Məhkəmə qərarları › İş №1(027)-197/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-197/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-197/2023 29.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxx 1994-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Beta Tea Azərbaycan şirkətində sürücü işləyən, evli, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Fətəlixan küçəsi, ev 2A, mənzil 31-də qeydiyyatda olan və faktiki olaraq Quba şəhəri, məhəllə 32-33, H.Z.Tağıyev küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs stintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından, yəni 0,15 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 0,217 qram narkotik vasitə heroini qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 27 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, S.Vurğun küçəsinin “Quba-Qusar” avtomobil yolu ilə kəsişdiyi yerdə saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli, cins materiallı şalvarın sağ yan cibində olan “Winston” markalı siqaret qutusunun içərisindəki bir ədəd kağız bükümdə xalis çəkisi 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri, məhəllə 32-33, H.Z.Tağıyev küçəsində valideynləri, arvadı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. 2021-ci il ildən "Beta Tea” Azərbaycan şirkətinin Quba filialında sürücü işləyir. 23 avqust 2023-cü il tarixdə, Xaçmaz şəhərində piyada gəzərkən yerdə olan “Winston” markalı siqaret qutusunun üzərinə çəkilmiş şəffaf rəngli sellofan örtüyün arasında büküm olması diqqətini cəlb etmiş və həmin qutunu götürüb bükümü açarkən içərisində qəhvəyi rəngli kütlənin olduğunu görmüşdür. Narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etsə də, narkotik vasitə istifadəçisi olaraq həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu bilmişdir. Tapdığı heronin gələcəkdə istifadə etmək məqsədilə həmin bükümü götürüb cibinə qoymuşdur. Tutulana kimi həmin heroindən istifadə etməmişdir. 27 avqust 2023-cü il tarixdə, saat 15:30 radələrində yaşadığı evin qarşısında siqaret çəkərkən qonşusu Rüstəm öz idarə etdiyi “Chevrolet Niva" markalı, **-SD-*** qeydiyyat nişanlı avtomobili onun yanında saxlayaraq Quba rayonu, Digah kəndində getdiyini bildirərək, ona təklif etmişdir ki, yol yoldaşı kimi gedib gəlsinlər. O, razılaşaraq Rüstəmin idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin gün saat 19 radələrində onlar Digah kəndinidən qayıdarkən Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, S.Vurğun küçəsinin “Quba-Qusar” avtomobil yolu ilə kəsişdiyi yerdə Quba RPŞ-nin əməkdaşları Rüstəmin idarə etdiyi avtomobili saxladaraq ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları onun, üzərilərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Polis əməkdaşları təhqiqatçı və vəkillər gələnə kimi onun hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gələndən sonra, onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlayarkən polis əməkdaşları ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində saxladığı narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynidəki qara rəngli, cins şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunu və sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb pois əməkdaşlarına təqdim etmişdir. Siqaret qutusu açılarkən içərisindəki siqaret gilizlərinin yanında olan bir ədəd kağız bükümün içərisindən qəhvəyi rəngli kütlə aşkar edilmişdir ki, o, bu bükümü 4-5 gün əvvəl Xaçmaz şəhərindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra, bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış bitəndən sonra, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu düzgün yazıldığı üçün, o da daxıl olmaqla bütün iştirakçılar protokolu imza edərək düzgünlüyünü təsdiq etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişlər ki, Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləməklə polis leytenantı rütbəsindədir. Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunusuz olaraq üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatlarını raportla şöbənin rəhbərliyə məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü ondan, Quba RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfərləri Şahid3 və Şahid4, şöbənin Dövlət yol polis bölməsinin yol patrul xidməti üzrə baş inspektoru Emin Xəlilovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş .əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə, saat 19 Quba şəhəri, Qırmızı Sloboda qəsəbəsi, S.Vurğun küçəsinin “Quba-Qusar” avtomobil yolu ilə kəsişdiyi yerdə Quba şəhər sakinin Şahid1 idarə etdiyi avtomobildə hərəkətdə olarkən, saxlatmışdır. Təqsirləndirilən şəxs saxlandıqdan sonra, onlar müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Bir qədər sonra baş təhqiqatçı Fərid Rəcəbov vəkillə birlikdə Təqsirləndirilən şəxs saxlandığı yerə gəlmişdir. Təhqiqatçı tərəfindən hüququlrını müdafiə etmək üçün Təqsirləndirilən şəxs vəkil təqdim edildikdən sonra, onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli, cins şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunu və sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Siqaret qutusu açılarkən içərisindəki siqaret gilizlərinin yanında olan bir ədəd kağız bükümün içərisindən qəhvəyi rəngli kütlə aşkar edilmişdir . Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində olan kütlə narkotik vasitə heroindir, həmin bükümü o, 4-5 gün əvvəl Xaçmaz şəhərindən tapmışdır. Həmin bükümdə olan kütlə elektron tərəzidə ölçüldükdən sonra, bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış bitdikdən sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokol düzgün tərtib edildiyi üçün, o da daxil olmaqla bütün iştirakçılar protokola imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və X6 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 28 avqust 2023-cü il tarixli, 3-16-16/1-6/4577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə xalis çəkisi 0,217 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi çəkisi - 0,217 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,167 qram.. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 5723 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli, cins şalvarın sağ yan cibində olan “Winston" markalı siqaret qutusunun içərisindəki bir ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə yanaşı, iş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra hakimiyyəti Başçısının Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Fətəlixan küçəsi, ev 2A, mənzil 31-də qeydiyyatda olmaqla faktiki olaraq Quba şəhəri, məhəllə 32-33, H.Z.Tağıyev küçəsində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı azyaşlı övladları vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X4 qıcolma, exonorma xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən "xxxx" QSC-də sürücü vəzifəsində çalışır və əmək funksiyasının icrasını Quba, Xaçmaz, Xudat ərazilərində həyata keçirir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 72 manatı Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,167 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba şəhəri, 32-33 məhəllə, H.Z.Tağıyev küçəsində yerləşən yaşadığı evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba və Xaçmaz rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 manat oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,167 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar