Məhkəmə qərarları › İş №1(027)-31/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-31/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-31/2024 09.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs yumruq və təpiklə qəsdən vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sol göz orbiti ətrafında qançırhematoma, sağ budun yuxarı 1/3-nin ön iç səthində qançırdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə xəbərsiz gəldiyi üçün evdə öz həyat yoldaşı ilə sözsöhbət yaratmışdır. Murad həmin ərəfədə Rusiya Federasiyasında olduğu üçün sonuncu ilə görüşə bilməmişdir. 28 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Muradın həyat yoldaşı Qönçə ilə qaynanası Tahirə onun evinə gəlmiş və ondan Muradla barışmalarını xahiş etmişlər. Onların xahişinə görə Murada zəng edib söhbətə çağırmışdır. Saat 15 radələrində Muradla görüşmüş və həyətinə icazəsiz girməsinə görə irad bildirmişdir. Murad əvvəl onun həyətinə getmədiyini, sonra isə gedib qapını döyüb qayıtdığını bildirmiş, bu zəmində aralarında mübahisə yaranmış və Muradın yalan danışdığını görüb sağ əli ilə sifətinə yumruq vurmuşdur. Murad da onun sifətinin sol tərəfinə sağ əli ilə yumruq vurmuşdur. Həmin vaxt orada olan onun qardaşı oğlu İlyas, Muradın qayını Yusif, qardaşı oğlu Tehran, dayısı oğlu Çingiz onları ayırmışlar. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əsəbindən bu hərəkətə yol verdiyini, hazırda zərərçəkmiş şəxslə barışdığını bildirmiş və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, 2023-cü ilin təxminən yanvar ayında Təqsirləndirilən şəxs satdığı tinglərə baxmaq üçün onun evinə getmiş, küçə qapısını döymüş, lakin içəri girməmişdir. Əfqanın evdə olmadığını bilib getmişdir. 02 iyun 2023-cü il tarixdə Rusiya Federasiyasına getmiş, 17 avqust 2023-cü il tarixdə Əfqan ona zəng edərək həyətinə girdiyinə görə irad bildirmişdir. O, Əfqana onun həyətinə girmədiyini bildirmişdir. 24 oktyabr 2023-cü il tarixdə kəndə qayıtmışdır. 27 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində Əfqan ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. 28 noyabr 2023-cü il tarixdə həyat yoldaşı Qönçə ilə qayınanası Tahirə Əfqangilə getmiş, sonuncu ilə söhbət etmişlər. Saat 15 radələrində ata evinin arxa tərəfindəki bağın kənarında, çöldə Əfqanla görüşmüşlər. Həmin vaxt Əfqan ona onun həyətinə girməsini deyərək etiraf etməsini tələb etmiş, bundan sonra onunla barışacağını bildirmişdir. O, isə bir daha Əfqana onun həyətinə girmədiyini bildirmiş, həmin vaxt Əfqan yumruqla sol göz altı nahiyyəsindən, təpiklə isə sağ bud nahiyyəsindən vurmuşdur. Orada olan qohumları onları ayırmışlar. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək cəzalandırılmamasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaqa verdiyi izahatı təsdiq edərək bildirmişdir ki, 28 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində Əfqanın Muradı söhbət etmək üçün çağırdığını bilib onu tək qoymamaq üçün həmin yerə getmişdir. Muradın qayını Yusif, qardaşı oğlu Tehran və Əfqanın qardaşı oğlu İlyas da oraya gəlmişlər. Kənd evlərindən təxminən 100 metr aralıda, boş bağ sahəsində Muradla Əfqan onların yanında söhbət etmiş, Əfqan Muraddan bu ilin fevral ayında evdə olmayanda onun həyətinə gəlibgəlməməsini soruşmuş, Murad isə içəri girmədiyini, onu çağırdığını, içəridən kimsə onun evdə olmadığını bildirdiyindən çıxıb getdiyini demişdir. Əfqan ona yalan danışdığını, həyətinə daxil olduğunu deyərək yumruqla Muradın sifətindən vurmuşdur. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid1 analoji ifadə verərək Şahid2 göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları, ekspert rəyi, şahid ifadələri, zərərçəkmiş şəxsin təqdim etdiyi foroşəkillə və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 29 noyabr 2023-cü il tarixli 976 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol göz orbiti ətrafında qançır-hematoma, sağ budun yuxarı 1/3-nin ön iç səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 28 noyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcələrinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 28 noyabr 2023-cü il tarixdə mübahisəsin olması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qəsdən yüngül dərəcəli xəsarət yetirməsi hər iki tərəfin, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin məhkəmə əməlini etiraf edib özünü təqsirli bilməsi, ekspert rəyi ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, səxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə istintaqı zamanı müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır. Lakin, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-72/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs artıq bir dəfə eyni əsaslarla cinayət məsuliyyətindən azad edilmişdir ki, qanunun mənasına görə ona həmin müddəaların tətbiq edilməsi istisna edilir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: Quba RMX-nin məktubundan görünür ki, Quba rayonu, 1-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur; Quba RİHB-nin Quba rayon 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir; 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar