Məhkəmə qərarları › İş №1(027)-29/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-29/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-29/2021 18.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işsiz, Quba rayonu, İspik kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Quba rayonu, İspik kəndində həmkəndlisi Zərərçəkmiş şəxs, sonuncunun yaşadığı evinin qarşısındakı yolun kənarında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, bir dəfə yumruqla burun nahiyyəsindən vuraraq, ona sağ gözün altında qançır, burun qanaxması ilə müşayiət olunan burnunun üstündə yumşaq toxumaların əziyi və sıyrığı, burun sümüklərinin qapalı sınığından ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və bu vaxta kimi aralarında ədavət və düşmənçilik olmamış, ümumiyyətlə münasibətləri yaxşı olmuşdur. Mübahisədən əvvəl Mahiin iyibuynuzlu mallarının ona məxsus əkin sahəsinə daxil olaraq tapdaladığını görmüşdür. Həmin vaxt Mahir Bakı şəhərində olduğundan sonuncuya iradlarını bildirə bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat təqribən 15 radələrində evdən çıxıb əlində balta ilə həmin sahəyə doğru gedən zaman, Mahirin evinin qarşısından keçən yolun kənarında sonuncunu görüb onunla ilk əvvəl salamlaşmış, sonra «malların yerimə girir, niyə mallarına sahib durmursan?» deyə soruşmuşdur. Bununla bağlı aralarında mübahisə yaranmış və Mahir ona kobud cavab verdiyi üçün bir dəfə yumruqla Mahirin burun nahiyyəsindən vurmuşdur. Bu zaman Mahir onun üstünə gəlmiş və onlar tutaşaraq əlbəyaxa olmuşlar. Sonradan onlar aralanmışlar və o, evinə getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Mahir ərizəsində onu balta ilə vurmasını bildirsə də, bu məlumat doğru deyil. Belə ki, Mahirə yaxınlaşan zaman əlində balta olmuş, lakin mübahisə başlayan zaman o, əlində olan baltanı yerə atmışdır. Yəni ki, Mahirə balta ilə hər hansı xəsarət yetirməmişdir. Mübahisə vaxtı ətrafda heç kim olmamışdır. Sonradan Mahirin yoldaşı Ruziyyə gəlmiş, onunla mübahisə edərək yerdən götürdüyü daşı ona atsa da, daş ona dəyməmişdir. Mübahisə zamanı o hər hansı xəsarət almamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, özünə məxsus 2 baş inəyi hər gün səhər açıb tövlədən küçəyə buraxmışdır. Hadisədən təxminən 7-8 gün əvvəl o, Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək yoldaşı Ruziyyəyə “Niyə görə mal-qaranı mənim sahəmə buraxırsan?» sualını verib ünvanına nalayiq söyüşlər söymüşdür. Ruziyyə də ona bu barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında mal-qaranı gözləyərkən, evinin qarşısındakı kənd yolundan keçən Elşəni görmüş, sonuncu əvvəlcə ona salam vermiş, sonra isə «niyə heyvanlarına yiyə durmursan?» soruşub onun burun nahiyyəsindən vurmuşdur. Həmin vaxt Elşənin əlində balta olsa da, onu balta ilə vurmasını dəqiq bilməmiş, balta ilə xəsarət yetirməsini düşünmüşdür. Elşən onu vurduqdan sonra onlar əlbəyaxa olmuşlar. Lakin o, Elşənə xəsarət yetirməmişdir. Münaqişə zamanı ətrafda heç kim olmamışdır. Sonradan həyat yoldaşı Ruziyyə ona yaxınlaşmışdır. Mübahisə onun yaşadığı evin yaxınlığında baş vermiş və həmin vaxt orada heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Ağasi qızı ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. Lakin xx.xx.2020-ci il tarixdə baş vermiş münaqişəyə səbəb onlara məxsus iribuynuzlu heyvanların Elşənin torpaq sahəsinə girməsi olmuşdur. Belə ki, həyat yoldaşı Mahir çox vaxt işi ilə əlaqədar Bakı şəhərində olur və orada təmir-tikinti işlərində çalışır. Əvvəllər o, evin həyətində olarkən Elşən onun evinin qarşısındakı yoldan keçən zaman mallarının onun sahəsinə girmələrini demiş və bununla bağlı aralarında kiçik söz mübahisəsi yaranmışdır. Sonuncu dəfə hadisədən təqribən 10 gün əvvəl Elşən özü onun mallarını qapısınna gətirmiş və onu acılayaraq «qoy ərin gəlsin, onunla danışaram»demişdir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində o, evdə olarkən həyat yoldaşı Mahir darvazadan kənd yoluna çıxıb malları gözləmişdir. Bir qədər sonra o, pəncərədən kiminsə ucadan mübahisə etməsini eşitmiş, pəncərədən həyətə baxdıqda Mahirin həyətdəki bulaqda su ilə üzünü yumasını görüb nə baş verməsini soruşmuşdur. Mahir isə ona Elşənin vurmasını bidirmişdir. O, Elşənin əlində balta görsə də, yoldaşı Mahiri burun nahiyyəsindən nə ilə vurmasını görməmişdir. Çünki o, bilavasitə hadisənin şahidi olmamışdır. Məhkəmədə verilən sullara cavab olaraq, bildirmişdir ki, hadisə baş verən zaman küçədə Elşənlə Mahirdən başqa heç kimi olmamışdır. Elə hadisədən sonra da, o küçəyə çıxanda orada heç kimi görməmişdir. Bildiyinə görə Elşən həmin vaxt meşəyə getməyə hazırlaşdığı üçün əlində balta gəzdirmişdir. Elşənin həmin balta ilə həyat yoldaşı Mahiri vurması barədə heç nə bilmir. Mahir də bu barədə heç nə deməmişdir. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və X3-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 1314 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-sağ gözün altında qançır, burun qanaxması ilə müşayiət olunan burnunun üstündə yumuşaq toxumanın əziyi və sıyrığı, burun sümüklərinin qapalı sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 7); Quba RİHB-nın xx.xx.2020-ci il tarixli 165 nömrəli yaşayış yeri barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İspik kəndində yaşayır (iş vər.: 27); Quba RİHB tərəfindən xx.xx.2020-ci il tarixli verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İspik kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Kənd sakinləri arasında müsbət xarakterizə olunur (iş vər.: 28); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 29); Quba rayon Mərkəzi xəstəxanasının sorğuya xx.xx.2020-ci il tarixli 4292 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur (iş vər.: 31). Beləliklə, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, ekspert rəyi, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək saələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar