Məhkəmə qərarları › İş №1(027)-25/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-25/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-25/2022 02.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, Amsar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində idarə etdiyi «Opel Astra» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba- Qonaqkənd yolunun Amsar kəndi ərazisindən keçən 3-cü kilometrliyində Quba şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolun sol kənarında olan X3 onun hərəkət istiqamətinə nəzərən soldan sağa iti yerişlə yolu keçmək üçün qarşısına çıxdığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmamış, avtomobili tormozlamadan avtomobilin qabaq sol tərəfi ilə piyada Pərviz Hüseyinovu vuraraq ehtiyatsızlıqdan gözlərinin ağlı qişası və birləşdiri toxumasında qansızma, hər iki burun dəliyində və sağ qulağında qanlı ifrazat, başında və bədənində çoxlu yara, qançır və sıyrıq, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sağ alın-təpə-gicgah nahiyələrində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol tərəfdən qabırğaların qapalı sınıqları, sol ağ ciyərin aşağı payının toxumasına qansızma kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Pərviz Hüseyinov hadisə zamanı aldığı kəllə qapağı və əsası sümüklərinin sınması xəsarətləri nəticəsində baş beyin toxumasına qansızmasına görə 25 sentyabr 2021-ci il tarixdə X11 Mərkəzində ölmüş, bununla da o, yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə həyat yoldaşı İlahə Bayramova, azyaşlı qızları Nuray, Ayan və Gülay ilə birlikdə azyaşlı qızı Ayan üçün dərman almaq məqsədi ilə ozünə məxsus Opel Astra markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Amsar kəndindən Quba şəhərinə getmişdir. Saat təxminən 19:30 radələrində Amsar kəndi ərazisindən Quba şəhəri istiqamətində hərəkətdə olduğu vaxt kənd ərazisində yerləşən Dəyirman restoranı ilə üzbəüz olan ərazini idarə etdiyi avtomaşınla saatda 50-60 km surətlə idarə etmişdir. Həmin vaxt bir nəfər şəxs anidən onun darə etdiyi maşının önünə çıxmışdır. Hava qaraldığından və qarşı zolaqda yolun sol kənarında olan Mercedes markalı sərnişin avtobusunun işığı yola düşdüyündən o yolu keçmək istəyən şəxsi yaxşı görə bilməmədiyindən idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin şəxsi vurmuşdur. Vurduğu şəxsin başını avtomobilin qabaq şüşəsinin sol yuxarı hissəsinə dəydikdən sonra o, yerə yıxılmışdır. Bundan sonra o, maşını saxlayaraq vurduğu şəxsə yaxınlaşanda görmüşdür ki, həmin şəxs həmkəndlisi Pərviz Hüseynovdur. Pərvizə tibbi yardım göstərilməsi üçün o, həmin yerə toplaşmış insanların köməyi ilə onu idarə etdiyi avtomobilə qoyaraq Quba rayon Dioqnostika Mərkəzinə aparmışdır. Göstərilən tibbi yardıma baxmayaraq Pərviz 25 sentyabr 2021ci il tarixdə səhər saatlarında xəstəxanada vəfat etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tğrətmiş olduğu əməldən peşman olmasını, himatəsində azyaşlı övladlarının olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 göstərmişdir ki, Quba rayonu Amsar kənd sakini X5 ilə 15 sentyabr 2013-cü ildən ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2014-cü il təvəllüdlü Gülər Hüseyinova adlı bir qız övladıları vardır. Pərviz tikintilərdə fəhlə işləyərək ailəsini dolandırırmış. 21 sentyabr 2021-ci il tarixdə Pərviz səhər saatlarında evdən çıxaraq işə getmişdir. Həmin gün saat 20 radələrində yaşadığı evdə olarkən qonşularından eşitmişdir ki, Quba rayonu, Amsar kənd sakini X12 idarə etdiyi avtomaşınla həyat yoldaşı Pərvizi evlərinin yaxınlığında yerləşən “Dəyirman” restoranının qarşısında yolu keçmək istəyərkən vurub və ona tibbi yardım göstərilməsi üçün Quba rayon Diaqnostika Mərkəzinə aparmışdır. O dərhal qardaşı Heybətə zəng vuraraq hadisə barədə məlumat vermiş və qayınanası Rübabə ilə birlikdə Heybətin idarə etdiyi avtomaşınla Quba rayon Diaqnostika Mərkəzinə getmişdir. Xəstəxanada həkimlərdən öyrənmişdir ki, həyat yoldaşı Pərviz aldığı xəsarətlərin təsirindən komaya düşmüşdür..Göstərilən tibbi yardımlara baxmayaraq Pərvizi 25 sentyabr 2021-ci il tarixdə gecə saatlarında xəstəxanada vəfat etmişdir. İfadəsinin sonunda X4 Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ona məxsus, “BC” kateqoriyalı, AE 612333 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi Mercedes Benz 308D markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşqul olur. 21 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Quba şəhərindən Rustov kəndinə doğru gedərkən həmin yolun üzərində yerləşən Quba şadlıq sarayının yaxınlığında sonradan kimliyi ona məlum olan Pərviz Hüseyinov əl ilə işarə edərək avtomobili saxlamağı bildirmişdir. O idarə etdiyi avtomobilin sürətini azaldaraq yolun kənarına doğru çıxıb dayanmışdır. Pərviz avtomobilə keçərək arxa tərəfdə əyləşmiş, Quba rayonu Amsar kəndinə çatdıqda həmin kənd ərazisində yerləşən Dəyirman restoranının önündə avtomobilini saxlamağı xahiş etmişdir. O avtomobili yolun sağ çiyninə doğru çəkib dayanmışdır. Pərviz Hüseyinov da avtomobildən düşərək önünə tərəf gedib bir qədər irəlidə yolun kənarında dayanmışdır. Yolun hərəkət hissəsində hər iki zolaqda avtomobillər hərəkət etdikləri üçün o, öz zolağına çıxmaq üçün zolağın tam hərəkətsiz olduğuna əmin olduqdan sonra yola çıxmaq istədikdə Pərviz Hüseyinov da yolu keçmək üçün yolun hərəkət hissəsinə tərəf iti yerişlə hərəkət etməyə başladığından o, yola çıxa bilməmişdir. Bu vaxt sağ əks zolaqda hərəkətdə olan Opel markalı avtomobilin Pərvizin üzərinə gəldiyini görmüş, tez avtomobilin səs siqnalını basaraq sürücünü xəbərdar etməyə çalışsa da, Opel markalı avtomobilin sürücüsü Pərvizi vurub bir qədər irəlidə dayanmışdır. O avtomobili yolun kənarına tam çıxarıb mühərriki söndürmüş və hadisə yerinə tərəf getmişdir. Piyada yolun hərəkət hissəsinin ortasında uzanıqlı vəziyyətdə olmuşdur. Hadisə baş verən əraziyə çoxlu sayda tanımadığı insanlar toplaşmışdır. O bir qədər dayandıqdan sonra yenidən avtomobilinə qayıdıb yaşadığı kəndə qayıtmışdır. Hadisə vaxtı hava şəraiti quru, yağıntısız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021ci il tarixdə saat 19 radələrində Quba rayonu Amsar kəndinə yaşadığı evin qarşısında olarkən görmüşdür ki, Dəyirman restoranının qarşısında sarı rəngli Mercedes markalı avtomobil yolun kənarında dayanmış və avtomobildən bir nəfər şəxs yerə düşmüşdür. Avtomobildən düşən şəxs zolaq boşalan kimi dərhal iti yerişlə yolu keçmək üçün hərəkətə başlamış, bu zaman əks zolaqda hərəkətdə olan Opel Astra markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurmuşdur. Hadisə yerinə yaxılaşıb sürücünün həmkəndlisi Təqsirləndirilən şəxs, vurulan piyadanın isə həmkəndlisi Pərviz Hüseyinov olmasını görmüşdür. O dərhal oğlu Cəsarətə sürücüyə kömək edərək vurulan piyadanı avtomobilə qoyaraq xəstəxanaya göndərmişdir. İş materialında olan məhkəmə tibb ekspertizasının 28 sentyabr 2021-ci il tarixli 55 saylı rəyindən görünür ki, mərhum P.Ə.Hüseyinovun meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qişası və birləşdiri toxumasında qansızma, hər iki burun dəliyində və sağ qulağında qanlı ifrazat, başında və bədənində çoxlu yara, qançır və sıyrıq, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sağ alın-təpə-gicgah nahiyələrində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol tərəfdən qabırğaların qapalı sınıqları, sol ağ ciyərin aşağı payının toxumasına qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən 21 sentyabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı avtomaşının piyadanı vurması və hissəvi olaraq üzərindən keçməsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir. Mərhum P.Ə.Hüseynovun ölmünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur, ölüm 25 sentyabr 2021-ci il tarixdə saat 06.30-da xəstəxanada baş vermişdir, meyitin təşrihi zamanı ölümün həmin vaxtda baş verməsi inkar olunmamışdır. İş materialında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 noyabr 2021-ci il tarixli 8/2608 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Opel Astra” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba RPŞ-nin DYP-nin 21.09.2021-ci il tarixli 04240 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmamışdır. İş materialında olan Quba RPŞ-nin DYPB tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs AB № 531702 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materialında olan Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli 411 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsQuba rayonunun Amsar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 31.10.2009-cu il təvəllüdlü X6, 14.01.2011-ci il təvəllüdlü X10 və 02.08.2015-ci il təvəllüdlü X7 adlı övladları vardır. İş materialında olan 30.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30.11.2021-ci il tarixdə polisin nəzarəti altına vermə başqa qətimkan tədbiri seçilmişdir. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir.. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmətibb və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaq zamanı tədqiq olunmuş digər subutlarala tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CMnin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30.11.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli biliinib 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğdə ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************,SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar