Məhkəmə qərarları › İş №1(027)-27/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-27/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-27/2024 09.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Küpçal kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Dağlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərəkətlərini bir biri ilə şüurlu surətdə uzlaşdırıb 05 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Quba rayonu Dəvədabanı yaşayış massivində yerləşən “BEER HOUSE“ adlı kafedə rayonun 2-ci Nügədi kənd sakini Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə nəticəsində cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında insanların rahatlığını pozaraq qəsdən Zərərçəkmiş şəxs yumruqla üz nahiyyəsindən bir dəfə vuraraq üst dodaqda sağda əzilmiş-cırılmış yara kimi xəsarət yetirməklə dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədən sağlamlığa “ YÜNGÜL “ zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 tanımır, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 22:00 radələrində o, dostları Nurlan və Elmarla birlikdə Quba şəhərində yerləşən “BEER HOUSE” kafesində pivə içmişdir. Bu zaman həmin kafedə başqa bir masada əvvəlcədən tanıdığı İlham adlı şəxs ilə tanımadığı qızın oturub söhbət etdiklərini görmüşdür. Həmin vaxtı İlhamla eyni masada əyləşmiş qız İlhamla ucadan söyüşlə danışmış, o isə bunu görüb İlhamı yanına çağıraraq “’qıza de ki, ayıbdır yavaş danışsın və söyüş söyməsin” demişdir. Bundan sonra onun masasına 1 nəfər adını bilmədiyi sərxoş oğlan gəlib əyləşmiş, o isə həmin oğlanla söhbət etmək istəmədiyi üçün ayağa qalxıb gedib hesablarını verib getmək istəmişdir. Bu vaxt İlhamın da həmin qızla öz masalarının qarşısında ayaq üstə dayanıb söhbət etdiyini görmüşdür. İlham Leyla ilə öz masalarının qarşısında söhbət edən zaman onların ona baxıb söhbət etdiklərini görüb onun barəsində danışdıqlarını zənn edib, İlhama yaxınlaşaraq sol əli ilə onun boynundan tutmuşdur. İlham həmin vaxt onun əlini kənara itələmiş, o isə İlhamın sifət nahiyyəsinə sol əlinin arxası ilə bir dəfə vurmuşdur. İlham zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Orada olan şəxslər onları sakitləşdirdikləri üçün o, kafedən çıxıb getmişdir. Onunla İlhamın arasındakı mübahisə “BEER HOUSE“ kafesinin içərisində təxminən iki-üç dəqiqə davam etmidir. Həmin vaxt kafedə olan Kamil və adlarını unutduğu tanışları onu sakitləşdirmişlər. Onunla İlhamın arasındakı mübahisə zamanı o, kafeyə məxsus əşya və ya hər hansı bir yeri sındırmamış, kiməsə maddi ziyanın dəyməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 8-9 aydır ki tanıyır. Leyla ilə dostluq münasibətləri olmuşdur. Leyla Quba şəhərində yerləşən “BEER HOUSE" kafesində ofisant işləyir. O, ara-sıra Leylanın işlədiyi kafeyə gedib gəlmişdir. Sonuncu dəfə 05 oktyabr 2023cü il tarixdə, saat təxminən 22:00 radələrində Leylanın işlədiyi kafeyə gedib Leyla ilə eyni masada əyləşib söhbət etməyə başlamışdır. Həmin vaxtı kafedə tanımadığı şəxslər də əyləşib pivə içib istirahət etmişlər. Bu zaman kafe sahibi Kamil ona “səni qonşu masada oturan şəxs çağırır” demişdir. O, masadan durub həmin masaya tərəf getmiş və həmin şəxsin tanışı Murad olduğunu görmüşdür. Muradla təxminən 5 dəqiqə söhbət etmiş və geri qayıtmışdır. Murad həmin vaxtı ona "qıza de ki, astadan danışsın, biz bura istirahətə gəlmişik” demişdir. O, da “narahat olma, qıza deyərəm sakit danışar” demişdir. O Leyla ilə əyləşdiyi masaya gəlmiş və evə getmələri üçün taksi çağırmışdır. Bu zaman Murad ona yenidən gəlib yaxınlaşmış və əli ilə boynundan tutub sonra isə qəflətən sifət nahiyyəsinə 1 dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən o, arxası üstə masanın üstünə yıxılmış, Leyla isə tutub onu ayağa qaldırmışdır. Onun üst dodağı partlamışdır. Həmin vaxtı kafedə olan tanımadığı müştərilər gəlib onları ayırmış və o, Leyla ilə çıxıb evinə getmişdir. Qeyd olunan məsələlərin hamısının kafenin kamera görüntüsündə qeydə alınmışdır. Onunla Muradın arasındakı mübahisə “BEER HOUSE“ kafesinin içərisində, təxminən bir-iki dəqiqə davam etmiş, orada olan Kamil, Tural və tanımadığı müştərilər onları aralaşdırıb Muradı aşağı düşürüb evinə yola salmışlar. Onunla Muradın arasındakı mübahisəyə səbəbin onunla eyni masada əyləşib söhbət edən Leyla adlı qadının ucadan danışması olmuşdur. Onunla Muradın arasındakı mübahisə zamanı kafeyə məxsus heç nə sınmamış və ya yararsız hala düşməmiş, orada isə heç kimə maddi ziyan dəyməmişdir. O və Murad həmin vaxtı sərxoş olmuşlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki o, Quba şəhərində yerləşən “BEER HOUSE” kafesində ofisant işləyir. Zərərçəkmiş şəxs təxminən 8-9 aydır ki, tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 05 oktyabr 2023-cü il tarixdə, saat təxminən axşam 22:00 radələrində İlham işlədiyi kafeyə gəlib onunla eyni masada əyləşib söhbət etməyə başlamışlar. Həmin vaxtı kafedə tanımadığı şəxslər də əyləşib pivə içib istirahət etmişlər. Bu zaman kafe sahibi Kamil İlhama “səni yan masada oturan şəxs çağırır” demişdir. İlham oturduqları masadan qalxıb həmin masaya yaxınlaşıb orada olan tanımadığı oğlanla təxminən 5 dəqiqə söhbət etdikdən sonra, geri qayıtmışdır. İlham, qayıtdıqdan sonra, evə ğetmək üçün taksi çağırmışdır. Bu zaman yan masada əyləymiş və bir qədər əvvəl İlhamla söhbət edən adını sonradan öyrəndiyi Murad adlı şəxs İlhama yaxınlaşaraq qəflətən İlhamın sifət nahiyyəsinə yumruqla bir zərbə endirmişdir. Zərbənin təsirindən İlham arxası üstə masanın üstünə yıxılmışdır. Həmin vaxt İlhamın dodağından qan gəlməyə başlamışdır. Həmin vaxtı kafedə olan tanımadığı müştərilər gəlib onları aralaşdırmışlar, sonra o, İlhamla birlikdə taksiyə minib yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki o, Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən “BEER HOUSE” kafesini təxminən 2023-cü ilin avqust ayının 31-dən etibarən icarəyə götürüb işlətmişdir. Şahid1 təxminən 3 ildir ki, tanımış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid1 2023-cü ilin oktyabr ayından onun kafesində ofisant işləyir. O, İlham adlı şəxsi tanımamış, Murad isə onun qohumudur, onlarla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 05 oktyabr 2023-cü il tarixdə, axşam saat 22:00 radələrində o, kafedə olan zaman iki masada tanımadığı müştərilər əyləşib çay və pivə içmişlər. Leyla isə Zərərçəkmiş şəxsla birlikdə eyni masada əyləşərək söhbət etmişdir. Həmin vaxt onun qohumu olan Təqsirləndirilən şəxs tanımadığı öz dost tanışları ilə kafeyə gəlmiş, onlar da İlhamgilin masalarının arxasında masada əyləşib çay sifariş vermişlər. İlhamla Leyla söhbət edərkən ucadan danışmışlar, bu zaman Murad İlhamı çağırmış, İlham Muradı görmədiyindən o, İlhama əli ilə işarə edib, Muradın onu çağırdığını bildirmişdir. Az sonra İlham Muradın masasına durub getmiş, orada Murad ilə İlhamın arasında sözlə mübahisə olmuş, onların dava dalaş edəcəklərini görüb onlara yaxınlaşmış, eyni zamanda Muradın yanında olan tanımadığı uşaqlar da onları sakitləşdirmişllər.Bundan sonra İlham əyləşdiyi masaya qayıtmışdır. Bundan beş-on dəqiqə sonra, saat 22:30 radələrində İlham öz hesabını ödəyib Leyla ilə durub kafedən getmək istəyərkən Murad İlhama yaxınlaşıb sol əli ilə onun boyun nahiyyəsindən tutmuşdur. Murad onun əlini itələyərkən Muradın sol əli ilə bir dəfə yumruqla İlhamın sifət vurub ona xəsarət yetirmişdir. Həmin vaxtı o, və orada olan tanımadığı şəxslər də onlara yaxınlaşmışlar. Muradı isə öz dostları götürüb aparmışdır. Həmin vaxtı İlhamın dodağından qan gəldiyini görmüşdür. Muradla İlhamın arasındakı mübahisə “BEER HOUSE" kafesinin içərisində təxminən iki-üç dəqiqəyə yaxın davam etmiş, orada olan Muradın adlarını bilmədiyi tanışları Muradı aşağı düşürüb aparmışlar. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 09 oktyabr 2023-cü il tarixli 791 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - üst dodaqda sağda əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti 05 oktyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri dinləyib, şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər sübutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1860 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı-xx.xx.2000-ci il təvəllüdlü X2, oğlu - xx.xx.2020-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə portalından çıxarışdan görüünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvvəlüdlü bir azyaşlı üşağı var. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 04 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, aylıq qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar