Məhkəmə qərarları › İş №1(027)-3/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-3/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-3/2021 30.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sabirabad rayonu, Məmişlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 iyun 2019-cu il tarixdə səhər saatlarında sifariş əsasında "xxxx" MMC-nin Bakı şəhərində yerləşən anbarından Quba və Qusar rayonlarına göndərilmiş ərzaq məhsullarını şirkətin satış təmsilçisi Şahid1lə birlikdə Şahid2 idarə etdiyi “Otego” markalı, “**-HF-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gətirilərək ondan 16057,98 (on altı min əlli yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində məhsulu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid3 məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən topdan satış mağazasına təhvil verilməsində, həmçinin, 305,76 (üç yüz beş manat yetmiş altı) manat məbləğində məhsulu yenə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər fiziki şəxs Şahid5 məxsus Qusar şəhəri, Ləzgi Əhməd küçəsində yerləşən pərakəndə satış mağazasına təhvil verilməsində fəhlə qismində iştirak etmiş, sonra həmin malların cəmi dəyəri olan 16363,74 (on altı min üç yüz altmış üç manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Şahid1 verilmiş, lakin sonuncu Xaçmaz şəhərində olan yaxın qohumlarının yanına getməli olduğundan həmin məbləğ Şahid2 idarə etdiyi yük avtomobili ilə Bakı şəhərinə, "xxxx" MMC-nin ofisinə çatdırılmasından ötrü ona verilmiş, lakin Bakı şəhərinə qayıdaraq pulu şirkətə təhvil verməli olduğu halda, həmin gün saat 23 radələrində Masazır qəsəbəsində avtomobildən düşərək şirkətə təhvil verilməsi məqsədilə ona etibar edilmiş 16363,74 (on altı min üç yüz altmış üç manat yetmiş dörd qəpik) manat məbləğində vəsaiti şirkətə təhvil verməməklə öz şəxsi ehtiyaclarına sərf edərək xərcləyib ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 iyun 2019-cu il tarixindən etibarən təchizat şirkəti olan "xxxx" MMC-də fəhlə kimi işləməyə başlamış, şirkətin fəaliyyəti müştərilərə müxtəlif malların topdan və pərakəndə satışını təşkil etmək, onun işi şirkətə məxsus müxtəlif malların yüklənməsi və boşaldılması olmuşdur. 15 iyun 2019-cu il tarixdə Quba və Qusar şəhərlərində olan topdan və pərakəndə satış mərkəzlərinə ərzaq malları sifarişi olduğundan şirkətin direktoru Zərərçəkmiş şəxs təhvil-təslim aktını şirkətin satış təmsilçisi Şahid1 verərək malları firmanın Əhmədli qəsəbəsindəki anbarından və "xxxx" firmasının Hökməli qəsəbəsindəki anbarından götürərək Quba şəhərində yerləşən Cavid adlı şəxsə məxsus topdan satış mərkəzinə və Qusar şəhərində yerləşən Xəlil adlı şəxsə məxsus pərakəndə satış mərkəzinə çatdırmalı olmasını demiş, bu məqsədlə “Ucuz yük taksisi” firmasından yük avtomobili sifariş edilmiş, “Otego” markalı, “**-HF-***” dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, avtomobilin sürücüsü Ruslan adlı şəxs olmuş, həmin şəxsi əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs ona Haruna kömək etmək üçün Quba və Qusar şəhərlərinə getməsini, Şahid1 16 iyun 2019-cu il üçün Xaçmaz şəhərinə getmək məqsədilə icazə aldığından malların pulunu gətirərək şirkətə təhvil verməsini tapşırmışdır. 15 iyun 2019-cu il tarixdə saat 11 radələrində anbarlardan müxtəlif malları avtomobilə yükləmiş, bundan sonra Quba şəhəri istiqamətində yola çıxmışlar. Quba şəhəri, H.Əliyev prospektində, “Meqa market”in arxasında yerləşən Cavid adlı şəxsə məxsus topdan satış mərkəzinə gəlmiş, satış mərkəzinin fəhlələri ilə malları boşaltmış, Harun malların pulunu götürmək üçün mühasibin otağına getmişdir. Onlar orada 16057,98 (on altı min əlli yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində mal boşaltmışlar. Bir qədər sonra Harun gələrək pulu aldığını və çiynindən asdığı çantaya qoymasını demiş, avtomobilə əyləşərək Qusar şəhərinə getmişlər. Burada Xəlil adlı şəxsə məxsus pərakəndə satış mərkəzində mərkəzin fəhləsi ilə birlikdə avtomobildən 20 ədəd bağlamada “Sirab” markalı suları boşaltmış, həmin vaxt Harun da malların pulunu almaq üçün mühasibin otağına getmişdir. Malları boşaltdıqdan sonra avtomobildə Ruslanın yanında əyləşmiş və birlikdə Harunun gəlməsini gözləmişlər. Malların dəyəri 305,76 (üç yüz beş manat yetmiş altı qəpik) manat olmuş, Harun bir qədər sonra gəlmiş, pulu təhvil almasını demiş və birlikdə Bakı istiqamətində yola çıxmışlar. Harun Xaçmaz şəhərində yaşayan qohumlarının yanına getmək məqsədilə, növbəti gün, yəni 16 iyun 2019-cu il üçün şirkət rəhbərliyindən icazəli olduğundan Ruslan avtomobili Quba şəhəri, “Asan xidmət” Mərkəzi ilə üzbəüz, dairəvi yolun kənarında saxlamış, Harun çantasından iki ədəd qaimə kağızlarına bükülü vəziyyətdə pul vəsaiti çıxartmış, bir paketdə 16057,98 manat, digər paketdə isə 305,76 manat olmaqla ümumilikdə 16363, 74 manat pul olmasını, həmin paketləri saymasını bildirmiş, paketlərdən biri həddindən artıq böyük, digəri isə kiçik olmuşdur. O, kiçik paketi saymış, həmin paketdə 305,76 manat pul olmuş, iri paketi isə Haruna güvənməsini bildirərək saymamışdır. Hər iki paket qaimə kağızlarına bükülü vəziyyətdə olmuş, pulu təhvil aldıqdan sonra Fəridlə danışaraq pulları tam təhvil almasını, Bakı şəhəri istiqamətində yola çıxmalarını, şəhərə çatdıqdan sonra 20 yanvar dairəsi istiqamətində görüşərək pulu ona təhvil verəcəyini bildirmişdir. Yolda olarkən də Fəridlə bir neçə dəfə danışmış, sonradan fikrini dəyişmiş və pulu götürərək öz istifadəsi üçün xərcləmək fikrinə düşmüşdür. Pulları Harundan təhvil alana qədər belə bir fikri olmamış, bu fikir pulu Harundan təhvil aldıqdan sonra yaranmışdır. Ona görə də, Bakı şəhərinə çatmamış, Masazır qəsəbəsi ərazisində, dairəvi yolda avtomobildən düşmüş, avtomobildən düşən kimi mobil telefonunu söndürmüş, taksi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən parkın qarşısına gəlmiş, buradan da taksi ilə Babək prospektində yerləşən “Dalğa hotel”in qarşısına gəlmiş, pulların bükülü olduğu qaimə kağızlarını tullamış, günü 50 manat olmaqla 3 gün həmin hoteldə qalmışdır. Hoteldə qaldığı müddətdə diskotekalara getmiş, Gülnarə, Vəfa adlı və digər qadınlarla bütün pulu diskotekalarda onlara xərcləmişdir. Bakı şəhərində qaldığı təqribən 4-5 gün ərzində pulu tam xərcləyib qurtarmış, daha sonra Sabirabad rayonu, Məmişlər kəndində yaşadıqları evə getmişdir. Harunun və başqalarının bu məsələ ilə əlaqəsi olmamışdır. Pulları konkret olaraq harda və kimə xərcləməsini tam xatırlamamış, lakin həmin pulları yalnız diskotekalara və qadınlara xərcləmiş, xərclədikdən sonra yaşadığı Sabirabad rayonu, Məmişlər kəndinə qayıtmışdır.İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc və xəstə olmasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs illərdir pisixi xəstəlikdən əziyyət çəkir. Oğlunun "xxxx" MMC-də işləməsindən xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu "xxxx" MMC-dən 16363,74 (on altı min üç yüz altmış üç manat yetmiş dörd qəpik) manat məbləğində pul mənimsəyib. Qeyd edilən pulun hara xərcləndiyindən xəbəri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Şirkətin işi müxtəlif malları sifariş üzrə lazımı ünvana vaxtında çatdırılmasından ibarətdir. Şirkətə fəhlə olaraq işçi axtardıqlarından internetdə, saytlarda bu barədə elan yerləşdirmiş, təqribən 09-10 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs şirkətə gələrək iş elanını internetdə görməsini və fəhlə olaraq işə başlamaq istədiyini bildirmişdir. O, Əlihüseynlə bir qədər söhbət etdikdən sonra ona 2-3 gün sonra işə başlamasını bildirmiş, lakin onun şəxsiyyət vəsiqəsi etibarsız olduğu üçün əmək müqaviləsi bağlanılmamışdır. 15 iyun 2019-cu il tarixdə Quba və Qusar şəhərlərində yerləşən topdan satış mərkəzlərinə ərzaq mallarının sifarişi olmuş, ona görə də, kompüterdə təhvil-təslim aktını hazırlayaraq şirkətin satış təmsilçisi Şahid1 vermiş, malları lazımi istiqamətlər üzrə çatdırmasını tapşırmışdır. Şirkətdə hər hansı malın çatdırılması təhvil-təslim aktına uyğun olaraq həyata keçirilmiş, təhvil-təslim aktı 2 nüsxədə hazırlanmış, bir nüsxəsi malı təhvil alan şirkətə və ya firmaya verilmiş, digər nüsxə isə pulun təhvil alınmasını təsdiq etmək üçün şirkətdə qalmışdır. Malları ünvana çatdıran şəxs təhvil-təslim aktının bir nüsxəsini gətirərək pulla birlikdə şirkətə təhvil vermişdir. 15 iyun 2019-cu il tarixdə verilən sifariş Quba şəhərində Cavid adlı şəxsin topdan satış mərkəzinə və Qusar şəhərində Xəlil adlı şəxsin pərakəndə satış mərkəzinə çatdırılmalı olmuşdur. “Ucuz yük taksisi” firmasına yük avtomobili sifarış verilmiş, “**-HF- ***” markalı avtomobil göndərilmiş, avtomobili Ruslan adlı şəxs idarə etmişdir. Təhvil-təslim aktını götürən Harun malları təhvil vermək üçün firmadan çıxmış, Təqsirləndirilən şəxs Quba və Qusar şəhərlərində malların firmalara daşınmasına kömək etmək üçün Şahid1la birlikdə getməsi tapşırılmışdır. Şahid1 və Təqsirləndirilən şəxs sürücü Şahid2lə birlikdə əvvəl firmanın Əhmədli qəsəbəsində yerləşən anbarına, daha sonra isə "xxxx" MMC firmasının Hökməli qəsəbəsində olan anbarına gedərək malları götürməli, həmin malları Quba şəhərində Cavid adlı şəxsə verərək ondan 16057,98 manat, Qusar şəhərində olan Xəlil adlı şəxsə malları təhvil verərək ondan isə 305,76 manat pul almalı idilər. Şahid1 Quba və Qusar şəhərində malları ünvana çatdırdıqdan sonra 16 iyun 2019-cu il tarix üçün ondan icazə istəmişdir. Haruna icazə verdikdən sonra, Harun təhvil veridyi malların pulunu 17 iyun 2019-cu il tarixdə işə gələn zaman verməsinin təklif etmiş, Harun icazəli olduğu üçün pulu Əlihüseyn ilə vasitəsiylə göndərməyi tapşırmışdır. 15 iyun 2019-cu il tarixdə Əlihüseyn ona “Whatsapp” sosial şəbəkəsi ilə yazaraq Qubanın mərkəzində parkın qarşısında dairəvi yolda olmasını, malları tam təhvil vermələrini, Harunun getməsini və pulların hamısını ona təhvil verməsini, Bakı şəhəri istiqamətində yola çıxaraq şəhərə gələcəklərini, pulu gətirib təhvil verəcəyini bildirmişdir. O Əlihüseynə 20 yanvar metro stansiyası yaxınlığında görüşmələrini bildirmiş, Əlihüseyn razılaşmışdır. Saat 22:20-də Əlihüseynə “Whatsapp” sosial şəbəkəsi vasitəsiylə səs danışığı göndərərək harada olmasını soruşmuş, Əlihüseyn Saray qəsəbəsi yaxınlığında olmasını, Bakıya az qalmasını, çatan zaman zəng edəcəyini və pulu təhvil verəcəyini demişdir. Saat 23 radələrində Əlihüseynə zəng etsə də, onun mobil telefonuna zəng çatmamış, Ruslanla danışaraq Əlihüseynin gəlib çıxmamasını demiş, harada olmalarını soruşmuş, Ruslan Masazır qəsəbəsində, dairəvi yolun kənarında Əlihüseyni avtomobildən düşürməsini və bundan sonra onu görmədiyini demişdir. O, Əlihüseynin telefonunda enerjinin qurtarmasını düşünmüş və bir müddət gözləmiş, bu müddət ərzində Harunla danışmış, Harun ona Quba şəhərinin mərkəzində, dairəvi yolun kənarında avtomobildən düşməsini, pulu Əlihüseynə verməsini, sonuncunun isə sürücü Ruslanla birlikdə Bakı şəhəri istiqamətində yola çıxmasını demişdir. Bundan sonra o, davamlı olaraq Əlihüseynə zəng etmiş, lakin Əlihüseynə zəng çatmamışdır. Həmin gecəni Masazır qəsəbəsi və 20 yanvar dairəsinə gedərək bir xeyli gəzmiş, Əlihüseynin telefonunun enerjisi bitdiyini düşünərək həmin yerlərdə onu gözləmişdir. Lakin Əlihüseyni tapa bilməmişdir. Sonra Abşeron rayonuna gələrək burada Əlihüseynin düşməsini, onun qara rəngli, “VAZ 2107” markalı, “**-LX-***” dövlət qeydiyyat nişanlı taksi sürücüsü Fəqan adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən parka gəlməsini öyrənmişdir. Fəqan ona Əlihüseynin ona yaxınlaşaraq Nərimanov rayonu ərazisinə çatdırmasını, əvvəlcə pul söhbəti edərək taksi pulunu endirməsini, lakin sonradan avtomobildə olarkən onu tez çatdıracağı təqdirdə əlavə ödəniş edəcəyini deməsini, Əlihüseynin onunla 13 manata razılaşmasına baxmayaraq 20 manat ödəniş etməsini demişdir. Bundan sonra o Əlihüseynin pulu mənimsəməsini düşünmüş, bir neçə gün Əlihüseyni dost-tanışları, ailəsi, iş yoldaşları vasitəsiylə axtarmağa çalışmış, lakin tapa bilməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən vurmuş olduğu ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Quba şəhəri, H.Əliyev prospektində, “Mega Market”in arxasında X3 məxsus topdan və pərakəndə satış mərkəzində idarəçi işləyir. "xxxx" MMC-ni əvvəllər tanımamış, ilk dəfə həmin şirkətdən mal sifariş vermişdir. 2019-cu ilin iyun ayının əvvəllərində onlar topdan satış mərkəzinə müraciət edərək müxtəlif mallar təqdim etmiş, qiymətlər ona sərf etdiyi üçün onlarla razılaşmış və ona lazım olan malların sifarişini vermişdir. Onlarla malların ödənişini nəğd etmək barədə razılaşmışdır. 15 iyun 2019-cu il tarixdə şirkətdən ona zəng edilərək malları göndərdiklərini və günorta radələrində malların gələcəyini demişlər. O, yenidən ödənişi necə edəcəyini soruşduqda ona Harun adlı firmanın işçisinin gələcəyini, pulu ona verməsini bildirmişlər. Saat 16 radələrində “**-HF-***” dövlət qeydiyyat nişanlı yük avtomobili topdan satış mərkəzinə gəlmiş, yük avtomobilində 3 nəfər adam olmuşdur. Malları Harunun yanında olan Əlihüseyn adlı şəxs və mərkəzin fəhlələri boşaltmış, mallar tam boşaldıldıqdan sonra sifariş verdiyi mallara uyğun olaraq 16058 manatı sayaraq Haruna vermiş, Harun özü də pulu yenidən saymış, 16058 manat olmasını demiş və pulu təhvil almasına dair onda qalan qaiməyə imza çəkmişdir. Qaiməni Harun özü ilə gətirmiş, qaimənin üzərində gətirdiyi malların siyahısı, onların ayrı-ayrılıqda qiyməti və sonda isə ümumi qiyməti olmuşdur. Harun pulu qaimə kağızına bükmüş, bağlamaq üçün ona 3 ədəd sarı rəngli rezin vermiş, Harun isə həmin rezinlərlə pulu qaimə kağızına bükərək çiynindən asdığı çantaya qoymuşdur. Həmin vaxt yanında işçisi Şahid4 olmuş, daha sonra Harunu avtomobilə kimi müşayiət etmiş, Harun isə birbaşa avtomobilə əyləşərək Qusar şəhəri istiqamətində getmişlər. Bir neçə gün sonra isə Harunun verdiyi qaiməni tullamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qusar şəhəri, Ləzgi Əhməd küçəsində yerləşən pərakəndə satış mərkəzini işlədir. "xxxx" firması ilə əvvəllər aralarında alqı-satqı münasibəti olmamışdır. Birinci dəfə onlardan mal sifariş vermişlər. Firmadan şifarişi 15 iyun 2019-cu il tarixdə göndərəcəklərini demişlər. 15 iyun 2019-cu il tarixdə həmin firmanın sahibləri Bakıdan zəng edərək malın gəlməsini demiş, bu mallara görə 305,76 manat məbləğində pul ödəməli olduğu ona bildirilmişdir. Həmin gün saat 17-18 radələrində “Otego” markalı, “**-HF-***” dövlət qeydiyyat nişanlı avtomobil satış mərkəzinə gəlmişdir. Malların boşaldılması üçün işçisi Şahini ora göndərmiş, özü satış mərkəzinin içərisində olmuşdur. Mallar boşaldıldıqdan sonra Harun adlı şəxs gəlmiş və malların boşaldıldığını, 305,76 manat məbləğində pul verməli olduğunu demişdir. O, isə pulu sayaraq Haruna vermiş, Harun isə pulu ondan alaraq saymış və getmişdir. Bundan sonra həmin şəxsləri görməmişdir. Haruna pulu verən zaman yanında heç kim olmamış, Harun pulun təhvil alınmasına dair mallaırn siyahısı və qiyməti olan qaiməyə imza çəkərək vermiş, lakin Harun getdikdən sonra həmin qaiməni cırıb tullamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22 c ünvanında yerləşən “Dalğa” hotelinin adminstratorudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs 15 iyun 2019-cu il tarixdən 18 iyun 2019-cu il tarixədək Dalğa hotelində 5 nömrəli otaqda qalmışdır. Belə ki, Təqsirləndirilən şəxs 15 iyun 2019-cu il tarixdən 16 iyun 2019-cu il tarixə keçən gecə taksi ilə hotelə gəlmiş və orada qalmaq istədiyini bildirmişdir. Hoteldə qalmağın bir günü 50 manat olduğundan Təqsirləndirilən şəxs 3 gün hoteldə qalmağa görə 150 manat ödəniş etmiş, hotelə gələndə əlində balaca çanta olmuş, hoteldə qaldığı müddətdə ancaq yatmaq üçün hotelə gəlmiş və qalan bütün vaxtlar hoteldən kənarda olmuşdur. Təqsirləndirilən şəxs hotelə gəldiyi gecə otaqdan çıxdıqdan sonra səhərə yaxın iki qız ilə hotelə gəlmiş, həmin qızlar əvvəllər də hotelə gəlib getdiyindən onları üzdən tanımışdır. Əlihüseyn hoteldə qaldığı hər 3 gecə yalnız yatmaq üçün hotelə gəlmiş və hər dəfə fərqli qadınlarla gəlib-getmişdir. Həmin qızların kim olmasını bilməmiş, sadəcə üzdən tanımışdır. 18 iyun 2019-cu il tarixdən sonra Əlihüseyni bir daha görməmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanasının 05 avqust 2019-cu il tarixli, 5555 saylı məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə 23.02.2017-24.02.2017-ci il, 10.04.2017-02.05.2017-ci il, 13.11.2017-14.11.2017-ci il, 07.02.2017-28.12.2017-ci il tarixlərdə “kəskin üzvi dissosiativ pozuntu, yaddaş və intellektin enməsi, qıcolma tutmalar və psixopatobənzər davranış pozuntuları ilə” müalicədə olmuş, sonuncu dəfə 20.07.2019-cu il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunaraq 05.08.2019-cu il tarixdə yaxın qohumlarının müşayiəti ilə xəstəxanadan evə buraxılmışdır. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasına 22 noyabr 2019-cu il tarixli, 2408 nömrəli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “üzvi dissosiativ pozuntu” aşkar olunmuşdur. Cinayət işində olan ifadələrdən, həmçinin, özünün dediklərindən məlum olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə kifayət qədər məqsədyönlü hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən “üzvi dissosiativ pozuntu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən “üzvi dissosiativ pozuntu” nəticəsində ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs halhazırda Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə təyin edilib keçirilmiş əlavə məhkəmə psixiatrik ekspertizasının 21.06.2021ci il tarixli, 72 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «İNTELLEKTİN ENMƏSİ İLƏ MÜŞAYİƏT OLUNAN TRAVMA MƏNŞƏLİ ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F 07.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar deməsinə və arxiv məlumatına görə doğuş travması ilə anadan olması, yeniyetmə yaşlanndan əsəbi, qıcıqlara həssas olması, ailə üzvləri ilə konfliktləri olması, əsəbi gərginlik zamanı qıcolma tutmalan keçirməsi, akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında «Vegetativ-damar distoniyası, nevrotik reaksiyalarla, anamnezində qıcolma» diaqnozunun təyin edilməsi, Respublika Psixiatriya Xəstəxanasında 23.02.2017-24.02.2017-ci il,10.04.2017-02.05.2017-ci il, 13.11.2017-14.11.2017-ci il, 07.12.2017-28.12.2017-ci il, 20.07.2019-05.08.2019-cu il tarixlərdə «Kəskin üzvi dissosiativ pozuntu, yaddaş və intellektin enməsi, qıcolma tutmaları və psixopatabənzər davranış pozuntulan ilə» diaqnozu ilə müalicədə olması, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində 20.02.2016-cı ildə «Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, emosionaliradi pozuntularla» diaqnozunun qoyulması, Sabirabad Mərkəzi Rayon Xəstəxanasında 21.06.2017-ci ildən «Kəskin ifadə olunmuş üzvi dissosiativ pozuntu, qıcolma tutmaları, psixopatabənzər davranış pozuntuları ilə» diaqnozu ilə qeydiyyatda olması, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında 30.11.2018-22.12.2018-ci il və 05.02.2019- 28.02.2019-cu il tarixlərdə «Kəskin ifadəli üzvi dissosiativpozuntu, yaddaş və intellektin enməsi və qıcolma tutmaları psixopatobənzər davranışla» diaqnozu ilə müalicə olunması, İİ qrup əlil olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü gah sakit, gah da narahat aparması, şöbədaxili rejimə bir qədər çətin tabe olması, geyiminə və təmizliyinə az fikir verməsi, özünə qapılması, hərdən yersiz danışıb gülməsi, əhvali- ruhiyyəsinin dəyişkən olması, hərdənbir yeməkdən imtina etməsi, ekspert komissiyasının yığıncağında apanlan müayinə gedişində öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin formal olaraq saxlanılması, zahiri görünüşünə görə yetərincə səliqəli olmaması, bir qədər narahat və gərgin görünməsi, simasinda narazılıq ifadəsi müşahidə olunması, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə qəzəbli və narazı şəkildə qoşulması, danışarkən jestikulyasiya etməsi və nalayiq ifadələr səsləndirməsi, təfəkkürünün ləng tempdə olmaqla torpid xarakter daşıması, mnestik-koqnitiv funksiyalarının aşağı səviyyədə olması, yaddaşının zəif, mexaniki tipli olması, diqqətində dağ çarpması, sadə hesablama əməliyyatlarını həll edə bilsə də, bir qədər mürəkkəb məsələləri həll edə bilməməsi, atalar sözlərinin məcazi mənasını acıqla intellektual səviyyəsinin əhəmiyyətli dərəcədə enməsi, emosional reaksiyalarında ümumən dəyişkənlik qeydə alınması, sorğu-sual gedişatında yüksək əsəbiliyinin dərhal özünü büruzə verməsi, əhvali-ruhiyyə fonunun dəyişkən olması, söhbət edərkən tez yorulması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, hal-hazır ki, vəziyyətinə və yaranmış situasiyaya qarşı formal tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» qərar üzrə ittiham olunan cinayət əməli dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək səviyyədə təzahür etməmişdir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd olunmalıdır «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli ı üzvi şəxsiyyət pozuntusu» kimi psixi patologiyadan əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Aərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində təşkil edilən ambulator məhkəmə psixiatrik ekspertizasının 22 noyabr 2019-cu il tarixli 2407 saylı rəyində belə qərara gəlinmişdir ki, «Təqsirləndirilən şəxs “Üzvi dissosiativ pozuntu” aşkar olunur. ...Təqsirləndirilən şəxs müəyyən edilən üzvi dissosiativ pozuntu psixi funksiyaların (təfəkkür, yaddaş, intellekt) kobud pozuntuları ilə müşayiət olunmadığından onu öz hərəkətlərinin mənasını clərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir... Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyətli hesab olunmalıdır». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində keçirilən stasionar məhkəmə psixiatrik ekspertizasının 05 oktyabr 2020-ci il tarixli 101 saylı rəyində isə belə qərara gəlinmişdir ki, «...yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir». Bu iki rəy arasında yaranan ziddiyyətin səbəbi olaraq qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən patologiya sabit vəziyyətdə qalmadığından iki rəy arasında bir ilə yaxın vaxt ərzində intellektin enməsi prosesi dərinləşmişdir və Təqsirləndirilən şəxs düçar olduğu «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» nəticəsində öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmadığından stasionar məhkəmə psixiatrik ekspertizası zamanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsn əziyyət çəkdiyi «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» nəticəsində hal-hazırda da öz hərəkətlərinin mənasını anlamaq və onlan şüurlu idarə etmək iqtidarında olmadığından öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik deyildir. Buna görə də Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində hazırda natamam kompensasiya vəziyyətinin davam etdiyi müəyyənləşdiyindən onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs halhazırda stasionar şəraitdə müalicəsinə ehtiyac olmasa da, onda müəyyən edilən xroniki psixi patologiya ambulator şəraitdə medikamentoz korreksiya olunmalı və sosial reabilitasiya tədbirləri həyata keçirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmamaqla barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin mümkün olub-olmamasına dair qəti hökm vermək yalnız məhkəmənin səlahiyyətinə aiddir. İş üzrə təyin edilib keçirilmiş əlavə stasionar məhkəmə psixiatrik ekspertizasının 01.11.2021-ci il tarixli, 138 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «İNTELLEKTİN ENMƏSİ İLƏ MÜŞAYİƏT OLUNAN TRAVMA MƏNŞƏLİ ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F 07.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (irsiyyətinin psixi xəstəliklərlə ağırlaşmasını bildirməsi, doğuş travması ilə anadan olması, əvvəllər fərdi qaydada dəfələrlə psixiatra müraciət etməsi, Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında müayinədə olunaraq «Vegetativ-damar distoniyası, nevrotik reaksiyalarla, anamnezində qıcolma» diaqnozu təyin edilməsi, Sabirabad Mərkəzi Rayon Xəstəxanasından dəfələrlə göndəriş verilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına stasionar müalicəyə göndərilməsi, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində 20.02.2016-cı il tarixdə müayinə olunaraq «Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, emosional-iradi pozuntularla» diaqnozunun qoyulması, «Kəskin ifadə olunmuş üzvi dissosiativ pozuntu, qıcolma tutmalan, psixopatabənzər davranış pozuntuları ilə» diaqnozu ilə qeydiyyatda olması, İİ qrup əlil olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında 23.02.2017-24.02.2017-ci il, 10.04.2017- 02.05.2017-ci il, 13.11.2017-14.11.2017-ci il, 07.12.2017-28.12.2017-ci il, 20.07.2019- 05.08.2019-cu il tarixlərdə «Kəskin üzvi dissosiativ pozuntu, yaddaş və intellektin enməsi, qıcolma tutmaları və psixopatabənzər davranış pozuntulan ilə» diaqnozu ilə müalicədə olması, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında 30.11.2018-22.12.2018-ci il və 05.02.2019-28.02.2019-cu il tarixlərdə «Kəskin ifadəli üzvi dissosiativpozuntu, yaddaş və intellektin enməsi və qıcolma tutmaları psixopatobənzər davranışla» diaqnozu ilə müalicə olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin formal olaraq saxlanılması, zahiri görünüşünə görə yetərincə səliqəli olmaması, bir qədər narahat və gərgin görünməsi, bununla yanaşı simasında qeyri-adekvat təbəssüm ifadəsi müşahidə edilməsi, söhbət zamanı əsəbiləşərək səs tonunu bir qədər yüksəltməsi, verilən suallara qəzəbli şəkildə cavablar verməsi, təfəkkürünün ləng tempdə olmaqla torpid xarakter daşıması, mnestik funksiyalarında bir qədər pozuntu nəzərə çarpması aparılan testlər nəticəsində yaddaşının zəif, diqqətinin dağınıq olması, müayinə zamanı ona verilən riyazi hesablamaları etməkdə çətinlik çəkməsi, nisbətən sadə misalları etsə də, mürəkkəb misalları həm qavramaqda, həm də yadda saxlayıb həll etməkdə əziyyət çəkməsi, intellektual səviyyəsinin nəzərə çarpacaq dərəcədə enməsi, emosional reaksiyalannda ümumən dəyişkənlik qeydə alınması, sorğu-sual gedişatında əsəbi olması, affektiv qeyri-sabitliyinin özünü büruzə verməsi, əhvali-ruhiyyə fonunun bir qədər dəyişkən olması, söhbət edərkən tez yorulduğunun müşahidə olunması, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən qıcıqlanması, proqnozlaşdırma qabiliyyətinin zəiflədiyinin, maraq dairəsinin məhdud olduğunun nəzərə çarpması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidinin formal olması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Buna görə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsitıirj təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» kimi psixi patologiyadan əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1 -ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «İntellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını anlamaq və onlan şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də Təqsirləndirilən şəxs cinayət-prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində hal-hazırda natamam kompensasiya vəziyyəti müəyyən edilir. Buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda stasionar şəraitdə müalicəsinə ehtiyac olmasa da, onda müəyyən edilən xroniki psixi patologiya ambulator şəraitdə medikamentoz korreksiya olunmalı və sosial reabilitasiya tədbirləri həyata keçirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxsə qarşı Azərbaycan Respublikası,Cinayət Məcəlləsinin 95.0.1 -ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxsın psixi vəziyyətini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmamaqla barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin mümkün olub-olmamasına dair qəti hökm vermək yalnız məhkəmənin səlahiyyətinə aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 oğlunun Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə psixiatrik ekspertizaların müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nın Qaralar İƏD üzrə nümayəndəliyindən daxil olmuş 29.11.2019-cu il tarixli, 64 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Məmişlər kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 30 noyabr 2019-cu il tarixli, 112032-1219 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Baş X14 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında əvvəllər və hazırda adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 oktyabr 2019-cu il tarixli, **********57 saylı məktubundan görünür ki, mövcud arxiv materiallarına əsasən 12.07.1998-ci il tarixdə Təqsirləndirilən şəxs adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 1,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, cavan olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X6 30 may 2020-ci il tarixdə tutlmuş, 31 may 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixədək tutulduğu 01 gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən Məhkəmə psixi pozuntusu olan şəxslərə “məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi” tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən qüüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs vəzifəli şəxs olmamasını nəzərə alaraq onun barəsində əlavə cəzanın tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində əlavə cəza tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 30.05.2020-cı il tarixdən 31.05.2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar