Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-188/2024 03.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Quba rayonu, Küsnət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli olmaqla himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, Quba rayonu, Küsnət kəndində qeydiyyatda olmaqla Quba şəhəri, T.Əliyev küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,15 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 0,274 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 02 avqust 2024-cü il tarixdə, gecə saat 03:30 radələrində Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində küçədə saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Winchester” markalı siqaret qutusunun şəffaf sellofan örtüyünün içərisinə keçirməklə saxladığı bir ədəd qızılı rəngli kağız bükümdə xalis çəkisi 0,274 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Quba rayonu, Küsnət kəndində qeydiyyatda olmaqla, Quba şəhəri, T.Əliyev küçəsində olan ünvansız fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Təxminən iki ilə yaxın müddətdir ki, “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. 01 avqust 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb işə gedən zaman Quba şəhəri, Vaqif küçəsində yerləşən “EKO” marketin yaxınlığında yerdə olan qızılı rəngli kağız büküm diqqətini cəlb etmiş, həmin bükülünü yerdən götürüb içərisinə baxmış və psixotrop maddə metamfetamin olduğunu bilib özü istifadə etmək üçün həmin bükülünü əynində olan şalvarın cibinə qoymuşdur. 02 avqust 2024-cü il tarixdə gecə saat 03:30 radələrində Quba şəhəri, Qəçrəş yolu yaşayış massivindən Qəçrəş kəndinə gedən zaman özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər şəxs yaxınlaşıb ona narkotik vasitə istifadəsində şübhəli olduğunu və tutulduğunu bildirmişlər. Küçədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və polis əməkdaşı ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. O da üzərində psixotrop maddə metamfetamin olmasını etiraf edərək əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibində olan “Winchester” markalı siqaret qutusunun şəffaf sellofan örtüyünün içərisinə keçirərək saxladığı 1 ədəd qızılı rəngli kağız bükümdə olan psixotrop maddə metafetamini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, həmin psixotrop maddəni bir gün öncə Quba şəhəri, Vaqif küçəsində yerləşən “EKO” marketin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan bükülü elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə üzərində saxlamış, heç kimə satmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Əvvəl narkotik vasitələrdən istifadə etsə də, hazırda istifadə etmir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin cinayət axtarışı üzrə əməliyyat-müvəkkili, polis baş leytenant Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində olması müəyyən edilmiş, onlar 02 avqust 2024-cü il tarixdə gecə saat 03 radələrində Təqsirləndirilən şəxsa yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsa şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxsa üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmiş, sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun şəffaf sellofan örtüyünün içərisinə keçirilmiş bir ədəd qızılı rəngli folqa bükümünü götürüb açarkən içərisindən ağımtıl rəngli kütlə aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, Quba şəhəri, Vaqif küçəsində yerləşən “EKO” marketin yaxınlığında gəzən zaman yerdən tapdığını, öz istifadəsi üçün saxladığını və tapandan sonra üzərindən götürərək istifadə etdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində digər hər hansı qanunla qadağan edilən əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı X5 analoji ifadə verərək, Şahid1 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X9, polis əməkdaşları, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs küçədə dayanmışlar. Təhqiqatçı özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olmasını bildirir. Təhqiqatçı əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə olub-olmadığını soruşur, cavabında Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu təqdim edir. Siqaret qutusunun şəffaf sellofan örtüyünün içərisinə keçirilmiş bir ədəd qızılı rəngli folqa bükümü götürüb açarkən içərisindən ağımtıl rəngli kütlə aşkar edilir. Sorğuya cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, saxlanılan gün səhər saatlarında tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, heç kimə vermədiyini bildirir. Aşkar olunmuş kütlə elektron tərəzi vasitəsilə ölçülür və kütlənin ümumi çəkisi 0,42 qram olduğu müəyyən olunur. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 03:40 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Quba rayonu Qəçrəş yolu yaşayış massivində saxlanılaraq tutulmuşdur. Üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən Winchester markalı siqaret qutusunun üzərindən olan şəffaf sellofunun içərisindən bir ədəd qızılı rəngli kağıza bükülmüş ümumi çəkisi 0,42 qram narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən 2 manat pul aşkar olunmuşdur. Aşkar olunmuş pul şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə ölçülmüş, kütlənin çəkisi qızılı rəngli kağızla birlikdə 0,42 qram təşkil etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qızılı kağıza bükülmüş kütlənin metafetamin olmasını, həmin kütləni xx.xx.2024-cü il tarixdə yaşadığı məhəllədə yerdən tapdığını bildirmişdir. Həmin kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3955 nömrəli ekspert rəyindən görünür ki, üzərində "... Vət. Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.274 qram olan ağ kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli, Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi- 0,274 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq- 0,224 qram; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 05 sentyabr 2024-cü il tarixli 6062 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut kimi tanıma haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,224 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilmiş, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanmış, cinayət işi üzrə 05 avqust 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıq qalmış 0,224 qramının maddi sübut hesab edilməsi və həmin psixotrop maddə metamfetaminin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 1 (bir) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib avtomobilində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadəsi və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,274 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 02 avqust 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi, təqsirləndirilən şəxsin saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsinin təmin edilməsi barədə qərara alınmışdır; “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir; Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Küsnət kəndində qeydiyyatda olmaqla Quba şəhərində yaşayır və onun arvadı xx.xx.2002-ci il təvəllüdlü X2 və oğlu xx.xx.2022-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır; Məhkəmənin elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-cü il təvəllüdlü Ziya adında uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,224 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,224 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-188/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-188/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver