Məhkəmə qərarları › İş №1(027)-31/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-31/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-31/2023 10.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, musiqiçi, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Üç Gözəl” şadlıq sarayında müğənni kimi iştirak etdiyi toy məclisindən sonra şadlıq sarayının musiqiçilər üçün ayrılmış səhnə hissəsində sintezator ifaçısı Zərərçəkmiş şəxs ona kobud şəkildə irad bildirdiyinə görə heç kimə məhəl qoymadan onu söyərək musiqiçi yoldaşları yanında yumruqla sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sol göz orbiti ətrafında qançır-hematomadan ibarət bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs yerə yıxılmış, araya girən musiqiçi yoldaşları isə ona hərəkətlərini davam etdirməyə imkan verməmişlər. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, musiqiçidir, toylarda xanəndəlik edir. Zərərçəkmiş şəxs isə sintezator ifaçısıdır. 25 noyabr 2022-ci il tarixdə sintezatorçu olan Araz adlı tanışı onu Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Üç Gözəl” şadlıq sarayında keçirilən toy məclisinə dəvət etmişdir. Məclis zamanı toy sahiblərindən biri ona yaxınlaşaraq, səs gücləndiricilərin səsini aşağı salmasını xahiş etmiş, o da bu barədə musiqiçi yoldaşlara demişdir. Kamran isə səsin yaxşı olmasını demiş, o da həmin vaxt digər musiqiçilərə “Kamranı yola verin” demişdir. Bu sözü Kamrana pis təsir etmiş, saat 22 radələrində toy dağıldıqdan sonra Kamran ona irad bildirmiş və bununla da aralarında mübahisə yaranmışdır. O, Kamranın sifətinə bir neçə dəfə yumruqla vurmuşdur. Qarşılığında Kamran onu təpikləmiş və onlar hər ikisi yerə yıxılıb əlbəyaxa olmuşlar. Həmin vaxt hadisə yerində olan musiqiçilər onları ayırmışlar. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, mübahisə zamanı toy iştirakçıları olmasa da, musiqiçilər və ofisiantlar orada olmuşlar. Mübahisə səslə bağlı yaranmışdır. Həmin vaxt o, içkili olmamışdır. Mübahisə 2-3 dəqiqə davam etmiş, hər hansı əşya sınmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində iki azyaşlı uşağın və xəstə valideynlərinin olmasını, ailəsini dolandıran yeganə şəxs olmasını, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, ona ən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, musiqiçidir, sintezatorda ifa edir. Təqsirləndirilən şəxs da musiqiçidir, mügənnilik edir. 25 noyabr 2022ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Üç Gözəl” şadlıq sarayında keçirilən toy məclisinə dəvət almış, mügənni Təqsirləndirilən şəxs də həmin toyda olmuşdur. Toy zamanı Paşanın musiqiçi yoldaşlarına “bunu yola verin” deməsini eşitmiş və bununla bağlı Paşaya irad bildirmişdir. Toy bitəndən sonra aralarında söz mübahisəsi yaranmış və bundan sonra Paşa onun sifətinə yumruqla bir neçə dəfə vurmuşdur. O, da müdafiə olunmaq üçün Paşaya bir neçə yumruq atmış, lakin Paşaya xəsarət yetirməmişdir. Mübahisə edən zaman əlbəyaxa olub yerə yıxılmışlar. Orada olan musiqiçilər onları ayırmışlar. Paşa ilə dalaşdıqları yerdə musiqiçilər, tanımadığı 3-4 nəfər ofisiant olmuşdur. Mübahisə 2-3 dəqiqə davam etmiş, hər hansı əşya sınmamışdır. Sonda zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə əzirə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu ilə bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində bildirdi ki, hadisə 25 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Üç Gözəl” şadlıq sarayında baş vermişdir. Sarayda keçirilən toy məclisi zamanı səs gücləndirici üstündə mügənni Təqsirləndirilən şəxs ilə sintezator ifaçısı Zərərçəkmiş şəxs arasında söz mübahisəsi yaranmış, toy şənliyi bitəndən sonra sarayın musiqiçilər üçün nəzərdə tutulmuş səhnə hissəsində musiqiçi yoldaşlarının yanında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında yenidən söz mübahisəsi yaranmışdır. Həmin vaxt o, kənarda alətlərin naqilləri toplamış və kənardan səs-küy eşitsə də, Paşanın Kamrana vurmasını görməmişdir. Mübahisəyə səbəb toy zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birbirini yalnış anlaması olmuşdur. Mübahisə 2-3 dəqiqə davam etmiş, həmin vaxt orada musiqiçilərdən başqa kimsə olmamışdır. Məhkəmə iclasında Şahid4 analoji ifadəsində bildirdi ki, hadisənin şahidi olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına “bunu yola verin” ifadəsinin işlətməsi mübahisəyə səbəb olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Kamranın göz nahiyyəsindən vurmuşdur. Məhkəmə iclasında Şahid5 analoji ifadəsində digər şahidlərin bildirdiklərini təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmalı olan şəxslər arasında adları qeyd olunan Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iclaslarda iştirak etməmişlər. İş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 araşdırma zamanı verdiyi izahatları məhkəmədə elan edilərkən məlum oldu ki, onlar da digər şahidlərin göstərdikləri ilə analoji ifadə vermişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2022-ci il tarixli, 1013 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş sol göz orbiti ətrafında qançır-hematoma küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 25 noyabr 2022-ci il tarixdə saat 22 radələrində “Üç Gözəl” şadlıq sarayında musiqiçi yoldaşları yanında mübahisəsin olması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qəsdən yüngül dərəcəli xəsarət yetirməsi hər iki tərəfin verdikləri izahatları, təqsirləndirilən şəxsin əməlini etiraf edib özünü təqsirli bilməsi, ekspert rəyi ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edildiyindən, o həmin maddə ilə məsuliyyət daşımalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döyməsi təsdiq olunmadığından həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı-xx.xx.1984-cü il təvəllüdlü Nahidə Əlipaşayeva, qızı - xx.xx.2009-cu il təvəllüdlü Nəzrin Əlipaşayeva və oğlu - xx.xx.2016-cı il təvəllüdlü Məhəmmədəli Əlipaşayevdən ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Məhkəmənin elektron bazasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Nəzrin adlı qızı və xx.xx.2016-cı il təvəllüdlü Məhəmmədəli adında oğlu vardır; Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk dəfə 15% dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şabran rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar