Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-28/2024 09.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1-də qediyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 8,17 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 02 oktyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı Quba şəhəri, Y.Qasımov küçəsində yerləşən “Media şəhidləri” parkının qarşısında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan “Pall Mail" markalı siqaret qutusunun içərisində xalis çəkisi 8,17 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, 2023-cü ilin sentyabr ayının ortalarında, saat 11 radələrində "Quba-Qəçrəş" avtomobil yolunun kənarında yerdə olan siqaret qutusunu ayaqla vurarkən ağır gəldiyindən diqqətini cəlb etmiş və yerdən götürüb içərisinə baxarkən içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Tapdığı siqaret qutusunu içərisindəki kütlə ilə birlikdə şəxsi istifadəsi üçün üzərində saxlamış və tutulana qədər bir dəfə istifadə etmişdir. 02 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrində Quba şəhəri, Y.Qasımov küçəsində yerləşən “Media şəhidləri” parkının qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmiş, polis əməkdaşları onun üzərinə video-çəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı polis əməkdaşları ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet varsa təqdim etməyi təklif etmişlər. O da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Pall Mall” siqaret qutusunu təqdim etmişdir. Təqdim etdiyi siqaret qutusu açılmış və içərisindən tünd yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Sorğu zamanı bu kütlənin narkotik vasitə olmasını, 15-20 gün əvvəl işə gedərkən Quba-Qəçrəş yolunda təsadüfən qarşısına çıxaraq tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə marixuana elektron tərəzidə ölçülərək qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Üzərindən qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş başqa əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bütün istintaq hərəkətləri videokamera ilə qeydə alınmış, həmin vaxt vəkil onun yanında olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitələrdən istifadə etməmiş, heç kimə satmamış, şəxsi istifadəsi üçün saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərilməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, himayəsində azyaşlı uşağın olmasını, həyat yoldaşının ikinci uşağa hamilə olmasını bildirərək, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirləri nəticəsində Hətəm Taıbovun 02 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Quba şəhəri, Y.Qasımov küçəsində yerləşən 'Media şəhidləri" parkının qarşısında saxlanılaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Hətəm Taıbova üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmiş, Hətəm Taıbov könüllü olaraq qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Pall Mall” siqaret qutusunu təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, bir ədəd ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı X8, polis əməkdaşları, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs gecə saatlarında küçədə dayanmışlar. Təhqiqatçı özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olmasını bildirir. Təhqiqatçı əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələr üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə olub-olmadığını soruşur, cavabında Təqsirləndirilən şəxs üzərində marixuananın olmasını etiraf edir və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu təqdim edir. Təhqiqatçı siqaret qutusunun içinə baxır və içərisində yaşıl rəngdə marixuanaya bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni 15-20 gün əvvəl işə gedərkən Qəçrəş yolunda təsadüfən tapdığını bildirir. Üzərində şəxsi axtarış keçirilir və əynindəki şalvarın yan cibindən bır ədəd siqaret qutusunu, əynindəki gödəkçənin sol yan cibindən isə bir ədəd mobil telefonu çıxarıb təqdim edir. Üzərində qadağan olunan başqa heçnə aşkar edilmir. Aşkar olunmuş kütlə elektron tərəzi vasitəsilə ölçüldü və kütlənin ümumi çəkisi 13,1 qram olduğu müəyyən olunur. Sonra həmin kütlələr zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, Y.Qasımov küçəsində yerləşən “Media şəhidləri” parkının qarşısında saxlanılmış və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlayarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunan nəsə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Pall Mall” siqaret qutusunu çıxardıb təqdim etmişdir. Qutunu açarkən içərisindən tünd yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzi vasitəsilə ölçülmüş və kütlənin ümumi çəkisi 13,1 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 03 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1372 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Pall Mall” markalı siqaret qutusunun içərisində xalis çəkisi 8,17 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 8,17 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 8,12 qram; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 19 oktyabr 2023-cü il tarixli, 6801 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,12 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş,Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, cinayət işi üzrə 05 oktyabr 2023cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatından sonra qalıq qalmış 8,12 qramının maddi sübut hesab edilməsi və həmin narkotik vasitənin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 1 (bir) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda marixuananı əldə edib üzərində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 8,17 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞnin MSY-dən azad olunması qərara alınmışdır; “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ayarış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və anası - 1968-ci il təvəllüdlü X4, həyat yoldaşı- 1994-cü il təvəllüdlü X7 və qızı – 2021-ci il təvəllüdlü X5 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur; AZ-İV 587256 nömrəli oğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 Hətəm Vahid oğlunun uşağıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, gənc olmasnı, himayəsində bir azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 8,12 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Sübut növü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun və Xaçmaz rayonunun Xudat şəhərinin, Quba-Xudat avtomobil yolunun hüdudlarını tərk etməmək, axşam saat 00:00dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 8,12 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE**********0002088501, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-28/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-28/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver