Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-188/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 9,271 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində və evində daşımaqla saxlamış, 07 sentyabr 2022-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Quba rayonu, 2-ci Nügədi kəndində saxlanılaraq Quba rayon PŞ-nə gətirildikdən sonra saat 19:10 radələrində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükülünün içərisində 0,514 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, 2-ci Nügədi kəndindəki evinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin birinci mərtəbəsindəki yataq otağındakı çarpayının üzərindəki döşəyin altından 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,611 qram və 4,146 qram olmaqla ümumi çəkisi 8,757 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında yaşadığı evin həyətində dibçəkdə bir ədəd narkotik vasitə olan çətənə kolu əkmişdir. Tutulmazda təxminən bir həftə əvvəl o, həmin kolu çıxarıb qurutmuş, öz istifadəsi üçün saxlamışdır. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini şəffaf rəngli sellofan parçasına büküb qara rəngli şalvarının sağ yan cibinə qoymuş, digər hissələrini isə 2 ədəd kibrit qutusuna doldurub istifadə etməsi üçün yaşadığı evin birinci mərtəbəsindəki yataq otağında döşəyin altında gizlətmişdir. xx.xx.2022-ci il tarxdə saat 18:30 radələrində o, Quba rayonu, 2-ci Nügədi kəndində olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və ona qanunsuz olaraq narkotik vasitələrin saxlamasında şübhəli olduğunu bildirilmişdir. Daha sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması üçün Quba rayon polis şöbəsinə gətirmişlər. Orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu əsnasında o, yaşadığı mənzildə narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı Quba rayonu, 2-ci Nügədi kəndindəki evinə getmiş, orada keçirilmiş baxış zamanı evin birinci mərtəbəsindəki yataq otağındakı çarpayının üzərindəki döşəyin altından 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün yay aylarında həyətində dibçəkdə çətənə kolu əkdiyini, saxlanılmamışdan bir həftə əvvəl həmin çətənə kolunu çıxarıb qurudaraq 2 ədəd kibrit qutularına yığdığnı, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, arada-sıra özü istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları onu saxlayarkən, hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, baxış keçirilərkən müdafiəçisi də yanında olmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu 2-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində Quba rayonu, 2-ci Nügədi kəndinə getmişlər. Kənddə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu, onlarla birlikdə Quba RPŞ-nə getməli olduğunu bildirmişlər. Quba RPŞ-də Təqsirləndirilən şəxs üzərinə vəkil Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb onlara təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütələlər aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə olan kütələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı öz istifadəsi üçün həyətində əkdiyi çətənə kolunu qurudaraq əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya bənzər kütlələr tərəziyə qoyularaq çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə saxladığını soruşduqda o, bunu təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı evə getmişlər. Yaşadığı evə baxış zamanı Təqsirləndirilən şəxs evinin birinci mərtəbəsindəki yataq otağında çarpayının üzərindəki döşəyin altında gizlətdiyi iki ədəd kibrit qutusunu götürüb onlara təqdim etmişdir. Həmin kibrit qutuları açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütələlər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kibrit qutularının içərisindəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həyətində dibçəkdə özü istifadə etmək məqsədi ilə 2 ay əvvəl yay aylarında çətənə kolu əkdiyini, bir həftə əvvəl həmin çətənə kolunu çıxarıb qurudaraq 2 ədəd kibrit qutularına yığdığını demişdir. Həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-cı il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində, saxlanılaraq üzərinə şəxti axtarış keçirilməsi üçün Quba RPŞ-nə dəvət edilən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirir və əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd bükülüdə olan narkotik vasitəyə oxşar kütləni polis əməkdaşlarına təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, öz istifadəsi üçün həyətində əkdiyini bildirir. Aşkar olunmuş kütlə "CONSTANT” markalı elektron vasitəsilə ölçülür, kütlənin çəkisi 0,6 qram olduğu müəyyən olunur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılır, iştirakçılar tərəfindən imzalanır və DİN-nin 67 saylı möhürü ilə möhürlənir; Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən evinin qarşısında dayanıblar. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi üçün sonuncunun icazəsi alınır. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yataq otağında olan matrasın altında 2 ədəd kibrit qutularında saxladığı narkotik vasitə olan marixuanaya oxşar spesifik iyə malik, yaşıl rəngli, otşəkilli kütləni təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutularındakı kütlənin qurudulmuş marixuana olduğunu, ona məxsus olduğunu, şəxsi istifadəsi üçün həyətində yay aylarında, təxminən 2 ay əvvəl dibçəklərə əkdiyini, son bir həftə əvvəl çıxararaq qurutuğunu bildirir. Aşkar edilmiş kütlələr "CONSTANT” markalı elektron vasitəsilə ölçülür və həmin vaxt kibrit qutularında olan narkotik vasitəyə bənzər kütlənin ümumi çəkiləri 14,2 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılır, iştirakçılar tərəfindən imzalanır və DİN-nin 67 saylı möhürü ilə möhürlənir. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-cı il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində, saxlanılaraq üzərinə şəxti axtarış keçirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir. Quba RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirildiyi zaman əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd bükülüdə olan narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, öz istifadəsi üçün həyətində əkdiyini bildirmişdir. Aşkar olunmuş kütlə "CONSTANT 14192-33” markalı elektron vasitəsilə ölçülmüş, kütlənin ümumi çəkiləri 0,6 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı mənzilində narkotik vasitə saxladığını etiraf etmişdir; “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 18:45-də narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Quba rayonu, 2-ci Nügədi kəndində yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində saxlanılaraq üzərinə şəxti axtarış keçirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir. Quba RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirildiyi zaman əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd bükülüdə olan narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilində narkotik vasitə olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:35-da Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən mənzilə onun icazəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yataq otağında olan matrasın altında 2 ədəd kibrit qutularında saxladığı narkotik vasitə olan marixuanaya oxşar spesifik iyə malik, yaşıl rəngli, otşəkilli kütləni təqdim etmişdir. Aşkar edilmiş kütlələr "CONSTANT 14192-33” markalı elektron vasitəsilə ölçülmüşdür. Bu vaxt kibrik qutularında olan narkotik vasitəyə bənzər kütlənin ümumi çəkiləri 14,2 qram olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə olan marixuana olduğunu və ona məxsus olduğunu, özü şəxsi istifadəsi üçün həyətində yay aylarında, təxminən 2 ay əvvəl dibçəklərə əkdiyini, son bir həftə əvvəl çıxararaq qurutuğunu bildirmişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) xx.xx.2022-ci il tarixli 7/997 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış evindən aşkar olunmuş iki ədəd kibrit qutlarda ayrıayırlıqda təmiz çəkiləri 4,611 qram və 4,146 qram və üzərindən götürülmüş bir ədəd kağız büküldə təmiz çəkisi 0,514 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 9,721 qram, tədqiqata sərf edildi 0,06 qram (hər obyektdən 0,02 qram), qalıq 9,211 qram; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 5574 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “narkotik vasitənin maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 9,211 qram olan qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin baş əməliyyat müvəkkili Ruslan İbrahimovun xx.xx.2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmış, məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/997 saylı rəyi iş üçün sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5574 saylı rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 9,211 qram olmuş qurudulmuş marixuananın maddi sübut kimi tanınması və məsul saxlanış üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın cəmi çəkisi 9,271 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon prokuroru vəzifəsini icra edən İsbəndiyar İskəndərovun xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmişdir; “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Quba RPŞ-nin MSY-dən buraxılmışdır; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İİ Nügədi kəndində yaşayır və ailə tərkibi: həyat yoldaşı – X4, oğlu- X6, qızı – X2 ibarətdir; Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; məhkəməənin elektron bazasından görünür ki, Təqsirləndirilən şəxsun himayəsində xx.xx.2009-cu il təvəllüdlü Rəvanə adında yetkinlik yaşına çatmayan qızı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,211 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edillməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,211 qram olmuş qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-188/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-188/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver