Məhkəmə qərarları › İş №1(027)-22/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-22/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-22/2024 08.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001 -ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Quba şəhəri, M.Qonaq küçəsi, ev 1, mənzil 2-də qeydiyyatda olan və yaşayan, 10 sentyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından, yəni 0,15 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 0,354 qram narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamışdır. Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 09 sentyabr 2023-cü il tarixdə, saat 00:00 radələrində Quba şəhəri, M.Qorki küçəsində, “beşmərtəbəli" evin yanında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli, cins materiallı şalvarın sağ yan cibində olan “Winchester” markalı siqaret qutusunun içərisindəki bir ədəd kağız bükümdə xalis çəkisi 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Milli Aviasiya Akademiyasının kosmik texnologiyalar mühəndisliyi fakültəsini bitirmişdir. 2023-cü ilin əvvəlindən narkotik vasitə heroindən təxminən bir ay istifadə edərək tərgitmiş, tutulmamışdan bir ay əvvəl yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 08 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Xaçmaz şəhərində yerləşən “Xaçmaz dairəsi” kimi tanınan ərazidə yerdən içərisində bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə heroin olan “Winchester” markalı siqaret qutusu tapmış və həmin narkotik vasitəni kələcəkdə istifadə etmək məqsədi ilə şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. Bundan bir neçə saat sonra, Quba şəhərinə gəlmiş və 09 sentyabr 2023-cü il tarixdə, saat 00:00 radələrində köhnə avtovağzal ərazisində piyada "Al market” istiqamətində gedərkən “beşmərtəbəli” binanın yanında Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları dəvət etdikləri təhqiqatçı və vəkil gələnə kimi onu daim nəzarətdə saxlanılmışlar. Hadisə yerinə dəvət olunmuş təhqiqatçı şübhəli şəxs qismində tutulduğunu ona elan edərək vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə edilməklə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, təqdim etməyi təklif etmişdir. O əynindəki boz rəngli, cins materiallı şalvarın sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi “Winchester” markalı siqaret qutusundakı bir ədəd sarı rəngli kağız bükülünü açarkən içərisindən bir ədəd ağ rəngli kağız büküm və bu bükümü açarkən isə içərisindən açıq qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilmişdir ki, o, bu kütlənin narkotik vasitə heroin olmasını, Xaçmaz şəhərində olarkən yerdən tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqdim etdiyi həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra, bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, axtarış keçirilməsi barədə protokol tərtib edilmiş o və vəkili digər iştirakçılarla yanaşı protokolu imzalanmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ailənin yeganə övladı olduğunu, nişanlanmaqla ailə qurmağa hazırlaşdığını, anasının xroniki xəstə olmaqla daimi qulluğa ehtiyacı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdə, saat 00:00 radələrində, Quba şəhəri, M.Qorki küçəsində olması müəyyən edilib ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamaqla dərhal həmin yerə təhqiqatçı dəvət etmişlər. Hadisə yerinə gəlmiş təhqiqatçısı tərəfindən Rəhman Hacıyevə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edildikdən sonra, şübhəli şəxs qismində tutulması və üzərində şəxsi axtarış aparılması izah edildikdən sonra, Rəhman Hacıyevin üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs digər əşyalarla yanaşı əynindəki boz rəngli, cins materiallı şalvarın sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu onlara təqdim etmişdir. Təqdim edilmiş "Winchester” markalı siqaret qutusundakı bir ədəd sarı rəngli kağız bükülünü açarkən içərisindən bir ədəd ağ rəngli kağız büküm və bu bükümü açarkən isə içərisindən açıq qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilmişdir. Aparılmiş sorğu-sual zamanı Təqsirləndirilən şəxs kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 08 sentyabr 2023-cü il tarixdə axşam saatlarına Xaçmaz şəhərində olarkən yerdən tapdığını və tapdığı narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilldikdən sonra bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş o, digər iştirakçılarla yanaşı protokolu imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 09 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4798 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə xalis çəkisi 0,354 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi çəkisi - 0,354 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,304 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publık hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 sentyabr 2023-cü il tarixli, 6161 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman əynində olan boz rəngli, cins materiallı şalvarın sağ yan cibində olan “Winchester” markalı siqaret qutusunun içərisində narkotik vasitə heroinə bənzər kağızla birlikdə ümumi çəkisi 0.480 qram bükülü aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 0.354 qram narkotik vasitə heroin Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi üz etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra hakimiyyəti Başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ali təhsillidir, fərdi əməklə məşğul olur, subaydır, qeydiyyatda olduğu Quba şəhəri, M.Qonaq küçəsi, ev 1, mənzil 2-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ali təhsilli olmaqla ilk dəfə cinayət məsuliyyətinə əcəlb olunması və gənc olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il taixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 92 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.304 qram heroin məhv edilməli, axtarış və götürmənin videoçəkilişinin qeydə alındığı 1 ədəd CD cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu və Xaçmaz rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.304 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar