Məhkəmə qərarları › İş №1(027)-21/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-21/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-21/2023 11.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və İskəndərov Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Quba rayonu, Üçgün kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə xx xxxxxx 1994-cü il tarixdə Quba rayonu, Üçgün kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 21 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı Quba rayonu, Üçgün kəndində yerləşən bulağın yanında "xxxx" ASC-nin X2 nəzarətçi mühəndis işləyən Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs1 çənəsindən vurduqdan sonra, Zərərçəkmiş şəxs1 çağırışı əsasında həmin gün saat 20 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Quba şəhəri A.Əhmədov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi avtoyuma məntəqəsininə gedərək məntəqənin istirahət otağında Zərərçəkmiş şəxs1lə yenidən mübahisə edərək əlbəyaxa olub sonuncunu yerə yıxaraq yumruq və təpik zərbləri endirməklə ona “başın yumşaq toxumalarının əziyi, boynunda solda və sol bazu nahiyəsindəki qançırlar”dan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra, hadisə yerinə gəlmiş avtoyuma məntəqəsində yuyucu işləyən İskəndərov Zərərçəkmiş şəxs2 onun hərəkətlərinə kobud formada irad bildirdiyi üçün dirsək zərbəsi ilə sonuncunun çənəsinə vurarq ona “alt çənənin selikli qişasında qançır-qansızma alt çənə sümüyünün sol şaxəsinin qapalı az yerini dəyişən sınığı”dan ibarət xəsarətlər yetirməklə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 21 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Quba rayonu, Üçgün kəndindən həmkəndlisi Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Quba şəhəri, A.Əhmədov küçəsində yerləşən avtoyuma məntəqəsinə gələrək avtoyuma məntəqəsinin istirahət otağında Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 mübahisə edərək dalaşdıqlarını görüb Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncuya yumruq zərbəsi vurub ona “sol göz orbiti ətrafında qançır-hematoma, başın tüklü hissəsinin yumşaq toxumalarının əziyi, boynunda solda və sol bazunun iç səthində qançırlar”dan ibarət xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respubliksı CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Quba rayonu, Üçgün kəndi ərazisində meşədən qardaşı Fəqan ilə birlikdə piyada gələn zaman yolun kənarında bulağın qarşısında “VAZ 2107” markalı avtomobilin dayandığını görüb avtomobilin sükanı arxasında əyləşən şəxsə yaxınlaşıb nə məqsədlə gəldiyini soruşmuşdur. Sürücü ona cavab verməmiş, avtomobilin qabaq oturacağında əyləşmiş Əkbər adlı şəxs ona kobud cavab verdiyi üçün aralarında mübahisə yaranmış və o, əsəbləşib Əkbərin sifətindən 1 dəfə yumruqla vurmuşdur. Avtomobilin sürücüsü və onun qardaşı Fəqan onları ayırmışlar. Onlar çıxıb getmək istəyən zaman Əkbər mobil telefonu əlinə götürüb DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmiş və onun mobil nömrəsini istəmişdir. Onlar çıxıb getdikdən 30 dəqiqə sonra Əkbər ona zəng edib şikayətini geri götürdüyü bildirmiş və onu Quba şəhərində söhbət etməyi təklif etmişdir. O da razılaşmışdır. Həmin gün axşam saat 20 radələrində Əkbər onu Quba şəhərində avtoyuma məntəqəsində çağırmış, o da kənddən çıxıb özünə məxsus avtomobili ilə Quba şəhərinə yola düşmüşdür. Yolda dostu Mahiri görmüş, Mahirə olanları danışdıqdan sonra sonuncu onunla getmək qərarına gəlmişdir. Onlar avtoyuma məntəqəsinin yaxınlığında Əkbərlə görüşmüş, birlikdə avtoyuma məntəqəsinə getmişlər. Həmin vaxt orada Əkbərin dostu Rza da olmuşdur. İçəri keçəndə Əkbər onunla təklikdə söhbət edəcəyini bildirmiş və onlar avtoyuma məntəqəsinin içərisindəki otağa keçmişlər. Mahir və Rza çöldə gözləmişlər. Əkbər qapını içəridən bağlamış və ondan Üçgün kəndi ərazisində yumruqla vurmasının səbəbini sorumuşdur. O da Əkbərə vurmaq fikri olmadığını, əsəbləşdiyi üçün bu hərəkəti etdiyini bildirmişdir. Həmin vaxt Əkbər onun baş nahiyyəsinə yumruq atmışdır. O, yumruq zərbəsindən yayınmış və özü Əkbəri yumruqla vurmuşdur. Bu vaxt çöldə olan Rza qapını açıb içəri daxil olmuş və ikisi birlikdə onun üstünə hücum etmişlər. Bunları Mahir kənardan görmüş və yaxınlaşıb onları ayırmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, təsqirləndirilən şəxs bildirdi ki, mübahisə zamanı Əkbəri və Rzanı vurmuşdur. O, əvvəldən dalaşmaq niyyətində olmamış, avtoyuma məntəqəsinə də, mübahisə etmək və dalaşmaq məsədilə gəlməmişdir. Onun əvvəldən məqsədi Quba şəhərində əmisi oğlu ilə görüşmək olmuşdur. Əkbər onu söhbət etməyə çağırdığı üçün ilk olaraq Əkbərin yanına getmişdir. Oradan çıxıb əmisi oğlu ilə görüşmək istəmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Sonda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Quba rayonunun Üçgün kəndi ərazisində Turanla rastlaşmış, Turanla söhbət zamanı, sonuncu ona əmisi oğlu ilə görüşəcəyini bildirmiş, o da Turanla getmişdir. Yolda Turan ona bir neçə saat əvvəl Üçgün kəndində Əkbər adlı şəxslə aralarında mübahisə olmasını və əmisi oğlu ilə görüşə getməmişdən əvvəl Əkbər adlı şəxslə avtoyuma məntəqəsində görüşəcəyini bildirmişdir. O Turanla birlikdə Quba şəhərində yerləşən avtoyuma məntəqəsinin yaxınlığılna getmiş, orada Əkbər adlı şəxslə görüşüb məntəqəyə daxil olmuşlar. Əkbər Turanla təklikdə söhbət edəcəyini bildirərək ona və içəridə olan dostuna çöldə gözləmələrini demişdir. Əkbər Turanla birlikdə avtoyuma məntəqəsinin içərisində olan otağa daxil olmuş və qapını bağlamışdır. O Əkbərin dostu isə çöldə qalmışdır. Bir qədər sonra Turan ilə Əkbərin olduqları otaqdan dava-dalaş səsi eşidib otağa daxil olmuşlar. Rza isə ondan əvvəl içəri daxil olmuşdur. O, içəri daxil olduqda Əkbər və Rza ilə birlikdə Turanı vurduqlarını görmüş və onlara yaxınlaşıb ayırmışdır. Əkbərin Turanın boğazından tutub sıxdığını görüb Turanı buraxması üçün Əkbərin bədən nahiyəsinə 2 dəfə yumruqla vurmuş, sonra Əkbəri tutub çölə çıxartmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, təsqirləndirilən şəxs bildirdi ki, o, Əkbəri yumruqla vursa da, Rzanı vurmamışdır. Turan əvvəldən dalaşmaq niyyətində olmamış, avtoyuma məntəqəsinə də, mübahisə etmək və dalaşmaq məsədilə getməmişdir. Turanın əvvəldən məqsədi Quba şəhərində əmisi oğlu ilə görüşmək olmuş, Əkbər onu söhbət etməyə çağırdığı üçün getmişdir. O da Əkbəri vurmaq istəməmiş, Əkbəri Turandan ayırmaq üçün bu hərəkətə yol vermişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Sonda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 btidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, "xxxx" ASC-nin X2 nəzarətçi mühəndis vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində xidməti ərazisi olan Quba rayonunun Üçgün kəndinin ərazisində taksi sürücüsü Mahir adlı şəxslə Üçgün kəndi ərazisində bulağın qarşısında dayanıb bulaq suyu içmişdir. Bu zaman Turan və Mahir adlı şəxslər yol ilə getmişlər. Turan avtomobilə yaxınlaşmış, nə məqsədlə orada dayandığını soruşmuşdur. O, işlə bağlı gəldiyini, iş saatı bitdikdən sonra gedəcəyini bildirmişdir. Həmin vaxtı Turan onu avtomobildən düşürmüş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zəminində Turan yumruqla 1 dəfə çənə nahiyyəsinə vurub yerə yıxmışdır. Sonra onlar bir-birilərinin əlaqə nömrəsini almışlar ki, görüşüb söhbət etsinlər. O, oradan çıxıb Quba şəhərinə getmiş, yolda Turana zəng edib barəsində polisə şikayət etdiyini, lakin sonradan şikayətini geri götürdüyünü, öz aralarında söhbəti bağlamaq niyətində olduğunu bildirmiş və Quba şəhərinə söhbət etməyə dəvət etmişdir. Həmin gün axşam saat 20 radələrində o, Quba şəhərində yerləşən avtoyuma məntəqəsində olan zaman Turan ona zəng edərək Qubada olduğunu bildirmiş və görüşə çağırmışdır. O, avtoyuma məntəqəsində olduğunu, çıxa bilmədiyini demiş və avtoyuma məntəqəsinə çağırmışdır. Turan ilə Mahir avtoyuma məntəqəsinə gəlmiş, Mahirlə onun yanında olan dostu Rza çöldə qalmış, o isə Turanla avtoyuma məntəqəsinin baş tərəfində olan otağa keçmiş və qapını içəridən bağlanmışdır. Turana Üçgün kəndində olan hadisə ilə bağlı irad bildirmiş, Turan da onu yumruqla vurub yerə yıxmışdır. Rza onları ayırmaq üçün içəri daxil olmuş, Turanı çölə çıxartmaq istəyərkən Turan Rzanı yumruqla baş və sifət nahiyyəsinə vurmuşdur. Həmin vaxt Mahir də içəri girib onu yumruqla döymüşdür. Dava başa çatdıqdan sonra onlar çölə çıxmışlar. Rza Turana irad bildirən zaman sonuncu sağ əlinin dirsək nahiyyəsi ilə Rzanın çənə nahiyyəsinə vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, Turan və Mahir, hər ikisini onu vurub xəsarət yetirmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışdığını, sonunculara qarşı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, barələrində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını nəzərə alaraq, barələrində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İskəndərov Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Əkbərin özünə məxsus Quba şəhəri, A.Əhmədov küçəsində avtoyuma məntəqəsi vardır. O da həmin məntəqədə yuyucu işləyir. Eyni zamanda Əkbər "xxxx" ASC-nin X2 nəzarətçi mühəndis vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o Əkbərlə birlikdə avtoyuma məntəqəsində olan zaman tanımadığı iki nəfər şəxs gəlmişdir. Onlardan biri, sonradan adını bildiyi Turan Əkbərlə birlikdə avtoyumanın içərisində olan otağa girmişdir. Bir qədər sonra o, içəridən dava-dalaş səsini eşidib otağa yaxınlaşmış və içəri keçmişdir. X5 yerə yıxıb döydüyünü görmüşdür. O Turanı tutub çölə çıxartmaq istəyərkən Turan yumruqla sifətinə vurmuş, Turanın dostu Mahir isə içəri girib Əkbəri döymüşdür. Onlar çölə çıxdıqdan sonra Turan ünvanlarına nalayiq sözlər işlətmişdir. O Turala irad bildirən zaman sonuncu sağ əlinin dirsək nahiyyəsi ilə onun sifət nahiyyəsinə vurmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışdığını, sonunculara qarşı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, barələrində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs İskəndərov Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını nəzərə alaraq, barələrində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, qardaşı Turanla birlikdə yaşadığı Quba rayonunun Üçgün kəndi ərazisində meşədən piyada gələn zaman yolun kənarında bulağın qarşısında avtomobilin dayandığını görüb avtomobilə yaxınlaşmışlar. Turan həmin avtomobilin sükan arxasında əyləşən şəxsə nə məqsədlə gəldiyini soruşmuşdur. Sürücü ona cavab verməmiş, avtomobilin qabaq oturacağında əyləşmiş sonradan adını bildiyi Əkbər adlı şəxs ona kobud cavab verdiyi Turanla aralarında mübahisə yaranmışdır. Əkbər avtomobildən düşüb DİN-nin 102 xidmətinə məlumat verəcəyini bildirmiş və söyüş söymüşdür. Turan bundan əsəbləşib Əkbərin sifətindən 1 dəfə yumruqla vurmuşdur. Əkbər aralandıqdan sonra qardaşı Turanın mobil nömrəsini alıb çıxıb getmişdir. O da qardaşı ilə evinə getmişdir. Bir qədər sonra Əkbər adlı şəxs qardaşına zəng edərək şikayətini geri götürdüyünü bildirmiş, söhbət etmək üçün Quba şəhərinə çağırmışdır. Qardaşı Turan da razılaşmışdır. Turanın yanında olmadığı üçün Qubada baş verənlərdən məlumatı olmamışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 və Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iclaslarda iştirak etməmişlər. İş üzrə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Quba şəhərində olan zaman Əkbər ona zəng edərək, avtomobili ilə Quba rayonu, Üçgün kəndinə aparmasını xahiş etmişdir. Əkbər Üçgün kəndində işini bitirdikdən sonra kəndin ərazisində olan bulağın yanında dayanmışlar. Təxminən 5 dəqiqə sonra yol ilə gedən iki nəfər tanımadığı şəxslərdən biri, sonradan adını Turan bildiyi avtomobilə yaxınlaşaraq nə məqsədlə gəldiyini soruşmuşdur. Bu zaman Əkbər Turana işıq idarəsinin əməkdaşı olduğunu, işlə bağlı gəldiyini demişdir. Turan Əkbəri avtomobildən düşürmüş, heç nə demədən onun çənəsinə bir dəfə yumruqla vurmuşdur. O, maşından düşüb onları ayırmışdır. Əkbər DİN-nin 102 xidmətinə məlumat vermişdir. Quba şəhərinə qayıtdıqdan sonra Əkbər ərizəsini geri götürmüşdür. Sonradan Əkbərin yanında olmadığı üçün həmin gün Qubada baş verənlərdən məlumatı olmamışdır. Bu barədə səhərsi gün eşitmişdir. İş üzrə Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Əkbərin digər avtoyuma məntəqəsində, yəni mübahisə olan avtoyuma məntəqəsinə bitişik avtoyuma məntəqəsində olmuş, həmin vaxtı səs-küy eşitməmiş və hər hansı bir dava dalaş görməmişdir. Sonradan Əkbər və Rzanın tanımadığı şəxslər tərəfindən döyüldüyünü eşitmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 22 sentyabr 2022-ci il tarixli, 887 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarət sol göz orbiti ətrafında qançır-hematoma, başın tüklü hissəsinin yumşaq toxumalarının əziyi, boynunda solda və sol bazunun iç səthində qançırlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddətinin qərarda göstərilən tarixdə, yəni 21 sentyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, hər bir xəsarətin ayrı-ayrılıqda dərəcəsinə gəlincə sol göz orbitindəki qançır-hematoma sağlamlığa qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül dərəcə zərər vurmaya, başın yumşaq toxumalarının əziyi, boynunda solda və sol bazu nahiyyəsindəki qançırlar istər ayrı-ayrılıqda, istərsədə birlikdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 22 sentyabr 2022-ci il tarixli, 888 nömrəli rəyindən görünür ki, İskəndərov Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarət – alt çənənin selikli qişasında qançır-qansızma alt çənə sümüyünün sol şaxəsinin qapalı az yerini dəyişən sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddətinin qərarda göstərilən tarixdə, yəni 21 sentyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs1 aid sənədlərə baxış zamanı müəyyən edildi ki: - Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ittiham elan olunmuşdur; - Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Həmçinin Təqsirləndirilən şəxs2 aid sənədlərdən görünür ki, - Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ittiham elan olunmuşdur; - Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə iclasında zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq, onların cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki: - Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir; - Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir; İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar