Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-191/2022 20.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməklə daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd bükümdə təmiz çəkisi 0,538 qramdan cox olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 22 iyul 2022-ci il tarixdə saat 13 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yaşadığı evinin qarşısında, küçədə saxlanılıb orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki idman şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd bükümdə təmiz çəkisi 0,538 qram təşkil edən, qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 22 iyul 2022-ci il tarixdə təxminən saat 13 radələrində Quba şəhəri Fətəlixan küçəsində yaşadığı evin yaxınlığında olarkən ona polis işçiləri yaxınlaşıb özlərini təqdim etdikdə onların Quba RPŞ-nin əməkdaşları olduğunu bilmişdir. Polislər onun narkotik vasitələrin istifadə olunmasında və daşıyıb saxlanmasında şübhəli olduğunu bildirərək ona şübhəli şəxs qismində tutulduğu elan etmişlər. Həmin vaxtı ona müdafiəçisi qismində tədim edilmiş bir nəfər vəkilin iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzfələrini izah etmişlər. Daha sonra polislər ona üstündə nə kimi əşyalar varsa onları çıxarıb təqdim etməsini istəmişlər və üstündə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşlar. Bu zaman o, özündə narkotik vasitə olduğunu etiraf edərək şalvarının sol yan cibində gizlədib saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülədəki narkotik vasitə heroin kütləsini, həmin narkotiki istifadə etmək üçün düzəltdiyi 01 ədəd kağız borunu və 02 ədəd folqa kəsiyini çıxarıb polislərə təqdim etmişdir. Onlar bükülüdəki kütləyə baxdıqda onun nə olduğunu soruşanda həmin bükülüdəki kütlənin “kakos” yəni heroin olduğunu, bir hissəsini çəkib istifadə etdiyini, qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün özündə saxladığını etiraf etmişdir. Sonra həmin bükülü elektron tərəzidə çəkildikdə onun çəkisi 0,9 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən onun və müdafiəçisinin iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Həmçinin 01 ədəd kağız borucuq və 02 ədəd folqa kəsiyi də ayrıca zərfə qoyulub qablaşdırılmışdır. Sonra bunlar barədə protokol tərtib olunmuş, həmin protokolda yazılanlarla tanış olduqdan sonra ona öz imzasını atmışdır. O, qanunsuz narkotik vasitə əldə edib daşıyıb saxladığına görə törətdiyi əməlindən peşmandır. Xahiş edir ki, onu həbs etməsinlər. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, üzərində aşkar olunmuş narkotik vasitə heroini ona heç kim verməmiş və satmamışdır. Onu tutulmasından təxminən 25-30 gün qabaq Rusiya Federasiyasından ölkəmizə gələrkən özünün sürdüyü “tır” maşınını Xaçmaz rayonu ərazisində yol kənarında saxlayıb təbii ehtiyacını ödəmək üçün yaxınlıqdakı ağac arxasına su başına getdikdə bir ədəd bükülüdə “kakos" adlanan heroin kütləsini yerdən 3 tapmışdır. Onu yalnız özünün istifadə etməsi üçün özündə saxlamış, həmin heroindən heç kimə satmamış və verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə əmələ yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı olaraq həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişlər. 22 iyul 2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ünvan 2-də yaşadığı evinin yaxınlığında, küçədə saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasında iştirak etmişlər. Həmin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs soruşulduqda sonuncu narkotik vasitə istifadə etdiyini, üzərində narkotik vasitə saxladığını bildirdikdən sonra onun əyinindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülü, 01 ədəd kağız borucuq, 02 ədəd folqa kəsiyi kağızları aşkar edilmişdir. 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin kütlə narkotik vasitədir, özünə məxsusdur, onu 25 gün qabaq özü sürdüyü “tır” maşınında Rusiya Federasiyasından gələrkən gətirmiş, şəxsi istifadəsi üçün onu üzərində saxlamış, tutulana qədər həmin kütlənin yarıya qədərini qəbul etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etməsi üçün özündə saxlamışdır. Qeyd olunan kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 0,9 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş 01 ədəd bükülü ayrıca zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs onun üzərinə imza atmasından sonra həmin zərfə möhürlər vurulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsində istifadə etdiyi bildirdiyi 01 ədəd borucuq və 02 ədəd folqa kəsiyi də ayrıca zərfdə qablaşdırılmış. Təqsirləndirilən şəxs onun üzərinə də imza atmasından sonra həmin zərfə möhürlər vurulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materialında olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2022-ci il tarixli 6/3995 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,538 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 01 ədəd kağız borucuğun içərisində və 02 ədəd gümüşü rəngli folqa kəsiyinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı və maddə nümunəsi ilə müqayisəli tədqiqat aparılmadı. Qeyd: Heroinin təmiz çəkisi 0,538 qram təşkil edir, tədqiqata sərf edildi ~ 0,050 qram, qalıq isə 0,488 qramdır. İş materialında olan məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 6128 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 01 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, yenə Tərtər Hərbi Məhkəməsinin 07 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1, 333.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin cəzadan Xəzər rayon məhkəməsinin 01 noyabr 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 26 oktyabr 2022-ci il tarixli 2779 Ns-li arayışdan və 2780 N°-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri ev 52-də yaşayır, subaydır. O, yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, cavan olmasını və yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 iyul 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0,488 qram kusta üsulla hazırlamış narkotik vasitə heroin, 01 ədəd kağız borucuq və 01 ədəd folqa kəsiyi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0,488 qram kustar üsulla hazırlamış narkotik vasitə heroin, 01 ədəd kağız borucuq və 01 ədəd folqa kəsiyi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-191/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-191/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver