Məhkəmə qərarları › İş №1(027)-26/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-26/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-26/2021 12.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci il sentyabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 10,089 qram çəkidə əldə edib üzərində saxlamış və xx.xx.2020-ci il saat 18:50-də Quba şəhəri, H.Əliyev prospekti köhnə avtovağzal dairəsi yaxınlığında 5 mərtəbə adlanan yaşayış binasının qarşısında Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üzərində “Victory” yazılmış kibrit qutusunun içərisində təmiz çəkisi 5,164 qram və bir ədəd üzərində “Fesko” yazılmış kibrit qutusunun içərisində təmiz çəkisi 4,925 qram ümumi çəkisi 10,089 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində işləmək məqsədilə Quba rayonu, Zərdabi qəsəbəsinə gedən zaman, həmin kəndin yaxınlığında dəmir qaz borusunun altında sellofan bükülü tapmışdır. Həmin paketi açdıqda içərisində otabənzər kütlə görmüşdür. Əvvəllər qurudulmuş marixuana istifadəçisi olmasa da, bu maddəni tanımışdır. O, həmin bükülü götürərək şalvarının cibinə qoymuşdur ki, təhlükəsiz bir vaxtda onları siqaretə doldurub çəksin. Həmin kütləni evinə aparmış, orada kibrit qutularına yığmış və ayrı-ayrı vaxtlarda bir neçə dəfə siqaretə doldurub çəkmiş, qalan hissəsini isə (içində kütlə olan kibrit qutularını) şalvarının cibində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq iş axtarmaq üçün Quba şəhərinə getmişdir. Bu zaman içərisində marixuana olan qutular da üzərində olmuşdur. Həmin gün saat 18 radələrində Quba şəhəri, H.Əliyev prospekti köhnə avtovağzal dairəsi yaxınlığındakı 5 mərtəbəli yaşayış binasının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələri saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu deyərək üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O da etiraz etməmişdir. Axtarış zamanı əynindəki qara rəngli cins şalvarının cibindən içərisində qurudulmuş marixuana olan, 2 ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, ötən ilin sentyabr ayında valideynləri ilə birlikdə Quba rayonu, Zərdabi qəsəbəsində (Sovxoz-12) kirayədə qalmışdır. İşsiz olduğundan kəndin ərazisində yerləşən alma bağlarına gedib fəhlə işi axtaran zaman dəmir qaz borusunun altında sellofan bükülü görüb əlinə götürmüşdür. Əvvəllər narkotik vasitə istifadəçisi olmasa da, şəkillərdə gördüyü üçün həmin kütlənin görünüşündən marixuanaya bənzətmişdir. Tapdığı kütləni istifadə etmək məqsədilə özü ilə evinə aparıb kibrit qutularına doldurmuş və bir gündən bir təqribi 6-7 dəfə istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə evdən gəzməyə çıxan zaman, ailə üzvlərinin evdə aşkar etməməsi üçün, qalan kütləni (kibrit qutularda) özü ilə cibində gəzdirmişdir. O, əvvəllər nə şəxsi istifadə nə də satış məqsədilə narkotik vasitələrdən istifadə etməmişdir. xx.xx.2020-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospekti köhnə avtovağzal dairəsi yaxınlığındakı 5 mərtəbə yaşayış binasının qarşısında gəzən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş, ondan sonra izahatı alınması üçün Quba RPŞ-nə aparılmışdır. Baxışda müdafiəçi iştirak etmiş və videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq gəzdirməsi, saxlaması və istifadə etməsi barədə xx.xx.2020-ci il tarixdə əməliyyat aparatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə o, Quba RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Quba RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun baş inspektor kriminalisti polis mayoru Fuad İslamov və Quba RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Fərid Rəcəbovdan ibarət olan tərkibdə yaradılmış əməliyyat qrupu və dəvət edilmiş müdafiəçi ilə birlikdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən köhnə avtovağzal dairəsi yaxınlığında gəzən Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda, gəzdirməkdə şübhəli qismində saxlamışlar. Sonuncunun hüquqlarının müdafiəsi üçün təyin olunmuş vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın cibində olan 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd alışqan, 1,50 manat pul və həmin şalvarın sol yan cibində olan 2 ədəd kibrit qutusunu çıxararaq avtomobilin mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs kibrit qutularının içərisində olan kütlənin nə olduğu və haradan əldə etdiyi soruşulduqda, sonuncu həmin kütləni Quba rayonu, Zərdabi qəsəbəsinin ərazisində yerləşən dəmir qaz borusunun altından sellofan bükülüdə tapdığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı könüllü şəkildə üzərində olan əşyaları çıxardıb RPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Baxış Quba RPŞnin əməkdaşları və müdafiəçinin iştirakı ilə keçirilmiş, videoçəkiliş aparılmış və hər bir prosesual hərəkət protokollaşdırılmışdır. Baxışdan sonra izahatı alınması üçün Təqsirləndirilən şəxs Quba RPŞ-nə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sonuncu könüllü qaydada üzərində olan əşyaları çıxardıb RPŞnin əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış müdafiəçinin iştirakı ilə keçirilmiş, videoçəkiliş aparılmış və hər bir prosesual hərəkət protokollaşdırılmışdır. Baxışdan sonra izahatı alınması üçün Təqsirləndirilən şəxs Quba RPŞ-nə aparılmışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-cu il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:50 radələrində Quba şəhəri H.Əliyev prospekti Köhnə Avtovağzal dairəsi yaxınlığında 5 mərtəbə adlanan ərazidə xx.xx.1999-cu il təvəllüdlü Quba rayonu, Rustov kəndində yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, üzərinə şəxsi axtarış keçirilməklə əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 2 ədəd üzərilərində “Victory” və “Фэско” sözləri yazılmış kibrit qutusunun içərisində spesifik iyə malik otabənzər yaşıl kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan kütlə marixuanadır və onu 15-20 gün əvvəl Zərdabi kəndi ərazisində kanal kənarından yerdə qaz borusunun altından sellofan bükülüdə tapmış, bir qədər istifadə etmişdir. Həmin vaxtdan istifadə etmək məqsədilə 2 ədəd kibrit qutusunun içərisində üzərində gəzdirmiş, piyada yolda getdiyi zaman xx.xx.2020-ci il tarixdə H.Əliyev prospektində Köhnə Avtovağzal dairəsi adlanan ərazidə polis əməkdaşları ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd kibrit qutularındakı kütlə “Constant” markalı elektron tərəziyə qoyulub çəkilən zaman üzərində “Victory” sözü yazılmış kibrit qutusunun içərisindəki kütlənin bükümlə birgə ümümi çəkisi 7,8 qram, “Фэско” sözü yazılmış kibrit qutusunun içərisindəki kütlənin isə bükümlə birgə 4,7 qram olduğu müəyyən olunmuş və 1 ədəd zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı vətəndaşın üzərindən gümuşu rəngli alışqan, Samsung markalı mobil telefon, 1 manat 50 qəpik pul da aşkar edilərək götürülmüşdür (iş vər.: 14); Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki olan qara rəngli cins şalvarın arxa sol cibində olan 1,50 manat pulu, sağ yan cibində olan olan bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd alışqanı və həmin şalvarın sol yan cibində olan bir ədəd üzərində “Victory” yazılmış kibrit qutusu və bir ədəd üzərində “Фэско” yazılmış kibrit qutusunu çıxararaq avtomobilin mühərrikxanasının qapağının üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, Zərdabi kəndi ərazisində kanal kənarından yerdə qaz borusunun altında bükülü görüb əlinə götürmüş, bükülünü içərisində narkotik vasitə marixuana olduğunu anlamışdır. Tapdığı kütləni özü ilə evinə aparmış, evdə kibrit qutularına doldurmuş və bir gündən bir istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə evdən gəzməyə çıxan zaman, ailə üzvlərinin görməməsi üçün, içində maddə olan kibrit qutularını özü ilə cibində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qutular “Constant” markalı 14192-33 nömrəli tərəzidə çəkilir. Bir ədəd üzərində “Victory” yazılmış kibrit qutusunun içərisində olan otabənzər kütlə ilə birlikdə ümumi çəkisi 7,8 qram və bir ədəd üzərində “Фэско” yazılmış kibrit qutusunun içərisində olan otabənzər kütlə ilə birlikdə ümumi çəkisi 4,7 qram olması görünür. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmışdır (DVD-R disk); xx.xx.2020-ci il tarixli “maddi sübut hesab edilmə haqqında” qərardan görünür ki, bir ədəd bağlamada təmiz çəkisi 10,049 qram (marixuananın təmiz çəkisi – 10,089 qram, tədqiqata sərf edildi – 0,04 qram (hər iki obyektdən 0,02 qram), qalıq 10,049 qramdır) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi axtarış protokoluna əlavə olan 1 ədəd DVD disk üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir (iş vər.:60); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2020-ci il tarixli 7/625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd kibrit qutularında təmiz çəkiləri 5,164 və 4,925 qram, ümumi çəkisi 10,089 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (iş.vər.: 31-33); Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (məhkəmə-narkoloji ekspertizası) keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 2719 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olmuş, lakin müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri, narkomaniya xəstəliyindən əzab çəkməsi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vər.: 89-90); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının xx.xx.2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 10,049 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq MSY-nə təhvil verilmişdir (iş vər.: 11); xx.xx.2020-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 xx.xx.2020-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanunauyğun hesab edilmişdir (iş vər.: 71); xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 47); xx.xx.2020-ci il tarixli “tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək, həmin tarixdə o, MSY-dən azad edilmişdir (iş vər.: 57); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 88); Quba RMX-nın xx.xx.2020-ci il tarixli 3137 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 77); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 822 nömrəli məktuba əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində yaşayır. Təqsirləndirilən şəxs nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır (iş vər.: 78-80); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və saxlanması üçün Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 10,049 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq orqanında və məhkəmədə iştirak etdiyi cəmi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod: 210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 10,049 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar