Məhkəmə qərarları › İş №1(027)-192/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-192/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-192/2023 28.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Quba rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "Avrora” MMC-də satış təmsilçisi işləyən, subay, məhkumluğu olmayan, Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 471,34 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib bir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, idarə etdiyi “Mercedes 220” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 14 sentyabr tarixdə, saat 20 radələrində Quba şəhəri, Sahil küçəsində Qudyalçay çayının kənarında dayanarkən saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki parça gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 1,34 qram, özünə məxsus həmin avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində olan ehtiyat təkərin altından göy rəngli polietilen bağlamada xalis çəkisi 470,0 qram çəkidə, tərkiblərinə görə eyni olan cəmi 471,34 qram çəkidə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, özünə məxsus “Mercedes 220” markalı, **-BK-*** dövlət-qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC-də satış nümayəndəsi işləyərək Qusar rayonu üzrə dükanlara spirtli və spirtsiz içkilərin satışını təmin edir. Narkotik vasitə marixuana istifadəçisidir. 14 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində Qusar rayonu ərazisində göy sellofanın içərisində yerdən narkotik vasitə marixuananı tapmış və həmin kütlənin içindən bir az götürüb özü çəkməsi üçün siqaretin sellofanına büküb əynindəki qara rəngli parça gödəkçənin sağ yan cibinə qoymuş, qalanını isə avtomobilimin yük yerindəki ehtiyyat təkərin altına qoyaraq gizlətmişdir. 14 sentyabr 2023-cü il tarixdə, saat təxminən 20 radələrində Quba şəhəri, Sahil küçəsində, Qudyalçay çayının kənarında dayaan zaman polis əməkdaşları yaxınlaşmış və ona narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərək şübhəli şəxs qismində tutulduğumu elan etmişlər. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərinə videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi-axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet varsa təqdim etməyi təklif etmişlər. O, əynində olan qara rəngli, parça gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə marixuananı təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxladığını, heç kimdən almadığını, eləcə də həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Büküm elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik maddədən başqa, üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir, şəxsi axtarışın sonunda polis əməkdaşları ondan özündə başqa narkotik maddə olub-olmadığını və varsa təqdim etməyimi təklif etmişlər. O,bundan başqa özünə məxsus “Mercedes 220” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində, ehtiyyat təkərin altında narkotik maddə olan qurudulmuş marixuana saxladığını bildirmiş və həmin narkotik maddəni polis əməkdaşlarına təqdim etmişdir. Avtomobilinin yük yerində 01 ədəd bağlamada saxladığı narkotik maddə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən tərəzi vasitəsilə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. O, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etməyi düşünmüş və başqasına vermək fikri olmamışdır. Heç kimdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Qusar rayonu ərazisində yerdə gördüyü bükülü onu cəlb etdiyi üçün götürüb üzərində və avtomobilində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində və avtomobilində narkotik vasitəni saxladığını etiraf etmiş və həmin narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Hal-hazırda narkotik vasitələrdən istifadə etmir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, bir daha belə əməllərə yol verməyəcəyini, yaxında ailə quracağını bildirərək, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 14 sentyabr 2023-cü il tarixdə tərəfindən Quba rayonu, Digah kəndində qeydiyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı əldə olunmuşdur. 14 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri, Sahil küçəsində, Qudyalçay çayının kənarında saxlanılaraq ona qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, avtomobilində daşıması və üzərində saxlamasında şübhəli olması bildirilmiş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş və oraya dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi-axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində parça gödəkçənin sağ yan cibindən 01 ədəd sellefana bükülü halda büküm aşkar edilmişdir. Həmin bükümün içərisi yoxlanıldıqda narkotik vasitə marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” adlanan qurudulmuş marixuana olmasını, özünə məxsus olmasını, tapdığınə və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə ölçülmüş və zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs onun özündə və ya başqa narkotik vasitələrin olub-olmaması soruşulmuş, cavabında Təqsirləndirilən şəxs avtomobilinin arxa yük yerində ehtiyyat təkərinin altında narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs razılığı ilə sonuncuya məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Mercedes” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində ehtiyyat təkərinin altından 01 ədəd göy rəngli sellofan bağlamada qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Kütlə elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 500 qram olması müəyyən edilmişdir. Kütlə ayrıca zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı Mübariz Zəkəryəyev, polis əməkdaşları Quba rayon vəkil bürosunun vəkili İbrahim Aqamov və Təqsirləndirilən şəxs yol kənarında dayanmışlar. Təhqiqatçı özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olmasını və üzərində şəxsi axtarış keçiriləcəyi bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyib əynində olan qara rəngli parça gödəkçənin sağ yan cibindən bir ədəd sellofan parçasına bükülmüş bükülünü, digər ciblərindən 83 manat kağız pul, bir ədəd alışqan, iki ədəd “Kent” markalı siqaret qutusu və bir ədəd avtomobil açarı, Samsung A22 markalı mobil telefon təqdim edir. Bükülü açıldıqda içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilir. Təqsirləndirilən şəxs kütləni hardan əldə etdiyi soruşulur. Rusel kütləni Qusar rayonu ərazisindən tapdığını bildirir. Aşkar olunmuş kütlə elektron tərəzi vasitəsilə ölçülür və kütlənin ümumi çəkisi 1,52 qram olduğu müəyyən olunur. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, özünə məxsus “Mercedes 220” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan ehtiyyat təkərin altında narkotik vasitə marixuana saxladığını bildirir və avtomobilə baxış zamanı avtomobilin ehtiyyat təkərin altından bir ədəd göy rəngli sellofan paketin içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilir. Həmin kütlə elektron tərəzidə çəkilir, çəkisi 500 qram müəyən edilir. Hər iki kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Quba rayonu, Digah kəndində yaşayan Təqsirləndirilən şəxs Quba şəhərinin Sahil küçəsində, Qudyalçay çayının sağ sahilində, “Mercedes 220” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynindəki qara rəngli parça gödəkçənin sağ yan cibindən bir ədəd sellofan parçasına bükülü halda narkotik vasitə marixuanaya oxşar kütlə, digər ciblərindən 83 manat kağız pul, bir ədəd alışqan, iki ədəd “Kent” markalı siqaret qutusu və bir ədəd avtomobil açarı, Samsung A22 markalı mobil telefon aşkar edilmişdir. Sorğu zamanı sellofan bükümdəki narkotik vasitə marixuana olmasını, kütləni Qusar rayonu ərazisindən tapdığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzi vasitəsilə ölçülmüş və kütlənin ümumi çəkisi 1,52 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır; “baxış keçirilməsi barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, xx.xx.2023cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Quba rayonu, Digah kəndində yaşayan Təqsirləndirilən şəxs Quba şəhərinin Sahil küçəsində, Qudyalçay çayının sağ sahilində, “Mercedes 220” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq, avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində olan ehtiyyat təkərin altından bir ədəd göy rəngli sellofan paketin içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə bir ədəd ağ rəngli sellofan paketə qoyularaq paketlər qarışıq elektron tərəzidə çəkilmiş, çəkisi 500 qram gəlmişdir. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 15 sentyabr 2023-cü il tarixli, 3-16-16-2-7/1297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs üzərinən aşkar olunmuş....” yazısı və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,34 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş....” yazısı və imzalar olan kağız paketdə 1 (bir) ədəd göy rəngli polietilen bağlamada 470 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Marixuanaların ümumi çəkisi 471,34 qram, tədqiqata sərf edildi 0,15 qram (bağlamadan 0,1 qram sellofan bükümdən isə 0,05 qram götürüldü) qalıq - 471,19 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 28 sentyabr 2023-cü il tarixli, 6180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 471,19 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı əldə edib üzərində və avtomobilində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 471,34 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞnin MSY-dən azad olunması qərara alınmışdır; “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Digah İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ayarış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Digah kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur; elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış nümayəndəsi (sənayə məhsulları) işləyir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 471,19 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Sübut növü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 13 (on üç) iş saatına görə 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Quba-Qusar yolu və Qusar rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 471,19 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 13 (on üç) iş saatına görə 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar