Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-26/2024 09.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 18 aprel 1977-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmauan,, Quba şəhəri, M.Əcəmi küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 18 radələrində Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində yerləşən 480 adlı çay evində spirtli içki pivə içdikdən sonra, heç bir əsaslı səbəb olmadan həmin kafedə işləyən X2 baş nahiyəsinə masanın üzərində olan dəmir külqabı ilə vuraraq ona dərəcəsi təyin olunmayan alnın sağ tərəfinin xətti sıyrığı xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə axşam saatlarında Quba rayonu Timiryazev qəsəbəsində yerləşən 480 adlı çay evinə gedib 5-6 bakal pivə qəbul eləmişdir. Spirtli içkini içib hesabı ödədikdən sonra, yaşadığı evə getmək istəmiş, lakin həmin günü hava yağışlı olduğundan yenidən qayıdıb həmin çay evində çay sifariş etmişdir. Bu zaman Nəzirə stola yaxınlaşıb çayniki masanın üzərinə qoymuş, çaynikin lüləsini də ona tərəf çevirmişdir. O da Nəzirəyə “çaynikin lüləsini mənə tərəf qoyma” demişdir. Nəzirə heç bir söz demədən masadan uzaqlaşıb getmişdir. Həmin günü axşam saatlarında 480 çay evini işlədən Aynur adlı xanıma whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə ismarıc yazıb bundan sonra Nəzirə adlı işçinin onun əyləşdiyi masaya qulluq etməməsini, ona Ayan adlı işçinin qulluq eləməsini demişdir. 07 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Quba rayonu Timiryazev qəsəbəsində yerləşən 480 adlı çay evinə getmişdir. Həmin çay evində oturub 2-3 bakal spirtli içki pivə içmiş, bir qədər oturduqdan sonra, yanında oturan tanımadığı şəxslərin təklifinə əsasən onların masasına əyləşmiş və həmin şəxslərlə birlikdə bir qədər spirtli içki qəbul etmişdir. Həmin günü saat 17 radələrində işi olduğundan kafedən çıxıb getmişdir. Bir qədər keçdikdən sonra 480 adlı çay evini işlədən Aynur onunla əlaqə saxlayaraq bir qədər öncə yanında oturduğu şəxslərin onlarla birlikdə içdiyi spirtli içkilərin hesabını onun ödədiyini dediklərini bildirmişdir. Ona görə də 15-20 dəqiqə keçdikdən sonra, yenidən həmin çay evinə qayıtmışdır. Bir qədər sonra, Nəzirə çay gətirmiş, çayniki masanın üzərinə qoymuş, çaynikin lüləsini də ona tərəf çevirmişdir. O, Nəzirəyə “çayı Ayanın gətirməyini istəmişdim. Sən niyə mənim stoluma qulluq edirsən?” deyə soruşmuşdur. Nəzirədə da cavabında “Ayan başqa stola baxır, ona görə mən qulluq edirəm” demişdir. O da Nəzirəyə “dünən sənə demişdim axı çayniki lüləsini mənə tərəf qoyma” demişdir. Nəzirədə da qışqırıb “mən vorzakon deyiləm, avtoritet deyiləm, mən nə bilim çayniki sən tərəfə qoymaq nə deməkdi” demiş, o da Nəzirəyə bir gün əvvəl onu bu barədə xəbərdar etdiyini demişdir. Bundan sonra Nəzirə masadan uzaqlaşıb barın arxa hissəsinə keçmiş və oradan onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O da masadan durub Nəzirəyə tərəf yaxınlaşmış və söyüş söyməməsini demişdir. Nəzirə isə yenə də öz hərəkətlərinə davam edib onun ünvanına təhqiramiz ifadələr işlətməyə davam eləmişdir. O da içkili olduğundan, həmçinin əsəbləşdiyindən masanın üzərində olan külqabını götürüb bara tərəf tullamışdır. Onun atdığı külqabı divara dəyib yerə düşmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2023-cü ilin may ayından Quba rayonu Timiryazev qəsəbəsində yerləşən 480 adlı çay evində ofisiant işləyir. Təqsirləndirilən şəxs adlı şəxsi də çay evində işə başladıqdan sonra tanımışdır. Elvin mütəmadi olaraq çay evinə gələrək adətən çay və ya pivə içmişdir. 07 iyun 2023-cü il tarixdə gün ərzində Elvin fasilələrlə iki-üç dəfə onun işlədiyi kafeyə gəlib pivə içmişdir. Həmin gün axşam saat 17 radələrində Elvin çay evinə gəlib masalardan birinə əyləşib çay sifariş etmişdir. Elvindən başqa həmin vaxt təxminən üç-dörd masada müştəri olmuşdur. Çay evində işləyən digər ofisiantlar başqa masalara qulluq etdikləri üçün o, da sifarişi qəbul edib Elvinin masasına çay vermişdir. Elvinin masasına çayniki qoyub uzaqlaşan zaman Elvin masadan durub çaynikin lüləyinin onun tərəfinə qoyduğu üçün onun ünvanına təhqiramiz ifadələr işlətməyə başlayaraq ona “çayniki vurub səni cırıq-cırıq eliyərəm” demişdir. O, Elvinin işkili olduğunu bildiyi üçün qorxub barın arxa hissəsinə keçmişdir. Elvin onun ünvanına nalayiq ifadələr işlətməyi davam etdirib onun olduğu bara yaxınlaşıb masanın üzərində olan dəmir külqabını götürüb onun üzərinə atmışdır. Elvinin atdığı dəmir külqabı onun başına dəyib yerə düşmüşdür. Elvin onun ünvanına nalayiq ifadələr işlədib kül qabı ilə onun başına vurarkən çayxanada işçilərdən başqa xeyli sayda müştərilər olmuş, aralarıda olan mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt çayxananın iş ahəngi pozulmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağışladığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir üçdörd ildir ki, Quba rayonu Timiryazev qəsəbəsində yerləşən 480 adlı çay evində ofisiant işləyir. Zərərçəkmiş şəxs 2023-cü ilin may ayından onun işlədiyi çay evində ofisiant işləyir. Quba rayon sakini Təqsirləndirilən şəxs bir müştəri kimi tanımışdır, aralarında düşmənçilik və ədavət olmamışdır. 07 iyun 2023-cü il tarixdə günorta saatlarında çay evində olarkən Təqsirləndirilən şəxs çay evinə gələrək masalardan birində pivə işmişdir. Bir müddət sonra, yan masada olan müştərilər Elvini öz masalarına dəvət etmişlər. Elvin həmin şəxslərlə birlikdə pivə içməyə davam eləmişdir. Bir qədər sonra, Elvin və onunla bir masada oturan adlarını bilmədiyi müştərilər hesablarını istəmişlər. O, hesabı hesabladıqdan sonra Elvinin hesabı 27 manat, digər müştərilərin hesab isə 17 manat olması müəyyən olunmuşdur. Ödəniş çeklərini masaya göndərdikdən bir qədər sonra həmin şəxslər gəlib öz hesablarını ödəmişlər. Onlar çay evini tərk etdikdən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öz hesabını ödəməmişdir. Bundan sonram o, Elvinlə əlaqə saxlayıb hesabının ödənmədiyini bildirmişdir. Elvin ona bildirmişdir ki, hazırda başqa bir kafedə pivə içir, bir qədər sonra gəlib hesabı ödəyəcək. Bir neçə dəqiqə keçdikdən sonra, yenidən onun işlədiyi çay evinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs telefonda kiminləsə danışıb nalayiq ifadələr işlətdiyi üçün o, Elvinə irad bildirib söyüş söyməməsini tövsiyə etmişdir. Elvin də “səni söymürəm ki” deyib boş masalardan birinə əyləşib çay sifariş etmişdir. Sənəm adlı ofisiant qız Elvinin masasına çayı qoyub uzaqlaşmışdır. Həmin vaxt o, yenidən Elvininə yaxınlaşıb əvvəl içdiyi pivənin pulunu ödəməyi təklif etmişdir. Elvin isə öz borcunu masadan qalxdıqdan sonra ödəyəcəyini bildirmişdir. Daha sonra Elvin ikinci çayı sifariş eləmiş və ikinci çayı Elvinin əyləşdiyi masaya Nəzirə adlı ofisiant qız aparmışdır. Nəzirə çayı Elvinin masasına qoyub uzaqlaşan zaman Elvin masadan durub Nəzirənin arxası ilə təhqiramiz ifadələr işlətməyə başlamış və Nəzirəyə “çayniki vurub səni cırıq-cırıq eliyərəm” demişdir. Nəzirə Elvinin dediklərindən qorxub barın arxa hissəsinə keçmişdir. Elvin onun ardınca gəlib bara yaxınlaşaraq masanın üzərində olan dəmir külqabını götürüb Nərizənin üzərinə atmış və həmin dəmir külqabı Nəzirənin başına dəyib yerə düşmüşdür. Həmin vaxt o, və çay evində olan müştərilər Elvini sakitləşdirmişlər. O bu barədə polisə məlumat verəcəyini dedikdə çay evindən çölə çıxmışdır. Sonra Şahid1 ifadəsində çay evində həmin vaxt digər masalardada müştərilərin iolmasını, münaqişənin təxminən 5-10 dəqiqə davam etməsinin və baş vermiş münaqişə zamanı çay evinin iş ahənginin pozulmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba rayonu Timiryazev qəsəbəsində yerləşən 480 adlı çay evinin sahibidir. Zərərçəkmiş şəxs 2023-cü ilin may ayından 480 adlı çay evində ofisiant işləyir. Quba rayon sakini Təqsirləndirilən şəxs bir müştəri kimi tanıyır və aralarında düşmənçilik və ədavət olmamışdır. 07 iyun 2023-cü il tarixdə axşam saat 18 radələrində işə gələn zaman çay evinin giriş qapısında Elvinin mübahisə etdiyini və xeyli sayda müştərinin Elvinin ətrafına yığışdığını görmüşdür. Çay evinə keçib Nəzirə adlı işçisinin baş nahiyəsindən qan gəldiyini görüb nə baş verməsinin soruşduqda, Nəzirə və orada olan Aylin adlı işçi bildirmişlər ki, heç bir əsaslı səbəb olmadan sərxoş vəziyyətdə çay evində olan Təqsirləndirilən şəxs Nəzirənin ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmiş və bununlada sakitləşməyən Təqsirləndirilən şəxs masanın üzərində olan dəmir külqabını Nəzirənin başına vurub ona xəsarət yetirmişdir.İşçilərdən hadisə barədə polisə məlumat veribverməmələrini soruşduqda, polisə məlumat verdiklərini demişlər. Elvin, polisə hadisə barədə məlumat verildiyini eşidib dərhal onun yanından qaçıb uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, çay evində olan münaqişə təxminən 5-10 dəqiqiqə davam etmiş və çay evinin ümumi iş ahəngi pozulmaqla həmin vaxtı orada olan müştərilər çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 iyun 2023-cü il tarixdə saat 18 radələrində tanışları ilə birlikdə Quba rayonu Timiryazev qəsəbəsində yol kənarında yerləşən 480 adlı çay evində olan kabinetlərdən birində əyləşib çay içmişdir. Bu zaman çay evinin ümumi zalından səs küy səsi gəldiyini eşidib kabinetdən boylanıb baxdıqda kafedə işləyən Nəzrin adı ilə tanıdığı xanımın qaçaraq bara tərəf getdiyini görmüşdür. Nəzrin qaçan zaman onun arxası ilə də bir nəfər oğlan söyüş söyərək getmişdir. Nəzrin qaçıb barın arxasına keçdikdən sonra, həmin müştəri bara yaxınlaşıb masanın üzərində olan dəmir külqabını Nəzrinin üzərinə atmiş və həmin dəmir külqabı Nazlının başına dəyib yerə düşmüşdür. Bundan sonra Nazlının başından qan gəlməyə başlamışdır. Nazlının başının alın hissəsində çapıq yaranmışdır. O, və digər tanımadığı müştərilər kafedə olan mübahisədən narahat olub kafeni tərk eləməyə başlamışlar. Sonradan isə ofisiant qızı vurub xəsarət yetirənin Elvin adlı şəxs olduğunu öyrənmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmətibb ekspertizasının 19 iyun 2023-cü il tarixli 294 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - alnın sağ tərəfinin xətti sıyrığı tinli əşyanın təsirindən törənməklə yetirilmə müddəti 07 iyun 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş üzrə təyin edilib məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi-ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərarın və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətlərindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən cinayət işi başlanmış, Təqsirləndirilən şəxs yenidən digər cinayətə görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Göründüyü kimi hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa fakt görə eyni maddə ilə (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi) ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 noyabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazaırlıq iclasının xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir.. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyi ediləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübutun olmadığı nəzərə alınsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-26/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-26/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver