Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-20/2021 12.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Quba rayonu, Ağbil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Quba rayonu Bəhram Sultanov adına Ağbil kənd tam orta məktəbinin direktorunun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsinə işləyən, məhkum olunmayan, Quba rayonu, Ağbil kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi ‘'Nissan X-trail” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Rustov kəndində Xanəgah kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib idarəetməni itirərək avtomobili onun hərəkət hissəsinin əks tərəfindəki dərəyə aşırması nəticəsində qabaq oturacaqda oturmuş sərnişin Zərərçəkmiş şəxs sağlamlığına baş-beyin silkələnməsi, sol göz orbitinin hematoması və subdural hematoma ilə müşayiət olunan alın sümüyünün sağ tərəfinin və sağ əng sümüyünün qəlpəli sınıqları, sağ tərəfli pnevmotoroksla müşayiət olunan sağ tərəfdən V və Vİ qabırğalarının qapalı sınıqları, çanağın yumşaq toxumalarının əziyindən ibarət xəsarətlər alması ilə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinin materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı Samirə Sultanovanın doğma bacısıdır. xx.xx.2020-ci il tarix saat 11 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək anası ilə birlikdə Quba şəhərində yerləşən bazarda olduğunu, işləri olduğu üçün Qusar şəhərinə getmək istədiyini bildirmişdir. Həmin vaxt o, idarə etdiyi “Nissan X-trail” markalı 90- UA-370 qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospektində yerləşən “Birja” adlanan əraziyə getmiş, Zərərçəkmiş şəxs onu gördükdə gəlib idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş və onu Qusar şəhərinə aparmağını istəmişdir. Onlar Qusar şəhərində yerləşən Heydər Əliyev mərkəzinin yaxınlığına getmişlər. Zərərçəkmiş şəxs orada avtomobildən düşərək kiminləsə görüşəcəyini deyərək getmiş, o da avtomobildən düşərək mərkəzin yaxınlığında yerləşən çayxanada oturub Zərərçəkmiş şəxs gəlməsini gözləmişdir. Təxminən 1 saat sonra Zərərçəkmiş şəxs onun yanına gələrək işinin bitirdiyini və Quba rayonu, Xanəgah kəndinə getmək istədiyini demişdir. İdarə etdiyi avtomobillə Quba rayonu, Xanəgah kəndi ərazisində 70 km/saat sürətlə hərəkətdə olarkən qəfildən idarəetməni itirməsi nəticəsində avtomobilin sağ tərəf təkərləri yol çiyninə çıxmışdır. O, avtomobili yolun hərəkət hissəsinə qaytarmaq istəyərkən avtomobil yolun hərəkət hissəsinin əks istiqamətinə çıxaraq dərəyə yuvarlanmışdır. Avtomobil dayandıqda qapı zədədən sıxıldığından aça bilmədiyi üçün arxa tərəf qapıdan çıxmışdır. Avdomobildən enəndə Zərərçəkmiş şəxs yerdə huşsuz vəziyyətdə uzanığını görmüşdür. O, yola çıxıb kömək çağımış, köməyə gələnlərdən biri özünü kəndin tibb məntəqəsinin feldşeri kimi təqdim edərək, Zərərçəkmiş şəxs iynə vurmuşdur. Bundan sonra o, yoldan keçən tanımadığı bir nəfərin idarə etdiyi avtomobilə Zərərçəkmiş şəxs əyləşdirib Quba rayonu, Rustov kəndinin çıxışına aparmış və orada Zərərçəkmiş şəxs TTY avtomobilinə qoyub Quba MDM-ə aparmışlar. Hadisə zamanı onun burnu və kürəyi sıyrılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, onun ehtiyatsızlığı səbəbindən baş vermiş hadisə zamanı zərərçəkmiş şəxs xəsarət alsa da, sonuncuya dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncuya dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Samirə Sultanovanın həyat yoldaşıdır. xx.xx.2020-ci il səhər saatlarında anası Xallar Cəfərova ilə birlikdə Quba şəhərində yerləşən Quba bazarına getmişdir. Baş vermiş hadisədən sonra ayılan zaman özünü xəstəxanada görmüşdür. Sonradan Təqsirləndirilən şəxs və valideynlərinin danışdıqlarından öyənmişdir ki, hadisə baş verən gün saat 11 radələrində bacısının həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan X-trail” markalı ** UA *** qeydiyyat nişanlı avtomobillə Quba şəhərində yerləşən bazarın qarşısına gələrək onu avtomobilə əyləşdirib, onun istəyi ilə əvvəlcə Qusar şəhərinə, sonra Quba rayonu, Xanəgah kəndinə getmişlər. Quba rayonu, Xanəgah kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən ehtiyatsızlıqdan avtomobili aşırmış və nəticədə o, ağır dərəcəli bədən xəsarəti almışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, baş vermiş hadisə zamanı onun başı zədələndiyindən yaddaşının müəyyən hissəsini itirdiyinə görə hadisə ilə bağlı təfərrüatlar onun yadında qalmamışdır. Hadisə təqsirləndirilən şəxsin ehtiyyatsızlığından baş vermişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç şikayəti və tələbi yoxdur, sonuncu ilə barışmışdır. Təqsirləndirilən şəxsla barışmasını, sonuncu tərəfindən ona dəymiş ziyanı tamamilə ödənilməsini, baş vermiş hadisə ilə bağlı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heş bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: məhkəmə-tibbi ekspertizası və PA ET və TB-nin Quba rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 720 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-baş-beyin silkələnməsi, sol göz orbitinin hematoması və subdural hematoma ilə müşayiət olunan alın sümüyünün sağ tərəfinin və sağ əng sümüyünün qəlpəli sınıqları, sağ tərəlli pnevmotoroksla müşayiət olunan sağ tərəfdən V və Vİ qabırğalarının qapalı sınıqları, çanağın yumşaq toxumalarının əziyi küt əşya(lar)ın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aiddir (iş vər.: 35,36); sağlamlıq vəziyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair məhkəmə-tibbi ekspertizası və Pataloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 385/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda amneziya və sağ 5-ci, 6-cı qabırğa səviyyəsində intensivlikli, lokal ağrı-qabırğa arasında sinir ağrılarının olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Zərərçəkmiş şəxs ambulator nəzarətdə saxlanılması və ümumi vəziyyətinin dinamik olaraq izlənilinəsi məsləhətdir. Zərərçəkmiş şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür (iş vər.: 74-77); yol-nəqliyyat hadisələrinin tədqiqi ekspertizasının keçirilməsinə dair Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 8/1042 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən “Nissan X-trail” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tətqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vər.: 38-41); yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan X-trail” markalı, ** UA *** dölət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-cı il tarixdə Quba rayonu, Xanəgah kəndində yolun hərəkət hissəsindən sol tərəfdə yerləşən dərəyə aşmışdır. Avtomobilin aşıb dayandığı yer - yolun sol tərəfinin yol çiynindən iki metr məsafədə olması, avtomobilin hərtərəfli əzilməsi, başı yuxarı şəkildə dayanması qeydə alınmışdır. Avtomobilin aşdığı yerdən 62 mter məsafədə, yolun asfaltdan hərəkət hissəsində avtomobilin ziqzaqvari təkər izləri və 62 metrin başlanqıcında yolun sağ yol çiynində 80 sm məsafədə təkər izləri aşkar edilmişdir (iş vər.: 10-23); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 37); Azərbaycan Respublikası DİN Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli, 1xx-xx/24535- 1/20 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs AB 719349 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və sonuncu sürücülük hüququndan məhrum olunmamışdır (iş vər.: 78); müstəntiqin xx.xx.2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 108,109); şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarışdan görünür ki, Zərərçəkmiş şəxs Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatdadır (iş vər.: 9); şərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 383 nömrəli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (iş vər.: 25); Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 1149 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Ağbil kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Təqsirləndirilən şəxs müsbət xaraktrizə olunur (iş vər.: 57, 58); Zərərçəkmiş şəxs **********814 nöməli xx.xx.2020-ci il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur (iş vər.: 69); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan X-trail” markalı, ** UA *** dölət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir (iş vər.: 80-83). Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu, eləcə də iş materiallarında olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nın 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tələb edir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ‘'Nissan X-trail” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış ‘'Nissan X-trail” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 80 (səksən) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod:210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-20/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-20/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver