Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-185/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Quba rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Quba rayonu, Adur kəndində qeydiyyatla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində, Quba rayon Adur kəndi ərazisində, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən əlindəki ağac çubuqla vurub yerə yıxaraq döyməklə sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyyəsində solda qançır-hematoma, alnında solda sıyrıq, döş qəfəsinin arxa tərəfində sağda aşağıda yumşaq toxumaların əziyi ilə səthi əzilmiş yarası, alnında, hər iki dizdə və baldırda sıyrıqlarla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı kəndin ərazisindəki dağlıq ərazilərdə həm özlərinin, həm də başqa şəxslərin qoyun sürülərini otarır. Həmkəndlisi Zərərçəkmiş şəxs və ailə üzvləri ilə əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. Kənd ərazisində 100 hektar örüş sahələri var, onların yeri ilə sərhəddə isə Zahidgilin də örüş yerləri var, amma ərazilərinin nə qədər olduğunu bilmir. 24 sentyabr 2022-ci il tarixdə, gündüz vaxtı öz qoyun sürüsünü kənd evlərindən təxminən 1 km-ə yaxın aralıda yerləşən örüş yerinə nəzarətsiz buraxıb 2 km aralıda başqa heyvan dalınca getmişdi. Getdiyi ərazidən qoyun sürüləri görünürdü. Saat təxminən 14-15 radələrində görmüşdür ki. Zahidlə qardaşı Malik onun 700 baş qoyun sürüsündən 200 baş qoyunu ayırıb başqa səmtə ötürüb öz qoyunlarının yanma qayıtdılar. Atla idi və atı çapıb Zahidlə Malikin yanına getmişdir və atdan düşüb Zahidə yaxınlaşaraq demişdir ki, “mənim qoyunumu niyə bölüb ötürmüsən”. Zahid demişdir ki, “yerimizə girirdi”. O, da demişdir ki, “bəs niyə yarısını öz yerinizdə qoymuşdun”. Bu zəmində söz mübahisələri olmuşdur. Mübahisə zəminində Zahid yerdən bir metr uzunluğunda bir dəmir armatur götürüb üstünə gəlmişdir. Özünün də sağ əlində qoyun sürmək üçün götürdüyü bir metr uzunluğunda ağac çubuq var idi. Özünü qorumaq üçün sağ əlindəki ağac çubuqla Zahidin başından vurmuşdur, sonra isə Zahidi tutaraq altına yerə yıxmışdır və qardaşı Malikə demişdir ki, gəlib armaturu Zahidin əlindən alsın. Malik yaxınlaşıb armaturu Zahidin əlindən alıb kənara tullamışdır. Bundan sonra ayağa qalxmışdır və atma minərək uzaqlaşaraq sürülərinin yanma getmişdir. Bundan sonra dalaşmaları olmamışdır. Zərərçəkmiş şəxsla dalaşdığı yerdə başqa şəxslər olmamışdır. Ağac çubuğu isə sonradan yaylaqda harasa tullamışdır, hara tulladığı yadında qalmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, kənd ərazisində bələdiyyədən icarəyə götürdükləri 80 hektar torpaq sahəsi var. Həmin sahədə qardaşı Maliklə birlikdə öz qoyun sürülərini otarırlar. Təqsirləndirilən şəxs da kənd ərazisində 180 hektar icarə torpağı var, o, da qoyun sürüsü otarır. 24 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində öz örüş sahəsində qoyunlarını otaranda Fəqanm qoyun sürüsü yerinə daxil olduğu üçün sürüb çıxarmışdır. Həmin vaxt Fəqan qoyunlarının yanında deyildi. Az sonra Fəqan ona zəng vurub demişdir ki, gəlib sənə göstərəcəyəm. Saat 15 radələrində qardaşı Maliklə birlikdə öz sahəsində qoyunlarını otararkən Fəqan atla onun yanına gəlib atdan düşərək yaxınlaşmışdır və onu söyərək əlindəki ağac çomaqla əvvəlcə başına, sonra da sol qoluna zərbələr vurmuşdur, daha sonra isə çomağı yerə atıb qolları ilə onun boynunu sıxıb altına yerə yıxmışdır və yerdə dizləri, yumruqları ilə sifətinə, qabırğalarına, ayaqlarına zərbələr vurmuşdur. Yaxınlıqda olan qardaşı Malik qaçıb gələrək Fəqanı ondan ayırmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 898 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyyəsində solda qançır-hematoma, alnında solda sıyrıq, döş qəfəsinin arxa tərəfində sağda aşağıda yumşaq toxumaların əziyi ilə səthi əzilmiş yarası, alnında, hər iki dizdə və baldırda sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-185/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-185/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver