarət 200 manat məbləğində pulu götürüb zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1911 (min doqquz yüz on bir) manat məbləğində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında mütəxəssis Viqas psixoloji nitq və inkişaf mərkəzinin direktoru X2 iştirakı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə yaşadıqları Quba rayonu, Talabı-qışlaq kəndində həmkəndlisi Rahim adlı şəxsin övladının toyu olmuşdur. 07 iyul 2023-cü il tarixdə, saat 13 radələrindən 16 radələrinədək həmin toy məclisində iştirak etmiş və toyda spirtli içki qəbul etmişdir. Toydan çıxanda 30 manat pul yazdıraraq evinə getmişdir. Təxminən 3-4 saat evdə istirahət etdikdən sonra, saat 20 radələrində yenidən toy olan həyətə qayıtmışdır. Toyda olduğu zaman həmkəndlisi Zərərçəkmiş şəxs və onun ailə üzvlərini görmüşdür. Vasehin maddi cəhətdən imkanlı olduğunu bildiyi üçün Vasehin yaşadığı evdə qiymətli əşyalar, həmçinin qızıl əşyaları ola biləcəyini düşünmüşdür. Buna görə də Vasehə məxsus evdən qızıl oğurlamaq və həmin qızılı sataraq pul qazanmaq qərarına gəlmişdir. Vasehin evinə yaxınlaşanda ətrafa göz gəzdirmiş, heç kim olmamışdır. Vasehin evinə yaxınlaşıb darvaza qapısını yoxladıqda qapının kilidli olduğunu görmüşdür. Daha sonra Vasehin evinə bitişik olan və yaşayış olmayan Göyərçin adlı qadına məxsus olan evin həyətindən keçib hasarı aşmaqla Vasehin həyətinə daxil olmuş və ilk olaraq həyətin giriş darvazasını içəridən bağlamışdır ki, birdən Vaseh və ailə üzvləri toydan tez gəlsə, həyətə daxil ola bilməsin. Evin giriş pilləkənlərini qalxıb görmüşdür ki, evin ikinci mərtəbəsində pəncərə açıq vəziyyətdədir. Pəncərənin torunu əli ilə dartıb kənara qoyub, həmin pəncərədən evin mətbəx otağına daxil olmuşdur. Mətbəxdən yataq otağına daxil olub pul və qiymətli əşya axtarmağa başlamışdır. İlkin olaraq yatağında qoyulmuş güzgülü dolabın daxıllarını axtarmış və həmin dolabın birincü üst daxılında qara çanta diqqətini çəkmişdir. Həmin çantanı açaraq içərisini yoxlamış və orada olan bir ədəd qızılı rəngli qol saatını qızıl metalından olduğunu düşünüb cibinə qoymuşdur. Sonra daxılda olan 5-6 ədəd qızıl qutularını da bir-bir yoxlamış və qutulardan 01 ədəd üzərində klon olan boyunbağı, 01 ədəd qolbaq, 03 cüt sırğa və 01 ədəd üzük götürüb orada olan qutulardan birinə yığıb cibinə yerləşdirmişdir. Daxıllarda daha heç bir qiymətli əşya tapmadığı üçün otaqda olan digər əşyaları yoxlamışdır. Otaqda olan paltar dolabını yoxlayan zaman içərisinə dəmir 50 qəpik pullar yığılan şüşə balon görmüş və balonun qapağını açaraq həmin dəmir pulları da əynindəki şalvarın cibinə qoymuşdur. Sonra o, gəldiyi yolla Vasehin evinə tərk edib oradan birbaşa yaşadığı evə gəlmişdir. Vasehin evindən oğurladığı qızıl-zinət əşyaları və dəmir qəpik pullarıı həyətlərindəki mal tövləsində olan dəmir qazanın içərisində gizlətmişdir. Qazanın içərisinə qızıl əşylarını və pulları qoyduqdan sonra üzərinə parça və taxta yeşik qoymuşdur ki, heç kim görməsin. Etdiyi oğurluq barədə əvvəlcədən və ya sonradan ailə üzvlərinin və digər kənar şəxslərin məlumatı olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və vurulmuş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsinin bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə həmkəndlisi Rəhimin övladının toy məclisində iştirak etmişlər. Saat 22:30 radələrində toydan çıxaraq evinə getmişdir. Evə çatdıqda giriş darvazasının açarını işıq sayğacının qutusundan götürüb darvazanı açmışdır. Lakin açarla darvaza qapısının kilidini açsa da, qapı açılmamışdır. O, elə başa düşmüşdür ki, qapı həm də içəri tərəfdən kilidləndiyi üçün açılmır. Bu səbəbdən o, toyda olan gəlini Nəzrinə zəng edərək evin qapısının içəri tərəfdən də bağlı olduğunu demiş və qapının açılmadığını ona bildirmişdir. Nəzrin ona qapını yalnız çöl tərəfdən kilidləyərək açarı da işiq sayğacında gizlətdiklərini bildirmişdir. O, evinin qarşısında dayanıb gözləmişdir ki, kimsə gələr və hasardan aşaraq darvazanı içəri tərəfdən açılmasına kömək edər. Təxminən 5-10 dəqiqə sonra qonşuluqda yaşayan Cavad adlı şəxsin azyaşlı qızına demişdir ki, qonşu hasardan keçib onun evinin darvazasını arxa tərəfdən açsın. Cavadın uşağı hasardan onun həyətinə keçərək darvaza qapısını içəridən açmışdır. O, həyətinə daxil olanda görmüşdür ki, qonşusu Göyərçin adlı şəxsə məxsus həyətlə onun həyəti arasında olan kiçik həcmli, dəmir barmaqlıqlı qapı açıq haldadır. Qapının açıq olmasından şübhələnmişdir ki, həyətinə kimsə daxil olub. Bu məqsədlə evə daxil olmuş və görmüşdür ki, evin ikinci mərtəbəsində mətbəxt otağının pəncərəsinin toru çıxarılaraq yerə qoyulmuş haldadır. Həmin vaxt ailə üzvlərinə zəng edərək toydan çıxıb evə gəlmələrini bildirmişdir. Belə ki, ailə üzvləri, yəni oğlu Elməddin, gəlini Nəzrin və həyat yoldaşı Ləkafət evə gəlmiş və onların da iştirakı ilə evə baxmışlar. Evi yoxladıqdan sonra müəyyən etmişlər ki, evdən iki cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl boyunbağı və üzərində olan 01 ədəd qızıl klon, həmçinin də bir ədəd qızıl üzüyü naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Həmçinin müəyyən etmişlər ki, yataq otağında olan paltar dolabında şüşə balonda yığdıqları 50 qəpiklərdən ibarət təxminən 200 manat pul da balonun içərisindən götülürmüşdür. Evində baş vermiş oğurluq nəticəsində onlara ümumilikdə 2200 manata yaxın maddi ziyan dəymişdir. Evlərindəki oğurluq ilə əlaqədar 08 iyul 2023-cü il tarixdə Quba RPŞ-nə müraciət etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, evindən oğurluq edən şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdur. Bundan sonra, onun evindən oğurlanmış qızıl-zinyət əşyaları və pul Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarılmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş maddi ziyanın tam ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmamasını bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 07 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Quba rayonu, Talabıqışlaq kəndində yerləşən evə qanunsuz daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi fatkı ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində baş vermiş oğurluq hadisəsinin həmin kənd sakini X4 tərəfindən törədilməsi müəyyən edilmişdir. İşlədiyi bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 12 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünavana getmişlər. Qnlar özlərini təqdim edərək hansı səbəbdən getdiklərini izah etdikdə, Coşqun Qrucəliyev həmkəndlisi Zərərçəkmiş şəxs oğurluq etməsini onlara səmimi şəkildə etiraf etmişdir. Coşqun Qrucəliyevə həmin faktlarla bağlı Quba RPŞ-yə getmək lazım olduğunu bildirdikdə, etiraz etməyərək onlarla birlikdə getməyə razılıq vermişdir. Onlar Təqsirləndirilən şəxs hadisə ilə bağlı araşdırmanın aparıldığı şöbənin təhqiqat bölməsinə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təhqiqat bölməsində izahat verərkən oğurladığı əşyaları yaşadığı evin həyətində yerləşən mal tövləsində gizlədərək saxladığını bildirmiş və təhqiqatçı tərəfindən həmin əşyalar baxış keçirlərək götrülümüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 20 iyul 2023-cü il tarixli, 3-13-11/2-8934/23 nömrəli müşayiət məktubundan görünür ki, idarənin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə aparılmış müqayisəli tədqiqatı nəticəsində hadisə yerindən götürülmüş yararlı əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sağ əlinin böyük (şəxsiyyət vəsiqəsi üzərindən götürülüb) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin (məhkəmə-daktiloskopik ekspertizasına dair) 04 sentyabr 2023-cü il tarixli, 23/693R nömrəli ekpert rəyindən görünür ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 12 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 01 ədəd əl barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararalıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına çıxarılmış əlbarmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararalı olan əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sağ əlinin böyük barmaq əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə fikizikimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli, 9/3388 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş əmlakın, yəni:

1. 20 manat dəyərində, 24,47 qram çəkidə, qiymətsiz metal ərintisindən (dəmir, mis, sink və sair) hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, sferblatının içərisində “QUARTZ 9169”, alt hissəsində isə “STAİNLESS STEEL BACK MAEDE İN CHİNA” yazıları olan 1 (bir) ədəd qol saatı,

2. 262 manat dəyərində, 3,08 qram çəkidə, qızıl metaldan hazırlanmış, 583,585 əyarlı, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, halqasının iç tərəfində “585” damğası olan 1 (bir) ədəd üzük,

3. 255 manat dəyərində, 3,00 qram çəkidə, qızıl metaldan hazırlanmış, 583,585 əyarlı, üzərində rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli, üzərində “КЮЗ 583” damğası olan 1 (bir) cüt sırğa,

4. 213 manat dəyərində, 2,51 qram çəkidə, qırmızımtıl rəngli, qızıl metaldan hazırlanmış, 583,585 əyarlı, üzərində “HBXE” yazısı və “585” damğası olan 1 (bir) cüt sırğa.

5. 5.5 manat dəyərində, 10,17 qram çəkidə, qiymətsiz metal ərintisindən (dəmir, mis, sink və sair) hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, saçaqlı formalı 1 (bir) cüt sırğa,

6. 351 manat dəyərində, 4,13 qram çəkidə, qırmızımtıl rəngli, üzərində “585” damğası olan, qızıl metaldan hazırlanmış, 583,585 əyarlı 1 (bir) ədəd kulonlu boyunbağı,

7. 5 manat dəyərində, 5,10 qram çəkidə, qiymətsiz metal ərintisindən (dəmir, mis, sink və sair) hazırlanmış, üzərində rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl rəngli 1 (bir) ədəd qolbağın, - modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1111,00 manat müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il il tarixli qərarında qeyd olunmuşdur ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nın 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: “CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir”. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs gizli talama yolu ilə ələ keçirmiş olduğu əmlakın dəyəri ümumi olaraq 1911 manat təşkil etmiş və o, həmin oğurluq cinayətini zərərçəkmiş şəxsə məxsus evə qanunsuz daxil olmaqla törətmişdir ki, bu da onun hərəkətlərində CM-nın 177.2.3-cü maddəsinin tərkibini yaratmış olur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Quba Rayon prokuroru Namiq Muradovun xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmaq izi cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin izin olduğu Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 04 sentyabr 2023-cü il tarixli, 3-13-11/2-10688/23 nömrəli müşayiət məktubu ilə daxil olmuş içərisində əl izləri olan möhürlənmiş 1 (bir) ədəd zərf cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 448 nömrəli arayışından və 449 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Talabıqışlaq kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs .07.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertizasının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Maddi sübut kimi tanınmış 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 12 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 01 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Qızıl-zinyət əşyalarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Maddi sübut kimi tanınmış 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 12 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 01 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Qızıl-zinyət əşyalarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar