Məhkəmə qərarları › İş №1(027)-2/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-2/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-2/2022 11.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 01.10.2019-cu il tarixdə cəzasının sonun ilə azad olunmuş, Sumqayıt şəhər məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 67.5, 66.4 və 69.3-cü maddələrinə əsasən 5 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt şəhər məhkəməsinin 09.12.2021-ci il tarixli qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə təyin edilmiş 9 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində 18.04.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək qeyri rəsmi nikahda yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində qonaq qismində getdiyi qohumu Zərərçəkmiş şəxs1 Quba rayonu, Gəncələr qəsəbəsindəki evinin yataq otaqındakı saxlanc yeri hesab olunan qarderobdan asılmış Zərərçəkmiş şəxs1 məxsus pençəyin yan cibindən sonuncuya məxsus 240 manat pul, digər yataq otağındakı qarderobdan X2 məxsus 20 manat dəyərəndə bir ədəd qadın əl çantası, 500 manat dəyərində bir ədəd qaşıq dəsti, həmin otaqdakı dolabdan bir ədədi 15 manat dəyərində olan üzərində ərəb hərfləri ilə “Allah” sözləri yazılmış üç ədəd suvenir, 20 manat dəyərində bir ədəd xrustal şüşədən hazırlanmış meyvə qabı, 100 manat dəyərində bir ədəd yemək qoşqab dəsti, həmin otaqdakı saxlanc yeri hesab olunan sandıqdan 25 manat dəyərində bir ədəd qadın ətiri, 20 manat dəyərində bir ədəd hamam dəsmalı, 40 manat dəyərində bir ədəd yorğan üzlüyü, 20 manat dəyərində bir ədəd yun kişi köynəyi, 30 manat dəyərində bir ədəd uşaq paltarı, bir ədədi 15 manat dəyərində olan dörd ədəd süfrə, 20 manat dəyərində dörd ədəd döşək üzlüyü, bir ədədi 10 manat dəyərində olan dörd ədəd əl-üz dəsmalını talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 240 manat, Zərərçəkmiş şəxs2 isə 1000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, 2012-ci ildə Pərvanə Fərmanzadə ilə ailə qurmuş, həmin nikahdan üç övladı doğulmuşdur. 2015-ci ildə məhkəmə qaydasında Pərvanədən boşanmışdır. Təxminən iki ildir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi nigahda yaşayır. Sumqayıt şəhərində törətdikləri oğurluq hadisəsi ilə əlaqədar onun və Röyalənin barəsində Sumqayıt şəhər məhkəməsində cinayət işi olmuş və məhkəmə 06.04.2021-ci il tarixdə barəsində 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs2 barəsində isə 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs2 onun anasının xalası qızıdır. Uşaq vaxtlarında o, həmişə Quba rayonuna gələrək İradənin evində qonaq olmuşdur. 28.10.2020-ci il tarixdə saat 12 radələrində Röyalə ilə birlikdə tanımadığı taksi maşını ilə Quba rayonunun, Alpan kəndində yaşayan Əfsun adlı tanışının evinə gedib bir gün onun evində qonaq olmuşlar. 29.10.2020-ci il tarixdə Quba rayonunun, Gənclər qəsəbəsində yaşayan qohumu Zərərçəkmiş şəxs2 evinə qonaq getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 Qusar şəhərində yaşayan oğlunun evində olduğu üçün onları İradənin əri Zərərçəkmiş şəxs1 qarşılamışdır. Sumqayıt şəhərindən Quba rayonuna qonaq gələrkən əllərində içərisində ona və Röyaləyə məxsus pal-paltar və ayaqqabı olan bir ədəd əl çantası, bir ədəd sellofan paket, bir ədəd böyük və bir ədəd kiçik idman çantaları olmuşdur. Evə daxil olduqdan sonra Röyalə həmin çantaları evin qonaq otağında mətbəxin giriş qapısının qarşısında olan gül dibçəyinin yanına qoymuşdur. Şahseyid evində tək olmuşdur. Həmin gecə Röyalə ilə birlikdə evin yataq otaqlarından birində qalmışlar. Digər yataq otağında isə Şahseyid özü tək gecələmişdir. 30.10.2020-ci il tarixdə Röyalə ilə birlikdə marketdən bazarlıq edərək yenidən Şahseyidin evinə gəlmişlər. Yemək yeyən zaman Şahseyid əlində olan üzüyü bəyəndiyini və həmin üzüyü özündə olan üzüklə dəyişməyini təklif etmişdir. Həmin vaxt o, barmağında olan üzüyü çıxarıb Şahseyidə vermişdir. Şahseyid də cibindən üzüyü çıxarıb ona vermişdir. Bu zaman o, Şahseyidin cibində olan pulları görmüşdür. Həmin gecə Şahseyidin evində gecələmişlər. 31.10.2020-ci il tarixdə saat təxminən 09 radələrində Şahseyidin qızı Nərgiz atası evinə gəlmişdir. Nərgizin onlara qarşı olan münasibəti xoşuna gəlmədiyindən o, həmin gün Şahseydin evindən oğurluq edib çıxıb getmək qərarına gəlmiş və bu barədə Röyalə ilə aralarında razılaşmışlar. Həmin vaxt qərara gəlmişlər ki, qaldıqları yataq otağında olan sandığın və şkafın içərisində olan apara biləcəkləri əşyaları oğurlasınlar. Nərgiz getdikdən sonra o, Şahseyidə Sumqayıt şəhərinə qayıtmaq istədiklərini bidirərək taksi çağırmasını xahiş etmişdir. Şahseyid taksi tapmaq üçün evdən çölə çıxdıqda o, Röyalə ilə birlikdə yatdıqları qonaq otağına girib orada olan sandıq və dolabdan bir ədəd əl çantasını, qaşıq dəstini, üzərində ərəb hərfləri ilə “Allah” sözləri yazılmış 03 ədəd suveniri, bir ədəd xrustal meyvə qabını, yemək dəstini, bir ədəd qadın ətirini, bir ədəd hamam dəsmalı, bir ədəd yorğan üzlüyü, bir ədəd yun kişi köynəyi, bir ədəd uşaq paltarı, 04 ədəd süfrəni, 04 ədəd döşək üzlüyünü, 04 ədəd əl-üz dəsmalını götürərək torbalara yığmışlar. Sonra o, Şahseyidin yatdığı otağa keçərək dolabdan asılan və Şahseyidə məxsus olan gödəkcəsinin cibindən 240 manat nagd puluda götürüb yenidən Röyalənin yanına qayıtmışdır. Əşyaları səliqəli şəkildə özləri ilə gətirdikləri çantalara yığdıqdan sonra, həyətə düşərək Şahseyidlə söhbət etmişdir. Bir qədər sonra Şahseyidin çağırdığı taksi gəlmişdir. O, Röyalə ilə birlikdə əşyalarını toplayıb avtomobilə yığdıqdan sonra Şahseyidlə görüşüb yola çıxmışlar. Həmin taksi ilə onlar Quba rayonunun Hacıhüseynli kəndinə qədər gedib, oradan başqa avtomobilə əyləşərək Xaçmaz şəhərinə gəlmişlər. Xaçmaz şəhərinə gəldikdən sonra, Bakı şəhərinə gedən taksilərdən birinə minib həmin gün saat 16 radələrində Sumqayıt şəhərinə qayıtmışlar. Yaşadıqları evin yaxınlığında taksidən düşüb oğurladıqları əşyaları kənara yığıb Röyaləni yaşadığı evə yola saldıqdan sonra, Şahseyidin evindən oğurladıqları əşyaları Sumqayıt şəhərində yerləşən əşya bazarına aparıb həmin əşyaları tanımadığı şəxslərə sataraq təxminən 250 manat pul əldə etmişdir. Əldə etdiyi 250 manat pulu, həmçinin Şahseyidin cibindən oğurladığı 240 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəyərək onlarla barışıq əldə etdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirlndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki o, Sumqayıt şəhər məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 04 gün müddətinə azadllığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 126A ünvanında qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. 28.10.2020-ci il tarixdə saat 12 radələrində Nicat ilə birlikdə tanımadığı taksi avtomaşını ilə Sumqayıt şəhərindən Quba rayonunun, Alpan kəndində yaşayan Nicatın tanışı Əfsunun evinə gəlib, həmin günü onun evində qonaq qalmışlar. Səhəri gün isə yəni 29.10.2020-ci il tarixdə Quba rayonunun, Gənclər qəsəbəsində yaşayan Nicatın qohumu Zərərçəkmiş şəxs1 evinə qonaq gedib 31 oktyabr 202-ci il tarixədək orda qonaq qalmışlar. Həmin vaxt Şahseyidin arvadı İradə Qusar şəhərində yaşayan oğlunun evində olduğu üçün Şahseyid evdə tək olmuşdur. 31.10.2020-ci il tarixdə səhər saat təxminən 09 radələrində Şahseyidin qızı Nərgiz atası evinə gəlib onunla görüşüb söhbət etmişdir. Nərgiz getdikdən sonra Nicat Şahseyidin evindən oğurluq etməyi ona təklif etdikdə o, Nicatla razılaşmışdır. Bundan sonra, onlar birlikdə yatdıqları yataq otağında olan şkafdan bir ədəd əl çantasını, qaşıq dəstini, üzərində ərəb hərfləri ilə “Allah” sözləri yazılmış 03 ədəd suveniri, bir ədəd xrustal meyvə qabını, yemək dəstini, həmin otaqdakı sandıqdan isə bir ədəd qadın ətirini, bir ədəd hamam dəsmalını, bir ədəd yorğan üzlüyünü, bir ədəd yun kişi köynəyini, bir ədəd uşaq paltarını, 04 ədəd süfrəni, 04 ədəd döşək üzlüyünü, 04 ədəd əl-üz dəsmalını götürüb torbalara yığmışlar. Nahar yeməyindən sonra, Şahseyidin tapdığı maşınla onlar Hacıhüseynli kəndinə qədər getmişlər, oradan isə başqa avtomobilə əyləşərək Xaçmaz şəhərinə gəlmişlər. Xaçmaz şəhərinə gəldikdən sonra, Bakı şəhərinə gedən taksilərdən birinə minib Sumqayıt şəhərinə gəlmişlər. 31.10.2020-ci il tarixdə təxminən saat 16 radələrində Sumqayıt şəhərində yaşadıqları ünvana çatmışlar. Maşından düşərkən o, özlərinə məxsus əşyaları götürüb yaşadığı evə getmişdir. Nicat isə Şahseyidin evindən oğurladıqları əşyaları götürüb, bir qədər işləri olduğunu, işlərini gördükdən sonra gələcəyini demişdir. Təxminən 2-3 saat sonra Nicat evə qayıdaraq Şahseyidin evindən götürdüyü əşyaları əşya bazarında 250 manata satdığını, həmçinin Şahseyidin evində olan pencəyinin cibindən də 240 manat pul da oğurladığını demişdir. Həmin pulları onlar şəxsi ehtiyaclarına xərcləmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki o, arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Quba rayonu, Gənclər qəsəbəsindəki fərdi həyət evində yaşayır. Qusar şəhərində yaşayan hərbçi oğlu Qalib Qurbanov İİ-ci Qarabağ müharibəsində iştirak etmək üçün 27.09.2020-ci il tarixdə döyüş bölgəsinə getmişdir. Arvadı İradə həmin vaxtdan Qusar şəhərinə gedib gəlinlərinin yanında qalmışdır. Qızı Şahid onlarla eyni qəsəbədə öz ailəsi ilə birlikdə yaşayır. 29.10.2020-ci il tarixdə arvadının xalası nəvəsi Təqsirləndirilən şəxs1 qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs2 ilə onun evinə qonaq gəlmişdir. Onlar bir neçə gün onun evində qonaq qalmışlar. 30.10.2020-ci il tarixdə səhər saatlarında özü ilə müəyyən məbləğdə pul götürərək bazara getmiş, qalan 240 manat pulunu isə yataq otağındakı dolabda olan gödəkçəsinin cibində qoymuşdur. Həmin gün axşam saat 23 radələrində yenidən pul götürmək üçün gödəkçəsinin cibinə baxdıqda 240 manat məbləöində pulun yerində olmadığını görmüşdür. Pulun itməsi barədə evində qonaq olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 soruşduqda, Nicat “biz pul götürənik?! kəsim damarlarımı”deyərək onu pulu onların götürmədiyinə inandırmağa çalışmışdır. 31.10.2020-ci il tarixdə qızı Nərgiz ona baş çəkmək üçün evinə gəlmişdir. Həmin gün qızı Nərgiz öz evinə getdikdən sonra, Nicat və Röyalə Sumqayıt şəhərinə qayıtmaq istədiklərini bildirərək ondan münasib taksi maşını tapmağı xahiş etmişlər. Bundan sonra o, həmin gün saat təxminən 14 radələrində Nicat və Xəyaləni taksi ilə evindən Sumqayıt şəhərinə yola salmışdır. 01.11.2020-ci il tarixdə arvadı İradə yaşadıqları evə gəlib Nicat və Röyalənin qaldıqları otağa baxdıqda, otaqda olan paltar dolabınındakı əl çantasının, 500 manat dəyərində olan qaşıq dəstininin, həmin otaqda olan qab dolabdan bir ədədi 15 manata aldığı üzərində ərəb hərfləri ilə “Allah” sözləri yazılmış 03 ədəd suvenirinin, 20 manat dəyərində olan bir ədəd xrustal meyvə qabının, 100 manat dəyərində olan yemək dəstininin, həmin otaqdakı sandıqda olan 25 manat dəyərində qadın ətirininin, 20 manat dəyərində bir ədəd hamam dəsmalının, 40 manat dəyərində bir ədəd yorğan üzlüyünün, 20 manat dəyərində bir ədəd yun kişi köynəyinin, 30 manat dəyərində bir ədəd uşaq paltarının, bir ədədinin qiyməti 15 manat olan 04 ədəd süfrənın, 20 manat dəyərində olan 04 ədəd döşək üzlüyünün, bir ədədinin qiyməti 10 manat olan 04 ədəd əl-üz dəsmalının yerində olmadığını görmüşdür. Həmin əşyaları Nicat və Röyalənin oğurladığından əmin olduğu üçün Zərərçəkmiş şəxs2 01.11.2020-ci il tarixdə saat 20:00 radələrində DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 müraciəti əsasında evinə gəlmiş polis əməkdaşlarına da hadisəni ifadəsində qeyd etdiyi kimi danışmış və onlar əşyaların götürüldüyü yerlərdən əl izləri götürmüşlər. Qeyd olunan oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 1000 manat, ona isə 240 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki o, əri Zərərçəkmiş şəxs1 ilə birlikdə Quba rayonunun, Gənclər qəsəbəsindəki həyət evində yaşayır. Qusar şəhərində yaşayan hərbçi oğlu Qalib Qurbanov İİ-ci Qarabağ müharibəsində iştirak etmək üçün 27.09.2020-ci il tarixdə döyüş bölgəsinə getmişdir. Həmin vaxtdan o, Qusar şəhərinə gedib gəlinlərinin yanında qalmışdır. 29.10.2020-ci il tarixdə xalası nəvəsi Təqsirləndirilən şəxs1 qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə onların evinə qonaq gəlmişlər. 01 noyabr 2020-ci il tarixdə ərinə baş çəkmək üçün Qusar şəhərindən yaşadığı evə gəlmişdir. Nicat və Xəyalənin qaldıqları otağa baxdıqda otaqda olan paltar dolabınındakı bir ədəd əl çantasının, 500 manat dəyərində olan qaşıq dəstininin, həmin otaqda olan qab dolabdan bir ədədi 15 manata aldığı üzərində ərəb hərfləri ilə “Allah” sözləri yazılmış 03 ədəd suvenirinin, 20 manat dəyərində olan bir ədəd xrustal meyvə qabının, 100 manat dəyərində olan yemək dəstininin, həmin otaqdakı sandıqda olan 25 manat dəyərində qadın ətirininin, 20 manat dəyərində bir ədəd hamam dəsmalının, 40 manat dəyərində bir ədəd yorğan üzlüyünün, 20 manat dəyərində bir ədəd yun kişi köynəyinin, 30 manat dəyərində bir ədəd uşaq paltarının, bir ədədinin qiyməti 15 manat olan 04 ədəd süfrənın, 20 manat dəyərində olan 04 ədəd döşək üzlüyünün, bir ədədinin qiyməti 10 manat olan 04 ədəd əlüz dəsmalının yerində olmadığını görmüşdür. Bundan başqa Nicat və Xəyalə yataq otağındakı dolabda olan ərinə məxsus olan gödəkçənin cibindən 240 manat məbləğində nəgd puluda oğurlamışlar. Pulu və əşyaları Nicat və Röyalə oğurladığından əmin olduğu üçün o, həmin gün DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona 1000 manat, əri Şahseyidə isə 240 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keşirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.04.2021ci il tarixli 9/2011 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesbalama yolu ilə təxminən 65 manat müəyyən edilir. Digər 9 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmünün surətindən gürünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1, 67.5, 66.4 və 69.3-cü maddəsinə əsasən 5 ay 25 gün müddətinə sürücülük hüququndan məhrum edilməklə 9 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 177.2.2-ci maddəsi ilə elan edilməsinə əsas olmuş cinayət işi üzrə Sumqayıt şəhər məhkəməsinin 06 aprel 2021ci il tarixli hökmü olmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarına əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməllərində oğurluq cinayətinin təkrar törədilməsi olmadığından ona elan olunmuş ittihamdan rəqəm ifadələrini əks etdirən CM-nin 177.2.2-ci maddəsinin çıxarılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə istinad edilən ittiham özünün və zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə əmtəşunaslıq eksperizasının müvafiq rəyi, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilmişdir.. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın X3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 30.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaraq 01.10.2019-cu il tarixdə cəzasının sonun ilə azad olunmuş, Sumqayıt şəhər məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 67.5, 66.4 və 69.3-cü maddələrinə əsasən 5 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər probasiya şöbəsinin 20.03.2022-ci tarixli 990 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29, 177.2.1 və 29, 177.22-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 67.5, 66.4 və 69.3-cü maddələrinə əsasən 5 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt Şəhər Məhkəməsinin 09.12.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli ilə qərarının 2.5-ci bəndi tətbiq edilməklə o, təyin olunmuş əsas cəzadan azad olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 09.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə o, təyin edilmiş 9 ay 04 gün müddətinə əsas cəza olan azadlığın məhdudlaşdırılması cəzasından azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 26.04.2022-ci il tarixli 016-**********2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 5 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını çəkməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt ŞİH MKTİB-nin 1 saylı mənzil-kommunal sahəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli 331 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 126A ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur İş materiallarında olan Sumqayıt şəhər səhiyyə şöbəsinin 3 saylı şəhər poliklinikası tərəfindən verilmiş 27.01.2021-ci il tarixli 39 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində deydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən oğlu törətdiyi cinayət əməlini tam etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı ödəyərək onlarla barışıq əldə etməsini və yaşayı yeri üzrə müsbət xaraqterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 5 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əlavə cəzaya, Bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növü birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1, 67.5 və 66.4-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş cəzaya Sumqayıt şəhər məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 5 ay 25 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası tamamilə birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiaalarında olan təqsirləndirlən şxsin barəsində qətimkan tədbirinin seçilmısi haqqında 18.04.2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 məhkəmədən yayındığına görə Quba Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirillərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon polis şöbəsinin 15.09.2021-ci il tarixli məktubundan görünür ki, Quba rayon məhkəməsinin 11.08.2021-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3.-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində açılmış 560469 saylı axtarış işi Təqsirləndirilən şəxs1 barəsində Xızı rayon məhkəməsinin 13.07.2021-ci il tarixli qərarı əsasnda 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmə səbəbindən xitam olunmuşdur. İş materiallarına əlavə olunmuş Xızı Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli 4(068)-20/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 08.07.2021-ci il tarixdə Xızı rayonunun ərazisində Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətdiyinə görə onun barəsində həbs etmənin əvvəli 11.07.2021-ci il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və Xızı rayon məhkəməsin 13.07.2021-ci il tarixdə onun barəsində seçdiyi həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11.05.2022-ci il tarixdən hesablanmaqla o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edillməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 elan olunan ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11.05.2022-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir həbs qətimkan tədbiri ilə əvəz edilsin və Xızı rayon məhkəməsinin 13.07.2021-ci il tarixdə onun barəsində seçdiyi həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar