Məhkəmə qərarları › İş №1(027)-30/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-30/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-30/2020 26.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı X4, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 2, mənzil 10 ünvanında qeydiyyatda olan və yaşayan, Quba rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 17:15 radələrində anası Zeynəb Məmmədovanın barəsində olan cinayət işinin nəticəsi ilə bağlı ailə üzvlərinin ona yalan məlumat verdiklərinə görə hirslənərək qeyd olunan iş üzrə heç bir hüquqi statusu olmadığı halda guya həmin məsələni Quba rayon polis şöbəsində aydınlaşdırmaq məqsədilə idarə etdiyi “Mercedes” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Tamerlan Məmmədovla birlikdə Quba şəhəri, Fətəlixan küçəsində polis şöbəsinin yaxınlığında yerləşən X9rşısına gələrək avtomobili saxlayıb T.Məmmədovu nalayiq ifadələrlə təhqir edərək səs-küy salmış, aralarında yaranmış mübahisə əvvəl ailə münasibətləri zəminində baş versə də, sonradan ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmaqla ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan münaqişəyə çevrilmiş, cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə orada olan X13 mühafizəçiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 heç bir səbəb olmadan təhqir edərək anasına məxsus kafedən götürdüyü, silah qismində istifadə etdiyi, zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağı ilə onlara qarşı zor tətbiq edəcəyi ilə hədələyərək qərəzli hərəkətlər etmiş, bundan sonra Quba RPŞ-nin polis əməkdaşları, o cümlədən NMQ-nın əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 onu sakitliyə dəvət etməsinə heç bir məhəl qoymayaraq avtomobildən düşmədən 15-20 dəqiqə ərzində yüksək səslə söyüşlər söyərək ictimai qaydanı pozmuş, avtomobili polis əməkdaşlarının üzərinə sürmüş, sonra isə avtomobili yüksək sürətlə hərəkət etdirib H.Əliyev prospektinə gedərək T.Məmmədovu avtomobildən düşürdükdən sonra Quba şəhəri, Qələbə küçəsinə getmiş, orada xuliqanlıq hərəkətlərini davam etdirərək ucadan ünvansız söyüşlər söymüş, ictimai qaydanı pozduğu üçün ona yaxınlaşan polis əməkdaşlarına heç bir məhəl qoymayaraq müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirmək məqsədilə özünü ictimai qaydaya qarşı qoyaraq, əlində silah qismində istifadə olunan zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat məişət təyinatlı başqa bir mətbəx bıçağı ilə zor tətbiq edəcəyi ilə hədələyib, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən polis əməkdaşı əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 üzərinə hücum edib əlindəki bıçaqla qəsdən onu vuraraq sol saidin yuxarı 1/3-nin yan sətinin kəsilmiş yarası kənarı iti əşyanın sağ əlin l barmağının əsas falanqa oynağının arxa səthinin xətti cızığı, ucu şiş alətin, sağ mil-bilək oynağının arxa səthinin sıyrığından ibarət yüngül dərəcəli bədən xəsrəti yetirərək və əynində olan qış gödəkçəsini yararsız hala salıb Zərərçəkmiş şəxs1 50,0 manat məbləğində əmlak zərəri vuraraq silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsilziklə ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq ediləcəyi hədəsi ilə habelə əmlakın məhv edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, o, xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində anası Zeynəbə məxsus, Quba şəhəri, H.Əliyev prospektində yerləşən kafedə olan zaman tanışı Aydın kafeyə gələrək anasına həftənin birinci günü Daxili İşlər Nazirliyinə ifadəsinin alınması məqsədilə çağırıldığını bildirmiş, Daxili İşlər Nazirliyində anası barəsində cinayət işi istintaq olunduğundan həmin cinayət işi üzrə anası ona işin həll olunduğunu dediyinə görə Aydın gedəndən sonra anasından nə məsələ olduğunu soruşub niyə ona yalandan işin qurtardığını dediyini soruşaraq anasını söyüşlərlə təhqir etmiş, əsəbindən masanın üzərindən götürdüyü şüşə bankanı masaya vurub sındırdıqda sağ əli kəsilmiş, əli kəsildikdən sonra daha da, aqressivləşərək anasına idarə etdiyi “Mercedes” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməsini tələb etdikdə anası avtomobilə əyləşmək istəməmiş, anası avtomobilə əyləşməyə etiraz etdiyindən o, anasının qolundan tutub zorla onu avtomobilə əyləşdirmək istəmiş, bu zaman Tamerlan onu sakitləşdirmək üçün araya girmiş, Tamerlanın araya girdiyini görüb anasını buraxaraq Tamerlanı avtomobilə əyləşdirərək şəhərin yuxarı istiqamətində hərəkət etməyə başlamış, Quba rayon polis şöbəsinin yanındakı Tibb kollecinin qarşısına çatdıqda ziqzaqvari hərəkətlərlə avtomobili ani tormoz verərək saxlamış, avtomobildən düşmədən Tamerlana tez bacısı Gülnara zəng etməsini, bu məsələni bacısında da, soruşmaq istədiyini demiş, Tamerlan Gülnara zəng etdikdə Gülnarın nömrəsinə zəng çatmadığından o, daha da əsəbiləşərək ucadan Tamerlanı nalayiq ifadələrlə söymüş, qardaşını əsəbindən nalayiq söyüşlərlə söyən zaman ətrafda olan bir neçə şəxsləri də, təhqir edib kafedən götürdüyü bıçaqlardan biri ilə onları vuracağı ilə hədələmiş, polis əməkdaşları ucadan söyüş söydüyünə görə ona yaxınlaşanda əlindəki bıçağı göstərərək ona kiminsə yaxın duracağı təqdirdə zor tətbiq edəcəyini bildirmiş və ünvansız söyüşlər söyməyə başlamışdır. Bundan sonra Tamerlan avtomobildən düşmüş, ona yaxınlaşmaq istəyən polis əməkdaşlarının ondan uzaq durmaları üçün üzərilərinə avtomobili sürmüş, daha sonra Tamerlana avtomobilə əyləşməsini demiş və birlikdə tibb kollecinin qarşısından yüksək sürətlə uzaqlaşmışlar. Daha sonra o, qardaşını “Tamerlan” kafesinin qarşısında düşürərək tək Quba şəhəri Qələbə küçəsinə gəlmiş, həmin yerə getdikdən təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları ora gəlmiş, polis əməkdaşlarının gəldiyini görüb əynində olan uzunqol gödəkçənin sol qolunda saxladığı digər bıçağı çıxararaq ona kiminsə yaxınlaşacağı təqdirdə xəsarət yetirəcəyi ilə hədələyərək nalayiq söyüşlər söyməyə davam etmiş, sonra oraya əlavə qüvvə kimi başqa polis əməkdaşları, o cümlədən DYPB-nin əməkdaşları gəlmişlər. Daha sonra bir nəfər mülki geyimdə olan polis əməkdaşı onun bir anlıq fikrinin yayınmağından istifadə edib ani bir hərəkətlə onu zərərsizləşdirərək əlindəki bıçağı ondan almış, polis əməkdaşı bıçağı onun əlindən almaq istəyən zaman o, müqavimət göstərmiş və həmin polis əməkdaşının əlləri bıçaqla kəsilmişdir. Bundan sonra o, polis şöbəsinə aparılmış, anası ona yalan deməsindən əsəbiləşdiyindən qeyd olunan hərəkətləri etmiş, etdiyi hərəkətlərə görə çox peşman olmuş, hadisə zamanı o, heç-kimə xəsarət yetirməsə də, ətrafdakı şəxsləri əlindəki bıçaqla xəsarət yetirəcəyi ilə hədələmiş, həqiqətən də, ona yaxın dursaydılar əlindəki bıçaqla həmin şəxslərə xəsarət yetirəcəkdir. Daha sonra təqsirləndirilən şəxs təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslərlə barışmasının nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 17:15 radələrində Quba rayon polis şöbəsinin yaxınlığında yerləşən X9rşısında olan zaman tanımadığı adının sonradan Rüstəm olduğunu öyrəndiyi bir nəfər şəxs göy rəngli “Mercedes” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ziqzaqvari hərəkətlər edərək qəfil tormozdan istifadə edib avtomobilini saxlayıb avtomobilindən düşmədən avtomobildə yanında əyləşmiş sonradan adının Tamerlan olduğunu öyrəndiyi başqa bir şəxsi ucadan nalayiq söyüşlərlə söyməsinin şahidi olmuş, yaxınlıqda olan 1-2 nəfər vətəndaş da, həmin şəxs tərəfindən təhqir edilərək onlara əlində olan uzun bıçağı göstərib zor tətbiq edəcəyi ilə hədələmiş, bu zaman orada olan digər polis əməkdaşları sükan arxasında olan şəxsə yaxınlaşıb qanunsuz hərəkətlərinə son qoymasına tələb etdikdə o, əlində olan uzun bıçaqla onu və digər polis əməkdaşlarını hədələyərək yaxın duracaqları təqdirdə onlara xəsarət yetirəcəyini bildirmiş və ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Daha sonra avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Tamerlan avtomobildən düşmüş, polis əməkdaşları həmin avtomobilə yaxınlaşmaq istəyəndə Rüstəm avtomobilini onların üzərinə doğru sürərək yaxın durmamağı tələb etmiş, Bundan sonra Rüstəm Tamerlanı yenidən avtomobilə əyləşdirərək asfaltın üzərində ziq zaqvari hərəkətlər edib oradan sürətlə uzaqlaşmışdır. Daxil olmuş məlumata əsasən həmin şəxsin Quba şəhəri, Qələbə küçəsində olduğu müəyyən olunduğundan polis əməkdaşları ilə birlikdə qeyd olunan ünvana getmiş, onlar ora çatanda Rüstəm əlində nisbətən kiçik ölçülü başqa bir bıçaqla ətrafda olan şəxsləri hədələyərək ünvansız nalayiq söyüşlər söyüb oradakı şəxslərə qarşı fiziki zor tətbiq edəcəyini bildirmiş, Rüstəm təxminən 25-30 dəqiqə ictimai yerdə xuliqanlıq hərəkətləri etdikdən sonra oraya digər polis əməkdaşları, o cümlədən DYPB-nin əməkdaşları gəlmişlər. Daha sonra Rüstəmi sakitləşdirmək məqsədilə ona yaxınlaşan zaman Rüstəm əlində olan bıçağı üzərinə doğru hərəkət etdirərək üzərinə hücum etmiş, o, özünü bıçaqdan qorumaq üçün əlini qabağa uzadanda Rüstəm əlindəki bıçaqla onun hər iki əlinə xəsarət yetirmişdir. Əynində olan qış gödəkçəsi də, cırılaraq yararsız hala düşmüş, daha sonra o, Rüstəmin əlindən bıçağı zorla alaraq onu zərərsizləşdirmiş, Rüstəmin Tibb kollecinin qarşısında olan zaman əlində başqa bir bıçağın olduğunu xatırlayıb avtomobilinin sürət qutusunun yanından digər böyük ölçüdə olan bıçağı götürdükdən sonra digər polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Rüstəmin xuliqanlıq hərəkətləri Tibb kollecinin qarşısında təxminən 15-20 dəqiqə, Qələbə küçəsində isə təxminən 25-30 dəqiqə davam etmiş, hadisə zamanı Tamerlandan söyüş təhqir eşitməmiş, Tamerlan da, Rüstəmin xuliqanlıq hərəkətlərindən çəkinmiş, polis əməkdaşlarından başqa hadisə yerində tanımadığı təxminən 30-40 nəfər adam olmuş və hadisə zamanı əynində olan qış gödəkçəsinin cırılması nəticəsində ona təxminən 120 manat məbləğində maddi zərər dəymişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda təqsirləndirilən şəxslə barışmasını, ona dəymiş ziyanın ödənilməsini qeyd edərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Quba RPŞ-nin PPX-nin polis nəfərləri Şahid1, Şahid2, YPX-nən polis nəfərləri Şahid3 və X5 Mehrəliyevlə eyniməzmunlu ifadələr verərək, onun dediklərini bir daha təsdiq etmişlər. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 17:15 radələrində iş yoldaşı, onunla birlikdə növbədə olan Fikrətlə birlikdə Kollecin qarşısında dayanan zaman bir nəfər şəxs göy rəngli “Mercedes” markalı, nömrəsini xatırlamadığı avtomobillə ziqzaqvari hərəkətlər edərək ani tormozlanma ilə avtomobilini saxlayıb avtomobilindən düşmədən ucadan avtomobildə yanında əyləşmiş başqa bir şəxsi nalayiq ifadələrlə söymüş, bu zaman o və Fikrət həmin şəxsə təəccüblə kənardan baxdıqda həmin şəxs onları da, təhqir edərək əlində olan uzun bıçağı açıq şəkildə göstərərək zor tətbiq edəcəyi ilə hədələmiş, bu zaman orada olan polis əməkdaşları həmin şəxsə yaxınlaşıb qanunsuz hərəkətlərinə son qoymasını tələb etdikdə o, əlindəki bıçaqla polis əməkdaşlarını da, hədələyərək yaxın duracaqları təqdirdə xəsarət yetirəcəyini bildirmiş və ünvansız nalayiq söyüşlər söyməyə davam etmişdir. Bundan sonra həmin şəxs avtombillə asfaltın üzərində ziq zaqvari hərəkətlər edərək oradan sürətlə uzaqlaşmışdır. Rüstəmin xuliqanlıq hərəkətləri Tibb kollecinin qarşısında təxminən 19-20 dəqiqə davam etmiş, Rüstəmdən başqa heç kim xuliqanlıq hərəkətləri etməmiş, Rüstəmin idarə etdiyi avtomobildə əyləşmiş başqa bir şəxs də, Rüstəmin qeyd olunan hərəkətlərindən narahat olaraq hətta bir anlıq avtomobildən düşsə də, sonradan Rüstəmin təkidi ilə yenidən avtomobilə minmişdir. Hadisə zamanı polis əməkdaşlarından başqa hadisə yerində tanımadığı təxminən 30-40 nəfər adam olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda təqsirləndirilən şəxslə barışmasını qeyd edərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 17:15 radələrində iş yoldaşı, onunla birlikdə növbədə olan Həzrətlə birlikdə Kollecin qarşısında dayanan zaman bir nəfər şəxs göy rəngli “Mercedes” markalı, nömrəsini xatırlamadığı avtomobillə ziq-zaqvari hərəkətlər edərək ani tormozlanma ilə avtomobilini saxlayıb avtomobilindən düşmədən ucadan avtomobildə yanında əyləşmiş başqa bir şəxsi nalayiq söyüşlər söymüş, bu zaman o və Həzrət həmin şəxsə təəccüblə baxdıqda həmin şəxs onları da, təhqir edərək əlində olan uzun bıçağı göstərərək zor tətbiq edəcəyi ilə hədələmiş, bu zaman orada olan polis əməkdaşları həmin şəxsə yaxınlaşıb qanunsuz hərəkətlərinə son qoymasını tələb etdikdə o, əlindəki bıçaqla polis əməkdaşlarını da, hədələyərək yaxın duracaqları təqdirdə xəsarət yetirəcəyini bildirmiş və ünvansız nalayiq söyüşlər söyməyə davam etmişdir. Bundan sonra həmin şəxs avtombillə asfaltın üzərində ziq zaqvari hərəkətlər edərək oradan sürətlə uzaqlaşmışdır. Rüstəmin xuliqanlıq hərəkətləri Tibb kollecinin qarşısında təxminən 18-20 dəqiqə davam etmiş, Rüstəmdən başqa heç kim xuliqanlıq hərəkətləri etməmiş, Rüstəmin idarə etdiyi avtomobildə əyləşmiş başqa bir şəxs də, Rüstəmin qeyd olunan hərəkətlərindən narahat olaraq hətta bir anlıq avtomobildən düşsə də, sonradan Rüstəmin təkidi ilə yenidən avtomobilə minmişdir. Hadisə zamanı polis əməkdaşlarından başqa hadisə yerində tanımadığı təxminən 30-40 nəfər adam olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda təqsirləndirilən şəxslə barışmasını qeyd edərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Qusar rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli, 521 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər sol saidin yuxarı 1/3-nin yan sətinin kəsilmiş yarası kənarı iti əşyanın sağ əlin l barmağının əsas falanqa oynağının arxa səthinin xətti cızığı, ucu şiş alətin, sağ mil-bilək oynağının arxa səthinin sıyrığı isə küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Bu xəsarətlər dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə trasaloji ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in “Alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsinin tədqiqi” şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 27251/52 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaqlar zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmirlər. Tədqiqata təqdim edilmiş gödəkçənin üzərində bir tərəfi kəsici, ucu deşici xassəyə malik peredmetin, o cümlədən təqdim edilmiş bıçaqlar və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsi vardır.Təqdim edilmiş gödəkçənin üzərində olan zədə ümumi əlamətlərinə əsasən təqdim edilən bıçaqlarında təsirindən yarana bilər. İş materiallarında olan məhkəmə ambulator psixiatrik ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi məhkəmə psixiatrik ekspertiza mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 2303 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal hazır ki, psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs Anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in “ərzaq və sənayə mallarının əmtəəşünaslıq tədqiqi ekspertizası” şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 27252 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində Calamar Calamar sözləri olan uzun qol su keçirməyən parçadan tikilmiş gödəkçənin zədələnməmişdən əvvəl, istifadədə olmuş, normal vəziyyətdə orta bazar qiyməti təxminən 50,0 manat müəyyən edilir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona həmin maddə ilə ittiham elan edilmiş və Quba rayon məhkəməsinin xx.xx.2019-cu tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsinə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 5297 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi, anası-1963-cü il təvəllüdlü X3 və qardaşı-1991-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə ünvan 3 ünvanında yaşayır. AR-nın vətəndaşıdır. Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığlarını bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara, onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var.Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 17:15 radələrindəictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri etmiş və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə qarşı silah qismində istifadə edilən bıçaqla zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə qəsdən bir nəfər şəxsin sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsi, yəni xuliqanlıq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş ziyanı aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət səciyləndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə şərti məhkum etmə barədə gəldiyi nəticəni qeyd olunanlarla əsaslandırır: Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadliqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasini mümkün sayirsa, həmin cəzanin şərti olaraq tətbiq edilməsi haqqinda qərar çixara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs cinayəti törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxshazırki cinayət işi üzrə təqsirli bilindiyi əməldən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməmiş, həmçinin işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar Təqsirləndirilən şəxs ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Odur ki, məhkəmə şərh edilənləri, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində- 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddət, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, cəmi 10 (on) ay 07 (yeddi) gün müddətin hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını, cəzasını yüngülləşdirən halları və şəxsiyyətini müsbət səciyyələndirən halları nəzərə alıb barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilib, ona 01 (bir) il sınaq müddəti təyin edilməsini, həmin müddət ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan 2 ədəd taxta saplı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri olan 223,46 manat (iki yüz iyirmi üç manat, qırx altı qəpik) manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. İş üzrə 50 (əlli) manat maddi ziyanin ödənilməsi nəzərə alınmalıdır. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddət, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, cəmi 10 (on) ay 07 (yeddi) gün müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan 2 ədəd taxta saplı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlisin. İş üzrə 50 (əlli) manat maddi ziyanin ödənilməsi nəzərə alınsın. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 223,46 manat (iki yüz iyirmi üç manat, qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Quba rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar