Məhkəmə qərarları › İş №1(027)-22/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-22/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-22/2023 25.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci ildə Quba rayonu, Alıc-Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkum olunmamış, Quba rayonu, Amsar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 15 oktyabr 2022ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Quba rayonu Amsar kəndində yerləşən kafeyə həmin kafenin plastik qapısının şüşəsinin sındırlması yolu ilə daxil olaraq kafenin mətbəxindəki divara bərkidilmiş mebel rəfinin yuxarı gözündə olan içərisində 430 manat pul olan şüşə balonu gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində o, Quba rayonu, Amsar kəndində yerləşən kafeyə müştəri qismində girib 8 bokal pivə içmişdir. 15 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində o, kafedən çıxıb kəndin içərisində bir qədər gəzdikdən sonra, cibində pulu olmadığı üçün qərara gəlmişdir ki, pivə içdiyi kafeyə girib oğurluq etsin. Kafenin daimi müştərisi olduğu üçün orada pul saxlanılan yeri bilmişdir. Təxminən saat 02 radələrində o, kafeyə yaxınlaşıb plastik qapısının şüşəsini təpiklə vurub sındırmışdır. Sonra əlini içəriyə salıb qapının kilidini açmış, kafenin içərisinə keçmişdir. Kafenin mətbəxində olan və içərisində qəpik pullar olan şüşə balonu götürüb çölə çıxmışdır. O, kafedən uzaqlaşdıqdan sonra balonu sındırıb içərisindəki pullara baxdıqda 64 manat 60 qəpikdən ibarət qəpik pullardan və 50 manat məbləğində 1 manatlıq və 5 manatlıq kağız əskinaslardan ibarət pullar olduğunu görmüşdür. O, həmin pulları əyninəki gödəkcənin ciblərinə qoymuşdur. Daha sonra tanımadığı taksi avtomobili ilə Quba şəhərinə gəlmişdir. Quba şəhərində Araz marketdən pivə, digər spirtli içkilər və siqaret almışdır. Səhər açıldıqdan sonra, Əli Ticarət Mərkəzinin içərisində yerləşən kafedə iki bokal pivə içmişdir. Sonra hesabı verib kafedən çıxmışdır. Həmin vaxtı atası Qorxmaz onun mobil telefonuna zəng vurub kafedən oğurluq edibetmədiyini soruşmuş, o, atasına kafedən oğurluq etdiyini demişdir. Sonra o, evə gəlmişdir. Az sonra Quba RPŞ-nin əməkdaşları yaşadığı evə gəlib onu oğurluq etməkdə şübhəli olduğu üçün Quba RPŞ-nə aparmışlar. Polis şöbəsində o, səmimi olaraq Quba rayonu Amsar kəndində yerləşən kafedən oğurluq etdiyini etiraf etmişdir. Oğurluq edərkən heç kəs ona köməklik etməmişdir. Həmin oğurluqları tək törətmişdir. Kafedən götürdüyü pulları, Quba şəhəri ərazisində Araz marketdən pivə, spirtli içki və siqaret almışdır. Bir hissəsinə Əli ticarət mərkəzində yerləşən kafedən iki bokal pivə almış, qalan 64 manat 60 qəpiyi isə polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəyib onunla barışıq əldə etdiyini, törətdiyi əməldən peşman oluduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir aydır ki, Quba rayonu, Amsar kəndində yerləşən kafeni icarəyə götürüb işlədir. O, hər gün saat 10 radələrində kafeni açır, axşam saat 24 radələrində isə kafeni bağlayıb evinə gedir. Kafedən gəlir əldə etdiyi pulları kafenin mətbəxində divara bərkidilmiş mebel rəfinin üst gözünə qoyur. 14 oktyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində o, kafeni açıb işə başlamışdır. Həmin gün saat 24 radələrində qapını bağlayıb evə getmişdir. 15 oktyabr 2022-ci il tartixdə səhər saat 10 radələrində o, kafeyə gəldikdə kafenin plastik materialdan olan giriş qapısının şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. O, mətbəxə girdikdə divara bərkidilmiş mebel rəfinin üst gözünə qoyduğu içərisində 350 manat məbləğində kağız əskinaslar və 80 manat məbləğində qəpik pullar olan şüşə balonun yerində olmadığını görmüşdür. O, kafedən oğurluq olduğunu başa düşüb Quba RPŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Quba RPŞ-nə ərizə ilə müraciət edərkən əvvəlcə kafedən 120 manat oğurlandığını hesab etmişdir. Sonradan kafedəki gəlirləri hesabladıqda 430 manat pulun oğurlandığını müəyyən etmişdir. Ərizəsi əsasında Quba rayon polis şöbəsində aparılmış araşdırma zamanı onun işlətdiyi kafedən oğurluq etmiş şəxsin Quba rayonunun Amsar kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki o, iki ildir ki, Quba şəhərindəki Əli Ticarət Mərkəzinin ərazisində çayxana işlədir. Onun işlətdiyi kafedə müştərilərə çay və pivə satılır. 15 oktyabr 2022-ci il tarixdə səhər saatlarında o, işlətdiyi çayxanada olarkən bir nəfər üzdən tanıdığı sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs onun işlətdiyi çayxanaya gəlmişdir. Cəsarət həmin vaxtı 2 bokal pivə sifariş vermişdir. O, pivəni içib bir manatlıq qəpik pulları ona verdikdə həmin qəpiklərin palçıqlı olduğunu görüb şübhələnmişdir. O, Cəsarətdən həmin pulların oğurlayıb-oğurlamadığını soruşmuşdur. Cəsarət ona həmin gecə Quba rayonu, Amsar kəndindəki kafedən pulları oğurladığını bildirmişdir. Ona görə də o, Cəsarətin verdiyi pulları qəbul etməmişdir. Sonra Cəsarət çıxıb getmişdir. Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məkum olunmamışdır. İş materialında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli, 425 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Amsar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materialında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan № İ-32321 və № İ-3360 saylı vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ-ci Qarabağ müharibəsi iştirakcısı olmaqla “Vətən müharibəsi iştirakcısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş maddi ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və İİ Qarabağ muharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında oaln təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 oktyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, X1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan 64 manat 40 qəpik pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 24:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut olan 64 manat 40 qəpik pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə müsadirə olunası əmlakın, məhkəmə xərcinin, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar