Məhkəmə qərarları › İş №1(027)-206/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-206/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-206/2022 28.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Sabir küçəsi, ev 39-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,555 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,272 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 04 oktyabr tarixdə, saat 16 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən, "Kontakt Home" mağazalar şəbəkəsinin Quba filialının yaxınlığında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli gödəkçəsinin sol yan cibindən 15 ədəd tünd göy rəngli kağız bükümdə ayrı-ayrılqda xalis çəkiləri 0,572, 0,014, 0,018, 0,096, 0,053, 0,021, 0,044, 0,047, 0,216, 0,044, 0,048, 0,081, 0,117, 0,027 və 0,157 qram olmaqla ümumi xalis çəkisi 1,555 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə xalis çəkisi 0,272 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Quba şəhəri, Sabir küçəsi, ev 39-da ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, 2-ci qrup əlildir. 2-3 aydır ki, “kakos və ya kola” kimi tanınan narkotik vasitə heroindən və “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamindən falqaya doldurub çəkmək üsulu ilə istifadə edir. 03 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında əsgər yoldaşı ilə görüşmək üçün Bakı şəhərinə getmişdir. Əsgər yoldaşının yaşadığı yerdə evlər söküldüyü üçün tapa bilməyərək gecə saatlarına kimi Bakı şəhərində gəzişmişdir. Sonra Qubaya qayıtmaq məqsədilə Bakı-Quba taksilərinin dayandığı Bakı şəhəri, "Şamaxinka" adlanan əraziyə gəlmişdir. 04 oktyabr 2022-ci il tarixdə, saat 05 radələrində "Şamaxinka" adlanan ərazidə Qubaya gedən taksiləri gözləyərkən tanımadığı dörd nəfər şəxs ona yaxınlaşmış və onlardan biri ona satılıq qızıl təklif edəndə, lazım olmadığını bildirmişdir. Həmin şəxs ondan soruşmuşdur ki, "narkotik istifadə etmirsən, belə bir şey də var məndə, 100 manata verərəm, rayona getməyə pulum yoxdur". O, narkotik istifadəçisi olduğundan həmin şəxsin təklifini qəbul etmiş, lakin 60 manat pulu olduğunu bildirmişdir. Həmin şəxs 60 manata razılaşaraq ona bir bükümdə heroin və bir bükümdə mateamfetamin vermişdir. Bükümləri alandan sonra açıb baxanda görmüşdür ki, heroin bükümün içərisində 15 ədəd büküm var, yəni heroin 15 bükümdən ibarətdir. Heroin bükümlərindən böyük olanını götürüb ayrıca saxlamışdır. 14 xırda bükümü isə həmin bir bükümün içərisində saxlamışdır. Aldığı heroindən saat 08 radələrində bir az çəkmiş və sonra Qubaya yola düşmüşdür. Saat 10:30 radələrində Quba şəhərinə çataraq çayxanalardan birində oturmuşdur. Sonra sinif yoldaşı Fəxrəddinlə zəngləşərək çay içmək üçün görüş təyin etmişdir. 04 oktyabr tarixdə, saat 16 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən, "Kontakt Home" mağazalar şəbəkəsinin Quba filialının yaxınlığında Fəxrəddinlə görüşüb salamlaşaraq yolu keçəmək istəyəndə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Qnlar özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Özünü Quba RPŞ-nin təhqiqatçısı Xəzər Nəcəfov kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və oradakı polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah etmişlər. Q, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, üzərində olan narkotik vasitəni və psixotrop maddəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki göy rəngli gödəkçənin sol yan cibindən içərisində heroin olan iki ədəd tünd göy rəngli kağız bükümü və içərisində metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü, digər ciblərindən mobil telefonunu, şəxsiyyət vəsiqəsini və başqa şəxsi əşyalarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Böyük kağız bükümü açarkən içərisindən 14 ədəd tünd göy rəngli xırda kağız büküm aşkar edilmişdir. Həmin 14 ədəd bükümü və digər kağız bükümü açarkən içərilərindən qəhvəyi, bir ədəd şəffaf sellofan bükümü açarkən isə içərisindən ağ rəngli kristal şəkilli kütlələr aşkar olunmuşdur ki, o, qəhvəyi rəngli kütlənin “kakos və ya kola” kimi tanınan narkotik vasitə heroin, ağ rəngli kütlənin isə “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu etiraf edərək, onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bükümləri elektron tərəzidə çəkərkən içərilərindən heroin aşkar olunmuş cəmi 15 ədəd kağız büküm hamısı birlikdə 3,6 qram, içərisindən metamfetamin aşkar olunmuş bir ədəd sellofan büküm isə 0,5 qram təşkil etmişdir. Bükümlər tərəzidə çəkildikdən sonra metamfetamin bükümü 15 ədəd heroin bükümdən ayrıca olmaqla ümumilikdə 16 ədəd büküm iki ədəd ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırılmış zərfin üzərinə o, özü də daxil olmaqla iştirakçılar imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, özünü narkotik vasitələrin qanunsuz saxlanılmasında və istifadə edilməsində təqsirli bildiyini göstərib məhkəmədən onun barəsində qanuna müvafiq qaydada hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili işləməklə polis leytenantı rütbəsindədir. Quba şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmişdir. Məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, şöbənin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkklili Şahid2 və əməliyyat müvəkkili Şahid3, həmçinin şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Quba şəhəri, H.Əliyev prospektində yerləşən, "Kontakt Home" mağazalar şəbəkəsinin Quba filialının yaxınlığında olmasını müəyyən etmiş və 04 oktyabr tarixdə, saat 16 radələrində həmin yerdə sonrdan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi X6 ilə salamlaşıb görüşərək yolu keçmək istəyən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi onlar Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. X10 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd tünd göy rəngli kağız bükümü və bir ədəd şəffaf rəngli sellofan bükümü, digər ciblərindən şəxsiyyət vəsiqəsi, mobil telefon və başqa şəxsi əşyalarını çıxarıb polis əməkdaşlarına, yəni onlara məxsus avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Böyük kağız bükümü açarkən içərisindən 14 ədəd tünd göy rəngli xırda kağız büküm aşkar edilmişdir. Həmin 14 ədəd bükümü və digər kağız bükümü açarkən içərilərindən qəhvəyi, bir ədəd şəffaf rəngli sellofan bükümü açarkən isə içərisindən ağ rəngli kristal şəkilli kütlələr aşkar olunmuşdur ki. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlənin “kakos və ya kola” kimi tanıdığı narkotik vasitə heroin, ağ rəngli kütlənin isə “şüşə və ya patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu etiraf edərək, onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bükümləri elektron tərəzidə çəkərkən içərilərindən qəhvəyi rəngli kütlə aşkar olunmuş cəmi 15 ədəd kağız büküm hamısı birlikdə 3,6 qram, içərisindən kristal şəkilli kütlə aşkar olunmuş sellofan büküm isə 0,5 qram təşkil etmişdir. Bükümlər tərəzidə çəkildikdən sonra bir ədəd sellofan büküm 15 ədəd kağız bükümdən ayrıca olmaqla ümumilikdə 16 ədəd büküm iki ədəd ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O da daxil olmaqla bütün iştirakçılar maddi sübut kimi götürülmüş bükümlərin olduğu zərflərin üzərinə imzalayaraq qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan heçnə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olması barədə X2 məlumatı olmamışdır. Fəxrəddin Rəhimovun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid1 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasın 05 oktyabr 2022-ci il tarixli, 6/5700 nömrəli ekspert rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 67” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan 2 (iki) zərfdəki 15 (on beş) ədəd bükümdə ümumi təmiz çəkisi 1,555 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 572, 0,014, 0,018, 0,096, 0,053, 0,021, 0,044, 0,047, 0,216, 0,044, 0,048, 0,081, 0,117, 0,027 və 0,157) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,272 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 1,555 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,19 qram, qalıq - 1,365 qram. Metamfetaminin ümumi çəkisi - 0,272 qram, tədqiqata sərf edilən miqdar -0,05 qram, qalıq -0,222 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 6419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 7 oğlunda opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Yədullla oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Yədullla oğluna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Yədullla oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yədullla oğlu məhkum olunmamışdır. İşdə olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər lƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünr ki, Pərvini X8 şəhəri, Sabir küçəsi, ev 39-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan DSMF-nun Quba rayon şöbəsinin tərəfindən verilmiş 021340 saylı, xx.xx.2019-cu il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Yədullla oğlu 2-ci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən,əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və ilk dəfə az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Yədullla oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs Yədullla oğlunun təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Yədullla oğluna cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs Yədullla oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Yədullla oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Yədullla oğlunun barəsində 06 oktyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarınnda olan məhkəmə hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yədullla oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs Yədullla oğlunun 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutlduğu 02 gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yədullla oğluna azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətinmkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yədullla oğlunun cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yədullla oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Yədullla oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yədullla oğlundan 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X1 tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan, ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 1,365 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,222 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Yədullla oğlundan 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dğrd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan, ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 1,365 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi çəkisi 0,222 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar