Məhkəmə qərarları › İş №1(027)-205/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-205/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-205/2022 27.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə gecə saat 23:50 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən 01 bükümdə ümumi çəkisi 9,782 qram qurudulmuş marixuana və yaşayış evindən isə 02 bükümdə ümumi çəkiləri 0,334 qram və 1,142 qram eyni tərkibli olan ümumi çəkiləri 11,258 qram bitki mənşəli tərkibində narkotik vasitə olan çətənə bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evin qarşısında dayanan zaman polis əməkdaşları yaxınlaşmış və onun narkotik vasitələri üzərində gəzdirməkdə, istifadəsində şübhəli olduğunu bildirmişlər. Sorğu zamanı o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin cibindən özünə məxsus narkotik vasitə olan marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun icazəsi ilə yaşayış evinə baxış keçirilmiş və baxış zamanı evinin 1-ci mərtəbəsində yerləşən otaqdan ümumi çəkisi 2,2 qram qurdulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, marixuana toxumunu o, 2022-ci ilin may ayında Quba bazarında gilas satan zaman tanımadığı şəxsdən gilas müqabilində 3 ədəd toxum almışdır. Narkotik vasitə hesab edilən qurudulmuş marixuananı o, 2022-ci il may ayında öz yaşadığı evin həyətində əkdiyi toxumlardan əldə etmiş və şəxsi istifadəsi üçün üzərində və yaşadığı evdə saxlamışdır. Ayağında ağrılar olmuş, ağrıları azaltmaq üçün narkotik vasitədən istifadə etmişdir. Üzərindən aşkar olunmuş marixuanadan heç kimə satmamış və yaxud verməmişdir. O, polis əməkdaşları tərəfindən tutulan zaman və RPŞ-nə gətirildikdən sonra ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X9 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə polis şöbəsinə daxil olmuş məlumat əsasında, həmin məlumatın yoxlanılması məqsədilə onun tərəfindən əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə Quba rayonu, İ Nügədi yaşadığı evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs razılığı ilə üzərində şəxsi axtarış aparılarkən ondan dövriyyəsi qanunla qadağan edilmiş maddə, əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən özünə məxsus narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmişdir. Həmin kütlələr elektron tərəziyə qoyulub ölçülmüş və ümumi çəkisi 10,5 qram olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs icazəsi ilə onun yaşayış evinə də baxış keçirilmiş və baxış zamanı evin birinci mərtəbəsində yerləşən otaqdan ümumi çəkisi 2,2 qram qurdulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 2022-ci il may ayında öz yaşadığı evin həyətində əkdiyi toxumlardan əldə etdiyini və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin kütlələr kağız zərfə quyularaq möhürlənib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və vəkili həmin zərfləri imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə və yaşayış evinə baxış zamanı videçəkiliş aparılmış və müdafiəçinin iştirakı təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək şahid X6 göstərdikləri ilə analoji ifadə vermişlər. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. İş üzrə Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o da digər şahidlərin göstərdikləri ilə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən videoçəkilişə məhkəmədə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022cı il tarixdə axşam saatlarında Quba rayonu, İ Nügədi kəndində yaşadığı evin qarşısında Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Müdafiəçi, Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid4, PPXB-nin polis nəfəri Şahid2, CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Mirzəziz Hüseynzadənin, CAB-nin əməliyyat müvəkkili Samir Abasovun iştirakı ilə Quba RPŞ-nin təhqiqatçısı X7 tərəfindən üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 01 ədəd göy rəngli bükülü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik vasitə olduğunu və öz yaşadığı evin həyətində əkdiyi toxumlardan əldə etdiyini bildirir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ona məxsus “Nokia” markalı mobil telefon, siqaret qutusu, alışqan və 10 manat pul əskinası aşkar edilir. Bükülü elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisi 10,5 qram olduğu müəyyən olunur. Narkotik vasitə zərfdə qablaşdırılır, zərf möhürlənir və baxış iştirakçılarının hər biri tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə onun icazəsi ilə baxış keçirilir və baxış zamanı evin girişində olan pəncərənin qarşısında 01 ədəd qırmızı rəngli bükülü aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içində narkotik vasitə marixuana olduğunu bildirir. Həmin 2 büküm elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisi 2,2 qram olduğu müəyyən olunur. Narkotik vasitə zərfdə qablaşdırılır, zərf möhürlənir və baxış iştirakçılarının hər biri tərəfindən imzalanır. Yaşayış evinə əlavə baxış zamanı qadağan olunmuş başqa hər hansı vasitə aşkar olunmur. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cı il tarixdə saat 00:10 radələrində Quba rayonu, İ Nügədi kəndində yaşadığı evin qarşısında Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 01 ədəd göy rəngli bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış zamanı onun içərisində yaşıl rəngli kütlə aşkar edilmişdir. Həmin bükülü “CONSTANT 14192-33” markalı elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisi 10,5 qram olduğu müəyyən olunmuşdur. Əlavə olaraq onun üzərinə axtarış zamanı özünə məxsus Nokia markalı mobil telefon və 10 manat pul əskinası aşkar edilmişdir. Pul əskinası özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir; “baxış keçirilməsi barədə” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə saat 00:25-də Quba rayonu, İ Nügədi kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə onun icazəsi ilə keçirilmiş baxış zamanı evin girişində olan pəncərənin qarşısında 2 büküm 2,2 qram çəkidə yaşıl rəngli kütlə aşkar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) xx.xx.2022-ci il tarixli 7/1107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kağız qırmızı sellofan bükülülərdə təmiz çəkiləri 0,334 qram və 1,142 qram və evindən götürülmüş bir ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi 9,782 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 11,258 qramdır, tədqiqata sərf edildi -0,06 qram, qalıq isə 11,198 qramdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 21 oktyabr 2022-ci il tarixli 6212 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 27 sentyabr 2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi istintaq hərəkətinin görüntüsü əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, cinayət işi üzrə keçirilmiş məhkəmə bioloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 7/1107 saylı ekspert rəyi və məhkəmə narkoloji ekspertizasının 21 oktyabr 2022-ci il tarixli 6212 saylı ekspert rəyi sübutun bir növü kimi qiymətləndirilmiş, 27 sentyabr 2022-ci il tarixli protokollarla qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni 11,198 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 14 noyabr 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həminn xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri onun özünün etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın cəmi çəkisi 11,258 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 sentyabr 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon prokuroru Namiq Muradovun 28 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir; “qətimkan tədbiri seçilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 2-ci hissəsi, 215-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyinin 29 sentyabr 2022-ci il tarixli 95 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Quba rayonu, İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; məhkəmə elektron bazasından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Hacı adında yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 11,198 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 11,198 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar