Məhkəmə qərarları › İş №1(027)-24/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-24/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-24/2023 31.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Quba rayonu Rustov kəndinə gələrək həmin kənddə Zərərçəkmiş şəxs1 küçədə saxladığı “Mersedes-Bens S350D” markalı “AZ **-BU-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ qapısının aynasını sındıraraq maşının salonundakı “sandıqca” yerindən 7650 AZN manatı ekvivaletində olan 4500 ABŞ dolları və 8000 AZN manatı məbləğində pul vəsaitini gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 15650 AZN manatı məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, talama məqsədi olmadan 10 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı Quba rayonu Birinci Nügədi kəndində küçədə saxladığı ona məxsus “Lada Priora” markalı “P100CA59rus” nömrə nişanlı minik avtomobilini qanunsuz ələ keçirərək qaçmışdır. Bundan başqa, o, təkrar talama məqsədi olmadan 10 sentyabr 2022-ci il tarixdə saat 24 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı Quba rayonu Birinci Nügədi kəndində küçədə saxladığı ona məxsus “Mersedes-Bens 230E” markalı “AZ **-MM-***” dövlət qeydiyyat nişanlı minik avtomobilini təkrarən qanunsuz ələ keçirərək qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 185.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verən zaman ibtidai istintaq orqanı tərəfindən ona verilən ittiham üzrə özünü CM-nin 177.2.4 maddəsi ilə təqsirli bilməmiş, CM-nın 185.2.2-ci maddəsi ilə təqsirli bilmişdir. Belə ki, oğurluq hadisəsi baş vermiş “Mersedes-Bens S350D” markalı avtomobildə onun əl-barmaq izləri olmamış, çünki o, sözügedən avtomobildən oğurluq etməmişdir. Ümumiyyətlə həmin avtomobili görməmiş, avtomobilin polis əməkdaşları tərəfindən haradan aşkar edildiyini bilməmişdir. Digər avtomobillərlə bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, “Lada Priora” markalı “P100CA59rus” nömrə nişanlı minik avtomobili onun qohumu Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin avtomobilin açarı üstündə olduğu üçün o, avtomobilə əyləşib hərəkətə gətirmişdir. Hətta qohumları “Lada Priora” markalı minik avtomobili ona hədiyyə edəcəklərini birdirmişlər. “Mersedes-Bens 230E” markalı “AZ **-MM-***” dövlət qeydiyyat nişanlı minik avtomobili digər qohumu Zərərçəkmiş şəxs3 məxsusdur. Hər iki şəxs onun yaxın qohumudur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus avtomobilləri idarə etmək üçün sahiblərindən icazəsiz götürmüşdür. Hər iki avtomobilin açarları üstündə olmuş, o da götürüb idarə etmişdir. Yanacaq bitdikdən sonra avtomobilləri Yaşma ərazisində qoyub getmişdir. O, avtomobillərə ziyan vurmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra məcbur etmişlər ki, guya “Mersedes-Bens S350D” markalı avtomobilin şüşəsi sındırmaqla pul oğurlaması və oğurladığını pulları Bakı şəhərində qızlara xərcləməsini etiraf etsin. Halbuki o, həmin vaxt Bakıda olmamışdur. Bu barədə polis əməkdaşlarına və müstəntiqə demişdir. Sonda təqsirləndirilən şəxs CM-nin 177.2.4 maddəsi ilə ona bəraət verilməsini, CM-nın 185.2.2-ci maddəsi ilə isə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus “Mersedes-Bens S350D” markalı “AZ **-BU-***” dövlət qeydiyyat nişanlı avtomobillə dayısıgilin evinə gəlmiş və maşını küçədə saxlayıb evə girmişdir. Avtomobilin “sandıqça” hissəsində pul qabında pul və doğum haqqında şəhadətnaməsini saxlamış və “sandıqça” yerini açarla bağlamışdır. Avtomobilin açarı da özündə olmuşdur. O, evə daxil olub yatmış, növbəti gün saat 07:30 radələrində ev sakinləri bildirmişlər ki, avtomobilin şüşəsi sındırılmışdır. Avtomobildə siqnalizasiya olsa da, gecə heç bir səs eşitməmişdir. O, çıxıb avtomobilə baxmış və müəyyən etmişdir ki, avtomobilin sağ yan şüşəsi qırılmış, avtomobilin sandıqca yeri isə açıqdır. Sandıqça yerində qoyduğu pul qabını aşkar etmədiyi üçün DİN-nin 102 xidmətinə məlumat vermişdir. Çağırışa əsasən əməliyyatçılar, ekspert gəlmiş və avtomobilə baxış keçirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, avtomobilin sandıqca hissəsi qırılmış vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə axşam saatlarına qədər Növdün kəndində qaynatası ilə birlikdə olmuş, həmin gün axşam saat 9-10 radələrində dayısıgilə gəlmişdir. Avtomobilində olan pullarla bağlı nə Növdün kəndində nə də dayısıgildə kimsəyə deməmişdir. Kimsənin puldan xəbəri olmamışdır. Avtomobil həyətə yerləşmədiyi üçün küçədə saxlamışdır. O, vaxtaşırı Rusiyada gedib gəlir. Təqsirləndirilən şəxs ilk dəfədir ki, görür. Avtomobilinin şüşəsi sürücü tərəfdən deyil, qabaq sərnişin tərəfdən sındırılmışdır. Avtomobildə sürət qutusunun yanında olan saxlanc yerində bahalı telefonların, başqa pul vəsaitlərinin və qiymətli əşyaların olmasına baxmayaraq, oğru qabaqçadan bilirmiş kimi avtomobilin “sandıqça” yerini qıraraq oradakı pulları oğurlamışdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs bağışlamasını və ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək, şəxs Təqsirləndirilən şəxs onun bibisi oğlu olmasını, sonuncu ilə barışmasını və ona təqsirləndirilən qarşı şikayət və tələbinin olmamasını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, Quba rayonu, Birinci Nügədi kəndində yaşayır. Onun öz adına “Mersedes-Bens 230E” markalı AZ **-MM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 10 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o, həmin maşını yaşadığı evin küçə qapısı yanında saxlamışdır. Həmin vaxtı maşının kilidi xarab olduğundan onun qapılarını kilidləməmiş, açarını isə avtomobilin külqabısı olan yerə qoyub maşının qapılarını örtüb evlərinə keçmişdir. Gecə vaxtı maşınla bağlı hər hansı səs-küy eşitməmişdir. 11 sentyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində yuxudan qalxıb küçəyə çıxdıqda maşını evinin küçə qapısında aşkar etməmişdir. O, yaşadığı kəndin ərazisini gəzib dolaşaraq maşını axtarsa da, tapa bilməmişdir. Bundan sonra, avtomobilinin qaçırılması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə telefonla məlumat vermişdir. Bir müddətdən sonra, müraciəti ilə əlaqədar olaraq Quba RPŞ-nin əməkdaşları avtomobilini Siyəzən rayonu Yaşma qəsəbəsi ərazisində yolda yiyəsiz buraxılmış halda aşkar etmiş və onun maşınını həmkəndlisi Təqsirləndirilən şəxs ondan icazəsiz qapısından sürüb aparmasını müəyyən etmişlər. Maşını qaçırılmazdan qabaq onun avtomobilində hər hansı qiymətli əşya olmamışdır. Hazırda onun baş vermiş həmin hadisəyə görə həmkəndlisi Təqsirləndirilən şəxs şikayət və ya tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmənin elektron ünvanına ərizə təqdim edərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, Quba rayonu, Birinci Nügədi kəndində yaşayır. Onun öz adına “Lada Priora” markalı “P100CA59rus” dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 04 sentyabr 2022-ci il tarixdən onun həmin maşını xarab olduğu üçün maşını təmin etdirilməsinə kömək etmək məqsədilə avtomobil təmiri ilə məşğul olan tanışı Şahid1 vermiş və sonuncunun qapısında saxlamışdır. O hər gün maşını ilə maraqlanmaq üçün Bəxtiyarın yanına gəlib-getmiş, axırıncı dəfə 10 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində orada maşınından ayrılıb evə getmiş, avtomobilin açarlarını da yaddan çıxarıb maşının oturacağının üstündə qoymuşdur. O evə getdikdə maşının qapıları kilidli olmamışdır. Maşının arxa tərəfi sökülmüş halda idi, maşın “remen” və zəncirlə yaxınlıqdakı ağaca bağlanmışdı. 11 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bəxtiyar ona xəbər etmişdir ki, kimsə maşını sürüb qaçıraraq onu kənddə başqa yerdə saxlamışdır. Bundan sonra, onun istəyi ilə avtomobilinin qaçırılması barədə Bəxtiyar tərəfindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə telefonla məlumat vermişdir. Bir müddət sonra, həmin müraciəti ilə əlaqədar olaraq Quba RPŞ-nin əməkdaşları onun maşınını həmkəndlisi Təqsirləndirilən şəxs icazəsiz sürüb aparmasını, lakin maşın xarab olduğundan onu kənddə atıb getməsini müəyyən etmişlər. Maşını qaçırılmazdan qabaq onun avtomobilində hər hansı qiymətli əşya olmamışdır. Hazırda onun baş vermiş həmin hadisəyə görə həmkəndlisi Təqsirləndirilən şəxs şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şahid1 tərəfindən tanışı Zərərçəkmiş şəxs2 məxsus “Lada Priora” markalı “P100CA59 rus” nömrə nişanlı qaçırılması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat daxil olmuşdur. Əməliyyat tədbirləri nəticəsində həmin avtomobil Quba rayonu 1-ci Nügədi kəndi ərazisində aşkarlanmışdır. Həmin gün Zərərçəkmiş şəxs3 məxsus “Mersedes-Bens 230E” markalı AZ **-MM-*** nömrə nişanlı minik avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Avtomobilləri qaçırmış şəxsin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Tədbirlər zamanı Yusif Sadəddinov məlumat verərək yaxın qohumu olan Təqsirləndirilən şəxs maşın qaçırılmasında şübhəli olacağını düşünmüşdür. Sonra qaçırılmış Yusif Saddədinova məxsus həmin “Mersedes-Bens 230E” markalı AZ **-MM-*** nömrə nişanlı minik avtomobilin yeri Xızı rayonu Yaşma qəsəbəsi ərazisində mağistral yol kənarında dayanmış vəziyyət olduğunu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şübhəli olduğu üçün onu axtarmağa başlamışlar. Yaxın ərazidə Təqsirləndirilən şəxs saxlanılmışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 avtomobilini qaçırmış, lakin benzin qurtardığından maşını yolda qoyub getmişdir. Zərərçəkmiş şəxs2 məxsus avtomobili də onun qaçırması, ancaq maşının xarab olması və benzini olmaması səbəbindən onu sürə bilməyib Quba rayonu 1-ci Nügədi kəndi ərazisində qoyub getməsi də müəyyən edilmişdir. Təqsirləndirilən şəxsla əməliyyat marağı kəbs edən profilaktik söhbət edilərkən məlum olmuşdur ki, sonuncu 03 noyabr 2021-ci il tarixdə də Quba rayonu Rustov kəndi ərazisində “Mersedes-Bens S350D” markalı “AZ **-BU-***” dövlət qeydiyyat nişanlı avtomobildən da oxşar xarakterli cinayət etmək istəmiş, lakin həmin maşını qaçırmamış yalnız onun qapısının şüşəsini sındırıb onun “sandıqça” yerindən pullar akşar edib oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 analoji ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişlər. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X4 ifadəsində bildirdi ki, 03 noyabr 2021-ci il tarixdə saat 22 radələrində hadisə ilə bağlı məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 küçədə saxladığı “Mersedes-Bens S350D” markalı “AZ **-BU-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ qapısının aynasını sındıraraq maşının salonundakı “sandıqca” yerindən Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitininin oğurlanması aşkar edilmişdir. Həmin vaxt orada kriminilast iştirak etmiş, fotoşəkillər çəkmişdir. Avtomobildə əl-barmaq izləri aşkar edilmədiyindən, kriminalist əl-barmaq izlərini götürə bilməmişdir. Təhqiqatzamanı da hadisəni törətmiş şəxsi müəyyən edə bilməmişlər. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Quba RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 ifadəsində bildirdi ki, o Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibtidai istintağı o, aparmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi ilə bağlı istintağını aparmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi alınan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə Quba rayonu Rustov kəndində Zərərçəkmiş şəxs1 küçədə saxladığı “Mersedes-Bens S350D” markalı “AZ **-BU-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ qapısının aynasını sındıraraq maşının salonundakı “sandıqca” yerindən pul vəsaitini oğurlamışdır. Bununla bağlı Təqsirləndirilən şəxs ifadəsi alınmış, sonuncu ifadəsində həmin cinayəti etiraf etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobil gizli yolla açmağa meyillidir. Bu dəfə fərqli olaraq Zərərçəkmiş şəxs1 “Mersedes- Bens S350D” markalı “AZ **-BU-***” dövlət qeydiyyat nişanlı minik avtomobilini də açdıqda saxlanc yerində pul aşkar etmiş və pulu götürüb Bakı şəhərinə getmiş, orada qalıb həmin pulları xərcləmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə vermiş olduğu ifadəsində, hadisənin yerində yoxlanılması zamanı da bütün xüsusatları təsdiq etmişdir. İstintaqın gedişatı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan etmək qərarına gəlmişlər. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, digər avtomobillərin baxışında iştirak etməmişdir. Təqsirləndirilən şəxs oğurladığı pulu Bakı şəhərində xərcləməsini özü etiraf etmişdir. İş üzrə sübutların kifayət etdiyini düşündüyü üçün, Bakı şəhərinə gedərək, orada Təqsirləndirilən şəxs Bakıda getdiyi məkanlarda eksperiment kimi yoxlama aparmamışlar. Təqsirləndirilən şəxs deməsinə görə telefonu olmamışdır. Hətta barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib polis şöbəsinə çağırılan zaman atasına zəng edib çağırmışlar. İstifadəsində telefon olmadığı üçün anten məlumatları da götürməmişdir. “Mersedes-Bens S350D” markalı “AZ **-BU-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısını bağlı olduğu üçün Təqsirləndirilən şəxs avtomobilə arxa tərəfdən yaxınlaşıb şüşəni sındırmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o Zərərçəkmiş şəxs2 və Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində psixi xəstəlikdən əziyyət çəkdiyini üçün avtomobilləri qaçırmasını bildirdiyindən, məhkəmənin qərarı əsasında əldə edilmiş Azerbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli 1370 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli şəxs hesab edilir və öz prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirmək iqtidarındadır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs adına və ya vaxtılə istifadəsində olan GSM nömrələrinə dair məlumatların mobil operatorlardan götürülməsi qərara alınmış, "xxxx" MMC-nin və "xxxx" MMC-nin operatorların məlumatlarına əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətlərdə ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** saylı nömrələrdən istifadə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən “Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma), təkrar törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4 və 185.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə CM-nin 185.2.2-ci maddəsi ilə özünü tam təqsirli bilməsi ilə yanaşı, onun tərəfindən həmin cinayət əməlini təqsirli olmaqla törətməsi məhkəmə iclasında tədqiq edilən digər sübutlarla da tam təsdiqini tapır. Bununla yanaşı Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə özünü təqsirli bilməsə də, məhkəmə belə qənaətə gəlir ki, həmin oğurluq cinayəti məhz onun tərəfindən törədilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılan zaman həmin cinayət əməlini törətməsini özü etiraf etmiş, bu barədə videoçəkiliş aparılmaqla sərbəst ifadə vermişdir. Həmin dindirmə prosesini özündə əks etdirən videoçəkiliş məhkəmədə tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona heç bir fiziki və psixoloji təsir göstərilmədən çox sərbəst və rahat şəkildə törətdiyi əməli etiraf edir və cinayət hadisəsini təfsilatı ilə təsvir edir. Bununla bağlı məhkəmə iclasında ifadəsi alınmış ibtidai istintaqı aparan və həmin prosesual hərəkəti həyata keçirən Quba RPŞ-nin müstəntiqi X1 qeyd edilən əməlin Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq etiraf edildiyini, bununla bağlı ona heç bir təsir göstərilmədiyni, nə özü nə də müdafiəçisi tərəfindən hər hansı bir vəsatət verilmədiyini bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, iş axtarmaq məqsədlə qardaşı Ruslanın adında olan QAZ 3110 markalı avtomobili sürüb Quba rayonu Rustov kəndinə getmişdir. O, həmin kəndə gəlsə də Eminin yaşadığı yeri dəqiq bilmədiyi üçün onu tapa bilməmişdir. Tanımadığı adamlardan Emin barədə soruşmuş olsa da onu tanıyan olmamışdır. Maşını yol kənarında bir yerdə saxlayıb bir neçə saat kənddə dolaşmağı da heç bir nəticə verməmişdir. Axırda gəzərək qara rəngli “Mersedes-Bens” markalı AZ **-BU-*** nömrə nişanlı avtomobilin dayandığı küçəyə gəlib çıxmışdır. Maşın küçədə dəmir hasarı olan bir evin yanında saxlanmışdı. Həmin vaxtı saat 22 radələri olardı, havada qaralmışdı. Maşın “S-klas” model olduğundan xoşuna gəlib diqqətini cəlb etmişdir. Ona baxmaq üçün yaxınlaşmış, sakitçilik olduğunu hiss etmişdir. Ətrafa da göz gəzdirdikdə küçədə adam-insan yox idi. Onda əvvəlcə qərara gəlmişdir ki, həmin maşının qapısını açıb içinə girib onu sürsün. Yaxınlıqdan yerdən dəmir parçası tapıb onu maşının qapaq sağ qapısı arasına keçirib onu açmaq istəmiş, lakin maşının qapıları möhkəm kilidlənmiş olduğundan onu aça bilməmişdir. Ona görə də yerdən daş götürüb onun qabaq sağ qapısının aynasına vurmaqla sındırmışdır. O, qapını açmadan maşının “bardaçok”una əl atmışdır ki, bəlkə orada avtomobilə aid ehtiyat açar olar. “Bardaçok”un içinə alışqan işığı ilə baxan anda orada çoxlu sayda pullar görmüşdür. Həmin anda bu pulları oğurlamaq qərarına gəlmiş və beləcə pulların hamısını götürüb ciblərinə qoymuşdur.O dəhral oradan uzaqlaşmışdır. Saxladığı QAZ 3110 markalı avtomobili işə salıb tez bir zamanda Rustov kəndindən çıxmışdır. Yolda bir yerdə maşını saxlayıb ciblərinə qoyduğu pulları sayanda aşkar etmişdir ki, onların içərisində 4500 ABŞ dolları və 8000 AZN manatına yaxın məbləğdə pullar vardır. Onda anlamışdır ki, bu qədər pulları oğurladığına görə onu axtarıb tuta bilərlər. Bu səbəbdən evə gəldikdən sonra tez Bakı şəhərinə getmişdir. Bakıda müxtəlif ünvanlarda kirayələrdə yaşamışdır. Pulu cox idi. Qalmaqda və dolanmaqda çətinlik çəkməmişdir. Həmin pulları öz ehtiyacları üçün restoranlarda və istirahət yerlərində xərcləmişdir. O, oğurluq etdiyi maşının sahibinin adını və kim olduğunu bilmir və həmin cinayət əməlini törətdiyimə görə peşmançılıq hissi keçirir. Təqsirləndirilən şəxs hadisə ərəfələrində hər hansı mobil telefondan istifadə etmədiyini məhkəmə iclasında bildirsə də, onun adına və ya vaxtılə istifadəsində olan GSM nömrələrinə dair məlumatların mobil operatorlardan götürülməsi barədə məhkəmənin qərarları çıxarılmış və həmin operatorlara göndərilmişdir. Lakin "xxxx" MMC-nin və "xxxx" MMC-nin operatorların məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətlərdə GSM nömrələrdən ümumiyyətlə istifadə edilməmişdir. Eyni zamanda həmin cinayət hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, həmin prosesual hərəkətlərdə Quba RPŞ-nin kriminalisti Fuad İslamov iştirak etsə də, hər hansı bir əl-barmaq izləri hadisə yerindən aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, bu cür birbaşa sübutların mövcud olmaması təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olsa da, iş materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş dolayı sübutlar həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam təsdiq edilir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs oğurluq hadisəsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və bu ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verdiyi nəticəsin gəlir. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf edib peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4, 185.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan edilmişdir; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4, 185.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad olunması qərara alınmışdır; “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4, 185.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmişdir; “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Quba rayonu, İ Nügədi kəndi ərazisində saxlamış, Quba RPŞ-nə gətirilərək tutulmuş və Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir; Quba RİHB-nın Birinci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və atası X6, anası X5 və qardaşı X3 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 185.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona həmin maddələrnin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 23 yanvar 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 09 (doqquz) ay 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 01 (bir) il 06 (altı) ay 20 (iyirmi) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 23 yanvar 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 09 (doqquz) ay 08 (səkkiz) gün, cəmi 09 (doqquz) ay 10 (on) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 01 (bir) il 06 (altı) ay 20 (iyirmi) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar