Məhkəmə qərarları › İş №1(027)-20/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-20/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-20/2023 18.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçilər X3, Müdafiəçi1 iştirakları ilə xx.xx.1994-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmayan, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx.xx.1990-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmayan, evli, işləməyən, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Quba şəhəri, Meydan ərazisində tanışı Təqsirləndirilən şəxs2 70 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,370 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, 18 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında şübhəli olduğundan Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qafqaz Oil” yanacaqdoldurma məntəqəsinin arxasında küçədə saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,200 qram və bir ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda 0,170 qram, ümumi təmiz çəkisi 6,370 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 6,115 qram qurudulmuş marixuananı üzərində saxlamış, 19 avqust 2022-ci il tarixdə saat 20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri Daşqın Turabov küçəsi ərazisində saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, Siyəzən RPŞ-nin Növbətçi Hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,115 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,599 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, həmin bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın üzərindən 1,229 qram olan çəkidə götürüb əynində olan qara rəngli şalvarın sol yan cibinə qoyaraq üzərində saxlamaqla daşımış, qalan bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,370 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 17 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Quba şəhəri, Meydan adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs1 70 manat pul müqabilində satmış, 19 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin bir ədəd bükümdə təmiz çəkisi 1,229 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan marixuanadan ara-sıra qəbul edir. Quba şəhəri "Meydan" adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanıyır, Əli ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Əlinin narkotik vasitə marixuana istifadə etdiyindən məlumatı olmuşdur. 17 sentyabr 2022-ci il tarixdə, saat 22-23 radələrində Əli özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vurub bir kibrit qutusu marixuanası olduğunu deyib, istəyib-istəmədiyini soruşmuşdur. O Əlidən həmin narkotik vasitəni neçəyə satdığını soruşduqda, Əli ona bir kibrit qutusu narixuananı 70 manata satdığınıdemişdir. Əli ilə danışdıqdan sonra, Əlinin adına olan, telefonla ona atdığı 4169 7385 0588 1114 nömrəli "Kapital bank" hesabına öz adına olan 4169 7385 7906 6808 nömrəli "Kapital bank" kartından 70 manat pul göndərmişdir. Sonra da gedib Əli ilə "Meydan" tərəfdə görüşüb Əlidən bir ədəd kibrit qutusunda marixuana almışdır. Əlidən narkotik vasitəni alandan sonra 18 sentyabr 2022-ci il tarixdə, axşam vaxtı dostları Şahid1 və Şahid2 ilə Quba şəhəri ərazisində görüşüb narkotik vasitə çəkmək üçün Quba şəhərinin H.Əliyev prospektindəki "Qafqaz Oil" yanacaqdoldurma məntəqəsinin arxasında olan qaranlıq dalan bir küçəyə çəkilmişlər. Orada dayanıb kibrit qutusundan azca marixuana götürüb cibində olan siqaret tütünündən də bir az qatıb özü ilə götürdüyü kağız yapışqanı və nazik kağızda papiros hazırlayıb hazırladığı kütləni çəkmələri üçün alışqanla yandırmışdır. Bundan sonra hər üçü növbə ilə həmin papirosdan bir iki tüstü çəkmişlər. Marixuananı çəkən zaman saat 21 radələrində yanlarında 2 və ya 3 ədəd Post Patrul Xidmətinin avtomobillri dayanmışdır. Həmin avtomobillərdən düşən 5-6 nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar. Papiros həni vaxt onun əlində olduğu üçün onu yerə atmışdır. Polis əməkdaşları yerə nə atdığını soruşduqda, demişdir ki, narkotik vasitə marixuanadır. Yaxalandığını başa düşdüyündən həqiqəti danışmağı qərara almış, yəni yerə atdığı marixuananın ona məxsus olduğunu bildirmişdir. Narkotok vasitənin üzərində olduğu soruşulduqda, şalvarının sol cibində olan kibrit qutusundakı narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına göstərmişdir. Polislər yenə olub-olmadığını soruşduqda başqa olmadığını demiş və ciblərindəki əşyaları çıxarıb göstərmişdir. Bundan sonra Emil və Seymur da narkotik vasitələri olmadığını deyib ciblərini çıxarıb göstərmişlər. Bundan sonra polis əməkdaşları oraya vəkil və digər polisləri çağırmışlar. Polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitə istifadəsində şübhəli olduğunu və tutulduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən ona Quba rayon Vəkil Bürosundan hüquqlarını müdafiə etmək məqsədilə vəkil Müdafiəçi1 təqdim edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini elan etmişlər. Üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın sol cibindəki içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu və bir ədəd içərisinə qurudulmuş marixuana doldurduğu uc hissəsi bükülmüş papirosu təqdim etmişdir. Şifai sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərində olan bir kibrit qutusu marixuanana 17 sentyabr 2022-ci il tarixdə Quba rayon sakin Təqsirləndirilən şəxs2 70 manata almışdır.Kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkisi 8,7 qram gəlmişdir. Bundan sonra aşkar edilmiş papiros elektron tərəzidə çəkilmiş, çəkisi 0,9 qram gəlmişdir. Həmin kibrit qutusu və papiros birlikdə bir zərfə qoyularaq möhürlə möhürlənib ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüş, o və vəkili həmin zərfi imzalamışlar. Bundan başqa üzərində olan bir ədəd “Honor” markalı mobil telefonu, bir ədəd kağız yapışqanı, nazik kağızı, 10 manat pulu, bir ədəd alışqanı, bir ədəd ev açarını, bir ədəd siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. 10 manat pul, siqaret qutusu, alışqan və ev açarı ona qaytarılmış, mobil telefon, kağız yapışqanı, nazik kağız araşdırma zərurəti ilə əlaqədar polislər tərəfindən götürülmüşdür. Üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmçinin polis əməkdaşları dostları Şahid1 və Şahid2 da üzərlərində narkotik vasitə olub-olmamasını soruşmuş, Emil və Seymur üzərlərində narkotik vasitə olmadığını bildirmiş, Emil və Seymurun üzərindən də qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış başa çatmış və onu araşdırmanın davam etdirilməsindən ötrü polis şöbəsinə aparmışlar. O üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, həmin vaxt müdafiəçisi də yanında olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstər mişdirki o, təxminən 1 ildir ki, narkotik vasitə marixuanadan çəkmə üsulu ilə istifadə edir. 19 avqust 2022-ci il tarixdə saat 20 radələrində Siyəzən şəhəri Daşqın Turabov küçəsində olarkən yerdən bir kibrit qutusu qurudulmuş marixuana tapıb kələcəkdə istifadə etmək əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Narkotik vasitə tapdıqdan bir qədər sonra, Siyəzən şəhərində olarkən küçədə ona Siyəzən rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin daşınmasında şübhəli olduğunu bildirib onu Siyəzən rayon PŞ-nə aparmışlar. Siyəzən RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildirdiş verilmiş və Müdafiəçi2 iştirakı təmin edilmişdir. Bundan sonra, Müdafiəçi2 iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman ona qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. O əynində olan qara rəngli şalvarın sağ yan cibində olan kibrit qutusunu təqdim etmiş və həmin kibrit qutusunda marixuana olmasını bildirmişdir. Bundan başqa o üzərində olan 15 manat pulu, bir ədəd içərisində bir ədəd siqaret paçkasını, iki ədəd bank kartını təqdim etmişdir. Həmin əşyalara baxış keçirildikdən sonra özünə qaytarılmışdır. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş yaşıl rəngli, narkotik vasitə olan marixuana ağ rəngli boş zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Bununla da şəxsi axtarış yekunlaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, o izahatını tam sərbəst formada, heç bir təzyiq olmadan vermişdir. Quba şəhər sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, təxminən 5-6 il bir yerdə “Xırdalan-şərab” firmasında sürücü işləmişlər. 17 sentyabr 2022-ci il tarixdə, günorta vaxtı Həmid ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vurub çəkmək üçün narkotik vasitə marixuana istəmiş, o da olmadığını demişdir. Həmin gün axşam vaxtı, saat 20 radələrində Quba şəhəri köhnə avtovağzal dairəsi yaxınlığında təsadüfən üzdən tanıdığı, Bakı şəhərində yaşayan 40-45 yaşlarında Rauf adlı tanışını görmüş və hal-əhval tutub söhbət edərkən üstündə bir kibrit qutusu marixuana olduğunu, aliment borcuna görə 80 manata satdığını demişdir. Həmin vaxtlarda Həmid yenə ona zəng vurub narkotik vasitə marixuana tapıb tapmadığını soruşmuşdur. O da bir tanış olduğunu, 80 manata satdığını, almaq istəyirsə kartına pul atmasını, özləri üçün alıb bir yerdə çəkmələrini təklif etmişdir. Həmiddə ona məxsus bank kartının nömrəsi olmuşdur. Həmid onun 4169 7385 0588 1114 nömrəli “Kapital bank” kartına 70 manat pul göndərmiş, o da gedib 3 nömrəli məktəbin yanındakı bankomatdan çıxarıb üstünə 10 manat da pul qoyaraq həmin şəxsə vermişdir. Həmin şəxs dolu kibrit qutusunu yaşadığı məhlədəki səkinin kənarında olan qaz borusunun altına qoymuş və Bakıya gedəcəyini bildirib ondan ayrılmışdır. Həmid yenə zəng vurub soruşanda, kibrit qutusunun olduğu yeri demiş və Həmid özü gedib götürmüşdür. Həmid götürməzdən əvvəl o özü də həmin kibrit qutusundan özü üçün çəkməyə bir baş götürmüş, amma hələ çəkməmişdir, üstündə qalmışdır, çəkmək üçün saxlamışdır. 19 sentyabr 2022-ci il tarixdə, gündüz vaxtı polis əməkdaşları onu Quba rayonu ərazisində saxlayıb polis şöbəsinə gətirmişlər. Həmin vaxt polislərə üzərində çəkmək üçün saxladığı narkotik vasitə olduğunu demişdir. Polis şöbəsinə gətiriləndən sonra orada olan polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitələrin satışında şübhəli olduğunu və tutulduğunu bildirmişlər. Daha sonra ona hüquqlarını müdafiə etmək məqsədilə fərdi qaydada fəaliyyət göstərən vəkil Müşfiq Mahmudov təqdim edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini elan etmişlər. Üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və bu vaxt üzərində, yəni əynindəki qara rəngli şalvarın sol cibində olan bir ədəd sellofan parçasında bükülü olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmin qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs1 üçün Raufdan 80 manata aldığı kibrit qutusundan özü istifadə etmək üçün götürüb üzərində saxladığını bildirmişdir. İçərisində qurudulmuş marixuana olan bükülü elektron tərəzidə çəkilmiş, çəkisi 1,4 qram gəlmiş, bir ədəd zərfə qoyularaq möhürlə möhürlənib ekspertizaya göndərilməsi üçün götürülmüş, o və vəkili həmin zərfi imzalamışlar. Bundan başqa onun üzərindən 264 manat kağız pul, 1 manat 40 qəpik qəpik pul, bir ədəd Nokia markalı sadə telefon, 3 ədəd bankomat kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd avtomobil açarı və pultu, qəbzlər və Aygün Mikayılova adlı şəxsin 6768 6771 7413 1445 nömrəli bank kart nömrəsi yazılmış kağız parçası aşkar edilmişdir. Siqaret qutusu, alışqan və avtomobilin açarı ilə pultu özünə qaytarılmış, digər əşyalar araşdırma zərurəti ilə əlaqədar polis əməkdaşları tərəfindən götürülmüşdür. Bank kartları arasında olan 4169 7385 0588 1114 nömrəli bank kartının Təqsirləndirilən şəxs1 ona pul yüklədiyi kart olduğunu bildirmişdir. Üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərimdə saxlamış, narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir və dostu Həmid ondan istədiyi üçün Həmidə bir kibrit qutusunda 80 manata alıb, üzərindən bir qədər öz istifadəsi üçün götürüb qalanını Həmidə vermişdir. Rauf adlı şəxsin mobil nömrəsini bilmir, 17 sentyabr 2022-ci il tarixdə Quba şəhəri ərazisində təsadüfən görmüşdür, başqa heç bir məlumatı yoxdur.. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, həmin vaxt müdafiəçisi də yanında olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Həmid və Seymur adlı tanışları ilə Quba şəhəri ərazisində görüşüb bir az söhbətləşmiş və Həmid onlara üstündə qurudulmuş marixuana olduğunu, çəkmək istəyib-istəmədiklərini soruşmuşdur. O və Seymur olar deyib H.Əliyev prospektindəki "Qafqaz Oil" YDM arxa tərəfində olan qaranlıq küçəyə çəkilmişlər və orada Həmidin cibindən çıxardığı narkotik vasitə qurudulmuş marixuananı siqaret tütünü ilə Həmidin özü ilə gətirdiyi nazik kağızda qarışdırıb bir dəfə çəkmək üçün hazırlamışlar. Həmid özü ilə kağız yapışqanı da gətirmiş, bir yerdə hazırlamışlar və adama bir tüstü təzə çəkmişlər ki, həmin vaxt yanlarında 2 PPX avtomobili dayanmış və içindən düşən 5-6 nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Papiros Həmidin əlində olmuş, tez yerə atmışdır. Həmin vaxt polislər şübhələnib Həmiddən yerə nə atdığını soruşmuş, Həmid narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. Həmiddən üstündə narkotik vasitə olduğu soruşulduqda o, şalvarının sol cibində olan kibrit qutusundakı narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına göstərmişdir.. Bundan sonra o və Seymur da narkotik vasitələri olmadığını deyib ciblərini çıxarıb göstərmişlər. Həmin polislər oraya vəkil və digər polisləri çağırmışlar. Polis əməkdaşları özlərini təqdim edərək Həmidə narkotik vasitə istifadəsində şübhəli olduğunu və tutulduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən Həmidə Quba rayon Vəkil Bürosundan hüquqlarını müdafiə etmək məqsədilə vəkil Müdafiəçi1 təqdim edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini elan etmişlər. Üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın sol cibindəki içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu və bir ədəd içərisinə qurudulmuş marixuana doldurduğu uc hissəsi bükülmüş papirosu təqdim etmişdir. Kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkisi 8,7 qram gəlmişdir. Bundan sonra aşkar edilmiş papiros elektron tərəzidə çəkilmiş, çəkisi 0,9 qram gəlmişdir. Həmin kibrit qutusu və papiros birlikdə bir zərfə qoyularaq möhürlə möhürlənib ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüş, Həmid və vəkili həmin zərfi imzalamışlar. Bundan başqa Həmid üzərində olan bir ədəd “Honor” markalı mobil telefonu, bir ədəd kağız yapışqanı, nazik kağızı, 10 manat pulu, bir ədəd alışqanı, bir ədəd ev açarını, bir ədəd siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. 10 manat pul, siqaret qutusu, alışqan və ev açarı Həmidə qaytarılmış, mobil telefon, kağız yapışqanı, nazik kağız araşdırma zərurəti ilə əlaqədar polislər tərəfindən götürülmüşdür. Üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmçinin polis əməkdaşları ondan və Seymurdan da üzərlərində narkotik vasitə olub-olmamasını soruşmuş, o və Seymur da əşyalarını çıxarıb göstərərək narkotik vasitələri olmadığını bildirmişlər. Həmid videoçəkiliş zamanı kibrit qutusundakı qurudulmuş marixuananı Əli adlı tanışından 70 manata aldığını demişdir. O Əlini Quba şəhər sakini kimi tanıyır, amma münasibəti yoxdur. Həmid ona və Seymura narkotik vasitəni çəkməyə əvəzsiz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Quba şəhər sakini Təqsirləndirilən şəxs1 bir kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni və bir ədəd papirosa doldurulmuş kütləni 70 manata satmış Quba şəhərinin "meydan" adlanan ərazisində yaşayan 517 nömrəli ağ rəngli VAZ 2107 markalı avtomobil sürən Əli adlı tanışının şəxsiyyətinin müəyyənləşdirilməsi barədə RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Cəlal Sultanovun əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri satmış şəxs Quba şəhəri H.T.Rüstəmov küçəsi ev 16-da qeydiyyatında olmaqla orada yaşayan, əvvəllər məhkum olunmamış, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 Quba şəhəri ərazisində müəyyən edilərək saxlanılan zaman üzərində çəkməsi üçün saxladığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 Təhqiqat Bölməsinə təhvil verilməsi üçün Quba RPŞ-yə gətirilmişdir. Quba RPŞ-də Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, təhqiqatçı üzərində olan əşyaları təqdim etməyi Təqsirləndirilən şəxs2 təklif etmiş, Əli də əynindəki qara rəngli şalvarın sol cibində olan bir ədəd sellofan parçasında bükülü olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülü elektron tərəzidə çəkilmiş, çəkisi 1,4 qram gəlmiş, bir ədəd zərfə qoyularaq möhürlə möhürlənib ekspertizaya göndərilməsi üçün götürülmüş, Əli və vəkili həmin zərfi imzalamışdır. Bundan başqa Əlinin üzərindən 264 manat kağız pul, 1 manat 40 qəpik qəpik pul, bir ədəd Nokia markalı sadə telefon, 3 ədəd bankomat kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd avtomobil açarı və pultu, qəbzlər və Aygün Mikayılova adlı şəxsin 6768 6771 7413 1445 nömrəli bank kart nömrəsi yazılmış kağız parçası aşkar edilmişdir. Siqaret qutusu, alışqan və avtomobilin açarı ilə pultu özünə qaytarılmış, digər əşyalar araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Bank kartları arasında olan 4169 7385 0588 1114 nömrəli bank kartının Təqsirləndirilən şəxs1 Əliyə pul yüklədiyi kart olduğunu bildirmişdir. Üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bununla da şəxsi axtarış başa çatmışdır. Daha sonra təhqiqatçı tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın aparılması Quba RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov tərəfindən videokamera ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid5 eyniməzmunlu ifadə verərək Şahid4 ifadəsini təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1054 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində " Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş..." yazı və imzalar olan zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,200 qram olan bitki mənşəli kütlə və 1 ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,170 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar eyni tərkibli olub ümumi çəkisi 6,370 qramdır. Qeyd: marixuananın ümumi çəkisi – 6,370 qram, tədqiqata istifadə olundu cəmi- 0,1 qram, qalıq 6,270 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1061 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində " vət. Təqsirləndirilən şəxs2 üzərindən..." yazı və imzalar olan zərfdə 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 1,229 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş..." zərfdə olan marixuanalar ilə üzərində " vət. Təqsirləndirilən şəxs2 üzərindən..." yazılan zərfdə 1 ədəd bükümdə olan marixuana eyni tərkiblidir. Qeyd: 1 №li obyektin təmiz çəkisi – 1,229 qram, tədqiqata istifadə olundu cəmi- 0,05 qram, qalıq 1,179 qram. 2 №li və 3 №li obyektin ümumi çəkisi – 6,270 qram, tədqiqata istifadə olundu cəmi- 0,1 qram, qalıq 6,170 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdirlər və onların təqsiri özlərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tövsif olunmuş və onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materialında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş doğum şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2018-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını, gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 18 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs1 18 sentyabr 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə cinayətlərin məcmuyu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 248 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qıx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,179 qram, 6,095 qram və 6,170 qram olan qurudulmuş marixuanalar hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1). Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zaman xx.xx.2022-cı il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Quba şəhəri, Ə.Mustafayev küçəsi, ev 23 ünvanında yaşadığı evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 2). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 248 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan narkotik vasitənin ekspert rəyindən sonrakı qalıq çəkiləri 1,179 qram, 6,170 qram və 6,095 qram olan qurudulmuş marixuana hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar