Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-215/2022 28.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4 hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Quba rayonu, Qalaxudat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Xınalıq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə saat 18:40 radələrində idarə etdiyi “VAZ-21063” markalı AZ**-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla saatda 70 km/sürətlə Quba-Xınalıq yolunun 57-ci km-də, Quba şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarçasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin vaxtı Quba rayonu, Xınalıq kəndi ərazisinin çıxışında kəskin enişli və dönüşlü yerdə idarəetməni itirərək avtomaşını yolun sağ tərəfinə yönəltməsi zamanı maşını 6-7 metr hündürlükdən dərəyə aşırmaqla yol hərəkəti qaydalarını pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində maşında sərnişin olan zərərçəkmiş şəxs X4 ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxsin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, VAZ 21063 markalı AZ **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 23 oktyabr 2022-ci il tarixdə axşam saatlarında həmin avtomobili saatda 70 km/sürətlə Quba-Xınalıq yolunda idarə edərkən Xınalıq kəndindən çıxacaqda döngəli və kəskin enişli yerdə maşınını yolun sağ tərəfinə yönəldərkən idarəetməni itirərək avtomobili dərəyə aşırmışdır. Həmin vaxt avtomobildə olan sərnişin X9 zərbənin təsirindən hadisə yerində ölmüşdür. Özü isə müxtəlif bədən xəsarətləri almış və huşunu itirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, hadisə baş verən gün hava qaranlıq, yol isə dar olmaqla yanaşı payız fəsli olduğu üçün yaş olmuşdur. Avtobobillə hərəkətdə olarkən qarşıdan avtomobilin gəldiyini görmüş və yol dar olduğu üçün qarşıda gələn avtomobilə yol vermək məqsədilə, avtomobili yolun ehtiyyat hissəsinə verib saxlamadan, təxminən 20 sm asfalt örtükdən kənara çıxmış və geri öz hərəkət yoluna qayıdan zaman avtomobil sürüşüb əvvəl daşa dəymiş sonra dərəyə aşmışdır. Sözügedən yol onun daimi gəlib getdiyi yol olsa da, hava şəraiti ilə əlaqədar həmin gün idarəetməni itirmişdir. Hadisənin qarşısını almaq məqsədilə əyləcə bassa da, yol sürüşkən olduğundan avtomobili saxlaya bilməmişdir. Hadisə vaxtı sərxoş olmamış və avtomobildə Rauf Lalayevdən başqa sərnişin də olmamışdır. Hadisədən sonra o, mərhumun ailəsinə maddi və mənəvi dəstək olmuş, dəfn və hüzür mərasimlərində iştirak etmişdir. Hazırda zərərçəkmişin hüquqi varisi ilə barışmışdır. O törətdiyi əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X4 hüquqi varisi X10 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, X9 onun atasıdır. 23 oktyabr 2022-ci il tarixdə axşam saatlarında əmisi ona atası Raufun tanışı Şixbabanın idarə etdiyi “VAZ 21063” markalı avtomobildə olarkən maşının Quba rayonu, Xınalıq kəndi ərazisində dərəyə aşması nəticəsində aldığı xəsarətlərin təsirindən ölməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs mərhum atasının dəfn mərasimində iştirak etmiş, maddi və mənəvi dəstək olmuşdur. Hadisəni törədən Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayəti və ya tələbi yoxdur, sonuncu ilə barışmışdır. Göstərdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 hüquqi varisi X10 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Qırız-Dəhnə kəndində yaşayır. Hadisənin bilavasitə şahidi olmamışdır. Hadisədən sonra yoldan keçən zaman hadisənin baş verdiyini, ətrafda isə polis əməkdaşlarının olmasını görmüşdür. Həmin vaxt orada hadisə alan və ölən şəxsi görməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o da Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 29 oktyabr 2022-ci il tarixli 929 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarət-başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin və sol bazunun sıyrılmış yaraları, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan sol tərəfdən İX-Xİİ qabırğaların sınığı, Xİİ döş fəqərəsi və İ bel fəqərəsinin sınığı, sağ əlin İİİ barmağının sınığı olub küt əşyanın təsirindən törənmiş və hadisənin baş verdiyi vaxta, yəni 23 oktyabr 2022-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarətlər həyat üçün təhlükəli olduğundan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin (meyitin məhkəmə-tibbi ekspertizası) 24 oktyabr 2022-ci il tarixli 46 nömrəli rəyindən görünür ki, X1 meyitinin xarici müayinəsi zamanı onun başın kəskin deformasiyası, kəllə sümüklərinin sümük xırçıltı səsi, sol gözü göz yuvasından bir qədər önə çıxması, təpə-alın nahiyəsində və sifətində çoxsaylı və xırda ölçülü sıyrıqlar, bütöv sifət sümükləri sınıqları, sol burun qanadından beyin maddəsinin xaric olması, sağ burun və sağ qulaq dəliklərində qan, boynun pataloji hərəkətliyi, daxili müayinəsi zamanı AKBT, baş-beyninin əzilib dağılması, baş beyin və beyinçik maddəsinə qansızmalar, kəllə tağı, sifət sümüklərinin və kəllə əsası sümüklərin sınıqları aşkar edilmişdir ki, bunlar da Rauf Lalayevin ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsirindən, 23 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi. Həmin xəsarətlər həyat üçün təhlükəli olduğundan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və solisilatlar aşkar edilməmişdir. X4 ölümünə səbəb AKBT-sı halında kəllə, sifət və kəllə əsası sınıqları ilə müşayiət olunan baş-beyinə qansızma olmuşdur və birbaşa yolnəqliyyat hadisəsi ilə səbəbli əlaqəsi vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası) 15 noyabr 2022-ci il tarixli 8/3052 nömrəli rəyindən görünür ki, “VAZ-21063” markalı AZ **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin hadisə yeri Quba rayonu Xınalıq kəndi ərazisində, Quba- Xınalıq yolunun 57-ci km-nin döngəli və kəskin enişli hissəsində yerləşir. Hadisə yerində yol dar, birtərəfli, asfaltbeton örtüklü və quru olub eni 4,0 metr təşkil edir. Yolda sürücünün görmə qabiliyyətini məhdudlaşdıran heç bir maneə yoxdur. Hadisə anında Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “VAZ-21063” markalı AZ **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşın Quba şəhəri istiqamətində 70 km/saat sürəti ilə hərəkətdə olmuşdur. Baxış zamanı maşının hərəkət istiqaməti üzrə yolun sağ kənarında olan 4 kolluqların dağıdılmış vəziyyətdə olması və maşının həmin yerdən təxminən 6-7 metr hündürlükdən aşmış olması müşahidə edilmişdir. Hadisə yerində yolun sağ kənarı boyunca uzanan və maşının aşdığı nöqtədə başa çatan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21063” markalı avtomobilə aid 10 metr uzunluğunda təkər izlərinin olması müşahidə edilmişdir, digər avtomobillərə aid hər hansı təkər və ya tormoz izləri isə müşahidə edilməmişdir. Avtomobilin aşdığı yerdən yolun sol tərəfinə kimi 4,0 metr məsafə vardır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edililr. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin 1 hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbirinin seçilməsi haqqında” 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; 23 oktyabr 2022-ci il tarixli 05389 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi protokolundan görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs hadisə günü ayıq olmuşdur; Quba RİHB-nın Xınalıq kənd İƏD üzrə nümayəndəliyin 31 oktyabr 2022-ci il tarixli 206 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur; məhkəmənin elektron portalından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü Pərvin adında oğlu vardır; AE 619178 nömrəli sürücülük vəsiqəsinin əslindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır; Quba RPŞ DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs AE 619178 saylı, BC dərəcəli sürücülük vəsiqəsi vardır və o sürücülük hüququndan məhrum olunmamışdır; Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİTBŞ tərəfindən verilmiş AD № 608184 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “VAZ 21063 minik” markalı avtomobil X3 məxsusdur; nəqliyyat vasitələrin istifadə edilməsi haqqında etibarnamənin sürətindən görünür ki, X6 mülkiyyətində olan “VAZ 21063 minik” markalı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir; X5 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, vurduğu zərəri aradan qaldırmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 59.1.11-59.1.13-cü maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-215/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-215/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver