Məhkəmə qərarları › İş №1(027)-186/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-186/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-186/2023 30.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cü il Quba rayonu Amsar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu Amsar kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ümumilikdə 314,13 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evdə saxlamış, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 20 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Quba rayonu Amsar kəndində yaşadığı evin qarşısında saxlanılıb yaşadığı evə baxış keçirilən zaman fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən təndirxanadan bir ədəd qırmızı rəngli qutuda saxladığı təmiz çəkisi 310 qram olan narkotik vasitə qurudulmuş marixuana və həmin evin yaşayış olmayan yataq otağında sobanın altında “Keno” markalı siqaret qutusunun içərisində saxladığı təmiz çəkisi 4,13 qram olan narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumilikdə təmiz çəkisi 314,13 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5-6 ildir ki, narkotik vasitə marixuandan istifadə edir. 2023-cü ilin iyun ayının ortalarında yaşadığı evin yaxınlığında olan həyətyanı sahəsində iki ədəd nəşə toxumu əkmişdir. Yetişən bitkilərin yarpaqlarından yığıb ayaqqabı qutusunun və siqaret qutusunun içərisinə yığıb quruması üçün saxlamışdır. 20 sentyabr 2023-cü il tarixdə Quba rayonu Amsar kəndində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməyində şübhəli olduğunu bildirilmişdir. Sorğu zamanı o, yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları və dəvət edilmiş vəkilin yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra, ilk olaraq üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən dövriyyəsi qadağan edilən əşya və ya predmentlər aşkar edilməmişdir. Bundan sonra o, həyətdə olan təndirxanada saxladığı qırmızı rəngli qutunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. O, həmin narkotik vasitəni öz əkdiyi nəşə bitkilərindən əldə etdiyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülümüşdür. Bundan sonra o, evdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunuda da etiraf edib evin birinci mərtəbəsində istifadə olunmayan otaqda sobanın altında saxladığı Keno markalı siqaret qutusunda olan qurudulmuş marixuananı da də polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə də tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yaşadığı evin bağ sahəsinə getmiş və orada əkdiyi bir ədəd çətənə bitkisinin yerini göstərmişdir. Həmin çətənə bitkisi torpaqdan çıxarılıb qablaşdırılmışdır. Daha sonra o, mərhum nənəsinə məxsus həyət sahəsində də çətənə bitkisi əkdiyini demişdir. Həmin yerdə də əkdiyi bir ədəd nəşə bitkisini polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirib məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə Quba rayonu Amsar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Quba rayonu Amsar kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin olduğunu etiraf etdikdən sonra, yaşadığı evin həyətində onun üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən dövriyyəsi qadağan edilən əşya və predmentlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyətdə olan tikilinin içərisinə daxil olub oradan qırmızı rəngli qutunun içərisində saxladığı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı əkdiyi narkotik tərkibli bitkilərdən əldə edib istifadə etmək üçün saxladığını bildirmişdir. Təqdim edilmiş kütlə sellofana qoyularaq çəkilmiş və sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs digər otağa keçərək dəmir sobanın altında olan Keno markalı siqaret qutusunda saxladığı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənidə də təqdim etmişdir. Həmin narkotik vasitə də qutu ilə birlikdə çəkilərək zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs evdən çıxaraq evin bağ sahəsində əkdiyi bir ədəd çətənə bitkisini də göstərmişdir. Həmin bitki kökündən çıxarılaraq uzunluğu ölçülmüş və qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 250 metr aralıda yerləşən digər həyətdə də narkotik vasitə əkdiyini bildirmiş və birlikdə həmin həyətin qarşısına getmişlər. Təqsirləndirilən şəxs həmin həyətin qapısını açdıqdan sonra həyətə daxil olmuş və həyətdə hasarın dibində əkdiyi narkotik tərkibli bitkini də təqdim eləmişdir. Həmin bitki kökündən çıxarılaraq uzunluğu ölçülmüş və qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Adıgözəlov X2 Pənah Aydın oğlunun ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Şahid1 məhkəmə iclasına gəlməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da digər şahidlərin ifadələrinə oxşar ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 3- 16-16-2-7/1335 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən...1 ədəd siqaret qutusunda..” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi 4,13 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığıevindən...otabənzər kütlə” yazısı və imzalar olan 01 (bir) ədəd göy rəngli sellofantorbadakı təmiz çəkisi - 310 qram olan bitki mənşəli kütlələr eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 314,13 qramdır. Tədqiqata təqdim edilmiş iki ədəd ağ rəngli sintetik torbalardakı ümumi sayı 02(iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 1945 qram olan bitkii nümunələri eyni olub əkilibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Marixuananın ümumi çəkisi - 314,13 qram (12№-li ob), tədqiqata istifadə olundu 0,3 qram, (sellofan torbadan 0,2 qram, siqaret qutusundan isə 0,1 qram götürüldü) qalıq - 313,83 qram.Çətənə bitkilərinin ümumi çəkisi - 1945 qram (3- 4№-li ob) tədqiqata sərf edildi- 0,2 qram (hər obyektdən 0,1 qram götürüldü) qalıq – 1944,8 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 6302 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji disqanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Baxışın keçirilməsini özündə əks etdirən DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, 20 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Quba rayonu Amsar kəndində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılır. Həmin vaxtı Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib təqdim edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələrini izah edirlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunur. Üzərində şəxsi axtarış keçirilir, lakin qadağan olunmuş hər hansı əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasit saxladığını bildirir və yaşadığı evin həyətində olan təndirxanada qırmızı rəngli qutunun içərisində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim edir. Bundan sonra o, evdə narkotik vasitə olduğunu deyib evin birinci mərtəbəsində istifadə olunmayan otaqda sobanın altında saxladığı Keno markalı siqaret qutusunda olan narkotik vasitəni də polis əməkdaşlarına təqdim edir. Bundan sonra yaşadığı evin bağ sahəsində əkdiyi bir ədəd çətənə bitkisinin yerini göstərir. Çətənə bitkisi torpaqdan çıxarılıb qablaşdırılır. Daha sonra o, digər həyət sahəsində əkdiyi bir ədəd nəşə bitkisini polis əməkdaşlarına təqdim edir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilir və ekspertiza mərkəzinə təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, 3-ci siyahının çətənə bitkisinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 1.2-ci bəndinə görə 3-15 ədəd (6-30 hissə) təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 314,13 qram, çətənə bitkilərinin ümumi çəkisi 1945 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmayan şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs, Quba rayonu Amsar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs arvadı X1 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi mualicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 313,83 qram narkotik vasitə qurudulmuş marixuana və 1944,8 qram çəkidə ümumilikdə 2 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 30 noyabr 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi mualicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 313,83 qram narkotik vasitə qurudulmuş marixuana və 1944,8 qram çəkidə ümumilikdə 2 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar