Məhkəmə qərarları › İş №1(027)-29/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-29/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-29/2023 31.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Quba rayonu Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Birinci Nügədi kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 03 ədəd bükümdə cəmi 0,713 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 15 avqust 2022-ci il tarixdə saat 22 radələrində həmin bükümlərdən 0,162 qram və 0,266 qram olmaqla 02 ədəd bükümdə 0,428 qram metamfetamini Quba şəhəri Azərbaycan küçəsində yerləşən “Lider avtoyuma” adlanan məntəqənin yaxınlığında Şahid1 10 manat müqabilində satmış, 16 avqust 2022-ci il tarixdə saat 02:45 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Quba rayonu Birinci Nügədi kəndi ərazisində saxlanılaraq Quba rayon polis şöbəsinə gətirilib orada onun üzərində şəxsi axtarış aparıldıqda əynindəki qara rəngli şalvarın arxa sağ cibində saxladığı yerdə qalan 01 ədəd qara kağız bükümdə təmiz çəkisi 0,285 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan bir həftə əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən dörd büküm psixotrop maddə metamfetamin almışdır. 15 avqust 2022-ci il tarixdə saat 22 radələrində Quba şəhərində yerləşən “Lider avtoyuma” məntəqəsinin yanında olarkən tanışı Şahid1 ona yaxınlaşıb istifadə etmək üçün ondan psixotrop maddə metamfetamin istəmişdir. Həmin vaxtı o, üzərində olan metamfetamindən iki bükümüm çıxarıb Mətləbə vermişdir. Mətləb isə əvəzində ona 10 manat pul vermişdir. Mətləbdən pulu almaq istəməsədə Mətləb 10 manatı ona verib ondan ayrılmışdır. O, Mətləbdən ayrılıb yaşadığı evə gedərkən, evin qarşısında tanımadığı şəxslər ona yaxınlaşıb özlərinin Quba rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Quba RPŞ-nə aparmışlar. Polis şöbəsində hüquqlarını müdafiə etmək üçün ona müdafiəçi təqdim edildikdən sonra, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd siqaret kağızına bükülü olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu sual zamanı o, polis əməkdaşlarına bildirmişdir ki bir həftə əvvəl Bakı şəhərində Famil adlı şəxsdən 18 manat müqabilində dörd büküm psixotrop maddə metamfetamin almışdır. Həmin metamfetamindən bir bükümünü özü istifadə etmiş, iki bükümünü tanışı Şahid1 təmənnasız vermək istəsədə Mətləbin ona 10 manat vermiş, qalan bir büküm isə üzərindən aşkar edilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə şəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını və İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonunun Nügədi kəndində yaşayan Təqsirləndirilən şəxs onun tanışıdır. O, təxminən iki aydır psixotrop maddə metamfetamin qəbul edir. 15 avqust 2022-ci il tarixdə istifadə etdiyi ***-***-**-** mobil nömrədən Məhəmmədin işlətdiyi ***-***-**-** nömrəsinə zəng edərək ondan iki büküm psixotrop maddə metamfetamin istəmişdir. Məhəmmədin ona bildirmişdir ki, bir büküm metamfetamini 10 manata satır. O, Məhəmmədə yalnız 10 manatı olduğunu bildirib ondan xahiş etmişdir ki, iki bükümü elə həmcdə etsin ki, 10 manatlıq olsun. Həmin gün saat 22 radələrində Quba şəhərində yerləşən “Lider avtoyuma” məntəqəsinin yanında Məhəmmədlə görüşüb 10 manat verərək ondan iki balaca büküm metamfetamin almışdır. O, Məhəmməddən ayrılıb Azərbaycan küçəsində yerləşən “Xudmani” adlanan kafeyə gedib orada çay içib çölə çıxarkən, 16 avqust 2022ci il tarixdə saat 00.10 radələrində üzdən tanıdığı Quba rayon polis şöbəsinin əməkdaşlarını görmüşdür. Bu zaman qorxmuşdur ki, kimsə onun metamfetamin alması barədə məlumat vermiş olar. Ona görə də təzədən kafeyə içəri keçmişdir. Həmin vaxt onun hərəkətlərindən şübhələnmiş polis əməkdaşları onun arxasınca kafeyə girib onu saxlamışlar. Polis əməkdaşları narkotik vasitə saxlamaqda, daşımaqda ondan şübhələndiklərini bildirdikdə qorxub üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra ora gəlmiş əməliyyat qruğunun üzvləri hüquqlarını müdafiə etmək üçün ona müdafiəçi təqdim edib videoçəkilişlə üzərində şəxsi axtarış keçirmişlər. Axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön cibində olan 02 ədəd siqaret kağızına bükülü olan kütlələri təqdim edərək həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu və həmin bükümləri 15 avqust 2022-ci il tarixdə Quba rayonu Birinci Nügədi kənd sakini Məhəmməd adlı tanıdığı şəxsdən satın aldığını, hər iki bükümə görə Məhəmmədə 10 manat ödədiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 Mövlan oğlu ifadəsində göstərmişdir ki, 16 avqust 2022-ci il tarixə gecə saat 00:10 radələrində Quba şəhəri Azərbaycan küçəsində yerləşən “Xudmani” adlanan kafenin yanında xidmıtdə olarkən kafenin qarşısında bir nəfər şəxsin özünü şübhəli apararaq onu görən kimi kafeyə girdiyini görüb həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onun ardınca kafeyə girmişdir. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra, özünü şübhəli aparmasının səbəbini soruşduqda, həmin şəxs Quba rayon sakini Şahid1 olduğunu bildirib üzərində psixotrop maddə metamfetamin olduğunu ona bildirmişdir. Bundan sonra o, həmin şəxsi nəzarətdə saxlayaraq əməliyyat qrupunun üzvlərinə məlumat vermişdir. Bir qədər sonra əməliyyat qrupunun üzvləri onların olduqları yerə gəlmişlər. Şahid1 müdafiəçi təqdim edildikdən sonra, onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 əynində olan .göy rəngli cins şalvarın sağ ön cibindən 02 ədəd siqaret kağızına bükülü bükümü təqdim edərək həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirərək həmin bükümləri 15 avqust 2022-ci il tarixdə Quba rayonu Birinci Nügədi kənd sakini Məhəmməd adlı tanışından 10 manata aldığını etiraf etmişdir.Şahid1 üzərindən aşkar edilib götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun əməliyyatmüvəkkili, Şahid2 ifadəsində göstərmişdir ki, 16 avqust 2022-ci il tarixə keçən gecə saat 02.45 radələrində Quba RPŞ-nin CAB-nin əməliyyat-müvəkkili Şahid3 ilə birlikdə narkoti vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs Quba rayonu Birinci Nügədi kəndində yaşadığı evinin qarşısında saxlayaraq RPŞ-yə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi təqdim edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır.. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinindəki qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd siqaret kağızına bükülü aşkar edilmişdir. 01 ədəd siqaret kağızına bükülünün içərisinə baxıldıqda psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan kütlə psixotrop maddə metamfetamindər və metamfetamini bir həftə əvvəl Bakı şəhərində Famil adlı şəxsdən almışdır. Əldə etdiyi metamfetamindən bir bükümünü özü istifadə etmiş, bir bükümü şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş, iki bükümünü isə 15 avqust 2022-ci il tarixdə tanışı Şahid1 vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2022-ci il tarixli 6/4355 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,162 qram və 0,266 qram olmaqla ümumi təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə ~ metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə tədiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,428 qram təşkil edir, tədqiqata sərf edildi ~ 0,06 qram, qalıq isə 0,368 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2022-ci il tarixli 6/4356 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan ağ rəngli kristaldan ibarət maddə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə kustar üsulla hazırlanmış psixotrop maddə -- metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin Şahid1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə olan metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə tədiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,285 qram təşkil edir, tədqiqata sərf edildi - 0,05 qram, qalıq isə 0,235 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 7118 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RlHB-nın Birinci Nügədi kənd lƏD üzrə nümayəndəliyindən alınmış 18 avqust 2022-ci il tarixli 771 N°-li arayışdan və 770 Nə-li xasiyyətnamədən görünür ki. Təqsirləndirilən şəxs Quba rayonu Birinci Nügədi kəndində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.. İş materiallarında olan İ-62519 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixli 250 nömrəli Sərəncam ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında oaln fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddət dövründə və ictimai-siyasi hazırlıqda fərqləndiyinə və nümunəvi hərbi intizamına görə fəxri fərmanla təltif olunmuşdur. İş materiallarında olan ******* saylı hərbi biletin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasın, cavan olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, məhkəmədə davranışını cəzasını yüngülləşdirən halları kimi, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, eləcə də cəzasını ağırlaşdıran halların olmaması müstəsna hallar kimi qiymətləndirilməli və onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün hesab edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mümkün və məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Quba rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan qaçıb gizləndiyi üçün barəsində həmin tarixdə axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 228 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,285 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-cи maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırma cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Birinci Nügədi kəndində yerləşən yaşadığı evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs, 228 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,285 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar