Məhkəmə qərarları › İş №1(027)-25/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-25/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-25/2024 01.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Quba rayonu, Amsar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Quba Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 1(027)-56/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(027)-68/2023 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 18 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Quba rayonu, Amsar kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Quba rayonu, Amsar kəndində yerləşən yaşadığı evdə aralarında ailə münaqişəsi zəmnində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs üzərinə gedib hər iki çiyinindən tutaraq silkələməklə sol sifət nahiyyəsindən əlinin iç tərəfinin zərbəsi ilə bir dəfə qəsdən vuraraq sonuncuya “baş-beyin silkələnməsi" diaqnozu ilə nəticələnən xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, lakin mülki iddianı qəbul etməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 29 iyun 2023-cü il tarixdə saat 10 radələrində yaşadıqları evdə aralarında mübahisə yaranmış və o, əsəbləşdiyindən Zərərçəkmiş şəxs üzündən bir dəfə sillə vurmuşdur. Mübahisədən sonra o Aysunla barışmış, birlikdə oturub yemək yemişlər, daha sonra o, evdən çıxıb işə getmişdir. Bir qədər sonra Aysun «whatsapp» vasitəsilə yazaraq, qulağında ağrı olmasını bildirmiş, o da evə qayıdanda dərman almışdır. Zərərçəkmiş şəxs ciddi xəsarət alması üçün hər hansı zor tətbiq etməmişdir. Cəmi bir dəfə sillə vurmuşdur. Aysun ciddi xəsarətlər almasını bildirsə də, xəsarət alandan iki gün sonra imtahan verməyə getmiş, bundan başqa dəfələrlə istirahət yerlərinə gedib şəkillər çəkdirmişdir. Sonda təqsirləndirilən şəxs əməlindın peşiman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini və mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onlar 10 oktyabr 2022-ci il tarixdə ailə həyatı qurmuşlar. Təxminən 8 ay birlikdə yaşamalarına baxmayaraq İlhamın cinsi problemləri olduğu üçün onların övladı olmamışdır. İlhamın cinsiyyət orqanında problem olduğundan dəfələrlə ona həkimə getməsini təklif etmiş, İlham etiraz etdiyi üçün aralarında mübahisələr yaranmışdır. 29 iyun 2023-cü il tarixdə saat 10 radələrində elə bu səbəbdən aralarında mübahisə yaranmış və İlham onu döyərək gələcəkdə şikəst qalmasına səbəb olan bədən xəsarətləri yetirmişdir. Belə ki, həmin tarixdə o, İlhama həkimə özünü göstəməsini, müalicə etdirməsini demiş, İlham bundan əsəbləşmiş evin içərisində yataq otağında onun üzərinə gələrək çiyinlərindən bərk şəkildə sıxaraq sol qulaq-sifət nahiyyəsinə bir dəfə sillə ilə zərbə vurmuşdur. O, həmin sillənin təsirindən özündən gedmiş və yerə yıxılmışdır. Ayılanda səsinin batdığını, həmçinin eşitmə və görmə qabiliyyətinin zəyifləməsini hiss etmişdir. O, ayağa duraraq mətbəxə keçmiş, həmin vaxt İlhamın mətbəxdə yemək yediyini görüb və İlhamdan döyülməsinin səbəbini soruşmuşdur. İlham da öz növbəsində həkimə getmək söhbətindən əsəbləşdiyi üçüün onu vurduğunu bildirmişdir. Həmin gün günorta saatlarında o, atası Şahid zəng edərək İlhamın onu sillə ilə vurduğunu və çıxıb evə gəlmək istədiyini bildirmiş, daha sonra çıxıb atasının evinə gedmişdir. Atası onun görmə və eşitmə qabiliyyətinin zəyiflədiyini görüb Quba Rayon Xəstəxanasına aparmış və ona orada baş-beyin silkələnməsi diaqnozu qoyularaq ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. 30 iyun 2023-cü il tarixdə axşam saatlarında evdə baş ağrıları tutaraq huşunu itirdiyi üçün atası təcili tibbi yardım çağırmış və onu təcili tibbi yardımla xərəyə uzadaraq xəstəxanaya aparmışlar. Orada ona yardım göstərilmiş və ertəsi gün səhər saatlarında evə getmişdir. 04 iyul 2023-cü i tarixdə atası Şahid onu Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasına aparmışdır. Orada onun eşitmə və görmə qabiliyyətinin zəyifləməsi ilə bağlı həkim müayinəsindən keçmiş və müalicələr almışdır. Qusar şəhərində yerləşən “Oki” xəstəxanasında MRT müayinəsindən də keçmiş və həmin müayinənin nəticəsinə əsasən onun beynində zərbənin nəticəsində ocaq əmələ gəlmişdir. Onun görmə və eşitmə problem yaranmasına səbəb 29 iyun 2023cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs sillə ilə sol üz nahiyyəsinə zərbə vurması olmuşdur. İlhamdan uşaqları olmadığı üçün sonuncu həkimə getməsini tələb etdiyi üçün onu vurmuşdur. Aldığı xəsarətlərlə bağlı 2023-cü ilin avqust və yanvar aylarında iki gün xəstəxanada yatmış, nevroloqun qəbulunda olmuş, müalicələr etmişdir. Döyüləndən sonra baş nahiyyəsində ocaqlar əmələ gəlmiş, əvəllər onun səhhətində bu kimi hallar olmamışdır. Sonda zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onu ömürlük şikəst qalmasına səbəb olduğundan sonuncunu heç vaxt bağışlamayacaqdır. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs həbslə bağlı cəza verilməsini xahiş etdi və mülki iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayında həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan uşaqları olmamışdır. Aysun öz həyat yoldaşı Təqsirləndirilən şəxs ilə evliliyin ilk vaxtları münasibətləri yaxşı olsa da, lakin sonradan aralarında ailədaxili mübahisələr yaranmışdır. 29 iyun 2023-cü il tarixdə qızı Aysun onun evinə gəlmişdir. Aysundan nə səbəbə döyüldüyü soruşmuş, qızı isə övladları olmadığı üçün İlhamdan özünü həkimə göstərməsini tələb etdiyi üçün onu vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qızı Aysunu sillə ilə vurmasından sonra görmə və eşitmə qabiliyyətinin zəiflədiyini görüb qızını 29 iyun 2023-cü il tarixdə axşam saatlarında Quba Rayon Diaqnostika mərkəzinə aparmışdır. Orada qızı Aysuna baş-beyin silkələnməsi diaqnozu qoyulmuş və orada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. 30 iyun 2023-cü il tarixdə səhər saatlarında o, qızının əri tərəfindən döyülməsi barədə Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Qızını Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasına, Zərifə Əliyeva adına klinikaya, həmçinin Qusar şəhərində yerləşən “Oki” xəstəxanasında MRT müayinəsindən də keçirmiş, muayinələr zamanı qızı Aysunun eşitmə və görmə qabiliyyətinin zəyifləməsi təsdiqlənmiş və qızı bununla bağlı çoxsaylı müalicələr almışdır. Muayinənin nəticəsinə əsasən Aysunun beynində zərbənin nəticəsində ocaq əmələ gəlmiş və sonuncu ömürlük şikəst qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 18 iyul 2023-cü il tarixli 939 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - “baş-beyin silkələnməsi” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda qeyd olunan vaxta, yəni 29 iyun 2023-cü il tarixdə əmələ gələ bilməsi inkar edilmir və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs məhkəməyə vəsatət təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən döyülməsi nəticəsində aldığı xəsarətlərin qəsdən sağlamlığa ağır zərər vurmaya aid olması səbəbi ilə təqsirləndirilən şəxsin cinayət əməlini Azərbaycan Respublikası CM-nin 126-cı maddəsinə tövsif edilməsini xahiş etmiş və məhkəmə Zərərçəkmiş şəxs aldığı xəsarətlərin qəsdən sağlamlığa ağır zərər vurmaya aid olubolmamasının müəyyən edilməsi məqsədilə iş üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Beləliklə də, məhkəmə istintaqında təyin olunmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 220/KEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etmiş və ona “Baş beyin silkələnməsi” diaqnozu təyin edilmişdir. Təyin olunan diaqnozda göstərilən xəsarət küt yaranma mexanizminə malikdir, qərarda göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda halhazırda “Dağınıq skleroz serebrospinal forma” kimi xəstəliyin olduğu müəyyən edilmişdir. “Dağınıq skleroz” xəstəliyi sinir sisteminin iltihabi xəstəliyi olub, baş beynin və onurğa beyninin sinir hüceyrələrinin örtük qişasının autoimmun mexanizmli zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur, bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Xəstəlik xarici mühit amillərlə (viruslar, ekoloji, irsi meyllilik, infeksion və qeyri-infeksion risk faktorları, orqanizmin metabolik xüsusiyyətləri və s.) şərtlənir, lakin hal-hazıradək konkret olaraq xəstəliyin yaranma səbəbi məlum deyil. Qeyd olunanları nəzərə alaraq, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə almış olduğu xəsarətlərlə onda olan “Dağınıq skleroz” xəstəliyinin yaranması və ya mövcud xəstəliyin kəskinləşməsi arasında səbəbli əlaqənin olması istisna edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 29 iyun 2023-cü il tarixdə saat 10 radələrində yaşadıqları evdə mübahisənin baş verməsi, zərərçəkmiş şəxsin mübahisə nəticəsində döyülərək yüngül dərəcəli xəsarətlər alması da hər iki tərəfin məhkəmədə verdikləri ifadələri ilə tam təsdiqini tapır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq proses iştirakçılarının ifadələrinin, ekspert rəylərinin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təyin olunmuş müayinə nəticəsində Zərərçəkmiş şəxs “Dağınıq skleroz serebrospinal forma” kimi xəstəliyin olduğu müəyyən olunsa da, ekspert rəyi ilə həmin xəstəliyin məhz 29 iyun 2023-cü il tarixdə almış olduğu xəsarətlərlə kəskinləşməsi arasında səbəbli əlaqə aşkar edilməmiş, bununla da zərərçəkmiş şəxsin aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Məhkəmə iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 220/KEŞ nömrəli rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-56/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 7(027)-68/2023 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 18 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-56/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 7(027)-68/2023 saylı qərarından görünüür ki, Quba Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 1(027)- 56/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının 05 oktyabr 2023-cü il tarixə çəkilməmiş 02 (iki) il 01 (bir) ay 06 (altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzacəkmənin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Amsar kəndində yaşayır və onun atası X3 və anası X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yer üzrə müsbət xarekterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə araşdırması zamanı məlum olduğu kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə nəinki barışıq əldə etməmiş, əksinə buna dair yönəlmiş cəhdlər belə göstərməmiş, vurduğu maddi və mənəvi zərəri qismən də olsa ödənilməsi ilə bağlı hər hansı bir addımlar atmamışdır. Bundan başqa, elektron məhkəmə sistemindən göründüyü kimi, zərərçəkmiş şəxs təqsrləndirilən şəxslə aralarında olan nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırmış və münaqişəli ailə münasibətlərinə son qoyulmasını tələb etmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-56/2023 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasını icra etməkdən qəsdən və qərəzli olaraq yayındığından həmin cəzasını çəkilməmiş hissəsi daha ağır, yəni azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bu da hazırki hökmlə Təqsirləndirilən şəxs Zahid oğluna azadlıqdan məhrumetmə cəzasına münasibətdə daha yüngül cəza təyin ediləcəyi təqdirdə onun yenidən həmin cəzanın çəkilməsindən yayınacağını ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(027)-68/2023 saylı qərarı ilə təyin edilmiş 01 (bir) il 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti təyin edilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfinən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Zərərçəkmiş şəxs mülki iddia təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ağır bədən xəsarətləri alıb ömürlük şikəst olduğuna, ona xeyli maddi-mənəvi ziyan vurulduğuna görə 10000 (on min) manat maddi təzminatın təyin edilməsi öhdəliyinin Təqsirləndirilən şəxs üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan Zərərçəkmiş şəxs iddia tələbini dəqiqləşdirərək, Təqsirləndirilən şəxs tərəfindən ağır bədən xəsarətləri alıb ömürlük şikəst olduğuna, ona xeyli maddi-mənəvi ziyan vurulduğuna görə 4000 (dörd min) manat maddi və 6000 (altı min) manat mənəvi təzminatın təyin edilməsi öhdəliyinin Təqsirləndirilən şəxs üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs tələbini onunla əsaslandırmışdır ki, 29 iyun 2023-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi nəticəsində onun görmə və eşitmə qabiliyyətində problem yaranmış, aldığı xəsarətlərlə bağlı müalicələr almışdır. Döyüləndən sonra baş nahiyyəsində ocaqlar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs onu ömürlük şikəst qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. İş materiallarında olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs müayinə və müalicə ilə əlaqədar ümumilikdə 479,72 (dörd yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat xərc çəkmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu ziyan ödənilməlidir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs döyülərək xəsarətlər alması ona mənəvi zərərin yetirilməsi kimi qiymətləndirilməli, lakin mənəvi zərərin məbləğini müəyyən edərkən iddia tələbi mənəvi zərər hissədə ədalətli və ağlabatan olmaqla, qismən təmin olunmaqla 500 (beş yüz) manat məbləğində tutulmalıdır. Odur ki, mülki iddia qismən təmin edilməli, maddi ziyanın əvəzi olaraq 479,72 (dörd yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat və mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(027)- 68/2023 saylı qərarı ilə təyin edilmiş 01 (bir) il 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Maddi ziyanın əvəzi olaraq 479,72 (dörd yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat və mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar